• cümə, 29 Mart, 00:54
  • Baku Bakı 7°C

Məni sənə yenilməyə qoymazlar, Bakı!

20.08.13 08:58 1490
Məni sənə yenilməyə qoymazlar, Bakı!
... Bakı... mənim paytaxt şəhərim... neçə-neçə yeniyetmənin, gəncin xəyallarını süsləyən şəhər... çırağban işıqlarının arxasında şəhidliyi gizləyən şəhər... axan qanını suyla yuyub qatilinə qucaq açan şəhər... boğazdan başa çıxmağa gücü olmayan şəhər... sənin günahın çoxdu və sənin günahın yoxdu!
Kim deyir ki, böyük şəhərlərdə gələcək qurulur? ...böyük şəhərlərin buz kimi divarları olur. O buz kimi divarların ruhuna dirənən buz soyuqluğunun o tərəfində xəyallarının, ümidlərinin tab gətirməyi nə qədər mümkün olar ki. Böyük şəhərlərin doğmalıq hissi olmur. Alır əlindən səmimiyyətini və sənə aşıladığı "böyük adam" iddiasının süzgəcindən keçirib səndən əslini unudan natamam şəhərli tipi yaradır. Bu da bənzəyir bülbülü təqlid etməyə çalışan qarğanın öz səsini unutmağına. Təbii, əgər sən özünün qarğa olduğunu qəbul eləyib qarşındakını bülbül hesab edirsənsə!
Mən bunu sənə hələ ilk gəlişimdə demişdim, Bakı. Demişdim sənə səni yenəcəyimi. Demişdim, bir gün səndən olmadan, sənə çevrilmədən bu ikili savaşda qələbə çalacağımı. Budur, qarşındayam. Həm də 13 il əvvəlkindən daha qatı ÖZüməm. Varmı deyəcəyin? Bağrıma basdığım Vətən sevdası sənin bəsit sevdalarına bənzəməz, Bakı! Küçələrindən axan riyanı damarlarımda qan yerinə dolaşan Ana laylam yuyar. Qarşımda hördüyün divarları Atamın əzəməti yıxar! Məni sənə yenilməyə qoymazlar, Bakı, qoymazlar... Sən bu qədər güclü deyilsən!
Bir gün ovuclarımda yığılan hikkəm tərс sillə kimi açılacaq sifətinə. Öpüb gözüm üstə qoyduğum üçrəngli bayrağımı kəfənimə döndərib, simana atacam ölüm imzamı. Yen yenə bilirsən! Sən bilirsən kimləri süzgəcindən keçirib yumşaltdığını. Sən bilirsən insanların azadlığını hansı küçəndən keçirdiyini. Sən səni hamıdan yaxşı bilirsən, Bakı!
Qorxmuram səndən! Düyümlədiyim yumruqlarımda qanrəngi bayrağım var! Ürəyimin başında şəhidimin sevdası, dərdimə dərman elədiyim dərdim var! Və mən səndən güclüyəm, Bakı! Çünki sən hikkəni, acığını qusa bilməyəcək qədər aciz, mən səni sevə-sevə səndən iyrənəcək qədər nifrət dolu!
P.S: böyük şəhərlərin buz kimi divarları olur. Böyük şəhərlərin doğmalıq hissi olmur. Və "böyük adamların" doğmalıq hissi, mərhəmət duyğusu elə o buz kimi divarlara gömülür. Böyük şəhərlərin buz kimi divarları bir gün bu hisslərdən çat verib dağılacaq.
Böyük şəhərlərin bundan xəbəri yox!!!

Nigar İsfəndiyarqızı
banner

Oxşar Xəbərlər