• cümə axşamı, 28 mart, 17:31
  • Baku Bakı 16°C

“Mənim cənnətim elə uşaqlıq illərim idi”- Keçmişdəki mən

04.11.16 11:41 6130
“Mənim cənnətim elə uşaqlıq illərim idi”- Keçmişdəki mən

Uşaqlıq illəri... Ömrümüzün ən şirin, duyğulu, qayğısız günləri... Məşhur mahnıda səslənən bu ifadələr həyatımızın ən gözəl reallıqlarındandır bəlkə də... O da uşaqlığını öz cənnəti hesab edib. Gənclik illəri isə o qədər də qayğısız keçməyib desək, daha doğru olar. Heç vaxt əziyyətdən, zəhmətdən qorxmayıb. Əksinə, yaşadığı çətinliyin hesabına bu gün cəmiyyətin tanınmış simalarından birinə çevrilib.
Müsahibimiz YAP Siyasi Şurasının üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının sədr müavini, Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadədir. Vüqar Rəhimzadənin həyat hekayəsinə nəzər salaq.

Qəhrəman anamızdan xatirə...


Həmsöhbətimiz 1967-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Saltaq kəndində anadan olub. Əkiz qardaşı İlqarla birlikdə çoxuşaqlı ailədə böyüyüb boya-başa çatıb. O, dəcəlliyi ilə yanaşı, savadı ilə də həmyaşıdlarından seçilib: "Uşaqlığımız maraqlı, bir o qədər də çətin günlərlə yadda qalıb. Hələ o vaxt yaşayışımızı təmin etmək üçün sovxozda işləyirdik. 1988-ci ildə atam vəfat etdikdən sonra bütün əziyyətimiz, ailəmizin yükü anamın çiyinlərində olub. Orta məktəb illərində təhsil alarkən Naxçıvanın "Zəfər”, "Şərq qapısı” qəzetlərində yazılarım çap olunurdu. Bu yazılarımın mövzusu da məhz kənd, məktəb həyatı ilə bağlı idi. Bununla yanaşı, "Azərbaycan gəncləri”, "Sovet kəndi”, "Azərbaycan pioneri” qəzetləri ilə əməkdaşlıq edirdim. Hətta bir dəfə qazandığım qonararlar hesabına 40 manata yaxın pul toplamışdım. Bu pulla da özümə velosiped aldım. Orta məktəbdə dərslərimlə ciddi məşğul olurdum. Bir yandan təsərrüfatda işləyir, bir yandan da ali məktəbə hazırlaşırdım”.
Həmsöhbətimizi böyüdüb boya-başa çatdıran ana o dövrün qəhrəman anası olub. Hətta onun qızıl medalını övladları bu gün də xatirə kimi saxlayır: "Anam qəhrəman ana olub. O dövrdə qəhrəman analara qızıl medal verirdilər. Anam da o medaldan alıb. Bu gün həmin medalı anamızdan xatirə kimi saxlayırıq.”

Gündüzlər dustaqlar, gecələr isə biz işləyirdik


Müsahibimiz orta məktəbi bitirdikdən sonra o vaxtkı M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNSU) axşam şöbəsinə daxil olub: "Gündüz işləmək məcburiyyətində olduğum üçün təhsilimi axşam şöbəsində davam etdirməli idim. "Azərneftkimyazavodtəmir” trestinin 1 nömrəli Təmir Tikinti İdarəsində yardımçı fəhlə işləyirdim. O dövrdə axşam şöbəsində oxuyanları hərbi xidmətə aparırdılar. Ona görə də əkiz qardaşım İlqarla birlikdə 2 illik hərbi xidmətə yollandıq. Biz üç qardaş bir dövrdə hərbi xidmətdə olmuşuq. Bizdən böyük qardaşımız Malik o vaxt altı ay bizdən fərq ilə Murmansk vilayətinin Severmorks şəhərində hərbi xidmətdə olub”
V.Rəhimzadənin sözlərinə görə, onların da daxil olduğu 100-dən artıq azərbaycanlını əvvəlcə Xarkov şəhərinə, oradan isə xidməti hissəyə - İrkutsk vilayətinin Zima şəhərinin kənarında, sıx meşəlikdə yerləşən inşaat təyinatlı hərbi hissəyə aparıblar: "Düz 7 sutka qatarla yol getdik. Gəldiyimiz yer qalın meşəliklə əhatə olunmuşdu. İnşaat hissəsi olaraq burada xidmətimiz kimya zavodunda işləmək idi. Zavodda işləmək o qədər çətin idi ki, bunu təsəvvür etmək belə mümkün deyil. Ərazidə xeyli cəzaçəkmə müəssisələri var idi. Hara baxsaq, dustaqları görürdük. Bu zavodlarda gündüzlər məhbuslar, gecələr isə biz işləyirdik. Hərbi hissədə sərt qayda-qanun vardı. Bəzən sabaha ümidimiz belə olmurdu. Qışın kifayət qədər sərt olması da ayrı bir problem idi...”.
Hərbi xidmətdən qayıtdıqdan sonra məni 1 nömrəli Təmir Tikinti İdarəsində yardımçı fəhlədən 3-cü dərəcəli çilingər vəzifəsinə keçirdilər. Bu dövrdə respublikada nəşr olunan bir sıra qəzetlərlə əməkdaşlıq edirdim. Yaradıcılıq fəaliyyətim nəzərə alınaraq 1989-cu ildən trestin çoxtirajlı "Böyük kimya uğrunda” qəzetinin müxbiri vəzifəsinə təyin olundum və beləliklə, müxbir kimi çalışmağa başladım. 1990-cı ilin iyulunda həmin qəzetin redaktoru vəzifəsinə təyin olundum. Yadımdadır, 120 manat əmək haqqı alırdım. 1991-ci ildən - "İki sahil” yarandığı gündən isə həmin qəzetin baş redaktoruyam. Bununla da fəaliyyətimi jurnalistikada davam etdirməklə uşaqlıq arzuma çatdım. Mən Neft və Kimya İnstitutunu bitirdim. Daha sonra ikinci təhsil aldım - Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdim və eyni zamanda, Jurnalistika mövzusunda elmi iş müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışam”.

Bəlkə də gəncliyimi istədiyim kimi keçirsəydim...

Müsahibimiz deyir ki, yaşadığı çətinliklər ona dözümlülüyü, qətiyyəti, həyatda mübarizə aparmağı öyrədib: "Çətinlik insan üçündür. İnsan hər yaşında həyatın dadını çıxarmalıdır. Düzdür, çoxuşaqlı ailə olduğumuz üçün maddi vəziyyətimiz o qədər də yaxşı deyildi. Amma mən fəxrlə qeyd edirəm ki, yaxşı ki, elə mən o çətinlikləri və əziyyəti görmüşəm. O dövrdəki alın tərim, çəkdiyim zəhmət hesabına bu günə gəlib çıxmışam. Bilirsiniz, həyatda adamın çox arzuları, xəyalları olur. Bəlkə də gəncliyimi istədiyim kimi keçirsəydim, bugünkü uğurlarımı qazana bilməzdim. Həyat insanı yetişdirir və formalaşdırır. Ailəmin maddi vəziyyəti yaxşı olsaydı, mən zəhmətin nə olduğunu bilməzdim. Nə təhsilimə xüsusi diqqət yetirər, nə də çatmaq istədiyim xəyallar olardı. Zəhmət çəkdikcə məqsədlərinə çatırsan. Ona görə də sevinirəm ki, nə yaxşı ki çətinliklə böyümüşəm. Əməyə, zəhmətə alışmağımda yaşadığım çətin günlərin rolu böyük olub.”
Müsahibimiz uşaqlıq illərini öz cənnəti adlandırır. Deyir ki, insanın yaşadığı heç bir dövr o illərin həzzini vermir: "Uşaqlıq illəri ömrümün ən qayğısız, gözəl illəri olub. Kənd həyatını tipik kənd uşağı necə keçiribsə, elə keçirmişəm. Qoyun-quzu da otarmışam, tarlaya da getmişəm, əkin-biçinlə də məşğul olmuşam. Ömrümün ən gözəl, qayğısız illəri idi o dövr... Dünyada çalışırıq cənnətə gedək. Amma mənim üçün uşaqlıq illəri cənnətin gözəl mənzərəsini gözümdə canlandırır. Mənim cənnətim elə uşaqlıq illərim idi”.
Vüqar Rəhimzadə bu gün də böyüyüb boya-başa çatdığı Saltaq kəndinə tez-tez gedir: "Tez-tez doğulduğum kəndə gedirəm. Dünyanın çox ölkəsində olmuşam, amma mənəvi olaraq rahatlıq tapdığım məkan doğulduğum həyət-baca, ata evimizdir. Orada müəllimlərimlə də görüşürəm. Onların yanında özümü daim şagird kimi aparıram.”

Həyatımda ən yadda qalan an...

Həmsöhbətimiz qeyd edir ki, uşaqlığında, gənclik dövründə, çoxlu yadda qalan anları olub. Amma onun üçün ən unudulmaz gün 1990-cı il 9 oktyabr tarixidir: "Demək olar ki, bütün sahələr üzrə məqalələrim var. Ümummilli lider Heydər Əliyevlə bağlı olan mövzulara həmişə xüsusi diqqətlə yanaşmışam. Şərəflə qeyd edə bilərəm ki, mənim üçün ilk və ən mötəbər müsahibim ümummilli liderimiz olub. İndiyədək yadımdadır, müsahibə 1990-cı il, oktyabrın 9-u, saat 19:00-da baş tutdu. Həmin dövrdə sadəcə çoxtirajlı bir qəzetin redaktoru idim. Mənim üçün ən yadda qalan gün dünya şöhrətli siyasi xadim, dahi insan, böyük şəxsiyyət ümummilli liderimiz Heydər Əliyevlə ilk görüşdüyüm gün olub. Artıq yaşım 50-yə yaxınlaşır. Həyatımın 27 ili sırf mətbuatla bağlıdır. Bu sahəyə bağlanmaq mənə çox insanları tanıdıb, əsl dostlar qazandırıb.”

"Fəxr edirəm ki, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüyəm”

"Təkcə ölkəmizdə deyil, regionda ən böyük siyasi partiyalardan biri olan Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüyəm. Ümummilli lider Heydər Əliyev kimi böyük bir şəxsiyyətin qurub yaratdığı və bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin sədr olduğu bir partiyada təmsil olunmaq qürurvericidir. Partiya yarandığı gündən Siyasi Şuranın üzvüyəm və eyni zamanda, 1990-cı illərin əvvəllərində Azərbaycanın düşmüş olduğu faciələrdən qurtulması üçün 1992-ci ilin oktyabrında ulu öndərimiz Heydər Əliyevə müraciət edən 91 nəfər ziyalıdan biriyəm. Mən bütün bunlara görə, qürur hissi keçirirəm.”

Zəhmət çəkdinsə, nəticəsini görəcəksən...

O dövrün gəncliyi ilə müasir dövrün gəncliyini müqayisə edən müsahibimiz deyir ki, indiki gənclərin inkişafı üçün hər cür şərait yaradılıb: "Bu gün mövcud mükəmməl şərait, informasiya-kommunikasiya texnologiyalarının inkişafı fonunda bəzi gənclərin tənbəlliyi məni narahat edir. Təsəvvür edin, bizim gənclərin ən pis geyinəni o dövrü ən yaxşı geyinəni hesab olunardı. İndi müasir, qüdrətli dövlətimiz-ölkəmiz var. Mən vaxtilə 1 mərtəbəli məktəbdə oxuyurdum. İndi həmin məktəbin yerinə müasir standartlar səviyyəsində 4 mərtəbəli məktəb binası tikilib. Düzdür, bu gün ölkəmizdə kifayət qədər savadlı, qabiliyyətli, öz Vətənini, torpağını, dövlətini sevən gənclərimiz var. Amma bəzi gənclərin pis vərdişlərə yiyələnməsi, tüfeyli həyat yaşamaları məni çox narahat edir. Gənclərin savadlı, bilikli, dünyagörüşlü olması bizim üçün ən vacib məsələlərdən biridir. Bunun üçün dövlətimiz və dövlət başçısı cənab Prezidentimiz İlham Əliyev tərəfindən hər cür şərait yaradılıb. Gənclərə tövsiyəm bu olardı ki, yaradılmış bu münbit şəraitdən maksimum səmərəli istifadə etsinlər, öz bilik və bacarıqlarını daha da artırsınlar. İstənilən addımı atanda, hansısa işin qulpundan yapışanda düşünsünlər ki, bu cəmiyyət, Vətən üçün hansı faydanı verəcək. İstənilən addım atanda ilk növbədə dövlətini, Vətənini düşünməlisən. Zəhmət çəkdinsə, nəticəsini görəcəksən”.
Aygün ƏZİZ
Aygün ASİMQIZI

banner

Oxşar Xəbərlər