• cümə axşamı, 28 mart, 23:41
  • Baku Bakı 13°C

Məni bağışlamayan Adil

25.10.17 09:45 2726
Məni bağışlamayan Adil
Yaxın vaxtlarda AMEA Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu onomalogiya şöbəsinin müdiri, filologiya elmləri doktoru Adil Bağırovun xatirəsinə həsr olunmuş "Adil Bağırov – 70” kitabı işıq üzü görəcək. Həmin kitabdan bir xatirəni oxucuların diqqətinə çatdırırıq.
Desəm adamı ata-anası tərbiyə edər, yəqin ki, təzə bir şey demiş olmaram. Amma desəm ki, içi mən qarışıq yaşı bu gün altmışa çatan hər hansı nursulunun – söhbət Şahbuz rayonunun Nursu kəndindən gedir – bir insan kimi formalaşmasında "adı dünyanın xəritəsində olmayan” (M.Araz) o balaca kəndin gəlib-getmiş kişilərinin quruca adı bir tədris proqramını, daha geniş anlamda isə böyük bir məktəbi əvəz eləyib, bunun bir gerçək olduğuna şübhə yeri qalmasın gərək. Çünki bu ucqar dağ kəndi ötən əsrin 60-cı illərindən sonra öz say-seçmə və zəki insanlarının sayəsində kimsəyə hiss etdirmədən daim mifik aləmlə real dünyanın sınırlarının bir-birinə qovuşduğu yer, məkan və həm də yaşayış məskəni olub. Gözünü açıb Məmməd İbrahimin özünü gündüz kənddə, axşam mavi ekranda, ad və şəklini isə bir-birindən maraqlı şeir kitablarının cild və səhifələrində görən kəndli babanın düşüncəsinə başqa nə hakim ola bilərdi? Tanınmış ictimai xadim İbrahim Bağırov, professorlar Firidun Hüseynov, Vəliyəddin Əliyev də eləcə... O illər onlar Nursunun təfəkkür tərzi, zehniyyət və qismətinə düşən təkcə gur işıq yox, həm də sakral düşüncəsində özünə möhkəm yer eləyən az qala dastan-nağıl qəhrəmanı idilər.
Bir az sonrakı nəslə mənsub Adil Bağırovun, biri filoloq, o biri isə uroloq olan iki Akif Bağırovun və onlarla digər məşhur ismin bu kənddə doğulub böyüməsi mövcud ənənənin davamından da çox, sanki o mifik dumanın bir az da qatılaşmasına gətirib çıxardı. Gözünü dünyaya burda açanın evdə evdəkilərdən, məktəbdə müəllimlərdən ilk eşitdiyi o adlar olub, elm və sənətin sehri onları körpəlikdən öz tilsiminə salıb və dünyanı ilahi dərkə aparan böyük bir məktəb və ürfan yolunun təməli beləcə qoyulub.
Əgər Adil bu gün sağ olsaydı və barəsində deyilənlərin də bir xatirə yazısından yox, tutalım, hansısa portret-oçerkdən götürülmüş parça olduğunu bilsəydi, birinci tələbi, dəqiq bilirəm ki, haqqında gedən beş-üç xoş kəlməni mütləq ixtisar etmək barədə olacaqdı. Başdan-binadan tərif sevən olmadı o, diqqətdən kənarda qalmağı xoşladı, üstəlik də elədiklərini bir haqq bildi. Hərçənd iş gerçəyə qalsa, Adil ağır zəhmətə qatlaşa-qatlaşa pedaqoji və elmi fəaliyyəti ilə böyük işlər görməyi bacardı, saysız-hesabsız məqalənin, bir-birindən sanballı dərslik və dərs vəsaitlərinin müəllifi oldu, sıravi müəllimlikdən AMEA-nın müxbir üzvü səviyyəsinə qədər yüksələ bildi. Amma elm xadimi olmaqdan ziyadə, Adil mənimçün bir insan kimi daha böyük fəzilət yiyəsi idi. Söhbət konkret nədən gedir? Adil tələbə olanda mən məktəbli, o, dissertant olanda mən tələbə, o, elmlər namizədi adı alanda isə mən orta məktəb müəllimi idim və hesab-kitab məqamı yetişəndə məlum oldu ki, nə dəyişsə də, ikicə şey öz əbədi və əzəli yerindədir və heç vaxt da dəyişən deyil: birinci, o, əmim və deməli, həm böyüyüm, həm də Bağırovlar nəslinin ağsaqqalı olaraq qaldı. İkinci: hərçənd Adil məndən on yaş böyük idi və biz eyni ayda (may) dünyaya gəlmiş, eyni ixtisasa yiyələnmiş, eyni kənddə də əmək fəaliyyətinə başlamışdıq, amma onun tələbə, mənimsə şagird olduğum illərdən aramızda öz-özünə yaranan mehri-ülfətə o fərq əsla kölgə sala bilmədi və bizi əmi-qardaşoğlu olmaqdan da çox, bir-birimizə bağlayan dostluq telləri və birləşdirən ortaq dəyərlər də sonacan necə var, eləcə qaldı. Mən bir kiçik kimi borcum olan nə idi, elədim, Adilin hörmətini gözlədim, xətrini uca tutdum, əvəzində o da mənə yaşıdı kimi yanaşdı, heç vaxt aşağı nəzərlərlə baxmadı. Əksinə, zəng vurub bəzi məsələlərdə fikrimi öyrənməyi, məsləhətimi almağı belə özünə xəcalət bilmədi. Nə vaxt ki, ayağım rayona düşərdi, mütləq aeroporta, məni qarşılamağa gələr, qonaq saxlayıb ağır-əziz edər, geri qayıdanda isə xüsusi diqqət göstərib, yarıgerçək-yarızarafat "xalqın şair oğlunu yola salmaq borcumuzdur” deyib nəslin gənc davamçılarını başına yığmaqla – bu, onun həm də bir tərbiyə üsulu idi – yolasalma anlarını təmtəraqlı bir mərasimə döndərərdi.
Adillə bağlı aramızdakı çoxsaylı hadisədən bir neçəsi məndən ötrü xüsusilə həyati əhəmiyyətli olub. Bu hadisələrin birincisi o, diplom işi yazanda, tam dəqiqi, 1972-ci ildə, mən məktəbli ikən baş verib. Adilin üstü daim basırıq, amma səliqə-sahmanlı olan iş stolunda o ərəfədə türk dillərinə aid nə cür ədəbiyyat desən tapmaq olardı: dərslik, dərs vəsaiti, roman, povest, hekayə, pyes və s... Onların mənim aləmimdə bircə adı vardı: kitab. Ali məktəbə hazırlaşdığıma görə o stola yaxınlaşmağa yalnız mən ixtiyarlı idim, o da hərdən, bilmədiyim suallara cavab almaq üçün. Adı dilə yatmayan "Ikbal” əsərini də ilk dəfə onda, o kitabların arasında gördüm. Tək türkologiya adlı elm yox, həm də oğuz-səlcuq dil qrupuna Azərbaycan və türk dilindən başqa, daha iki: qaqauz və türkmən dillərinin daxil olduğunu da ilk dəfə onda Adildən eşitdim, amma təəccüb və heyrətim ən çox da Azərbaycan dilindən fərqli olaraq, "ı” hərfi və səsi ilə başlayan o qəribə sözə görə oldu. Müəllifini unutduğum "Ikbal” (yəni iqbal, tale) adlı o bozcildli qalın romanı o üz-bu üzə çevirib, yerinə qoyanda diplomant:
- Görürsən də, - dedi gülə-gülə, - nələr olur bu dünyada? Elə bilirdin iki bayatı əzbərləməklə iş bitir?
Bir dəfə Adilin – onun olduqca səliqəli xətti vardı – əlilə ağ kağıza yazdığı: "dil özünün ordusu və donanması olan dialektdir” qeydini görməyim isə onun zəhmini gözümdə bir az da artırmaqla bahəm, ürəyimdəki bütün tərəddüdlərə də bir aydınlıq gətirdi. Əvvəl elə bildim o həm də hərb sənəti ilə məşğuldur: ordu, donanma... Dialektin də nəmənə olduğunu o deyəndən sonra başa düşdüm və onu heyran-heyran süzə-süzə o gün ürəyimdə qət elədim ki, mütləq Adilin yolu ilə gedəcəm. Ənənə ilə bərabər, adları yuxarıda çəkilən kişilərin simasında möhtəşəm məktəb də varkən niyə də yox? Fikrimdən keçənləri atama deyəndə bundan sevinib mənə qol-qanad verəcəyini gözlədiyim halda, o, oğlunun yox, altı qardaş, iki bacının sonbeşiyi olan Adilin tərifini göylərə qaldırmaqla aramızdakı məsafəni bir az da uzatdı: "Nə var ki, onun ayaqqabısını geyməyə, nənəm də geyər, əsas odu, yerişini yeriyəsən”.
Atamın o cür nagüman danışığı məni lap dərdə saldı. O vaxt ağlıma da gətirməzdim ki, o, bunu bilərəkdən də eləyə bilər. Elə, ya belə, hər halda, söz öz işini görmüşdü, mübarizə əzmi bir an da olsun qəlbimi tərk etmirdi. Nə biləydim ki, onun da istədiyi elə budu. O vaxtdan Adil evdə olmayanda kitablarını ələk-vələk eləmək az qala gündəlik vərdişə çevrildi və belə-belə, hiss etmədən özümə yaxşı bir tərbiyəçi tapdım. Bu, Adilin kitabxanası idi. Hazırda dünya ədəbiyyatının və dilçilik elminin ən nadir inciləri toplanan bu kitabxana tək Naxçıvanda deyil, bütün respublikada adla deyilir. Adilin hazırda sayı iyirmi minə çatan şəxsi kitablarından ibarət o nəhəng xəzinədən sonralar o qədər heyrətə gəlmədim ki, nəinki gözümü açıb, bəlkə də, yüzdən çox olmayan və bir sandığa rahatca sığışa bilən o balaca məxəzdən o vaxtlar elə təlatümə gəlmişdim. Nələr yox idi o kitablarda? Sanki bütün dünya balaca bir masanın üstə sığışmışdı. Doğrudan da ki, dünya! Mən o kitablara o vaxt olmasa da, sonralar Adilin həm də tale kitabları kimi baxdım. Bu hadisə xüsusən, bir də ona görə qəribəmə gəlir ki, Adil bir çətən külfət yiyəsi olanda belə, birotaqlı, darısqal mənzilində üç qızıyla bərabər, o kitablara da yer, hətta az qalıram deyəm ki, gen-bol yer tapıldı, Adil sonacan onlardan bezmədi, cana doymadı, hətta əlifba dəyişiləndə belə, kirillə olanları qıyıb kimsəyə bağışlamaq adıyla başından eləmədi. O da var ki, Adili Adil eləyən də elə o kitablar oldu. Adil onların sayəsində ad-san qazandı, mifik dünyanın sınırları dediyim Nursunun tarixinə AMEA-nın ilk müxbir üzvü, respublikaca məşhur dilçi-onomast kimi düşdü. İstisnasız deyə bilərəm ki, Naxçıvanın pedaqoji və elmi mühitinin təxminən qırx illik bir dövrünü Adil Bağırovun adı olmadan təsəvvürə gətirmək çox çətindir. Maarif və mədəniyyət yolunda gördüyü çoxsaylı işləri ilə bərabər, xırdadan-böyüyə bütün uğurlarını bir yana qoysam belə, tək onun yetirmələrinin və əsərlərinin sayı bu cəfakeş və fədakar elm adamının kimliyinə qədərincə şahadət vermək gücündədir.
Məni 1973-cü ildə qəbul imtahanına Noraşen – Bakı qatarı ilə Adil gətirib və bu günün özündə hələ də bulanıq sulu Arazın və tikanlı sərhəd məftillərinin kənarı ilə şütüyüb gedən qatar səsi ilə müşayiət olunan bir unudulmaz, isti iyul günündə sənədlərimi həvəsində olduğum dil-ədəbiyyat yox, filologiya fakültəsinə verməklə aramızda ilk "incikliyin” təməlini də əli ilə o özü qoyub. Xatirimdədir ki, o illər bir sıra fakültələrə qəbul üçün sənəd vermək iş stajı olmadığına görə orta məktəbdən birbaşa gələn abituriyentlər üçün bağlı qapı demək idi. Bəzi fakültələrdə isə orta məktəbdə keçib-keçmədən asılı olmayaraq xarici dildən mütləq imtahan verməli idin. Əlimi də işdən elə bu soyutdu. Belə olanda Adil naəlac qalıb sənədlərimi kitabxanaçılıq fakültəsinə verməyi məsləhət bildi, ona da mən razı olmadım. İki günlük məşvərətdən və atamla telefon məsləhətləşməsindən sonra axır ki, ərizə yazıb xarici dildən imtahan vermək şərtilə ürəyimdə bir niskil qalsa da, filologiyanı seçəsi olduq. Hələ şum-pərşum başlamazdan xışın bu cür daşa dirənməyindən elə çaşmışdım ki, dil-ədəbiyyat fakültəsinin hara qeyb olmağını soruşmaq bir yana qalsın, o barədə söz salmağa belə ar eləyirdim. Bilirdim, Adil o saat başlayacaq ki, mən nə hayda, sən nə hayda? O günlər onsuz da əsəbi bir vəziyyət yaranmışdı: bir yandan nəfəskəsən isti, bir yandan amanat uşağı şəhərdə sahibsiz-yiyəsiz qoyub atamın yanına diligödək qayıtmağın xəcaləti, o biri yandan da iddiaları yerə-göyə sığmayan dəlisov abituriyentin nazıyla oynamaq! Qorxurdum bircə yersiz hərəkətimlə Adil məni qara qul kimi qabağına qatıb, təzədən birbaşa Naxçıvana qaytara və atama da deyə: "Demişdim axı bu uşağın axırı yoxdur”
...Tələbə biletini alıb kəndə qayıdanda yolumu həsrətlə gözləyən sinif yoldaşlarıma və tay-tuşa da başa sala bilmədim ki, mən niyə dil-ədəbiyyat fakültəsinə yox, filologiya fakültəsinə qəbul olmuşam. Bir çoxuna da:
- O fakültə orda bağlanıb, - dedim, - indi bircə APİ Lenində qalır.
Necə inanmaya bilərdilər buna, Həccdən gələn mən, xəbər verən onlar? Yalnız sentyabrın ikinci həftəsinin sonunda, neçə gün dərslərə ayaq döyəndən sonra başa düşdüm ki, deməyəsən, mənzilim elə niyyətim olan yer imiş, özü də daha sanballı adla: filologiya! Kimsəyə deyə bilmədiyim dərdimin və bütün nigaranlıqların yerini doyulmaz bir sevinc hissi əvəz eləmişdi. Fərəhimdən bilmirdim nə edim. Zəng vurub "o ağır dərdi”, axır ki, Adilə açmağımın sonu onun gülə-gülə dediyi:
- Bu da mənim filoloqum, - cavabıyla bitdi, - barı orda-burda danışıb, eli özünə güldürmə.
Mən də danışmadım, düz qırx dörd il... Birinci adamsınız ki, Sizə danışıram.
Daha bir hadisə ki, o barədə də otuz ilə yaxın susmuşam: o vaxt "Köhnə kişi” ilə bağlı Mövlud Süleymanlıya açıq məktub yazacağımı deyəndə Adilin necə cin atına mindiyi anları xatırlayıram.
Məktub barədə fikrimi biləndə ilk sözü o oldu ki, bizi el içində biabır eləmə, yığışdır bu hoqqalarını!
Necə deyərlər, tipik ağsaqqal yanaşması! Yüz faiz əmin idim ki, bu sözü deyəndə özümdən də çox, Bağırovlar nəslinin adına xələl gətirə biləcəyimdən ehtiyat eləyir o.
Adil hiss eləmişdi ki, fikrimdən dönən deyiləm. Məktubu çap elətdirsən, gözümə görükmə, dedi. Onda peyğəmbərdən misal gətirdim:
–Bilirsən də onu, haqsızlığa qarşı susana dilsiz şeytan deyiblər. Bəs deyil iyirmi yeddi il susduğum?
- Mənə qəzəl oxuma, nə deyirəm, onu da elə, vəssalam. O müddəti susa bilən yenə susar.
- Hər şeyin hesabını Allaha verməyə hazıram, - deyib bu dəfə peyğəmbər məqamından da irəli getdim, - günahım varsa, qoy məni zəlil eləsin. Bu işi mən görmədim, Allah rəva gördü. Bilsən ki, Mövlud mənim taleyimi necə alt-üst eləyib, bir xeyir-dua da özün verərsən bu işə.
Məktub dərc olunandan sonra Adil, böyük Mirzənin sözü olmasın, çox "bidamaq” oldu, məni uzun müddət danışdırmadı, telefon zənglərimə cavab vermədi, sifarişlərimi qulaqardına vurdu, amma görəndə ki, daha Mövluddan da səs çıxmır, az-maz əvvəlki halına qayıtdı, amma hiss etdiyim qədər, Adil məni bağışlamadı. Özü də yalnız bircə şeyə - böyük-kiçik yeri bilən olmadığıma görə.
...Biri üçün savadlı müəllim, bir başqası üçün xeyirxah dost, digəri üçün dəyərli ziyalı, ümumənsə, hamı üçün müdrik insan olan Adil, məndən ötrü də bunların hamısı ilə bərabər, bütün varlığımı, içimi, ruhumu Naxçıvana, dədə-baba yurduna bağlayan həm də çox incə tellərdən biri idi. Adilsiz o tellərdən daha biri yoxdur bu gün, əvəzində təsəllim nədir? Bu qeydləri sonacan minor notlardan qoruyacağımı əvvəldən qət etdiyimçün, deyim ki, qapanan, sadəcə, yetmiş illik bir dönəmin qapılarıdır, ömrü-günü kitaba dönmək, onlarla və onlarda yaşamaq məgər hər qələm sahibinə nəsib olan xoşbəxtlikdi ki, o gəlib Adilin də qismətinə çıxdı?... Bu, artıq əbədiyyətə açılan qapı deməkdi.
Əlabbas
banner

Oxşar Xəbərlər