• cümə axşamı, 28 mart, 16:01
  • Baku Bakı 16°C

Məni yaradan kitablar

15.01.18 17:10 1534
Məni yaradan kitablar
1961-ci ildə Birləşmiş Krallıqların Birmingam əyalətində, Sollihulda anadan olmuş yazıçı, aktyor, ssenarist Mark Filip Devid Billinqam dünya ədəbiyyatında "Tom Torn” silsilə cinayət-detektiv əsərləri ilə məşhurlaşıb. Bu xüsusi janrın seçilən imzalarından olan Billinqam şəxsi internet ünvanından bir sıra ədəbi mərhələ və təlimlər üzrə ödənişli xidmət göstərir. Yazıçı "Guardian”ın "Məni yaradan kitablar” layihəsi çərçivəsində suallarını cavablayıb.
Hazırda oxuduğum kitab – Martin Ueytsin "Köhnə din” ("The old region”) əsərini oxuyuram. Əlimdəki ötən il dərc olunan romanın üzərində işlənmiş versiyasıdır. Dostyana yanaşma məsələsində iki dəfə düşünməli olduğumuz fikrinin doğruluğunu müdafiə edən roman əsas fikrin müdafiəsi məqsədilə folklor düşüncəsinin təhlükəli tərəflərindən qidalanır.
Həyatımı və dünyanı dəyişən kitab – Artur Konan Doylun məşhur və əfsanəvi "Şerlok Holmsun macəraları” ("The adventures of Sherlock Holmes”) silsiləsi. Bu romanla ilk dəfə 13 yaşımda tanış olmuşam. Öz dediyi dərsdən sıxılan riyaziyyat müəllimimiz çantasından bu kitabı çıxarıb, yüksək səslə oxumağa başlamışdı. Detektiv janrı seçməyimin ilk və ən güclü səbəbi bu xatirədir. Deyəsən, elə silsiləmi yekunlaşdıra bilməməyimin də səbəbi budur.
Müəllifi olmaq istədiyim kitab – Deşayl Hammetin "Malta şahini” ("The Maltese falcon”) romanını oxuyanda özümü söymüşdüm. Bunu mən yazmalıydım. Axıcı, hərəkətli, sərbəst nəsr, möhtəşəm bir qiraət zövqü… Nəşrindən 90 il keçməsinə baxmayaraq, bu kitab oxunduğu hər dövrün əsəridir. Məlumat üçün onu da deyim ki, bu əsərlə roman janrında bir neçə şeyin əsası qoyuldu.
Yazı üslubuma ciddi təsiri olan kitab – Uilyam Mak İlvanni "Doçertilər” ("The Docherty”) romanına görə "Whitebread” mükafatını aldıqdan sonra 1977-ci ildə kriminal-detektiv roman yazdığını elan edəndə hamını təəccübləndirmiş və bir az da təəssüfləndirmişdi. Amma "Fəda edilmiş” ("Laidlow”) romanı ilə yazıçı sübut elədi ki, nəsrin janrları arasında aşılmaz sədd yoxdur. İstedad hər qapını aça bilir. Onu da qeyd etmək lazımdır ki, bu əsər xüsusilə də, detektiv yazarları üçün ilham mənbəyi oldu. Çünki insanlar düşünür ki, detektivə keçmək asandır, amma uzun illər detektiv əsər yazdıqdan sonra dram yazmaq uğursuz cəhddir.
Həddindən artıq yüksək qiymətləndirildiyini düşündüyüm kitab – Daniel Vudrelin "Sevimli cənabın ölümü” ("The death of sweet mister”) romanı işıq üzü görəndə çox geniş rezonans doğurdu. Rəqabətin bu qədər güclü olduğu bir zamanda bunu hər roman bacarmır. Açığı mən də roman ətrafındakı müzakirələrin "qurbanı oldum”. Bu qədər geniş oxucu auditoriyasının diqqətinə layiq olan bir çox yazar tanıyıram. Amma açığı Vudrel ən azı bu əsəri ilə göstərilən diqqətə nə qədər layiq idi, bu məsələdə qərarsızam. Missisurinin kasıb şəhərlərindən birində yaşayan, dostu olmayan, artıq çəkidən əziyyət çəkən, gec inkişaf edən Şaq Atkinsin hekayəsindən bəhs edilir. Hekayə orijinal və aktualdır. Amma keçidlər arasında insanın ürəyini üzəcək qədər dərin lənglik var, hətta bəzi yerlərdə mənə elə gəldi ki, hekayə bitdi. Bu qədər geniş auditoriyanın əskikləri görməməsi mənə qəribə gəldi. Sonra düşündüm ki, görünür, hekayənin uğurudur.
Məni ağladan son kitab – Denni Beykerin silsilə avtobioqrafiyasının son hissələrindən "Dönüş” ("Going to turn”) son vaxtlar oxuduğum ən təsirli əsər idi. Həm ağlatdı, həm güldürdü.
Tamamlaya bilmədiyim kitab – Oxuyarkən həzz almadığım kitabı bitirmirəm. Bəzən deyirlər ki, axıra kimi oxuyun, "ən azından necə yazmaq olmaz” bunu öyrənərsiniz. Amma başqa cür düşünürəm – qiraət məmnunluq hissi aşılamalıdır, insanı taqətdən salan müharibə olmamalıdır.
Oxumadığıma utandığım kitab – Müsahibələrimə nəzər salsanız, kimdən ümumiyyətlə, bəhs etmədiyimi görərsiniz. Ceyn Austenin əsərləri haqqında müzakirəyə qoşula bilmək üçün onları vərəqləməliyəm. Amma bunu o qədər də utanılacaq bir şey kimi görmürəm. Sadəcə uğurlu bir klassik kimi onu oxumaq lazımdır.
Hədiyyə etməyi ən çox sevdiyim kitab – Con Konnolli dünya ədəbiyyatında sirli cinayət hekayələrinin müəllifi kimi tanınır. Amma onun uşaqlığından, sıradan hekayələrdən güclü süjetlərə keçidindən əyləncəli, ürküdücü və bütün incəlikləri ilə bəhs etdiyi romanı "İtmiş şeylərin kitabı” ("The book of lost things”) dostlarımın, doğmalarımın mütləq oxumasını istədiyim ədəbi nümunələrdəndir.
Adı ilə xatırlanmaq istədiyim kitab – Ümid edirəm ki, bu elə hal-hazırda üzərində işlədiyim kitab olar. Amma bu dəqiqə üçün romanlarımdan hansı olursa olsun, birinin adının belə məni xatırladacağını bilmək xoş duyğudur.
İngilis dilindən tərcümə edən: Elcan SALMANQIZI
MƏNBƏ: GUARDİAN
banner

Oxşar Xəbərlər