• cümə axşamı, 25 aprel, 11:46
  • Baku Bakı 14°C

“Məni Azərbaycana təhvil verin”

27.07.18 18:54 577
“Məni Azərbaycana təhvil verin”
Nikol Paşinyan hakimiyyəti Ermənistanın ikinci prezidenti Robert Köçəryanı həbs etməkdə israrlı görünür. Dünən eks-prezident üç saatdan artıq müddətdə dindirilib. "Konstitusion quruluşu devirməyə cəhd” maddəsi ilə barəsində ittiham irəli sürülən Köçəryan baş verənləri "qisas” adlandırıb və ona qarşı məqsədli şəkildə kampaniya aparıldığını bəyan edib. 2008-ci il 1 mart hadisələrinin istintaqı çərçivəsində iyulun 26-da dindirilən Robert Köçəryan daha istintaqa ifadə verməyəcəyini bildirib. Köçəryan əlavə edib ki, o ifadə verməyə gələrkən şahid kimi dindiriləcəyini düşünüb, lakin ona şübhəli qismində dindirildiyi barədə məlumat veriləndən sonra suallara cavab verməkdən imtina edib. Xüsusi İstintaq Xidmətinin binasının qarşısında gözləyən jurnalistlər 63 yaşlı keçmiş prezidenti görə bilməyiblər, çünki o, binaya başqa qapıdan daxil olub.
Qeyd edək ki, Köçəryan Xüsusi İstintaq Xidmətindən çıxandan sonra "Yerkir media” telekanalına müsahibə verib və barəsində irəli sürülən ittihamları "saxta, qurama” adlandırıb, istintaqa cəlb edilməsini "siyasi təqib” kimi qiymətləndirib. "Mən inana bilmirəm ki, müasir zəmanəmizdə belə ittihamlar qondarıla bilər. Bu, ifşa etmək deyil. Onlar artıq müqəssirlər təyin edib və ittihamı təmin etmək üçün izahat formalaşdırmaq istəyirlər. Mən bunun mümkün olmasını belə təsəvvür etməzdim, ölkə üçün təhlükəsi çox böyükdür. Nəzərə alın ki, ordunun bütün yuxarı təbəqələri ittiham olunur, ordu ittiham olunur. İndi onlar mənim həbsimə nail olmaq istəyirlər. Yəni Dağlıq Qarabağın birinci prezidentinin, həmin prezidentinin ki, Qarabağ şanlı qələbə qazanıb və onun vaxtında təhlükəsizlik zolağı formalaşdırılıb. Ermənistanın ikinci prezidentini, hansı ki, onun vaxtında iqtisadiyyat 5 faiz artıb. İttihamlar quramadır. Azərbaycanda hansı təntənə, sevinc hiss etdiklərini təsəvvür edə bilərəm. Onlara belə hədiyyə edin” – deyə R.Köçəryan Azərbaycan ərazilərinin işğalındakı xidmətlərinə eyham vurub. O, özünə qarşı irəli sürülən ittihamları vendetta adlandırıb: "Yeni hökumət 2008-ci il prezident seçkisinin nəticələrini tanımır. Bütün bunlar həqiqətdən uzaqdır və siyasi təqib, vendettanın bir parçasıdır. Konstitusiya nizamına qarşı çevriliş cəhdini biz yox, müxalifət təşkil edib. Bizim bütün hüquq sistemimiz böyük təhlükə altındadır. Bu, bombadır və əvvəl-axır partlayacaq. Bu hüquqi nihilizm gələcəkdə də təkrarlanacaq”. Köçəryan deyib ki, təslim olmaq fikrində deyil və axıra qədər mübarizə aparacaq: "Kütlələrin əhval-ruhiyyəsini hüquqi məkana daşımaq istəyirlər. Belə çıxır ki, 2008-ci ildə cəmi 21.5 faiz səs yığan Levon Ter-Petrosyan əslində həmin seçkiləri udubmuş. Bu, reallıqdan tamamilə uzaqdır və sevgi, həmrəylik şüarları altında baş tutmuş məxməri inqilab tərəfindən siyasi təqiblərdir”. Köçəryan iddia edir ki, mart hadisələri zamanı etirazçıların qanunsuz hərəkətlərinin qarşısı alınmasa idi, keçmiş prezident Levon Ter-Petrosyanın başçılığı altında müxalifət hakimiyyəti zorakılıqla ələ ala bilərdi. Köçəryan 2008-ci il 1 və 2 mart günlərində "tam qanun çərçivəsində və Konstitusiyaya uyğun” tədbirlər gördüyünü bildirir. O, ölkəni tərk etmək fikrində olmadığını da deyib: "Mən həbsxanaya düşə bilərəm. Gedib oturaram. Lakin sonadək mübarizə apararam. Hara qaçasıyam ki?”. Özünün Sarkisyan hökumətinə münasibəti barədə danışan Köçəryan deyib ki, o, son illərdə hökumətin siyasətini, xüsusən də onun təqaüd və Türkiyə-Ermənistan münasibətlərinə dair siyasətlərini tənqid edib: "Bəzilər məni Serj Sarkisyanla bağlayıblar və belə düşünməkdə davam edirlər. Biz birlikdə çox uzun bir yol keçmişik. Lakin bu bağlar son illərdə demək olar, tamamilə qırılıb. Son 5 ildə mən Serj Sarkisyanla cəmi iki dəfə görüşmüşəm. Buna təəssüf etsəm də, bu, bir həqiqətdir. Biz ildə uzaqbaşı iki-üç dəfə bir-birimizi ad günlərimizi təbrik etmək üçün telefonla danışmışıq”.
Onu da qeyd edək ki, Ermənistan paytaxtının Şenqavit rayon Məhkəməsi keçmiş prezidenthaqqında həbs qətimkan tədbiri seçilməsi barədə Xüsusi İstintaq Komitəsinin təqdimatını nəzərdən keçirir. O özü məhkəmə iclasına gəlməyib. Vəkillər prosesin təxirə salınması barədə vəsatət qaldırıblar.
Xatırladaq ki, Robert Köçəryan 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işi üzrə Ermənistan Respublikası Cinayət Məcəlləsinin 300.1 maddəsinin 1-ci hissəsi üzrə, başqa şəxslərlə ilkin sövdələşməyə gələrək, Ermənistanda Konstitusiya quruluşunu devirməkdə ittiham olunur. Bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin iyulun 26-da yaydığı məlumatda deyilir. 2008-ci il martın 1-i və 2-də polis qüvvələrinin 19 fevral prezident seçkilərinin "nəticələrinin saxtalaşdırılması sayəsində” Serj Sarkisyanın qələbəsini tanımayan minlərlə insanın iştirak etdiyi fasiləsiz etiraz aksiyalarının hakimiyyət qüvvələri tərəfindən dağıdılması nəticəsində 10 nəfər, o cümlədən, 2 polis əməkdaşı həlak olub, 200-dən çox insan xəsarət almışdı. Hadisə ilə bağlı qaldırılan cinayət işi üzrə bu günədək heç kəs məsuliyyətə cəlb olunmayıb. Müxalifət və hüquq-müdafiə təşkilatları "dinc nümayiş iştirakçılarına qarşı” ordu qüvvələrinin çıxarıldığını iddia edir. Bu ilin aprel ayında "məxməri inqilab” adını almış hadisələr nəticəsində Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra 1 mart cinayət işi üzrə fəal istintaq aparılmağa başladı. Cinayət işi çərçivəsində o vaxtkı müdafiə naziri Mikael Arutyunyana qarşı ittiham irəli sürülüb və axtarış elan edilib. Cinayət işi üzrə həmin dövrdə Yerevan hərbi qarnizonuna rəhbərlik edən Yuri Xaçaturov da dünən şahid qismində ifadə verməyə çağırılıb. O, hazırda Moskvada yüksək vəzifə tutur - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibidir. Artıq dünən ona qarşı 1 mart qırğınları ilə əlaqədar ittiham irəli sürülüb. İttiham 1-2 mart 2008-ci il hadisələri ilə bağlı cinayət işinin ilkin istintaqı zamanı əldə olunmuş yetərli sübutlar əsasında irəli sürülüb. Müstəntiq İrəvan məhkəməsində Y. Xaçaturovun həbs edilməsi ilə bağlı vəsatət qaldırıb. Qeyd edək ki, Y. Xaçaturov 2008-2016-cı illərdə Ermənistan Silahlı Qüvvələrinin qərargah rəisi olub. Bundan əlavə, 1 mart qırğınlarının araşdırılması ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Armen Gevorkyan da Xüsusi İstintaq Komitəsinə dəvət edilib. Bunu jurnalistlərə açıqlamasında Xüsusi İstintaq Komitəsinin mətbuat katibi Marina Ohancanyan deyib. Bu ilin əvvəllərində Ermənistanın Baş Prokurorluğu Köçəryanın 2008-ci ilin zorakılıqları ilə bağlı dindirilməsinə ehtiyac görmədiyini bəyan etmişdi. Lakin prokurorluq, müxalifətçi N.Paşinyan hakimiyyətə gəldikdən sonra bu qərarını dəyişib. 2010-cu ildə məhz bu zorakılıqlarla bağlı mühakimə olunmuş Paşinyan etiraz təşkilatçılarından biri kimi məhkum olunmuşdu. O, bu il, martın 5-də sual edirdi ki, Köçəryan etirazçıların guya təhlükəsizlik qüvvələrinə güllə atması barədə informasiyanı haradan aldığını izah etməlidir. Çünki hakimiyyət orqanları etirazçılara qarşı zor işlədilməsinə məhz bu hadisə ilə haqq qazandırırdılar. Paşinyanın administrasiya habelə Sarkisyanın yaxınları və ailə üzvləri barədə cinayət işləri qaldırıb. Bundan başqa, Ermənistanın keçmiş müdafiə naziri və Yerevan qarnizonun keçmiş rəisinə qarşı da cinayət təhqiqatına başlanıb.

Azər
banner

Oxşar Xəbərlər