• cümə, 26 Aprel, 22:19
  • Baku Bakı 22°C

Мənəvi sütunlara toxunmaq olmaz

04.09.14 12:55 1341
Мənəvi sütunlara toxunmaq olmaz
Bəzi siyasilərin qəribə bəyanatlarına çoxdan alışmışıq. Mən o şəxsləri qətiyyən qınamıram və belə açıqlamalara da normal baxıram.
Bu gün siyasi səhnədən demək olar, çoxdan uzaqlaşmış şəxslər var ki, artıq onlar siyasətlə məşğul deyillər. Lakin vaxtilə məşğul idilər, mətbuat səhifələrindən düşmürdülər.
Bu günün reallığı isə tam başqadır. İllərdir təkrar-təkrar verilən bəzi populist siyasi açıqlamalar artıq heç kəsi maraqlandırmır. Bu da təbii haldır. Çünki ictimaiyyətdə maraq yaratmaq üçün yeni fikir söyləmək lazımdır. Amma təəssüf ki, Azərbaycan cəmiyyətində hələ də köhnə baxışla yeni fikir söyləməyin mümkünlüyünə özünü inandırmaq istəyənlər var.
Bəziləri də var ki, ağıllı tərpənərək, belə cəhdlərin fayda verməyəcəyi qənaətinə çoxdan gəliblər. Buna görə də onlar son vaxtlarda siyasi bəyanatlarla daha az meydana çıxırlar.
Ancaq bir vacib məsələni unutmaq olmaz: insan belə varlıqdır ki, varlıq içində yox olmaqdan, unudulmaqdan həmişə qorxur. Belə qorxunun müəyyən fəlsəfi izahı da var, fəlsəfə ilə az-çox məşğul olanlar bunu bilməmiş deyillər. Bir zamanlar gündəmdən düşməyən, tez-tez öndə olmağa adət etmiş bir şəxs, müəyyən obyektiv və subyektiv səbəblərdən, birdən-birə arxa plana keçirsə, həyat və fəaliyyətdə mütləq bir boşluq hiss etməlidir. Belə şəraitdə, məhz həmin boşluğu doldurmaq, nəyin bahasına olursa olsun, yenidən ölkə gündəminə qayıtmaq istəyi yaranır. Amma təbii ki, siyasi donda yox. Başqa vasitələrlə.
Yuxarıda qeyd etdiyim kimi, mən belə hallara tam normal baxıram. Hətta belə addımlar populizm xatirinə atılsa belə.
Ancaq bir şərtlə: cəmiyyət tərəfindən, ümumilikdə qəbul olunmuş mənəvi, tarixi, əxlaqi, milli və s. sütunlara toxunmaq olmaz. Kim olur, olsun - bu faktoru mütləq nəzərdə saxlamalıdır.
Tarixi şəxsiyyətlər mürəkkəb mövzudur. Ona görə də bu mövzuda danışmaq istəyənlər, çox diqqətli olmalıdırlar, böyük məntiqi təhriflərə yol verməməlidirlər. Baxın, Füzulinin qəzəlini üzündən oxuya bilməyən, şeriyyatın incəliklərindən, bədii, məani, fəsahət, bəlağət kimi şeir elmlərindən xəbərsiz olan bir şəxs, M.Füzuli kimi böyük arifin işarə etdiyi mətləbləri hardan bilə bilər? Təbii ki, belə olan halda, məcbur olacaq, hər şeyə səthi və zahiri yanaşsın. Lakin unutmaq olmaz ki, Klassik Şərq Poetikası, şeir elmləri, irfani aləm – bəzi siyasilər tərəfindən dartışılan yüngül və bəsit mövzular deyil.
Füzuli demişkən:
Olmayan qəvvasi-bəhri-mərifət, arif degil,
Kim sədəf tərkibi-təndir, lölöi-şəhvar söz.

Mən bir qələm adamı kimi mətbuatı yaxından izləyirəm. Təəssüf ki, “mərifət gölünün üzgüçüsü” olmayan bəzi şəxslərin məsuliyyətsiz və savadsız açıqlamalarına tez-tez rast gəlirəm. Ancaq hələ ki, belə açıqlamalarla bağlı konkret şəxslərə ünvanlaнmış cavab yazmaq fikrində deyiləm. Əgər onların açıqlamaları cəmiyyətdə bir reaksiya verərsə, o zaman nəsə yazmağına dəyər.
banner

Oxşar Xəbərlər