• çərşənbə axşamı, 16 aprel, 20:47
  • Baku Bakı 18°C

“MƏNİM ANAM”

25.07.16 11:06 5907
“MƏNİM ANAM”

1MAY 1919-CU İL

Biz küçəyə çıxdıq. Bayram idi. Bulvar boyu addımlayırdıq. Birdən alay musiqisinin səsini eşitdik. Marina mənə dedi: "Alya, necə də gözəl musiqidir! Bu musiqini harada səslənməyindən asılı olmayaraq sevirəm”. Biz çəkilmiş barıya yaxınlaşdıq. Ağ, gözəl atların keçdiyini gördük. Atlılar ağlı-göylü geyimdəydilər. Görünüşləri sadə idi. Bəziləri yəhərdə yellənirdilər. Atlardan bir neçəsinin qulağına qırmızı qızılgüllər bağlamışdılar. Öndə əlində böyük qızılı baraban olan barabançı gedirdi. Bütün hərbiçilərin geyimləri göy rəngdə idi. Baraban taqqıltısı musiqiylə birgə yavaş-yavaş bizdən uzaqlaşırdı. Sonra oradan ayrılaraq bulvarda gəzişməyə başladıq. Burada aeroplanın vızıltısını eşitdik. Əvvəlcə ona diqqət etmədən sakitcə söhbət edirdik. Birdən o başımızın üstündən keçərək havaya yarpaqlar buraxdı. Onlar göydə qəribə buludlar kimi fırlanlırdılar. Yarpaqlar hər yerdə, hətta evlərin damlarında da uçuşurdular.

Axşam Balmontlargilə baş çəkdik. Hamımız birlikdə müxtəlif şairlərin şeirlərini dinləmək üçün Mədəniyyət Sarayına getdik. Bu Solloqubun keçmiş evi idi. Ev azca saralmış ağ sütunlu ev idi. Biz bağçaya oxşayan həyətə girdik. Orada tikanlı hasar kimi kollar və evin qabağında balaca qapılar var idi. Marina Balmontla qapıya yaxınlaşdılar və biz balaca otağa daxil olduq. Orada bizə soyunmağa kömək elədilər. Balmont adlarımızı dəftərçəyə qeyd etdi. Pilləkənlərlə yuxarı qalxanda orada böyük divar saatı gördüm. Ön tərəfdən qırmızı məxməri divarları və bağçaya açılan böyük enli pəncərələri olan uzun, çox dar zaldan keçib pilləkənlərlə qalxdıq. Böyük dairəvi masa olan geniş otağa keçdik. Orada bir qadın çay süzüb bizi qonaq etdi. Adı deyəsən Roza idi və o, aktrisa idi. Qara saçlarını hörüb önünə atmışdı. Əyində çəhrayı paltarı vardı. Elə qara qaşları vardı ki, ömrümdə bu cür qara qaş görməmmişdim. Üzü balaca və girdə idi. Mən gözündə pensne (gözlük), Don-Kixota bənzər – onun kimi arıq və hündür bir kişi gördüm. Ona hamı hörmətlə yanaşırdı.

Çay süzən qadın, zarafatyana ara-sıra "Apallon” deyə-deyə, Balmontun əlində fala baxmağa başladı. Fala baxandan sonra həmin qadın sual etdi: "Kim mənimlə kilsəyə baxmağa gedər?” Marina soruşdu: "Solloqubun ev kilsəsinə?” Qadın cavab verdi: "Bəli”. Hamımız getdik. Marina mənə dedi: "Alya! Burada insan tapdağının izlərindən tamam sürtülmüş pilləkən var!”

Ev kilsəsinin qapıları kilidli idi. Bizim üçün açdılar. İçəri keçdik, xor sırasına düzüldük. Buxurun (dini ayinlər zamanı yandırılan ətirli qatran) ətri oranı bürümüşdü. Məni sürahiyə qaldırdılar. Aşağıda alatoran idi. Balaca masanın üstündə "İncil”in, yuxarıda isə orta ölçülü şüşə çilçıraq olduğunu gördüm. Divarlar oyma naxışlı taxtalardan idi. Hamı susurdu. Marina dedi: "Bura çox cansıxıcıdır!”

Sonra oradan çıxıb qaranlıq pilləkənlərlə o biri otaqlara çıxdıq. Pilləkənlər əyri və döngəli, hər bir pilləsi dərin idi. Sonra biz böyük kamini olan zala keçdik. Kaminin üstündə qanadlı qara şirlər vardı. Oradan da ağ, çox gözəl heykəl olan otağa girdik. Marina onu Psixeya (Yunan mifologiyasında ruhun, nəfəsin kəpənək və ya qanadlı qız obrazında təcəssümü) adlandırırdı.

Həmin aktrisa bizə öz otağını göstərdi. Otaq birpəncərəli, sadə döşəməli adi otaq idi. Orada royal da vardı. Bütün mebel qırmızı ipək parça ilə örtülmüşdü.

Nəhayət, biz çəhrayı divarları olan zala daxil olduq. Adamların çoxu artıq orada yerlərində əyləşmişdi. Sonra hamı əyləşdi. Kamində ocaq yanırdı.

Kiçik divana şair xanım əyləşib, sanki şikayətcil, cingiltili və güclə eşidilən səslə şeir deməyə başladı. Şeir onun qəbiristanlıq qapısında yatmağından, sinəsində xaç asdığından, başqa pis qəlblilərdən fərqli olaraq, xeyirxah və yumşaq ürəyə malik olmasından bəhs edirdi. Söylədi və kaminin yanına keçdi.

Sonra çox gənc bir oğlan – şair Yesenin gəldi. Şeirində ayın səmadan yerə tullanaraq at balasına çevrildiyini və onu cəng arabasına yəhərlədiyini söyləyirdi.

Sonra Balmont şeir deməyə başladı. Onun şeiri fəhlə haqqında idi. Mənə elə gəlir ki, bu şeirlə o, fəhləni ram etmək istəyirdi.

Sonra Don Kixota bənzəyən cənab, Marinanı şeir deməyə dəvət etdi. Oturduğu yerdən – pəncərənin yanından qalxaraq şeir söyləməyə başladı. Onun şeiri bizim – iki səyyahın artıq bir ömür yolu keçməyimizdən, Allahın sevimli bəndələri olub, nə dahi, nə də alihəzrət olmamağımızdan bəhs edirdi. Digər şeiri Moskva və Georgi Pobedonosets (Xristianlıqda müqəddəs, din şəhidi) haqqında oldu. Marina möhkəm səslə oxuyurdu. Sonuncu şeirdən sonra insanlar alqışlamağa başladılar. Məncə, bu alqışların səbəbi kimsə şeir deyib qutarandan sonra sakitcə durmağın ayıb olması idi.

Aktrisa daha bayaqkı paltarında deyildi. İndi onun başında ağ papaq, əynində ağ, uzun paltar və bütün paltar boyu uzanan qara duvaq var idi.

Yenə də həmin balaca divana əyləşərək bayaqkından daha gözəl şeirlər söyləməyə başladı. Şeir onun meşədə yerləşən kiçik kilsədə yaşamasından, ora heç kimin baş çəkməməsindən, bütün günü kilsədə oturub pəncərədən çölə boylanmasından idi.

Sonra bir şair də gecə vaxtı meşədə gedərkən qəflətən "bəyaz nağıldan” olan Lyuba adlı qızın qarşısına çıxması haqqında şeir oxudu. Sübh çağı həmin qız getmək istərkən, oğlan xahiş edir ki, getməsin. O isə "qala bilmərəm” deyib gedir.

Daha sonra müxtəlif şeirlər oxundu. Onlar yadımda qalmayıb. Bir əsgərin də nitq söylədiyini xatırlayıram.

Biz bu zaldan çıxıb qabaqdakına keçdik. Zalda Yesenin yaxınlaşaraq, anama nəsə deyirdi. Mən dinləmirdim, ona görə də nə dediyini xatırlamıram.

Mədəniyyət Sarayından çıxarkən artıq gün batırdı. Balmontun həyat yoldaşı Marinaya ayı göstərdi. Onun rəngi bir azca çəhrayıya çalırdı. Biz küçəylə, hamısı eyni formada – yumru qırxılmış balaca ağacların yanında iti addımlarla gedirdik. Amma demək olar ki, qaçırdıq. Yol boyu otlar təzəcə ditləmişdilər.

Bir balaca ağ fligeldə (əsas binanın yanında tikilmiş balaca ev) pəncərələr işıqdan qırmızı idi. Marina qrafinya Solloqubun böyük evdən ora köçürüldüyünü və artıq orada yaşadığını söylədi. Fligel hər tərəfdən kollara bürünmüşdü.

Biz Balmontla Arbata (Moskvanın mərkəzində küçə) getdik. Budur artıq Müqəddəs İsa Məbədinin qarşısındayıq.

Birdən başımızın üstündən gurultulu qırmızı işıq keçdi, sonra yenə də keçdi. Məbədin günbəzlərini sanki günəş kimi işıqlandırdı. Mən bir azca qorxurdum ki, göydən nəsə düşər və məni öldürər. Bağın ağaclarının arxasından yerdən göy üzünə qədər çəhrayı duman qalxdı. Harada hündür yer vardısa, adamlar orada dayanıb baxırdılar. Çoxlu qırmızı bayraqlar da vardı. Bəzən səmada qırmızı ulduzlar görünür və yerə düşürdü.

O alovlu işıqlar raket adlanırdı.

Marina elə hey deyirdi: "Ah, biz qayıda bilməyəcəyik. Qapını çox güman ki, artıq bağlayıblar!” Sonra o məni meydançaya çıxartdı və biz evə bulvarın içiylə getdik. Orada gerçəyə oxşamayan yeni abidələr qoyulmuşdu. Bulvar yolunun yarısını keçəndən sonra kiçik lampalarla işıqlandırılmış hərflər və rəqəmlər gördük.

Hərf və rəqəmlərbolşevistlərə məxsusidi.

..."Hərb və sülh”dəki Rostovlar ailəsinin yaşadığı "Solloqubun keçmiş evi” 1919-cu ilin yazından Mədəniyyət Sarayına çevrilmiş və indiki günə qədər incəsənətə xidmət edir. Məhz onun qapısında "SSRİ Yazıçılar İttifaqı” yazısı var. 1918-ci ildə bu binada milliyyətçilik üzrə Xalq Komissarlığı yerləşirdi. Ora Marinanın bütün ömrü boyu yeganə işlədiyi və ya işləməyə cəhd göstərdiyi təşkilatdı.

Bu ev uşaqlığımın dostudur. Yeganə dostumdur ki, əlli il ərzində zahiri görünüşünü dəyişməyib: o zaman da elə indi kimi sütunlu qədim malikanə sanki öz ciddiliyi ilə yanaşı, həm də bu qədər lirik olan "Moskva” klassisizmini özündə əks etdirirdi. Əvvəllər də elə indi kimi giriş həyətini fligelləriylə qanadları arasına alaraq qoruyur və qucaqlayır. Bircə indiki zamanda girişinə gələn yola asfalt döşənib. Və bir də əsas binanın divarları yanındakı yumru alma ağacları yoxa çıxıb.

Böyüklər ampir mebelləri (XIX əsrinbirinci otuz illiyində,klassisizmininkişafının sonundamemarlıqdekorativ incəsənətdə üslub) olan otaqlarda hazırlaşana, söhbətlər, müzakirələr, çıxışlar edənə qədər, biz uşaqlar da onun zirzəmisində gizlənqaç oynayır, həyətdə qaçırdıq. Bu həyət gülləri, ağacları, kolları ilə bizim ilk bağçamız, bağ evimiz, bütün təbiətimiz idi.

Çox nadir hallarda indi bu qapılardan içəri girib həyətə baxanda, özümdən asılı olmayaraq duruxuram: bəs biz uşaqlar indi hardayıq? Hardandı bu sakitlik?

O illərdə Mədəniyyət Sarayı təkcə təşkilat, konsert zalı, klub deyildi. O, həm də yaşayış evi idi. Sağ fligelin yuxarı mərtəbəsində 1919-cu ilin yayında Rozenellər ailəsi, Anatoli Vasilyeviç Lunaçarski (rus inqilabçısı, yazıçı, tərcüməçi, publisist, tənqidçi, sənətşünas) və iki oğlan – biri öz oğlu, biri isə qardaşı oğlu yaşayıb. Bu iki oğlan gəlib çatıb səsimizi eşidən kimi aşağı qaçdılar. Biz də "karavay” ("Bənövşə” oyunu) oyununu oynayırdıq. Oğlanlar bizə baxanda xeyli səliqəli geyinmişdilər. Ən əsası isə ayaqqabıları çox yaxşı idi. "Ümumi kütlədən” seçilməmək üçün əllərinə gələni – daş, dəmir, taxta götürüb bizlə qaynayıb-qarışdılar. Biz elə bildik ki, ayaqqabılarına görə onlara acıqlanacaqlar. Boşuna gözləmişik!

Kiçik hücrəli sol fligeldə təsərrüfat işçiləri yaşayırdı. Pəncələrdən içəri soxulan yaşıl yarpaqlara görə fligelin havası sanki cirə rəngində idi. Gənc ədəbiyyatçılar, müğənnilər, rəssamlar da onlarla qonşu idilər. Onların otaqlarında ən qeyri-adi şey sobalar idi. Sobalar alleqorik şəkillərlə bəzədilmiş, altlarında müəmmalı və sehrli imzalar atılmışdı.

Fligelin kiçik bağçasında bayramlarda Moskva küçələrini bəzəmək üçün nəzərdə tutulan şüarlar və çox qəribə, təzəcə rənglənmiş fanerdən düzələn konstruksiyalar quruyurdu. Açıq pəncərələrdən Şubert melodiyalarının səsi axıb gəlirdi.

Bu köhnə evdə malikanənin keçmiş sahibəsi ömrünün sonunu yaşarkən, onun keçmiş təhkimlisi olan qoca, əldəndüşmüş, yarıkor qulluqçusu qraf apartamentlərinin birində yaşayırdı. Bu, Sovet hakimiyyətinin hökmü idi. Hər iki qarı əsalarından yapışaraq həyət boyu addımlayıb bir-birlərinə qonaq gəlirdilər. Onlara yaxınlıqdakı küçələrdən sadə, başıyaylıqlı qoca qarılar da təşrif buyururdu. Samovara od salır, birlikdə qızılı rəngli kobalt servizinfincanlarında çay içirdilər.

Arxa – təsərrüfat bağçasında ictimai bostanın ləkləri uzanır, keçilər otlayır, donuzlar gəzinirdi. Burada xadimə Antonina Lazarevna, onun əri, sürücü, çilingər, usta, YelezavetaSergeyevnanınqarıları və iki uşaq, Solloqubların keçmiş mehtərinin – qaraçı ailələrinin mülkləri uzanırdı. Hamısı böyüklü-kiçikli zəhmətkeş, xeyirxah və yaraşıqlı idilər. Onlar mənim xatirimdə məhz bu cür qalıblar. Əlbəttə ki, Marina onlara tez-tez təşrif buyurur və hətta Antonina Lazerevnaya bircə onun dadlı-duzlu söhbətlərinə qulaq asmaqdan ötrü tikiş tikməyə də kömək edirdi. Hey zarafat edirdi ki, "Qaraçı hekayələri" adlı kitab yazacam.

Bu qaraçı məhəlləsində Mədəniyyət Sarayının ilk direktoru, şair-futurist İvan Segeyeviç Rukavişnikov Qızıl Ordunun əsgərləri ilə təlim keçirdi. O kürən və qırmızısifət adam idi. Yarıhərbçi geyimində, ipək, uzun şərfi bir neçə dəfə belinə dolayıb bir az da quldura bənzəyirdi. Həyat yoldaşı Nina Moskva sirklərində idarəçi idi. Bəzən yoldaşının dalınca artıq artistlik dönəmlərini başa vurub arenadan silinmiş atlara qoşulmuş faytonda gəlirdi. "Rostovların evində hər şey qarışıb”, – Marina zarafatla deyirdi. Vals oynaya bilən Rukavişnikov qoşumuna (bir yerə qoşulmuş bir neçə at) fransız dilində yazdığı hekayələrdən birini – "Atlarla möcüzə” hekayəsini ithaf etmişdi.

O, artıq geridə qalan və yeni doğulan incəsənətin sanki zirvəsində yer alan Sarayı sevirdi. Oranın ab-havası, keçirilən diskussiyalar, mütaliələr, özünün də həvəslə iştirak etdiyi ədəbiyyat gecələri, gündəlik həyatın ağırlıqlarından uzaqlaşdıran ənənəvi ortam ona çox xoş gəlirdi.

Burada – məhz bu sütunlu evdə Marina Svetayevanın məxsus olduğu ilk və sonuncu yaradıcı kollektiv toplaşırdı. Bu çoxsəsli xorda onun hələ gənc və cingiltili səsi eşidilirdi. Həmin səs sonralar mühacirətdə faciəvi "cavabsız qalan imdad harayı” olmağa məhkum idi.

Rus dilindən tərcümə edən: Xanım AYDIN

banner

Oxşar Xəbərlər