AZE | RUS | ENG |


Mənim adım - Napoleon...

Mənim adım   - Napoleon...
Aktyor Oktay Mehdiyevin sənət portreti

Napoleon - dünyanı fəth edən sərkərdədir...
Napoleon - dünya mətbəxinin dadlı-təamlı tortudur...
Napoleon - şərabdır...
Azərbaycan teatrosunun Napoleonu-Oktay Mehdiyevdir...
Oktyabrın 22-si Napoleon-Oktayın 40 yaşı tamam olur. Artıq gənc nəslin nümayəndəsi kimi fəaliyyətini tamamlayıb, estafeti gənclərə verib, yeni zamana, yeni məkana doğru irəliləyir. Yeni zamanda Mehdiyev Oktay nələri gerçəkləşdircək, nələrə imzasını atacaq - Zamanla görüb, Zamanında deyəcəyik.
Qısa arayış: Mehdiyev Oktay Nüsrət oğlu 1976-cı ildə oktyabrın 22-də anadan olub. 1998-ci ildə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "dram və kino aktyoru" fakültəsini bitirib. 1999-cu ildən hal-hazıradək (fasilələrlə) H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında aktyor işləyir. Diplom işi olaraq Akademik Milli Dram teatrında hazırlanan "Şadlıq sorağında" (V.Rozov) tamaşasında baş rolda çıxış edib. Sumqayıt teatrında çoxsaylı rollarda oynayıb: Bəhruz (T.Vəliyeva "Mənim ağ göyərçinim"), Talıb (Ə.M.Lələdağ "Tələ"), Vəliqulu (C.Məmmədquluzadə "Danabaş kəndinin əhvalatları"), Göstəbək (G.Xuqayev "Bir köpək vardı"), Təkgöz ( K.Həsənov "Sehrli yaylıq"), Birinci xidmətçi (Ş.Qurbanov "Milyonçunun dilənçi oğlu"), narkoman (Y.Həşimov "Həkimlər nobata gedir"), Teymur (Ə.M.Lələdağ "Dağlarda tufan"), Şair (Anar "Yaxşı padşahın nağılı"), Qozbel (Ə.Əmirli "Varlı qadın") və s.  
Napaleon-Oktayın bu qısa arayışına izahlı təhlil yazmaq mütləq lazımdır. Lazımdır ki, biləsiz, Oktay bu sənətə adətən, vurğun olub gələnlərdən deyil. Hətta onun Universitetə necə daxil olmağı da, təsadüfi olub. Özünün dilindən söylədiyi kimi,  universitetə daxil olanda adəti üzrə hamı kimi nə hazırlaşıb, nə məşq edib, nə etüd, nə monoloq öyrənib. Nə isə... Uzun sözün qısası... Universitetə daxil olub. Yaxşı tələbə olmasa da, sənət dərslərindən hər bir zaman yaxşı qiymətlər alıb. Lakin  aktyor olmaq üçün nə "can yandırıb”, nə də "dəridən-qabıqdan çıxıb”...  
Sənət portretini yazarkən Oktayın individual portretinə nəzər salmaq vacibdir. Oktay sərbəstliyi sevən, sərbəst yaşamağı həyat kredosu bilən insanlardandır. Onun üçün yaşamaq tam olaraq "azad” olmaq, "azad” yaşamaq anlamına gəlir. 
Aktyor Oktay Sumqayıt teatrında işə başlayır. Və teatrda işlədikcə  bu sənətin, aktyor sənətinin sehrinə düşür. Lakin...  Lakin 2003-cü ildə maddi vəziyyətlə, sıxıntı ilə bağlı, eləcə də sənətə verilən dəyərin az olmasından bezərək sənətdən uzaqlaşır. Ukraynaya gedən aktyor, səfər öncəsi axırıncı dəfə səhnədə Hamletin monoloqunu söyləyir və ... iki il yarım sənətə vida edir. Vətənə qayıtdıqdan sonra isə şəxsi həyatında dəyişikliklər baş verir. Evlənir, ailə həyatı qurur. 
Vətənə döndükdən sonra Sumqayıt Teatrının baş rejissoru Firudin Məhərrəmov quruluş verdiyi Əli Əmirlinin "Varlı qadın” tamaşasında Oktaya Qara rolunu həvalə edir. Onu da qeyd etmək yerinə düşər ki, Oktay nə az, nə çox  düz 5 dəfə teatrdan gedib və yenidən qayıdıb. Sonradan rejissor Tural Mustafayevin "Qacar” tamaşasında Qacarı oynayıb. Tamaşaya baxanlar içərisində böyük Ustadımız, rejissor Vaqif  İbrahimoğlu da olub. Vaqif müəllim bu tamaşadan sonra Oktayı Yuğ teatrına dəvət edib. Hətta bu fakt göstərir ki, Qacar rolu Oktay Mehdiyevin sənət portretində uğurun başlanğıc nöqtəsi hesab oluna bilər. Qacar Oktayın boyuna cızılmasa da, görünür daxili möhkəmliyinə, zahiri sərtliyinə ölçülmüşdü. Oktay özü də bu rolun uğrunun fərqində idi. Təsadüfmü? Qacar da bir sərkərdədir... Qacar da istilaçıdır... Oktay bu sənət cığırında irəlidə olacaqları bilmədən, özünü daha böyük uğura hazırlamış olur.
Ancaq bu yolun qət olunması üçün hələ çox böyük Zamana və münbit Məkana ehtiyac var idi. Məkan-Yuğ teatrı... Oktayın Yuğ teatrında birinci rolu rejissor Gümrah Ömərin quruluşunda Füzuli xəzinəsindən yaranmış "Hicr” tamaşası oldu. Sonra Vaqif müəllimin quruluşunda Çexovun "Albalı bağı” əsasında "Birinci akt” tamaşasında Lopaxin rolunda çıxış etdi. 
Və o Zaman yetişdi... AMDT-ının səhnəsində "Napoleon” tamaşası oynanılacaq. Və bu rola dəvət almaq, bu rola seçilmək elə özü bir uğur idi. Oktay bu işin məsuliyyətini dərk edirdi. Oktayın aktyor xarakterində tamaşanı "yola vermək”, uğursuzluğu uğur kimi qəbul etmək yoxdur. Əvəzində, yetərincə qabarıq formada "özünətənqid” var. Aktyorun özünün söylədiyi kimi, "əsəri oxudum, özümü burda görə bildim, lakin işin ağır, çox yüklü olduğunu da dərk edirdim”. 
Oktay Mehdiyevin Akademik Milli Dram Teatrı ilə bağlılığı uzun bir zamanın iki qütbünü əhatə edir. O, 1998-ci ildə milli teatrımızın səhnəsində Viktor Rozovun "Şadlıq sorağında” əsəri əsasında qoyulmuş diplom tamaşasında çıxış etmiş və "Napoleon” tamaşası ilə yenidən 14 il sonra bu teatra qayıtmışdı. Qeyd etdiyim kimi, Napoleon Oktayın ilk uğuru deyildi, bəs onda Napaleon Oktay üçün nə idi?
Bu tamaşa aktyorun sənət portretində nə birinci işi, nə də birinci uğurudur. Lakin... cəmiyyətdə, ictimai fikirlərdə onun tanınmağı məsələsində Napoleon tramplin hesab oluna bilər. Vacib məqamlardan bir neçəsini sadalamaq istəyirəm, hər kəsin marağında idi: milli teatrda "Napoleon” oynanılacaq??? Ən ümdəsi Napoleonu kim oynayacaq??? Yəqin ki, bu rolun arzusunda olan aktyorların sayı həddən ziyadə çoxdu. Napoleonun ünlü aktyorlardan seçiləcəyini də düşünürdülər. Və... seçim Oktay Mehdiyev oldu. 
Kim idi Oktayın Napoleonu?
Oqtayın Napoleonu zahiri tamam uyğunlaşdırılmış, daxili əksliklərlə, intriqalarla konfliktdə olan "qəhrəman” idi. Xarici görünüşündən gələn oxşarlıq, eləcə də daxilindən gələn çılğınlıq bu obraza ən uyğun aktyorun Oktay olduğunu qətiləşdirirdi. Həmçinin Oktay daxilən dalaşqan, tez özündən çıxan, hətta birdən-birə hücüm edə bilən aktiv enerjili daxili gücə malikdir. Bu Napoleon səhnədə lazım olan hissləri, necə durduğunu, başını necə qaldırdığını, jestləri necə yönəltdiyini düzgün qavrayan-tarixi Napoleonun Zamanla ayaqlaşan portreti idi. Səhnədə Napoleonu yaradan Oktay deyil,  Oktayın yaratdığı Napoleon var idi. Bu Oqtay Mehdiyevin Napoleonu idi. Tamaşada biz sərkərdə Napeleondan daha çox, Jozefinanın əlində təlxəyə çevrilmiş "qüdrətli-həssas” Napeleonu görürük. Əsərdən, dramaturji materialdan irəli gələrək Oktayın Napoleonunun hərbi, savaş meydanından kənardakı siması önə çəkilir. Tamaşa belə başlayır: Jozefina biz ayrılmalıyıq. Səhnə variantında Napoleonun  hakimiyyətdən getmək prosesi yer alır. Yəni Napeleon döyüş meydanında deyil, hakimyyətdən getmək ərəfəsində olan zamanı öz əksini tapır - Oktay məhz  Napoleonun bu dövrünü oynayır, əsərə, sözlərə dəlalət edərək. Oktayın Napoleonu çox həssasdır. Məsələn, deyirlər "kişi ağlamaz”. Ancaq tamaşada olduğu kimi Napoleon kimi qüdrətli sərgərdə də uşaq kimi ağlaya bilər. Oktayın yaratdığı rol çox ağır mizanlarla ölçülürdü... Oqtayın Napoleonu həm də çox fəaldır, səhnədə oynayır, qışqırır, stolun üstünə çıxır, ora-bura qaçır, çox enerji sərf olunur. Həm də obrazın imkanları o dərəcədə  genişdir ki, nə qədər istəsən onu yükləyə bilirsən. Yəni hər dəfə onu yükləmək olur. Oktay da son dərəcə diqqətlə rejissorun ondan gözləntilərini həyata keçirməyə çalışırdı.
Ümumiyyətlə, aktyor Oktay Mehdiyevin forma və jestukulyasiyasında özünüdərk daha güclüdür. Təqlid yoxdur, düşüncədən kənar şərtilik yoxdur. Yalnız öz bədəninə, zövqünə, düşüncəsinə, ruhuna əsaslanan oyun var. Oktay Napoleonu öz bədəninin imkanlarına söykənərək, düşüncəsinin ona verdiyi hərəkətlərə əsaslanaraq yaradır. Əminliklə deyə bilərəm ki, bu Azərbaycan milli teatr tarixində fərqli bir Napoleon idi.
Onu da qeyd edim ki, Oktayın səhnə portretində ən vacib məqamlardan biri onun səhnəni, tamaşaçını hiss edə bilməsidir. Onun özünün dediyi kimi: "Mən tamaşaçını görə bilməsəm də, hiss edirəm. Tamaşaçını hiss etmədən oynamaq kor-təbii alınır. Tamaşaçını duymalısan, hiss etməlisən. Mütləq. Mən artıq tamaşa müddətində hiss edirəm ki, harada darıxdırcıdır, harada tamaşaçı fəaldır, harada tamaşaçını öz halıma salmışam”.  
Oktayın səhnə uğuru Napoleonla söylənsə də, onun potensialı bununla tamamlanmır. Oktay çox böyük rejissorlarla - Vaqif İbrahimoğlu, Azər Paşa Nemətov, Bəhram Osmanov, Firudin Məhərrəmov, - birgə işləyib. Lakin Oktayın hələ görünməmiş tərəfləri, təhlil olunmamış aktyor cizgiləri, işlənməmiş faktura-maskası öz rejissorlarını, yeni rollarını gözləyir. Bu portret yazı artıq gənc yaşına vida edən, səhnə yaşında isə olduqca gənc olan Oktay Mehdiyevə kiçik bir təbrik yazısıdır. Yazının sonunu unudulmaz Vaqif İbrahimoğlunun Oktay haqqında dediyi sözlərlə bitirmək istəyirəm: "Kordular, hələ görmürlər”. 
 
Aygün Süleymanova
teatrşünas

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7036
GBP 1 İngilis funt sterlinqi 2.1371
TRY 1 Türk lirəsi 0.4708
KWD 1 Küveyt dinarı 5.6589
SEK 1 İsveç kronu 0.1950
EUR 1 Avro 1.8623
CHF 1 İsveçrə frankı 1.7354
USD 1 ABŞ dolları 1.7220