AZE | RUS | ENG |


Mənim bir yazı günüm

Mənim bir yazı günüm
Hələ orta məktəbdə oxuyanda dünyanın məşhur yazarlarının necə, hansı şəraitdə yazıb-yaratdığını öyrənmək marağı məni düşündürürdü. İndi həmin sualla mənə müraciət olunur və sevinirəm. Ona görə yox ki, məşhur adam statusu ilə çıxış edəcəm, ona görə ki, həmişə bu barədə danışmaq istəyim olub. Çünki, mənə "Bu yazıları nə vaxt yazırsan ki, hiss etmirik, görmürük, bütün günü işdə, dərsdə ya da facebookda olursan?” – deyən dost-tanışımın belə xəbəri yoxdur ki, mən, əslində, bütün günü yazıram. Hətta onlarla çay süfrəsi arxasında söhbət edəndə də, evdə yemək hazırlayanda, avtobusda, maşında işə gedən yol boyunca da, yasda, toyda, paltar mağazasında gəzəndə, auditoriyada dərs zamanı, ailə üzvlərimlə mübahisə edən anlarda belə... Həqiqətən... Bəlkə inandırıcı görünməz, amma belədir, yoxsa hardaydı məndə o qədər asudə vaxt ki, hər həftə yeni məqalə yazım... Hətta evdə başqa bir məsələ ilə bağlı söhbət getdiyi yerdə qəflətən cavabını ala bilməyəcəyim məsələ barəsində elə suallar verir, elə sitatlar gətirirəm ki, təəccüblə üzümə baxıb başlarını bulayırlar. Mənə isə onların reaksiyası yox, həmin anlarda susub məni dinləmələri lazımdır. Gah şeir deyib təhlil edirəm, gah hansısa hekayədən, romandan bir təhlil edəcəyim parçanın məzmununu danışıram. Hərdən də özümə verəcəyim sualları ucadan səsləndirirəm. Əlbəttə, onların cavabı mənim üçün önəmli deyil, onları da söhbətə qoşub məişət mühitini "ədəbiyyatlaşdırır”, bədiiləşdirir və yazı şəraiti, ovqatı hazırlayıram özüm üçün. Elə olur ki, onları kiminsə şeirləri ilə kövrəldib kədərləndirirəm və özüm başlayıram bu romantik situasiyada məqaləmi yazmağa...
Mütaliəm də elədir. Az qala hər yerdə oxuyuram. Bu yaxınlarda toya getmişdik. Toyda çox darıxıram, adətən. Yas mərasimlərində düşünmək imkanı daha çoxdur. Çantamda isə oxumaq üçün mütləq həmişə nəsə olur. Qəzet götürmüşdüm. Toyun ən şıdırğı yerində (mənim üçünsə ən darıxdırıcı məqamında) yavaşca o tərəf bu tərəfə baxıb qəzeti çıxardım. Yanımdakılar təəccüblə baxdı, özümü görməzliyə vurub xeyli yazı oxudum... Məclisə aş gələndə isə artıq evə çatan kimi yazmağa başlayacağım məqaləmin süjeti beynimdə hazır idi. Belə yerlərdə adamlarla çox təmasda ola bilmirəm.
Uzun illər universitetdə dekan (8 il), tədris işləri üzrə prorektor (4 il) vəzifəsində çalışmışam, amma onda da oxuyurdum. İzləyirdim ədəbi prosesi. Lakin yazmağa heç cür vaxt tapmırdım, özümü özünə xəyanət edən adam kimi hiss edirdim. Günlərin birində özümə söz verdim ki, hər gün evdən işə, işdən evə gedərkən, yolda mütləq yeni çap olunan romanlardan 20 səhifə oxuyacam evə və işə çatan başda da həmin hissələr haqqında təhlillərimi, qənaətimi yazacam. O vaxtlar 92 saylı avtobusla gedib-gəlirdim. İlk dayanacaqda minib özümə yaxşı yer tapıb kitabı açır, eynəyimi gözümə taxıb başlayırdım mütaliəyə. Beləcə, qısa bir vaxtda "Çağdaş Azərbaycan romanının nəzəri-metodoloji problemləri” adlı dərs vəsaiti hasilə gəldi. Zarafatla deyirdim ki, o kitabın adı "92-də yazılan kitab”dır... Çox adam da elə bilirdi ki. "92” il, tarixdir, 1992-ci il...
Çox tez dururam yuxudan. 5-6 radələrində. Namazdan sonra kompüteri açıb çay ya kofe içə-içə nəsə qeydlər edirəm, ya axşamdan nəzərdə tutduğum materiala göz atıram. Facebook səhifəm həmişə açıq olsa da ora aradabir baxıram. Həmin vaxtlarda adətən, o biri səhifədə nələrisə oxuyur, ya da nəsə yazıram. Günün qalan hissəsini isə yuxarıda yazdığım kimi-beynimdə yaza-yaza gəzirəm... Hər şeydən mövzu çıxara bilərəm, gördüyüm oxuduğum, eşitdiyim hər ədəbi fakt mənə mövzu verə bilər. Məsələn, hansısa ədəbi mövzunu tədris edəndə tələbələrə verdiyim suallar əsasında belə məqalə mətninin tezislərini müəyyənləşdirə bilirəm. Nəticəni, qənaəti də elə dərs zamanı əldə edirəm müəyyən mənada. Həm tələbələr düşünür, həm də özüm bu situasiyadan bəhrələnirəm. Və ya işdə, tutaq ki, konfrans layihəsi hazırlayıram cümhuriyyət dövrünün fəaliyyəti ilə bağl;. O prosesdə 2-3 ədəbi məqalə mövzusu keçir beynimdən... Nə bilim, belə misallar çoxdur... Akademik Milli dram teatrının qarşısından keçirdim, afişalara baxdım. Çoxlu suallar yarandı beynimdə. Sonra tamaşalara baxmağa getdim və nəticə olaraq ən son – "Teatrımızın günümüzlə səsləşməyən tamaşaları” məqaləmi yazdım...
Bu yaxınlarda hörmətli ziyalımız Vurğun Əyyub zarafatla təxminən belə bir fikir yazmışdı ki, "İradə xanım imkan vermir ki o biri məqalələri oxuyub həzm edək, çox sürətlə yeni yazılar çıxarır və mən kompüterimdə onların hamısını bir qovluğa yığıb oxumaq üçün saxlamışam. Amma yenə oxuyub çatdıra bilmirəm”. İndi iki həftəyə yaxındır ki, heç nə yazmamışam. İş ilinin sonu olduğu üçün yorğunluq var, həm də bir az da Vurğun müəllimin fikrinə hörmət əlaməti olaraq... Amma beynimdə 3-4 məqalənin eskizi hazırdır artıq.
Yazmadığım, oxumadığım günləri itirilmiş, boş keçmiş zaman hesab edirəm. Bir də, adətən, redaktorların təkidi, yazı gözləməsi məsuliyyətidir məni yazdıran. Söz verdimsə, dediyim vaxta qədər yatmaram, amma yazımı vaxtında çatdıraram...
Xüsusi iş, yazı otağım yoxdur. Düzəldə bilərəm, amma məhdudiyyəti, qapalılığı, çərçivəliliyi sevmirəm. Hər yerdə düşünə bilirəmsə, evin hər otağında, hər küncündə yaza da bilərəm. Kitab rəflərim də nizamlı və zəngin deyil. Bunun isə çox ağrılı tarixçəsi var. Tələbəlik illərində əlaçılıq təqaüdü almışam 5 il. Atam da maddi imkanı yaxşı olduğu üçün hər ay yaxşı maaş ayırmışdı bizə (bacım və qardaşım da tələbə idi o zaman) Mən hər ay təqaüdümün hamısını yeni çap olunan dünya və Azərbaycan ədəbiyyatı, ədəbiyyatşünaslığı ilə bağlı olan kitablara verirdim. Bir də klassik musiqi, rəssamlıq, heykəltəraşlıqla çox maraqlanır, o sahələrlə də əlaqəli olan yeni nə çıxırdısa, alıb səliqə ilə toplayırdım. Qəzetləri, jurnalları belə xronoloji ardıcıllıqla nizamlayıb cild-cild saxlayırdım. Ailə quranda bir böyük maşın kitab da cehiz aparmışdım. Qayжnanama zarafatla deyirmişlər ki, bu qədər kitabla gələn gəlin ev işi görməyəcək... Nəsə, həmin kitabların hamısı elə biz Ağdamda olan vaxt ermənilər tərəfindən yandırıldı. Evimiz Ağdamın mərkəzində, İcra hakimiyyətinin, Mədəniyyət evinin yaxınlığında idi. 23 iyul günü biz evdə yox idik. Xəbər gəldi ki, bir çox binaları, evləri, obyektləri yandırıblar, bizim evimizi də... Bütün əşyalarımız, mebellər evdə idi, amma ilk düşündüyüm kitablar oldu... Hər biri üçün dəfələrlə kitab mağazalarını, xüsusən kitab pasajını gəzib dolanmışdım vaxtilə. Ondan sonra daha heç vaxt pul verib kitab almadım... bilmirəm niyə, amma ala bilmirəm...
Planla yazıram. Yəni, yazacağım mövzuları düşüncəmdə və qeyd dəftərimdə sıralayıram. Hal-hazırda N.Gəncəvinin "Yeddi gözəl” və "İsgəndərnamə” əsərlərini roman ampulasında, müasir dünya romanları ilə müqayisəli təhlil kontekstində işləməyi nəzərdə tutmuşam. Əslində, uzun bir vaxt və xeyli materiallarla tanışlıq zərurəti var qarşıda. Lakin planımda varsa, mütləq yerinə yetirməliyəm...
Bu misalı isə tez-tez xatırlayıram: "Toy günü Edison öz xanımından yarım saat müddətinə laboratoriyaya getmək üçün icazə istəyir. Edisonun xanımı və qonaqlar onu nə qədər gözləyirlərsə də o gəlib çıxmır. Narahat olan qonaqlar laboratoriyaya gedirlər. Edison onu işdən ayıranlardan bunun səbəbini soruşduqda yadına düşür ki, bu gün onun toyudur...”
Müqayisə iddialı görünsə də, məndə də o cür sənətinə aludəlik var. Hər məqamda, hər zaman, hər yerdə ədəbiyyatlayam...

İradə Musayeva

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022