AZE | RUS | ENG |

Məngülümsüz də tamaşa olar?

Məngülümsüz də tamaşa olar?
Kukla Teatrının səhnəsində mono tamaşa hazırlanır

Abdulla Şaiq adına Dövlət Kukla Teatrının qonağı olduq. Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova Kukla Teatrında baş verən ən son yeniliklərlə bizi xəbərdar etdi. Hazırda teatrda yeni  tamaşanın məşq proseslərinin getdiyini bildirdi. Vurğuladı ki, bu tamaşa tamam başqa bir üslubda hazırlanır. 

"Şəngülüm, Şüngülüm və....”
Biz də tamaşanın rejissoru Anar Məmmədovla görüşdük. Onunla ilk olaraq  "Şəngülüm, Şüngülüm və....” tamaşası ilə bağlı söhbət etdik. İlk baxışdan tamaşanın adı bizə qəribə gəldi. Bəs personajın birinin adı niyə qeyd edilməyib? Ümumiyyətlə, xalq nağılındakı özəllik nə olacaqdı? Bu suallarımızı Anar Məmmədova cavablandırdı. Bildirdi ki, bu tamaşa xalq nağılı "Şəngülüm, Şüngülüm və Məngülüm” nağılı əsasında hazırlanıb: "Təklif  tanınmış aktrisa Ülviyyə Əliyevadan gəldi. Düşündük ki, niyə də olmasın? Hazırda məşq prosesinin getdiyi tamaşa nağılçının çıxışı ilə başlayacaq.  Bu nağılçı bütün tamaşanı idarə edəcək. Fərqlilik isə ondan ibarətdir ki, xalq nağılındakı bütün qəhrəmanları bir nəfər ifa edəcək. Yəni tamaşa mono tamaşadır. Bütün obrazları sevilən aktrisamız Ülviyyə Əliyeva özü canlandıracaq. O, səhnədə tək olacaq. 6 kukla ilə maraqlı bir tamaşa ərsəyə gətirməyi qarşımıza məqsəd qoymuşuq”. 
Bir çox janrlarda tamaşalar hazırlayan, yeniliklər etməkdən çəkinməyən Kukla Teatrının yaradıcı heyəti bu dəfə də öz ənənəsinə sadiq  qalmağa çalışır. Uzun müddətdir ki, Azərbaycan  Musiqili Teatrında çalışan, efirlərdə komik obrazların mahir ifaçısı kimi tanınan Ülviyyə Əliyevanı biz Kukla Teatrının səhnəsində kukla oynadan bir aktrisa kimi kəşf edəcəyik. Görünən mənzərə odur ki, rejissor bu tamaşanın üzərində hələ çox işləyəcək. Axı bu dəfə Ülviyyə xanım nəinki özünü  səhnədə idarə etməli, eyni zamanda bir çox obrazları özündə ehtiva edən kuklaları da oynatmalıdır. Rejissor isə bizim bu təəccübümüzü birmənalı qarşıladı. Dedi ki, düzdür kuklanı səhnədə oynatmağı öyrətmək üçün illər lazımdır, ancaq onun da bəzi texniki üsulları var ki, biz onu qısa zamanda Ülviyyə xanıma öyrədəcəyik: "Əsas odur ki, o, bu tamaşanı böyük həvəslə oynamağa çalışır. Həvəs olan yerdə isə hər şey etmək mümkündür. Tamaşanın konsepsiyasını elə qurmuşam ki, o bir kuklanı qoyub digərini oynadacaq. Aktrisamız üçün o qədər də çətin olmayacaq. Mono tamaşa aktyorun potensialını ortaya qoyur. Belə ki, aktyor səhnədə təkdir və obrazın səsi, oyun tərzi  davamlı olaraq dəyişir və bu aktyorun bütün potensialını göz önünə qoyur. Monotamaşada heç nə tamaşaçının gözündən yayınmır”. 
 
Rejissorun ixtisarına düşən Məngülüm
Noyabrın axırı dekabrın əvvəli üçün premyerası nəzərdə tutulan tamaşanın tərtibatı teatrın baş rəssamı İqbal Əliyevə, musiqisi isə əməkdar artist Elza Seyidcahana məxsusdur. Tamaşanın məşq prosesini izlədikcə isə yaranan suallarımıza cavab tapmağa başlayırıq. Tamaşada Məngülüm obrazı ona görə yoxdur ki, səhnədə olan aktrisa eyni vaxtda yalnız iki kuklanı idarə edə bilir.  Üçüncü obrazı canlandırmaq üçün isə əlavə aktyora gərək duyulur ki,  bu da mono tamaşa prinsipinə ziddir.  Nağılda 3 keçi balası hər zaman bir yerdədir, onları ayırmaq olmaz. İnsan 3 kuklanı bir arada saxlaya bilmədiyi üçün onu bu formada hazırlamalı olublar.
Məşq prosesi başlayır... Səhnədə Ülviyyə Əliyevanı bu ampluada görmək isə həqiqətən də maraqlıdır. Təcrübəli aktrisa səhnədə sanki uşaq kimi sevinirdi. Kuklaları əlinə alıb, öz uşaqlığını xatırlayan aktrisa onları əzizləyib: "Həqiqətən də neçə yaşımız olur olsun ancaq insan əlinə kuklanı aldımı tamam başqa biri olur. Hər birimizin qəlbində bir uşaq var. Mən də indi o uşağı xatırlayıram”-kimi fikirlər səsləndirdi. 
Rejissor aktrisaya səhnədə necə bir tamaşa görmək istədiyini izah edir, aktrisa isə bu tamaşanın necə alınacağı ilə bağlı fikir mübadilələri aparırdı. Fasilə zamanı aktrisaya yaxınlaşıb, obrazı ilə bağlı onu sual atəşinə tuturuq. Aktrisa deyir ki, Kukla Teatrının səhnəsində olmağın özü belə çox maraqlıdır: "Bu gün bizim ilk məşqimizdir. Əslində büruzə verməsəm də çox həyəcanlıyam. Mono tamaşa oynamaq həqiqətən də məsuliyyətlidir. Baxmayaraq ki, 19 ildir teatrda çalışıram ancaq ilk dəfədir ki, kuklalarla işləyirəm. Burada həm öz yerimə, həm də kuklaların yerinə oynamalıyam. Maraqlı olduğu qədər də  çətindir”.
Aktrisadan bu qədər işinin arasında böyük bir məsuliyyətin altına girməyin onun üçün nə dərəcədə önəmli olduğunu soruşduq. O, isə deyir ki, zamanı boşa xərcləməyi sevən insanlardan deyil: "Bildiyiniz kimi Kukla teatrı il ərzində bir çox xeyriyyə tədbirlərinə qatılır. Nəinki Kukla Teatrı, hətta onun nəzdində fəaliyyət göstərən "Oyuq” teatr studiyası da bir çox xeyriyyə tədbirlərində çıxışlar  edirlər. Kimsəsiz, eyni zamanda bir çox xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün konsertlər proqramları təşkil edirlər.  Onların bəzilərində mən də iştirak etmişəm.  Həmin tədbirlərdə mütəmadi olaraq Rəhman müəllimlə tamaşalar göstərirdik. Bir dəfə teatrın direktoru Rəşad Əhmədzadəyə belə bir tamaşa hazırlamaq istəyimin olduğunu bildirdim. O, da sağ olsun, sözümüzü yerə salmadı. Fürsətdən istifadə edib, teatrın direktoruna təşəkkürümü bildirirəm ki, mənə inanıb etimad göstərdi. Bu mənim üçün bir sınaqdı. Yeni il qabağı uşaq evindəki kimsəsiz uşaqları və onkoloji xəstə uşaqları sevindirmək üçün belə bir tamaşa hazırlamaq istədim. Uşaq evlərinə bu tamaşa ilə getmək istəyirik. Onsuz da kukla teatrı bu layihələrdə iştirak edir. Mən müğənni deyildim ki, mahnı oxuyum. Ona görə istədim ki, uşaqlarla yaxından ünsiyyətdə olmaq üçün tamaşa hazırlayım. Mən Kukla Teatrının səhnəsində və bir çox xeyriyyə tədbirlərində aparıcı kimi çıxışlar etmişəm. Kukla teatrının bütün repertuarını əzbər bilirəm.  Bu teatr mənim üçün çox əzizdir. Ona görə də Kukla Teatrının kollektivi ilə işləmək mənə xoş olacaq”.
 
Ülviyyə Əliyeva 19 ildə ilk dəfə...
Ülviyyə xanıma: "Musiqili Teatr hara Kukla Teatrı hara, çətin olmayacaq ki” soruşduqda cavabı çox gecikmədi: "Yaradıcı insan özünü istənilən janrda sınamlıdır. Niyə də yox? Düzdür kuklalarla birlikdə tamaşanı idarə etmək mənim üçün bir qədər çətin olacaq, ancaq mən rahatam. Bilirəm ki, etibarlı əllərdəyəm. Əminəm ki, Anar müəllim bu sənətin incəliklərini mənə öyrədəcək”. 
Nə deyək, bizə də ancaq yaradıcı heyətə uğurlar arzulamaq qalır. Hər zaman müxtəlif ekperimentləri sınaqdan keçirən Kukla Teatrının repertuarında mono tamaşanın olmasının özü də bir özəllikdir. Yetər ki, monotonluqdan qaçaq və həyatımıza yeni bir rəng qataq. 
 
Xəyalə Rəis
 
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6331
GBP 1 İngilis funt sterlinqi 2.2267
TRY 1 Türk lirəsi 0.3042
KWD 1 Küveyt dinarı 5.6079
SEK 1 İsveç kronu 0.1895
EUR 1 Avro 1.9550
CHF 1 İsveçrə frankı 1.7090
USD 1 ABŞ dolları 1.7000