AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Mənə öz qiymətimi vermədilər...

Mənə öz qiymətimi vermədilər...

Mədəniyyət
10 Dekabr 2012, 14:48 3055
Müsahibim uzun illərdir yaddaşlarda yumoristik “Tomka” obrazı ilə qalan, ancaq fəaliyyət göstərdiyi Gənc Tamaşaçılar Teatrında dramatik rolların mahir ifaçısı olan Naibə Allahverdiyevadır. Onun sözlərinə görə, rejissorlar bacarığından kifayət qədər istifadə edə bilməyiblər: “Televiziyada yalnız komediya janrında oynamışam, ancaq teatrda rejissorlar mənə daha çox dramatik obrazlar həvalə edib. Bu da rejissorlarımızın günahıdır ki, aktrisaları hansı ampluada görürlərsə, elə həmin ampluada da canlandırırlar, yenilik etmək istəmirlər”.

O zaman maraqlı idi

- Naibə xanım, 30 ildir ki, sənətdəsiniz. Bu illər ərzində həyatınızda nələr dəyişdi?

- 30 il öncə tamam başqa ab-havada yaşayırdım və başqa düşüncənin sahibi idim. O zaman mənim gözümə hər şey mavi rəngdə görünürdü. Təbiətcə insanları sevən bir insanam. Düşünürdüm ki, heç kim heç kimə xəyanət, pislik edə bilməz. İndi həyata baxışım tamam başqadır, artıq insanları olduğu kimi qəbul edirəm. İllər məni çox dəyişdi. Həyat mənim üçün o zaman maraqlı idi, amma indi öz marağını itirib.

- Yəqin həm də teatr tamaşaları baxımından deyirsiniz.

- Həmişə yaxşı və pis tamaşalar olub. O baxır rejissor yozumuna və əsərin aktuallığına. Yaxşı aktyor, rejissor bütün dövrlərdə olub, eləcə də pis rejissor və aktyorlar olub. Əvvəllər aktyorlarımızda, onların danışıqlarında, səs tembrlərində, hərəkətlərində daha çox möhtəşəmlik vardı, rejissorlar öz üzərlərində daha çox işləyirdilər. Rejissorlar bir əsəri götürüb onun üzərində bir il, bəlkə də ondan da çox işləyirdi. Amma indi elə şeylər yoxdur. Kim nə istəyir onu da edir.

- Sizi komediya aktrisası kimi tanıyırıq. Son zamanlar isə dramtik obrazlarda daha çox görürük. Bu janr dəyişikliyinin səbəbi nədir? Komediya janrında ssenari yoxdur, yoxsa başqa səbəblər var?

- Mən televiziyada komediyada oynamışam. Teatrda isə dramatik rollarım olub ki, Burla Xatun, Şamama Cadu kimi obrazlar buna misaldır. Ümumiyyətlə, teatrda dramatik obrazlarım çox olub. Yalnız “Hacı Qara” tamaşasında komedik obraz canlandırmışam. Bu da rejissorlarımızın günahıdır ki, rejissorlar aktrisaları hansı ampluada görürlərsə, elə həmin ampluada da canlandırırlar, yenilik etmək istəmirlər. Aktrisa bütün janrda obrazları canlandırmağı bacarmalıdır. Bu gün süpürgəçi rolunu canlandıran akrtisa sabah kraliçanı canlandıra bilər. Ona görə rejissor öz rolu üçün düzgün aktyoru seçməyi bacarmalıdır. Bu da ki, rejissorun seçim qabiliyyətindən asılıdır. İndiki rejissorların savadı yoxdur, onlara hazır yem lazımıdr, ona görə aktyorlarla işləməyi bacarmırlar. Öz üzərlərində işləmirlər, aktyorun daxilini, bacarığını görə bilmirlər.

- Tələbələriniz necə, varmı?

- Tələbələrim yoxdur. Amma elə aktrisalar tanıyıram ki, seraillarda da görürüəm ki, mənim oynadığım mimikaları, bir çox ştrixlərimi götürüblər. Bir çox tanınmış aktrisalarımız var ki, onların oynuna baxanda özlüyümdə görürəm ki, bu mənim canlandırdığım obrazıma yaxın oynamağa çalışıb, mənim baxışlarımı, naz-qəmzəmi götürüb. Bunu mənə çox zaman tamaşaçılar da deyir. Bu parodiya bəzi aktrislarımızda alınır, bəzilərində alınmır. Kənardan baxanda isə, elə də gözəl görsənmir. Mən buna pis baxmıram, əksinə, sevinirəm ki, hansısa aktrisa mənə baxıb nəsə götürüb. Yaxşı olardı, həmin aktrisalar özlərinə yeni oyun tərzi tapardılar. Heç kim deyə bilməz ki, mən hansısa bir aktrisanın ştixlərini götürmüşəm, ancaq sevdiyim aktrisalar olub ki, onlara həsəd aparmışam. Baxıb öyrənmişəm, amma mənim öz oyun tərzim olub. Rəhmətlik Nəsibə Zeynalova demişkən, “mənim ayaqqabımı geyinə bilərlər, amma mənim yerişimi yeriyə bilməzlər”. Çox zaman görürəm ki, canlandırdığım “Tomka” obrazının da “bantikini” oğurlayırlar.

“Təbii oyun tərzi”

- Seriallarda sizi görmürük. Dəvət almamısınızmı, yoxsa özünüz seriala çəkilmək istəmirsiniz?

- Sevinirəm ki, bu gün həmin seriallarda çəkilmirəm. Mən o serialların heç birində yaxşı rejissor işi görmürəm. Seriallara dəvət almışam, ancaq ssenarini, rejissorun səviyyəsini görəndə razılaşmamışam, həm də verilən qonorar məni qane etməyib. Digər tərəfdən, əgər əsər bir gün əvvəl, ya da serial çəkilən gün yazılırsa, o serialın keyfiyyətindən nə gözləyəsən? Aktyor canlandıracağı obrazı saatlar öncə biləcəksə, o obrazı necə canlandırar? Serialda da, teatrda da aktyor canlandıracağı obrazın keyfiyyətləri, əlaməti, mimikası ilə tanış olub, onun üzərində işləməlidir. Serilada demək olar ki, əksər aktyorlar özlərini oynayır. Aktyorda eyni oyun tərzləridir, yəni həmin aktyor başqa seriala getdikdə belə, öz oyun tərzini özü ilə aparır. Adını belə qoyurlar ki, “təbii oyun tərzi”dir. Amma təbii oyun tərzi başqa cürdür.

- Ötən ay Sabir Rüstəmxanlı ilə söhbətimizdə o, seriala çəkilən bir çox aktyorları “bazarkoma və qəssaba” bənzətdi. Onun fikirləri ilə razılaşırsınız?

- Bu, aktyordan asılıdır. Həmçinin, rejissorların günahıdır. İstedadlı aktyorlarımız var. Aktyor seçimi zəifdir, obraza baxmırlar. Təki aktyora pulu az versinlər. Mənim həmkarlarım seriallarda öz rollarının öhdəsindən yaxşı gəlirlər. Teatrımızın aktyorlarını nəzərdə tuturam. Amma bəzi seriallar, əsasən də səsləndirmə çox biabırçı vəziyyətdədir. Seriala baxıram ki, 3 dost bir-biriylə ayrı-ayrı ləhcələrdə danışır. Hərdən baxmaq istəyirəm, amma sona kimi izləməyə taqətim qalmır. Serail çəkmək üçün rejissorun kifayət qədər təcrübəsi olmalıdır. Dünən toyda operatorluq edən bu gün serial çəkmək eşqinə düşür. Rejissorlar kadr nədir bilmir, serial çəkmək elə belə iş deyil. Elə bir musiqi çarxı çəkilir. Ona görə mən o seriallara baxa bilmirəm. İndi də deyirlər ki, tanınmış simalar seriallarda olmasınlar. Xaricdə əksinədir, orada tanınmış simaları çəkirlər ki, onların serialda təcrübələri daha çoxdur. İndiki seriallarda aktyorlarımız, rejissorlarımız da təcrübəsizdir. Onu o rejissor deyə bilər ki, vaxtilə gözəl seriallar çəkib, öz işi ilə sözünü deyib. Rejissorlarımızdan biri demişdi ki, “heç bir tanınmış simanın kölgəsində gizlənmək istəmirəm”. O rejissor elə bir iş ortaya qoymalıdır ki, onun işi nümunə olmalıdır. O mənada ki, yeni simalar yetişdirə bilsin. Axı rejissorlar bunu edə bilmirlər. Əvvəllər rejissorlar tanınmamış simaları çəkirdilər, aktrisa kimi onu yetişdirirdilər. Xalq onları tanıyırdı, illərlə öz obrazları ilə tamaşaçıların yaddaşında qalırdı. Amma indi bir aktrisanı yetişdirə biliblərmi? Kimin adı dillər əzbəridir? Tanına bilirlər, amma yaddaşlara həkk oluna bilmirlər. Bu, rejissorların bisavadlığından, təcrübəsizliyindən irəli gəlir. Rejissorlar özlərini qoyublar dağın başına, guya bunlar dahidirlər. Amma əvvəlki rejissorlar kifayət qədər sözlərini deyə bilirdilər. Kiçik, amma keyfiyyətli film çəksələr, daha yaxşı olardı. Bundan sonra isə serial çəkərdilər.

- Başqa ölkələrdə çəkilişlərə dəvət almmısınızmı?

- Moskavaya dəvət almışdım. “Raya” filmində Qafqaz qadını obrazını canlandırdım. Oynadığım bu obrazı çox bəyənmişdilər. Bundan başqa, İranda Azərbaycan teatrı fəaliyyət göstərir ki, orada baş rola dəvət almışam, amma bir az qərarsızam.

- Bu yaxınlarda Yaşar Nuri dünyasını dəyişdi. Sizin onunla yaxın əməkdaşlığınız olub...

- Yaşar Nuri bizim nəhəng aktyorumuz idi. O, dahi aktyor idi. Yaşar kimi bizim böyük aktyorlarımız yetişib. Elə bizim teatrda öz sözünü demiş aktyorlarımız kifayət qədərdir, eləcə də Akademik Milli Dram Teatrında. Amma çox heyiflər olsun ki, bu gün rejissorlar elə aktyorlar yetişdirə bilmirlər.

- Bəs rejissorlar sizin potensialınızdan yararlana bilirlərmi?

- Yox, ümumiyyətlə rejissorlar mənim bacarığımdan kifayət qədər istifadə edə bilmədilər. İndi serialda çəkilən aktrisaların simaları sanki bozdur. İndiki aktrisaların ancaq əli-qolu danışır, gözləri o hissləri yaşamır. Aktrisaların gözlərinə diqqət etdikdə görürük ki, gözləri sönükdür. Elələrini tapmaq asan məsələdir. Efirə simaları ilə cəlb edən, insanları obrazına inandırmağı bacara bilən aktrisalar gəlməlidir. Moskvada filmə çəkilərkən rejissor mənə söylədi ki, aktrisa üçün ən önəmli onun baxışlarıdır. Sizin gözləriniz sanki danışır. İndi efirə, səhnəyə belə aktrisalar lazımdır. Düşünürəm ki, mən öz qiymətimi dəyərincə ala bilmədim.

Xəyalə Rəis