• çərşənbə, 24 Aprel, 04:12
  • Baku Bakı 14°C

“Məni bu gecənin əlindən alma”

02.06.14 13:53 2240
“Məni bu gecənin əlindən alma”
Ötən əsrin 90-cı illərində tənqidçi Aydın Məmmədov özünəməxsus keyfiyyət dəyişiklikləri olan müəyyən bir ədəbi dövrdən, konkret olaraq 60-cı illər ədəbiyyatından bəhs edərkən göstərirdi ki, bu dövrdə Azərbaycan ədəbiyyatında baş verən keyfiyyət dəyişiklikləri olduqca rəngarəngdir və bu rəngarəngliyi bir məqalə, bir tədqiqat çərçivəsində əhatə etmək mümkün deyil.
Doğrudan da belədi və olsa-olsa bu istiqamətdə bir məqalə çərçivəsində ayrı-ayrı detallar, gəlişmələr üzərində dayanmaq olar. Eləcə də bu münasibəti 60-cı illər ədəbiyyatının gerçəklikləri çevrələyən aurasının bu sahəyə gətirdiyi yeni ədəbi qüvvələrin yaradıcılıq müstəvisinə də şamil etmək olar. Həqiqətən də 60-cı illərin yenilikçilik, novatorçuluq duyğusuna hesablanan ab-havası 80-90-cı illərin yeni ədəbi nəslini əsl ədəbiyyat səhnəsinə səfərbər edə bildi.
Bu ədəbi dalğanın həyata vəsiqə verdiyi qələm adamlarından biri də şair Məmməd İlqar oldu. Elə ilk qələm təcrübəsindən ənənəvi Azərbaycan poeziyasının möhkəm təməli üzərində özünəməxsus yazı texnologiyasını çox zərif, lirik notlarla ehtiva etməyi bacaran Məmməd İlqar imzasını imzalar içində var edə bildi. O, öz poetik leksikonunu “qədim yazılı abidələrin və folklor nümunələrinin dil-üslub xüsusiyyətləri ilə uzlaşdırmaq, ya da şeirdə “kənd havası” yaradan sözlər hesabına deyil, daha çox məna əlaqələrinin genişləndirməsi və dərinləşdirməsi hesabına” dolğunlaşdıra bildi, daha səmimi, daha lirik və şəffaf bir ovqatla yazıb-yaratdı. Necə deyərlər, Füzuli kədərini, Xətai nisgilini, Vaqif duyğusunu ənənəvi poeziya məktəbimizin çağdaş can köynəyindən keçirə bildi:
Dərd oxundan nişangahdı sinəm də,
Dərd əlindən ha gizlənəm, sinəm də...
Nə dərd desən yuvalanıb sinəmdə -
Bir bala sərçənin dərdindən belə.
Tapşır gözlərinə, ilqara gəlsin,
Qıyma ki, ay qara, il qara gəlsin.
Gələn dərdin Məmməd İlqara gəlsin;
Neynər dərdi kəsə dərdindən belə!

İlqarın poetik yaddaşında dərd anlayışının özü belə bir obrazdı. Bu dərdin ucbatından qara tellərə ələnən ağ dənlərin haqq-hesaba vurulması, nədənliyinə varılması onun şeirlərinin başlıca axtarış mövzusudu. Onun dərdlə həsbi-halı hərdən dərin bir sadəlövhlüklə Ay işığı fonunda ulduzları sayıb-sayıb qurtara bilməyən saf bir cocuqun sadəlövhlüyünü xatırladır. Əsas olan odur ki, bu sadəlövhlük ironiya, gülüş doğurmur, daha çox səmimiyyətə, ilkinliyə, könül xoşluğuna, ən başlıcası qibtə olunası bir heyrətə hesablanıb. Məmməd İlqarın poeziya ruhunda Aşıq Ələsgər gəlişmələri dipdiridi. Aşıq Ələsgər fəhmi, ləngəri, görüb-götürmüşlüyü Məmməd İlqar düşüncəsində sanki öz cavanlığına, gəncliyinə qayıdır:
Əcəb gündü – günlərin ən gözəli,
Gördüm səni, əcəb düşdüm oda mən.
Camalın ki, şölə verib yandırdı,
Bax o gündən səcdəliyəm oda mən.
Kəsmə kərəmini, bir kərəm eylə,
Neylək, kərəmini bir kərəm eylə.
Gəl yandır məni də, bir Kərəm eylə,
Neynim, yanmalıdı yəqin od əmən.
Açmadınsa hər yetənə qəlbi düz!
Məcnundusa, fərqi nədi, qəlbi düz...
Səndən ötrü əhdi qayım, qəlbi düz
Məmməd adlı bir şair var, o da mən!

Təəssüflər olsun ki, Məmməd İlqar yaradıcılığı çox vaxt dar çərçivədə olan dost-tanış təbliği əhatəsindən ciddi elmi-ədəbi araşdırma müstəvisinə çıxa bilmədi, daha doğrusu, yaxın ətrafı buna imkan vermədi. Ciddi elmi-bədii müzakirələrin qaynar müstəvisinə çıxarılmaq əvəzinə onun şeirləri daha çox xudmani dost məclislərinin mövzu, söz konusuna çevrildi. Məmmədin həlim təbiəti, abır-həyalı yaşam tərzi bu amansız münasibətə yetərincə təpki göstərə bilmədi, bu zorən məhkumluğun xumar, məst hücrəsinə sığınıb qaldı. Ancaq onun poetik şahanəliyi daha yüksək ənginliklərə qanad açmağa hesablanırdı. Onu ciddi cəhdlə öz qapalı hücrəsinə çəkən xudmani məclislərin Məmmədin ədəbi ömründən, taleyindən kəsdiklərini hesaba varmağın özü də indi bir ağrı kimi yaşanır. Ancaq neyləyəsən ki, bəzən yaradıcı insanlar onların öz ürəklərincə olan yosma bir hücrədən qopub getməkdən də qəribə şəkildə imtina edir, rahatlıqlarını məhz həmin məkanda tapırlar. Bu məkanın poetik obrazı Məmmədin “Qıl körpü” adlı son dərəcə səmimi şeirdə bütün əhatəsi ilə əksini tapıb:
Məni bu gecənin əlindən alma,
Alma bu gecəni mənim əlimdən.
Bu gecə bir daha əlimə düşməz,
Görüş gecəmizdi lap əvvəlindən.
Ayrı gələnlərdi bu qonaqların,
Kefcil dostlarıma oxşamır, ana.
Bağlama bu gecə pəncərələri,
Bağlama qapını, yaxşımı, ana?
Bu gecə illərim ələnməlidi,
Ən gözəl ilim də, ən bekarı da!
Axır ki, bu gecə bilinməlidi,
Bir belə günahın günahkarı da...

Özlüyündə bu şeir Məmməd İlqarın bir insan, bir şair və vətəndaş kimi yaşanmış ömrünə özünün qurduğu divan kimidi. Günahsız vaxtların, duru vaxtların, əsl şeirin, sözün, ilhamın guru vaxtların xudmani dost məclislərinin havasında əriyib gedən ömrünə tutulan yasın ağrısı bu misralar boyunca dipdiridi. Bu yaşam zorla cəlb edildiyimiz müharibə, döyüş taleyinə daha çox bənzəyir. Əslində bu tale tez-tez “yaşlı nəsil, cavan nəsil” deyə ədəbi leksikonda yer alan iki yaş dövrü arasında əriyib gedən bütün 70-90-cı illər ədəbi nəslinin nəsibi olan bir ağrıdı. Bu ağrı bütöv bir dövr istedadlı ədəbi nəslin tale yolunu əsas məqsəddən, yaradıcılıq istiqamətindən yayındıran, onu dar hücrələrin məst, xumar dumanı altına sürükləyən həqiqətin öz adıdı. Məmməd İlqar bu ağrını öz adıyla qələmə gətirə bilməyiylə yenə də orijinal və yenilikçi olaraq qalır:
Bəlkə də, bəlkə də, nə bilim, ana,
Baxıb görürlər ki, ölmüşəm artıq.
Dəfnimə yığışır diri vaxtlarım?
Alma bu gecəni mənim əlimdən,
Məni bu gecənin əlindən alma.

Bu, bir ərəfədi; yenidən doğulmağa, yenidən yaşamağa, arzuların, istedadın uğrunda yeni mübarizələrə doğru qalxmaq, dartınmaq, cəhd etmək ərəfəsi. Bu ərəfə bir şair kimi Məmməd İlqarın özünü də yenidən dünyaya gətirir, onu özünə qaytarır, duruldur və yeni həyat yolunu bütün aydınlığı ilə nişan verir. Qarşıda sonsuz möhnətlərin olması həqiqətinə sığınmağın özü bütün anlamıyla ifadə edir ki, insanı əymək, ömür yolunun məcrasını başqa səmtə yönəltmək olar, ancaq onu sındırmaq, yox etmək, öz daxili mənindən qopartmaq olmaz...
Məmməd “Kimsən, a gözəgörünməz?” axtarışında səmimi və duyğuludu. Məmməd:
Ölən vaxtına tapşırma,
Ən zülümlü dərdə tapşır.
Bu yiyəsiz yurda tapşır,
İtə tapşır, qurda tapşır;
Məni baxtıma tapşırma –

çabasıyla, səksəkəsi, titrəyişi ilə yaddaqalan, oxunaqlı və yenidi. “Gözəl, dərd diləsən – dərdin özüyəm” misrasıyla özüdü, təkrarolunmazdı. Məmməd İlqar kağız qaralamır, dəftər korlamır – sözün həqiqi mənasında şeir yazır. Süzülüb ağ kağızlara tökülməyin dilini bilir. Özü də aydınlaşdıra bilmir ki, “Yağarkən bu qədər ağ kağızlara” necə olub ki, özü də od tutub yana bilməyib.
Sözlərə çökmüşəm, o illərə yox,
Qəbrimə səpdiyin o güllərə yox,
Yadına düşdümsə şəkillərə yox –
Aç da bu dəftəri, bax kağızlara...

Məmməd “Qaratel” poemasında çağdaşlığımızın üz qaralıqlarına, mənəvi aşınmalarına əsl şair-vətəndaş mövqeyindən münasibət bildirməsində son dərəcə orijinal və yenidi. Bu orijinallığı hər şeydən əvvəl onun müşahidə, mühakimə qabiliyyətinin iti olması təmin edir. Şəhidlər xiyabanını paytaxtımızın üzündə şillə yeri kimi mənalandıran şair təəssüf hissi ilə yazır ki:
Vaxtında kəlləni kölgəyə verdik,
Vurmadıq həyəcan təbillərini.
Gültək körpələri gülləyə verdik,
Güllərə tuturuq qəbirlərini.

Bütün hallarda Məmməd İlqar öz şair ömrünü sənətin əbədiyaşar mövqeyinə çıxara bilməyə həmişə özündə güc tapa bilib. Bütün hallarda o, klassik, ənənəvi poeziyamıza yeni çalar, ifadə tərzi gətirməyi bacaran azsaylı çağdaş şairlərimizdən biri olaraq qalır.
Məmməd İlqar poeziyasının incəliklərinə varanlar, varmaq istəyənlər isə daha çox həm də öz ədəbi zövqlərinin üfüqlərini ifadə etmiş olurlar.
banner

Oxşar Xəbərlər