Mənim bir yazı günüm – Xanəmir Telmanoğlu
"Kaspi”
qəzetinin "Mənim bir yazı günüm” layihəsi davam edir. Bu layihə
çərçivəsində yaradıcılıqla məşğul olan tanınmış simalar özlərinin məhsuldar
hesab etdikləri bir yaradıcı günü təsvir edirlər. Növbəti qonağımız şair Xanəmir Telmanoğludur.
İllərdir sabahın kəramətinə, vaxtın ruha verimlilik iffətinə
sığınaraq erkən yerimdən qalxdığımda ya yazaram, ya da oxuyaram.
Sübhün erkən saatlarının şövqünə, süsünə vurulub yazı alətimi "silah
edərək” bu kainatın zaman dövriyyəsinə qoşulub göylərin bağrından qaranlığın
yerini işığa verməsində mən də öz qədərimlə qatqıda bulunur və bu hüsuməti bir
az bilincli, bir az hələ də bilincsiz şəkildə davam etdirməyimdəyəm.
Xüsusi olaraq bir neçə dağ otlarının qarışımından hazırladığım çayın
verdiyi həyəcan doğrultusunda, vaxtın doğmalığı eşliyində erişəcəyim ucalıqdakı
cəhdlərimi bu dünyada həm də özüm üçün çarə olaraq bildiyim və üzü sonsuzluğa
doğru bu kainat dənizinin sularında qayığımla üzüb keçərək əbədi köç uğrundakı
yazının bir eşsiz cazibədarlığını da hiss edirəm.
Ta o uzaqlarda qalan gəncliyimin heç bir fürsət tanımayan yazı
sevdasına düşmək fərasətimlə bahəm, alışqanlıq elədiyim bəzi fiziki
hərəkətlərimi öz yaşam intuisiyamın hakimiyyətində heç vaxt gözardı etmədim.
Davam edən bu 2-3 saatlıq zaman kəsiminin ardınca varlığımın gün
ərzindəki İZAHIMDAN biri də uşaqların məktəbə yollanmağında kəsinliklə qatqım
qaçınılmaz olmasıdır.
Bəzən çay üzərindən kimyagərliyimin iştahımdan uzaq durduğunu
gördüyümdə, həmən bir almanın azalması
yolundakı çabamı gecikmədən mədəmin himayəsinə ötürməklə əhvalımın hilalına
göylərin hənirini halal edirəm.
İki ilə yaxındır ki, işsizlikdən ağır əziyyət çəksəm də, ev
şəraitində də müəyyən keçim şərtlərimi həll etməyə səylə çalışıram. Bəzi
saytlara yazılar yazmaqdan usanmıram. Sadəcə olaraq bildirim ki, mən işləməyəndə
yazı yaza bilmirəm, yaradıcılıqla məşğul olmağım müşkülə çevrilir. İndinin
özündə də bir yazı yazılması konusundakı ağrıdan əziyyət çəkdiyimi gizlətmirəm.
Nə olursa olsun, dəxli yoxdur, uşaqların bütün sorunlarından xəbərim
olmalıdır. Üstəlik, çöllə bağlı bütün işlər və bazar-dükan məsəlləri də mənim
sevərək yapdığım işlər sırasındadır.
Getdikcə həm vaxtın, həm də sənə verilən vaxtın Yazı üzərindəki
sitəmini dərk etməyə çalışaraq az, qısa və konkret yazmağa üstünlük verirəm.
Çalışıram ki, olduqca lap az yazım. Çalışıram ki, nə qədər gücüm yetirsə, heç
yazmayım, yazı üçün burnumun ucu göynəsin. Yazılarımı bir nəfəsə yazmaqla azğınlığımın
qarşısını alıram. Yoxsa min il keçsə belə.... mövzunu soyudandan sonra yazmağın
verdiyi qıvraqlıq, şuxluq, şahənşahlıq məni həyatın günlük əsarətindən əsla
qurtara bilməz.
Yollarda kitab oxuma vərdişimdən əl çəkə bilmirəm. Mövzu o andakı
cəhalətimi kamına çəkib gəldisə, məni
özünün QƏZƏBİNƏ tuş gətirib bağlaya bildisə, o mətni istənilən ortamda yaza
bilərəm. Çünki elə zənn edirəm, o yazının hardasa məni örtə bilən bir yerində
gizlənməyə artıq yerim hazırdır, kimsə istəsə belə utancverici bu tərsliyimi
görməkdə acizdir.
Oturmaq qərarımı sabit qılan bir mühitdə dostlarımla da söhbətləşməyi
gün ərzində unutmur, ihmal etmirəm.
Saatların getdikcə daha sürətlə irəliyə doğru səni də cənginə alıb
apardığının hər an, artıq hər an fərqində olursan. Nə etməli, artıq nə
bədənimizi donduracaq, nə də dirilik suyu əldə edəcək bir halımız yox.
İnancımızın girdiyi dövriyyədə imanımızla "dondurmaq”dan, "dirilik suyu”ndan da ötədə bir sonsuz həzlə
dəvamızı bulub gedirik. Ən gözəl olanı elə buymuş deyərək, üstəlik də, qəbul
elədiyin ortamda yolun səni olğunluğa çəkən sınağındakı şirincə caynağında(n)
gerçək bildiyin şərt odur ki, geridə heç bir azğınlıq yaratmadan, haramlıq izi
buraxmadan özünün inhisarından heç vaxt çıxmamış səmimiyyətinin dozasıyla da
olsa, yüngülcə qımışa biləsən. Beləcə, baxarsan ki, gün axşam olmuş, kölgələr
ardınca qaranlıq ətrafı sarmış, ancaq sənin
içinin dərinliyində gecəylə gündüzü bir-biriylə yoğurub yapan yazar
kimliyindəki tərifə sığmaz anıların varlığında
bütün qovğalara qarşı erişilməz bir savaş açmışdır. Mən o əbədi içsəl savaşı,
özünlə dözülməz qovğanın aşiqi olmuş bu məmləkətdə biçarə "əhmədi biqəm”lərdən
biriyəm.