«Məni prinsiplərə bağlı bir modelyer kimi tanıyırlar» - Fotolar
"Mersedes-Benz
Fashion Week Baku” ötən həftə Passage 19/01-də publikanın diqqətini rəngarəng dəfilələrə
yönəltdi. Avstraliyada yaşayan məşhur modelyer, "MAISON DE CHALLIE” brendinin təsisçisi
Həcər Qalanın əl işləri izləyicilərin xüsusi marağına səbəb oldu. "Bakı Dəb həftəsi”nə
18 fərqli əl işi ilə qatlan məşhur kutürye "Kaspi”yə müsahibəsində Azərbaycanda
bundan sonra da modelyerliklə bağlı işlər həyata keçirmək arzusunda olduğunu
söylədi.
Ürəyim Azərbaycandadır
- Həcər xanım, necə oldu ki, Bakıda keçirilən dəb həftəsində
iştirak etmək qərarına gəldiniz?
-
Bir modelyer olaraq mənə müxtəlif ölkələrdən dəvətlər gəlir. Bakıda keçirilən
moda həftəsində iştirak etməyi isə özüm istədim. Əslində bu, çox tələsik - bir
həftənin içərisində baş verdi və mən qərarımı ani verdim. Çünki Azərbaycanda
keçirilən moda həftəsində iştirak etməyin mənim üçün fərqli anlamı var.
Buradakı ortama, səmimiyyətə görə özümü öz evimdəki kimi hiss edirəm. Mən daim
Azərbaycanda bu istiqamətdə hansı tədbirlərin keçirilməsi ilə maraqlanırdım.
«Merseders-Benz Fashion Week Baku» adlı dəb həftəsinin keçirildiyini öyrəndim və
təşkilatçılarla əlaqə saxladım. Onların təkliflərini dəyərləndirdim. Həm də
hiss etdim ki, mənim kolleksiyam bu təşkilatın işinin güclənməsinə təkan verə
bilər. Bu dəb həftəsində iştirak etməklə bir azərbaycanlı kimi öz borcumu ödədim.
Hesab edirəm ki, bu tip tədbirlər Azərbaycanı dəb sahəsində dünya platformasına
çıxarır. Fikrimcə, bu sahəyə də diqqət artırılmalıdır. Azərbaycan bölgədə ən
inkişaf etmiş ölkədir. Şərqin ilk operası məhz burada yazılıb. Əgər biz Bakıya
«Qafqazın Parisi» deyiriksə, dəb sahəsində də Azərbaycan öncül olmalıdır. Bir sənət
kimi bu sahəyə dəyər verilməlidir. Livanda Elie Saab adlı modelyer ölkəsini
dünyada tanıdıb. Mənim işlərimlə onun işləri demək olar ki, qan qrupu olaraq
çox yaxındır. Biz kültür olaraq da yaxınıq. Mən də öz keçmişimizə, insanımıza
xitab edərək işlərimi yaradıram, o da. Elie Saab bu ənənələrə söykənərək
dünyada özünə imic yaradıb. O, «mən işlərimi Livanda yaradıram. Dünyanın
harasına gedirəmsə, ürəyim Beyrutdadır» - deyir. Eyni sözləri mən də deyirəm:
«Dünyanın harasında oluramsa-olum, ürəyim Azərbaycandadır». İndi də Bakıda
özümü suda balıq kimi hiss edirəm. Çox istəyirəm ki, burada dəb həftələrinin
inkişafına, ümumiyyətlə, bu sahənin uğur qazanmasına mənim də töhfəm olsun. Azərbaycanda
bu sahənin adamları ilə müştərək iş də yaratmaq istəyərdim. Bununla 5-10 nəfərin
iş tapmasına kömək də etmiş olaram. 1996-cı ildə Florensiyadan Bakıya uçurdum.
Orada dəfiləm nümayiş olunmuşdu. Bakıda da belə bir tədbir keçirməyi düşündüm,
ancaq gördüm ki, Bakı hələ bu tədbirə hazır deyil. İndi isə qismən hazırdır.
- Düzdür, müəyyən cəhdlər olsa da,
bizdə hələ dəb həftələrinin keçirilməsi o qədər də ənənə halını almayıb. Siz iştirak etdiyiniz
moda həftələrindən hansı təcrübəni əldə edirsiniz?
-
İndiyə qədər Avropada, ABŞ- da, Yaxın Şərqdə, eləcə də Avstraliyanın Sidney,
Kanberra, Melburn şəhərlərində keçirilən nüfuzlu moda həftələrində iştirak
etmişəm. Şükürlər olsun ki, həmişə hörmətlə qarşılanmışam. Məni prinsiplərə
bağlı bir modelyer kimi tanıyırlar. Mənim işlərim həmişə orijinal və tək olub.
Heç kimə oxşamaq istəməmişəm. Sevinirəm ki, bunu bacarmışam və hazırda sayılan
dizaynerlərdən biriyəm. Düzdür, bəzən vaxt azlığından aldığım təklifləri dəyərləndirə
bilmirəm. Bununla belə, sənətini sevən və hörmət edən modelyer kimi dəb həftələrində
mümkün qədər iştirak etməyə çalışıram. Mənim
əsas sənətim kutüryedir. Bu, ən müasir dəbin yaradıcısı olmaqla geyinilə biləcək
bir sənət növüdür. Bu sənətə görə hər paltarın öz hekayəsi və fəlsəfəsi var. Mən
iştirak etdiyim digər moda həftələrində olduğu kimi, Bakıda da öz prinsipimi
ortaya qoydum. Təşkilatçılar da, podiuma çıxanlar da işlərini həmin prinsiplərə
uyğun qurdular. Belə deyim, onlar prinsipləri ayaqlamadılar. Manekenlərin
seçimini Fransada, İtaliyada necə keçirmişiksə, Bakıda da eynilə həyata
keçirdik. Onu da deyim ki, başqa ölkələrdə bu cür dəfilələrin böyük sponsorları
olur.
- Dəb sahəsində tanınmaq, bu sahədə
sözünü demək üçün hansı şərtlər lazımdır?
-
Məni tez-tez Küveyt Fashion Week-dən dəvət edirlər. Əgər Azərbaycanda "Yüksək dəb”
(Hot
Couture) və ya "Baku Couture” yaradılsa, çox gözəl olar və mən də məmnuniyyətlə
iştirak edərəm. Mənə elə gəlir ki, dünyanın tanınmış kutüryeləri də bu tədbirlərə
gələrlər. Xüsusən indi ərəb kutüryelər dünyada ön sırada gedirlər. Hazırda ərəb
kutüryelərdən ibarət market də formalaşıb.
Yaradıcılığımda mühafizəkaram
- Mən sizin dəfiləni izləyərkən
işlərinizdə bir qədər mühafizəkarlıq müşahidə etdim. Əsərlərinizin hansı
kodları var?
-
Bəzi modelyerlər işlərini yeni təqdim etməyə başlayanda fikirləşirlər ki, nə qədər
açıq-saçıqlıq olsa, o qədər də modern görünəcək. Ancaq mən elə düşünmürəm. Mənim
fikrimcə, bir qadına nə qədər gözəllik verə bilsəm, o qədər uğur qazana bilərəm.
Qadının gözəlliyi onun zərifliyi və nəcabətindədir. Qadının açıq-saçıqlığı ona
gözəllik vermir. Mən podiumda qadının özünü ifadə edirəm. Buna görə bəli, mən
yaradıcılığımda mühafizəkaram. Özümün geyinmədiyim bir paltarı yaratmıram. Mən
demirəm ki, qadını qapadaq, başını bağlayaq. Paltar qadının üzərində bir zinət
kimi durmalıdır.
- Sizin modelyerliklə məşğul
olmağınızın tarixi nə vaxtdan başlayır?
-
Uşaqlıqdan atam həkim olmağımı istəyirdi. Dərslərimi çox yaxşı oxuyurdum. Ancaq
içimdə sənət ruhu var idi. Anam bizi evimizdəki qonaq otağına o qədər
buraxmazdı. Həmin otağa daha çox qonaqlar gəlib-gedərdi. Mən bir gün həmin
otağın pərdəsini kəsib gəlin donu tikdim. Anam bayram təmizliyi vaxtı pərdələri
yumaq istəyərkən onların kəsildiyini gördü. Kiçik bacım mənim tikdiyim gəlinliyi
gətirib göstərdi. Bu, mənim modelyer kimi atdığım ilk addım idi. Sonra mən
Türkiyədə dizaynerlik sənəti üzrə təhsil aldım. Avstraliyada isə bu sahə üzrə təhsilimi
davam etdirdim. O zaman İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı Fərəh xanım
İrana fransız dəb məktəblərini gətirdi. Bacım da həmin sahədə təhsil aldı. Həmin
metod bu gün də İranda davam edir. O zaman İranda bu sahədə xüsusi məktəblər
yox idi. Artıq bu gün bu tip məktəblər fəaliyyət göstərir. Bu sənəti oxumaqla
deyil, əsas yaradıcılıqdır. Mən öz brendimi yaratmağa 1993-cü ildə başladım.
Hazırda bu sahədə rəqabət çoxdur. Əgər dəyişik bir şey ortaya qoymasan, geridə
qalacaq və sıradan çıxacaqsan. Ona görə daim axtarışlar aparmaq, trendlər
yaratmaq lazımdır. İşlərim hər bir qadının geyə biləcəyi paltarlar olduğu üçün
diqqət çəkir. Əsasən sənət adamlarının sifarişlərini qəbul edirəm. Öz işimə sənət
baxımından yanaşıram.
«Bizdə
bu da var» deməyə çalışıram
- Sənətlə biznesi birləşdirmək
haqqında düşünmürsünüzmü?
- Hələ
bu sənətin biznes hissəsinə keçməmişəm. Buna böyük sərmayə lazımdır. Mənim
yaratdıqlarım sənət əsərləridir. Kimsə bir tabloya 10 min dollar pul sayır, eləcə
bu paltarlara da həmin məbləği vermək istəyənlər var. Bu paltarları kolleksiya
kimi toplayanlar da az deyil. Bu paltarlara sənət əsəri kimi yanaşıb alırlar. Əl işlərimi Azərbaycanın zəngin çalarlarından, mədəni
irsindən ilhamlanaraq yaradıram.Bu əlbisələr tək olur, onlardan
bir daha yaranmır. Ancaq bu sənəti istehsal halına gətirməklə hələ məşğul
olmamışam. Əlbəttə, əgər sərmayə qoyan olarsa, biz də bu barədə düşünərik. Deməzdim
ki, bu sənətim mənə böyük pullar qazandırır. Əslində sənətkar o qədər də zəngin
olmur. Mən sənətimə bağlıyam. Bu sənətimlə ölkəmi tanıtmaq üçün çabalarım var.
Bacardığım qədər bir azərbaycanlı modelyer olaraq «bizdə bu da var» deməyə
çalışıram.
- Siz, həmçinin diaspor fəalısınız.
Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri kimi, bu sahədəki işiniz
haqqında nə deyərsiniz?
-
Avstraliyada xüsusən Cənubdan olan azərbaycanlılar çoxdur. Təşkilatlanma
baxımından vəziyyət o qədər də ürəkaçan deyil. Diaspor təşkilatında birləşmək
üçün maraq və həvəs çox idi. Biz bu istiqamətdə çox çalışdıq. Ancaq indiyə qədər
bu təşkilatın fəaliyyəti üçün dəstək olmayıb. Biz Azərbaycanın tarixi günləri
ilə bağlı mütəmadi tədbirlər keçirir, ölkəmizi təbliğ edir, mədəni tədbirlər təşkil
edirik. Tədbirlərimiz zamanı toplumun dəstəyini alırıq. Ancaq özünü gərək bu işə
sərf edəsən. Cəmiyyət olaraq çalışırıq. Təəssüf ki, bizim işimizlə maraqlanan və
dəstək göstərən olmayıb. Ümid edirəm ki, bundan sonra Diasporla İş üzrə Dövlət
Komitəsi ilə işbirliyimiz daha da güclənəcək.
Söhbətləşdi
Təranə Məhərrəmova