• şənbə, 27 Aprel, 03:32
  • Baku Bakı 14°C

Mənim ADAM olmağım lazımdı...

14.11.13 09:56 1376
Mənim ADAM olmağım lazımdı...
Ürəyimizə dost olan biri bu sualı verdi günlərin bir günü - "böyüyəndə nə olacaqsan?"
Uşaq deyildim, 30-u adlamışdım. Güldüm. Bu sual nədi ki, cavabı da nə ola dedim öz-özümə. Sonra...
Sonra ha gücəndim cavabı gətirəmmədim. İstəmədim şablon cavablardan imdad diləyib vəziyyətdən çıxam, eləcə dedim ki, "mən bu sualın cavabını sənə bir gün verəcəm amma o günün nə vaxt olacağını mən də bilmirəm". İl adlayıb üstündən, məndən cavab çıxmır ki, çıxmır.
Qəribədir, varlığından bezdiyim kənd evimizdə adam olmağı xəyal eləmişdim uşaq vaxtı. Oxuyacaqdım və olacaqdım!
Zaman keçdi, "oxumaq" deyilən mərətin düz üçünü bitirdim. Sənət sahibi oldum, əczaçı oldum, dil-ədəbiyyat müəlliməsi oldum, palaz-palaz diplomların qulağını büküb qoydum evimizdəki əsrlik dolabın üst köşəsinə. Oldummu?! Nə bilim. Məndən nə oldu heç özüm də bilmirəm. Ya da olduğum o "nəsə"nin fərqinə varmaqdan qorxuram. Mənim dədəmin mənə öyrətdiyi "olmaq" başqa şeydi, qardaş. İndi olduğum bu "mən"də o aşılanandan ya da arzu olunandan əsər də yoxdu. O adam olammıram, olmağım üçün mənim bu dünyadan, bu kainatdan ya da heç olmasa hər nə isə olmağa gəldiyim bu şəhərdən getməyim lazımdı. Ucsuz-bucaqsız göydələnlərin dibində yatan, zibil qutularını eşələyən yekə-yekə kişiləri ayaqlayıb keçən "yekə-yekə" KİŞİləri görməməyim, ütülü şalvarların dolu cibləriylə danışanların ağızları köpüklənə-köpüklənə dediklərinə inanmağım lazımdı. Ölüsünün bilə "yiyə"si olan bu məmləkətdə daşına qurban olduğum torpağın yox, o yiyənin köləsi olmağım lazımdı. Kor olmağım lazımdı qabarlarından qan daman əllərimi görmək üçün çırpınan gözlərimə soxmağım üçün...
Mənim olmağım lazımdı...
Həm də qapısını ehtiyacdan başqa kimsənin çalmadığı evimizdə dədəmi "ol"duğuma inandırmaq üçün yaşamağım lazımdı...
Mənim ADAM olmağım lazımdı...
Adamlara görə dəyişən bu nəsnənin mənə düşən tərəfi tərs olub. İpucunu tapammıram. Tütəyin çobandan, mızrabın aşıxdan imdad dilədiyi yerdə durub dayanmışam. Mənim içində olmadığım bir zaman su kimi axıb gedir. Ömrün bu vədəsində, vaxtın bu yerində mən hələ də bu sualı düşünürəm,
"...böyüyəndə nə olacam?!"
Və eşit, sual yiyəsi, bu şəhərdən getməyə yerim, gördüklərimi yox etməyə gücüm, inandıqlarımı rədd etməyə hünərim, ayaqlarımın üstündə durmağa taqətim yoxdusa məndən hələ cavab gözləmə. "Kim" olmağa qorxanların "nə" olmaqdan başqa çarələri olmur...
banner

Oxşar Xəbərlər