• cümə axşamı, 28 mart, 14:30
  • Baku Bakı 16°C

“Mənim dünyam” Azərbaycanda

31.10.13 12:00 3757
“Mənim dünyam” Azərbaycanda
Hər kəsə bəllidir ki, türk filmlərinin bir çoxu Azərbaycan izləyicisi tərəfindən maraqla izlənilir. Artıq izləyicilərin maraqlarını ödəməyə çalışan kinoteatrlar türk filmlərinin ölkəmizdə premyerasının keçirilməsində maraqlı olan tərəfə çevrilir. Yəni Türkiyədə təqdimatı keçirilən filmlərin qısa bir müddətdən sonra bizim kinoteatrlarda da nümayişi baş tutur. Azərbaycanda premyerasının keçirilməsi nəzərdə tutulan növbəti film isə Türkiyənin məşhur simalarının rol aldığı “Mənim dünyam” filmidir. Noyabrın 15-də Bakıda keçiriləcək təqdimat mərasimində qardaş ölkənin məşhur simaları, o cümlədən bizim ölkədə də kifayət qədər tanınan Beren Saat da iştirak edəcək.
“Oğurluq etməmişik, sadəcə, ideyasını götürmüşük”
Oktyabrın 25-də Türkiyə tamaşaçılarına təqdim olunan “Mənim dünyam” filmi böyük maraqla qarşılanıb. Filmi izləyən türk kino mütəxəssisləri plagiat olsa da, ekran əsərinin uzun müddət yaddaşlardan silinməyəcəyini söyləyiblər.
Amma filmin təqdimatından sonra Türkiyə mətbuatı onun adının uğurlu filmlər siyahısına düşəcəyinə ümid etmədiklərini yazıb. Mətbuat nümayəndələri iddia edirlər ki, sözügedən filmin ideyası hindlilərin çəkdiyi “Black” filmi ilə eynidir. “Mənim dünyam” ilə bağlı “oğurluq” iddiasının gündəmə gəlməsi filmi ərsəyə gətirən şirkəti “oğurluq etməmişik, sadəcə, ideyasını götürmüşük” etirafını etməyə məcbur edib.
Mətbuatda yer alan müzakirələr təkcə filmin plagiat olması ilə bitmir. Belə ki, Ela rolunu canlandıran Beren Saat orijinal filmdə rol alan hindli aktrisa Rani Mukherje ilə müqayisə olunmağa başlayıb. Hətta Avropa mətbuatında hər iki aktrisanın ifası qarşılaşdırılaraq onların eyni obrazı canlandırdıqları bildirilib. Kimisi türk, kimisi də hindli aktrisanın oyununun daha maraqlı və təbii olduğunu söyləyərək filmin bugünkü dövr üçün aktual olmasından bəhs ediblər.
“Beren Saat sonunda partladı”
Bundan əlavə, Beren Saatın həmin filmdə müəllimi obrazını canlandıran Uğur Yücel ilə öpüşməsi səhnəsi də söz-söhbətə səbəb olub. Yayılan xəbərlərə əvvəlcə reaksiya verməkdən imtina edən Beren Saat iki gün əvvəl haqqında dolaşan bütün söz-söhbətlər cavab verməyə məcbur olub. Aktrisa təngə gəlmiş halda söhbətlərin həddindən artıq şişirdildiyini, mətbuat nümayəndələrinin hər şeydən qalmaqal yaratdıqlarını söyləyib. Aktrisanın sözlərinə görə, filmin orijinal versiyasında rol alan hind aktrisası Rani Mukherjenin həmin obrazı canlandırması onu heç də qorxutmur: “Filmin çəkilişləri isti yay günlərinə təsadüf etdi. Ona görə də yayda rahat istirahət edə bilmədim. Bu obrazı canlandırmaq üçün davamlı olaraq kurslara getdim”.
Türkiyə mətbuatında “Beren Saat sonunda partladı” kimi başlıqlarla yer alan xəbərlərdə qeyd olunur ki, aktrisa mətbuat nümayəndələrinə “Artıq ağ etmisiniz!” söyləyərək onlara qəzəblənib. Aktrisa onunla bağlı gəzən şayiələrdən təngə gəldiyini və filmdəki öpüşmə səhnəsində elə də pis bir şey görmədiyini qeyd edib: “Filmlərdəki öpüşmə səhnələri aktrisalar üçün normal bir haldır. Bu qədər şişirtməyin, burada pis heç nə yoxdur. Eşq hekayələrində öpüşmə səhnələrinin olmasını çox vacib hesab edirəm. Ancaq bu filmdə o səhnənin olmasının özü belə qəribədir. Burada ssenarini mən qurmuram. Nəzərə alın ki, mən aktrisayam”.
Türk kino mütəxəssislərinin sözlərinə görə, filmi izləyən hər bir insan uzun müddət onun təsirindən ayrıla bilməyəcək. Obrazı Uğur Yücelin həyatının rolu hesab edənlər də az deyil. Filmdə Ela ilə Mahir müəllimin yaşadığı hadisələr, qüsurlu qızın keçdiyi çətin yollar və hər addımında müəllimin onunla bərabər olmasının bir sıra qüsurlu insanlara ilham və dəstək verəcəyi söylənilir.
Ekran əsərinin həm rejissoru, həm də Mahir müəllim obrazının ifaçısı Uğur Yücel “Mənim dünyam” haqqında danışarkən filmdə baş verən hadisələrin Amerikada bir ailənin başına gəldiyini açıqlayıb: “Həmin hadisə real həyatdan götürülüb. İnsanları sarsıda biləcək bir hekayə olduğunu görüb, ona müraciət etməyə qərar verdim. Arthur Pennin “Miracle Worker” filmində yer alan hissəsi daha gerçəkdir. “Mənim dünyam”da isə haradasa uydurmalar da əlavə etmişik. Məsələn, hekayədə müəllim obrazını qadın canlandırır, bizdə isə həmin obrazı mən canlandırıram. Onu da qeyd edim ki, orijinal hesab olunan “Black” filmində rejissor Bhansali müəllimi kişi kimi təqdim edib. Bhansalinin bu fikrini mən də dəstəkləyirəm. Müəllimin kişi olmasının hekayəyə daha çox maraq qatdığını düşünürəm”.
Filmin rejissoru hekayəni öz yozum tərzi ilə belə şərh edib: “Məncə, filmdə göstərilən hekayə hər bir insanı düşündürməyə vadar edəcək. Hekayədə qüsurlu bir qızın ruhi xəstəxanaya gedərkən qarşısına onunla maraqlanan bir müəllimin çıxması ilə başlayır. Ela hər şeyə maraq göstərən, şən, həyat dolu bir qızdır, müəllimi də onun kimi. Ancaq Allah insana bir tərəfdən verəndə, digər tərəfdən alır, deyirlər. Bizdə də belə oldu. Yəni müəllim alkoqol xəstəsidir, qız isə qüsurlu insan. Cəmiyyət tərəfindən qəbul edilməmiş iki yarıminsanın taleyi insanların gözləri qarşısında canlanacaq. Film bu iki yarıminsanın uğur hekayəsindən bəhs edir. “Miracle Worker”, “Black”, indi də “Mənim dünyam”... Bundan sonra bir çox ölkələrin rejissorlarının bu əsərə müraciət edəcəklərini düşünürəm. Çünki əsərin ideyası çox maraqlıdır”.
Həyatımın rolu
Uğur Yücel filmi çəkməmişdən öncə onu Beren Saatla işləməkdə ittiham edən sənət dostlarını da qınadığını söyləyərək, onları sənətkar hesab etmədiyini bildirib: “Berenlə işlədiyim üçün mənə sənət dostlarım tərəfindən təzyiq olundu. Söylədilər ki, siz qocaman, peşəkar insansınız, Beren isə sadə bir aktrisa. Ancaq mən bu sözlərə qarşı sərt reaksiya verdim. Onu mənə deyən insanları isə cəmiyyət üçün lazımsız və yararsız insanlar hesab edirəm. Türkiyədə və dünyada yaxşı və professional aktyor anlayışı müxtəlifdir, ona görə də heç kimə işlərimə qarışmaq üçün icazə vermirəm”.
Filmə gəlincə isə, “Mənim dünyam”da gözləri görməyən, qulağı eşitməyən, danışa bilməyən qüsurlu bir qızın həyat hekayəsindən bəhs edilir. Belə ki, həm kor, həm də lal olaraq doğulan Ela həyatdan küsmüş və çarəsiz halda yaşamağa məcbur olur. Ümidini həyatdan üzdüyü gün isə, onun dünyasını dəyişən qəhrəmanı, qüsurlu insanlarla işləyən psixoloq Mahir müəllim həyatına gəlir. Filmdəki əsas hadisələr də bundan sonra cərəyan edir. Mahir müəllim adı ilə tanınana psixoloq Elanın simasında həyatını itirmiş bacısını gördüyü üçün ona daha yaxın olaraq, həyatda qalması və insanlarla savaşması üçün hər şeyi öyrədir. Filmi izləyən türk kino mütəxəssisləri onun sonluğunu təsəvvür edə bilmədiklərini söyləyərək, filmə yüksək qiymət veriblər.
“Mənim dünyam” filminin Türkiyədə olduğu kimi, vətənimizdə də maraqla qarşılanacağı gözlənilir. Belə ki, indidən sosial şəbəkələrdə və aktrisanın fan səhifələrində Azərbaycan tamaşaçılarının ismarıcları bunu deməyə dəlalət edir.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər