• çərşənbə, 24 Aprel, 09:13
  • Baku Bakı 13°C

“Məni görəndə, qulağını çəkən insanlar görmüşəm...” - Fotolar

22.11.18 12:37 1521
“Məni görəndə, qulağını çəkən insanlar görmüşəm...” - Fotolar
"Şəhərə çıxanda əsas çətinliyim yol problemidir. Yəni yolların standartlara uyğun olmamağı, hərəkət edərkən mənə əngəllər törədir. Bir də insanların baxışları. İnsanlar birtəhər baxırlar. Məni ən çox həmin baxışlar narahat edir. Bir dəfə şəhərə gəlirdim, taksiyə yaxınlaşıb neçəyə aparacağını soruşanda "hamını 5 manata, amma sən şikəstsən, səni 3 manata apararam” dedi. Bu söz həqiqətən mənə çox təsir etdi, amma heç nə deməyib oturdum. Ünvana çatdıqda sürücüyə 5 manat verib, pulun qalanını götürmədən düşdüm. Bu situasiyadan nəticə çıxarmaq, artıq onun vicdanına qalıb. Məni görəndə qulaqlarını çəkən insanlar görmüşəm və bu, mənə o qədər pis təsir edib ki, həmin an nə edəcəyimi bilməmişəm. Qulaq çəkməklə nə düzələcək, nə dəyişəcək, anlamıram. Çox istəyərdim ki, bizi narahat edən sözlər, ifadələr tamamilə aradan qalxsın. Normal qarşılasınlar, özləri necədirlərsə, bizi elə də görsünlər”.

Bu sözləri bizimlə söhbətində yerimə əngəlli Orxan Ağayev deyir. Orxan bildirir ki, insanların ona olan münasibəti birmənalı deyil. Kimisi onu görəndə qulaqların çəkir, kimisi də yazığı gələrək ona kömək etməyə cəhd göstərir. Əslində isə Orxan sadəcə, normal münasibət görmək istəyir. İnsanların bu cür münasibəti onu özünə qapanmağa, evdən çölə çıxmamağa məcbur edir və beləcə, fiziki məhdudiyyətlilər cəmiyyətdən uzaqlaşır. Amma əksinə, biz onları cəmiyyətə qazandırmağa, cəmiyyətin bir fərdi kimi davranmağa çalışmalıyıq. Bəs, bunun üçün nə etmək lazımdır, insanların əlilliyi olan şəxslərə birmənalı olmayan münasibətini necə dəyişmək olar? Bəlkə də, fiziki məhdudiyyətliləri cəmiyyətdən təcrid edən əsas səbəblərdən biri də onlara olan münasibətdir.
Dövlət hər cür şəraiti yaradır
Qarşıdan Beynəlxalq Əlilliyi olan Şəxslər günü gəlir. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər günü Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlayıb. Dövlətimiz bu qəbildən olan vətəndaşların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşdırılır. Azərbaycan BMT Baş Məclisinin 2006-cı ildə qəbul edilmiş "Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı geniş miqyaslı tədbirlər həyata keçirilib. Ölkə qanunvericiliyində əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi öz əksini tapıb. Bakıda və regionlarda əlillər üçün reabilitasiya mərkəzləri, protez-ortopedik müəssislər yaradılıb. Yəni dövlət fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası üçün hər cür şəraiti yaradır. Geriyə, insanların münasibətini dəyişmək qalır. Cəmiyyətin əlliliyi olan şəxslərə münasibətinin dəyişməsi, onların inteqrasiyası üçünhansı addımların atılmalı olduğunu mütəxəssislərlə müzakirə etdik.
İnklüziv cəmiyyət yaradılmalıdır
Sosioloq Cavid İmamoğlu deyir ki, münasibəti dəyişmək üçün ilk olaraq inklüziv cəmiyyət formalaşdırılmalıdır: "İnklüziv cəmiyyətdə sosial ədalət prinsipi qorunur və müxtəliflik gözlənilir. Bu o deməkdir ki, sağlamlıq imkanlarının məhdud olmağından asılı olmayaraq, hər kəsə cəmiyyətdə özünün potensialını reallaşdırmaq imkanı yaradılır. Bir şəxsin öz potensialını reallaşdırması deyərkən, ilk olaraq onun asudə vaxtının təşkilinin səmərəliliyinin təmini, təhsil və iş həyatında, həmçinin cəmiyyətin bütün sahələrində iştirakına şərait və zəmin yaradılması nəzərdə tutulur. Çox təəssüf ki, Azərbaycan cəmiyyəti inklüziv cəmiyyət deyil. Ona görə də, bizim cəmiyyətdə belə bir təəssürat var ki, əlilliyi olan şəxslər ictimaiyyət içərisində olmamalıdır. Bu düşüncə ondan irəli gəlir ki, ölkəmizdə uzun illər fiziki məhdudiyyətli şəxslər ictimai və siyasi həyatdan uzaq qalıblar. Belə olan halda, əlillik insanların düşüncəsində məhdudiyyətə, baryerə çevrilib. Onlar düşünürlər ki, əlilliyi olan şəxslər məktəbə gəlməməli, evdən çölə çıxmamalıdırlar və bunu bir qanun kimi də yeritməyə çalışırlar. Lakin bu, çox geridə qalmış düşüncədir. Əlilliyi olan insanların bərabər və ədalətli şəkildə iştirakı cəmiyyətin bütün sferalarında təmin olunmalıdır. Əgər biz fiziki məhdudiyyətli şəxsləri istər məktəbdə, universitetdə, istər iş həyatında digərləri ilə yanaşı görsək, cəmiyyətimizdə onlara qarşı olan stereotiplər aradan qalxar. Biz unutmamalıyıq ki, fiziki məhdudiyyətli şəxslər də Azərbaycan Respublikasının vətəndaşlarıdırlar və dövlət onlara bütün imkan və şəraiti yaratmalıdır”.
İnsanların münasibəti ilə mübarizə aparırlar
Psixoloq Könül Telmanqızıilk olaraq insanlara "qulaqçəkmə” kimi batil inanclardan uzaq olmağı tövsiyə edir: "Həmin şəxslər bu batil inanclara inanaraq, qulaqlarını çəkərək, bir növ sanki özlərini sakitləşdirirlər. Yəni düşünürlər ki, qulağı çəkdimsə, artıq həmin hadisə mənim başıma gəlməyəcək. Həmçinin "qulaqçəkmə” çox qeyri-etik davranışdır. Digər tərəfdən, bu, həm də insanlarda empatiya hissinin olmamağından xəbər verir. Əgər empatiya hissi formalaşsaydı, özlərini qarşıdakı insanın yerinə qoyub qulaqlarını çəkməzdilər. Sabah kimin başına nə gələcəyini heç kim bilmir”.
Psixoloq deyir ki, fiziki məhdudiyyətli insanları normal qəbul etmək lazımdır: "Belə insanlar onsuz da fiziki məhdudiyyətlərinə görə, psixoloji olaraq problemlər yaşayırlar və insanların da onlara olan qeyri etik davranışları vəziyyəti daha da pisləşdirir. Özlərinə qarşı bu münasibəti görən əlliliyi olan şəxslər, sosial mühitdən uzaqlaşır, çölə çıxmamağa, özünə qapanmağa başlayır. Bu da onlarda ünsiyyət probleminin yaranmağına səbəb olur. Beləcə, fiziki məhdudiyyətləri bəs deyilmiş kimi, bir də insanların onlara olan münasibəti ilə mübarizə aparırlar. Düşünürəm ki, bu tip halların qarşısını almaq üçün ikitərəfli maarifləndirmə işi aparılmalıdır”.
Onları çöldə o qədər stiqmalar gözləyir ki...
"Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri Lalə Mehralı məsələ ilə bağlı fikrini bildirməmişdən öncə, şahidi olduğu bir situasiyanı bizimlə bölüşür: "Bir dəfə uşaqları funikulyora aparmışdım. Orada anası ilə birlikdə gələn fiziki məhdudiyyətli bir gənc vardı. Elə də ciddi problemi yox idi, sadəcə, hiss olunurdu ki, ayaqlarında müəyyən problem olduğu üçün təkbaşına yeriyə bilmir. Anası ilə birlikdə hər kəs kimi o da növbəyə dayanmışdı. Həmin an yaşanan mənzərəni necə izah edim, bilmirəm. Orada olan insanların demək olar ki, əksəriyyəti qulaqlarını çəkdi, yerə tüpürdü, "Allah uzaq eləsin” kimi ifadələr işlətdilər. Bunların hamısını da həmin uşaqla anası gördü. İnanın, həmin an ananın üzünü çevirib necə gizlin ağladığını görəndə, yaşadığım hissləri ifadə edə bilmirəm. İndi sual olunur, sizcə, bu cür münasibət görən ana, uşağını bir də çölə çıxararmı və ya həmin uşaq cəmiyyət içərisinə çıxmaq istəyərmi? Bu cür davranışlar onları evdə oturmağa, həyatlarını ancaq qapalı şəraitdə yaşamağa sövq edir. Fiziki məhdudiyyətli insanları çöldə o qədər stiqmalar gözləyir ki, onlar məcbur olub həyatlarını evdə virtual olaraq yaşayırlar. Onlar virtual olaraq söhbətləşməyə daha çox üstünlük verirlər. Çünki virtualdakı şəxs onun fiziki məhdudiyyətini görmür və onunla münasibət qurmaq daha asan olur”.
Heç birimizin indiki halı sığortalanmayıb ki...
Həmsöhbətim deyir ki, bu cəmiyyət hamımıza məxsusdur və hər kəsin istədiyi kimi yaşamaq haqqı var: "Onların yerində hamımız ola bilərik. Bizim də sabah başımıza nə gələcəyi məlum deyil. Yolla keçəndə maşın vurar, metro xəttinə yıxılarıq, hətta, durduğumuz yerdə belə, hər şey baş verə bilər. Yəni heç birimizin indiki halı sığortalanmayıb ki, ömrümüzün axırına qədər bu fiziki görünüşlə yaşayacağıq. Düşünürəm ki, cəmiyyətin fiziki məhdudiyyətli insanlara münasibətini dəyişmək üçün kütləvi informasiya vasitələrindən istifadə etmək lazımdır. Mövzu ilə bağlı sosial çarxlar hazırlamaq, məncə, daha effektli olar”.
Məktəbdə müəllimlər də bunu şagirdlərə izah etməlidirlər
L. Mehralı maarifləndirmə mövzusuna da toxundu: "Hər şey lap kiçik yaşlarından başlamalıdır. İlk olaraq valideynlər övladının yanında "qulaqçəkmə” hərəkəti etməməlidirlər. Bütün valideynlər uşaqlarına, onları normal qəbul etməyi öyrətməlidir. Uşaqların fiziki məhdudiyyətli şəxslərlə daha çox vaxt keçirməyini təmin etmək lazımdır. Belə olan halda, uşaqlar özləri əlliliyi olan şəxslərlə aralarında heç bir fərqin olmadığını anlayıb, onları normal qarşılayacaqlar. Digər tərəfdən məktəbdə müəllimlər də bunu şagirdlərə izah etməlidirlər. Bu şəkildə cəmiyyətdə fiziki məhdudiyyətlilərə olan münasibəti dəyişmək olar”.
Media bu münasibətin dəyişməsində yaxından iştirak etməlidir

Maarifləndirmə işində kütləvi informasiya vasitələrinin də əhəmiyyətli rol oynadığı qeyd edildi. Ona görə də, məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurasının (MŞ) sədr müavini Müşfiq Ələsgərli ilə həmsöhbət olduq. O deyir ki, fiziki məhdudiyyətli şəxslərə ikili münasibət var: "Birincisi cəmiyyətin, ikincisi isə medianın onlara münasibətinin necə olmasıdır. Məsələnin birinci tərəfi belədir ki, bizim dinimiz, mentalitetimiz, mənəviyyatımız bu cür insanlara humanist yanaşma tələb edir. Amma onların fiziki məhdudiyyətlərinin olması fəaliyyətdən kənar qalmaları üçün əsas deyil. Onların da bacardığı nələrsə var, onlar da cəmiyyətə töhfə verə bilərlər. Fiziki məhdudiyyətli birini görəndə, kimlərsə qulağını çəkir, bu və ya digər qeyri-etik davranışlar sərgiləyirsə, bu, artıq onun fərdi yanaşmasıdır”.

Sədr müavini deyir ki, cəmiyyətin, əlilliyi olanlara münasibətinin dəyişməsində medianın da rolu böyükdür: "İnsanların bu cür münasibətinin dəyişməsində medianın da üzərinə böyük yük düşür. Belə ki, media əlilliyi olan şəxslərin bacarıqları, cəmiyyətə verə biləcəkləri faydalar haqqında materiallar hazırlayıb kütləvi informasiya vasitələrində yaya bilərlər. Həmin materiallar da bu insanlara olan yanaşmanı dəyişə, fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasına vasitə ola bilər. Media fiziki məhdudiyyətli şəxslərə neqativ, ikili yanaşmanın aradan qaldırılmasında yaxından iştirak etməlidir. Bildiyimiz kimi, dövlətimiz əlilliyi olan şəxslərlə bağlı böyük proqramlar həyata keçirir. Müəyyən əmək müəssisələri yaradılır ki, orada işləyə bilsinlər. Həm özlərini maddi cəhətdən təmin etsinlər, həm də cəmiyyətə fayda versinlər. Bu məsələ o qədər həssasdır ki, hətta, medianın, əlliliyi olan şəxslərdən informasiya hazırlamasına dair xüsusi təlimat var. O təlimatın da əsas tələbi budur ki, media onlara xüsusi qayğı göstərməli, onlarla bağlı informasiya hazırlayarkən ifadələrdən düzgün istifadə etməlidir”.

Son olaraq qeyd edək ki, Azərbaycanda əlilliyi olan 400 mindən çox insan var. Onların bəziləri cəmiyyətdə görünsələr də, bəziləri evdə qapalı şəraitdə yaşayırlar. Bunun da əsas səbəbi cəmiyyətdə onlara olan münasibətdir. Fiziki məhdudiyyətli olmaq onların seçimi deyil. Hər bir sağlam insan bir qəza vasitəsilə gözlərini itirərək dünya işığından, ayaqlarını itirərək yeriməkdən məhrum ola bilər. Biz gündəlik həyatımızda belə insanlarla rastlaşırıq. Onlara normal münasibət göstərməli, cəmiyyətin fərdi kimi qəbul etməliyik.
Günel Azadə
Yazı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

banner

Oxşar Xəbərlər