“Məni rəqabət maraqlandırmır“

“Məni rəqabət maraqlandırmır“

Mədəniyyət
15 Mart 2013, 09:15 1640
“Eurovision 2013” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adı məlum olub. May ayında İsveçin Malmö şəhərində keçiriləcək müsabiqədə ölkəmizi Fərid Məmmədov təmsil edəcək. Qalibin adı açıqlandıqdan sonra mətbuat konfransı keçirilib.

Mətbuat konfransında İctimai Televiziyanın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədov çıxış edərək, Milli Final haqqında geniş məlumat verib. Bildirib ki, ilk mərhələdə 130 iştirakçı seçilib. Onlar arasında 80 nəfər seçilərək yarımfinala vəsiqə qazanıb. Onlar arasında 10 iştirakçı finala keçib. Onun sözlərinə görə, “Eurovision” Mahnı Müsabiqəsi təmsilçisini seçməkdə Azərbaycan digər ölkələrə nümunədir.

Daha sonra qalib iştirakçı Fərid Məmmədov öz təəssüratını bölüşüb: “Çox həyəcanlıyam. Mənim üzərimdə əziyyəti olanlara təşəkkür edirəm. Şükür Allaha ki, qalib oldum. Ölkəmizi uğurla təmsil edəcəyimə söz verirəm”.

O, bildirib ki, müsabiqədə iştirak edəcək təmsilçilərin güclü və ya zəif olması ilə maraqlanmır. Yalnız fikrində Azərbaycanı uğurla təmsil etmək niyyətindədir: “Məni heç vaxt rəqabət maraqlandırmır. Mən yalnız Azərbaycanı müsabiqədə uğurlu təmsil edəcəyimi düşünürəm.Ümid edirəm ki, bu alınacaq”.

Münsiflər heyəti çıxış edərək, qalibi təbrik ediblər. Fərid Məmmədovun may ayında İsveçin Malmö şəhərində keçiriləcək müsabiqədə ölkəmizi uğurla təmsil edəcəklərinə ümid etdiklərini deyiblər.

Qeyd edək ki, Fərid Məmmədov uzun müddət Aybəniz Haşımovanın “Bülbüllər” ansamblında çıxış edib. Təmsilçimiz Malmö səhnəsinə mayın 16-da çıxacaq.