AZE | RUS | ENG |


“Mənə yazılan sevgi məktublarını saxlayıram” – Keçmişdəki mən

“Mənə yazılan sevgi məktublarını saxlayıram” – Keçmişdəki mən
Novella Cəfəroğlu: “Atam deyərdi ki, günəş Novellanın başında çıxır, ayağında batır”


 
Hansısa gəncin iş tapa bilmədiyini deməsini bəhanə adlandırır. Onun fikrincə, hər insanın içində bir bacarıq, qabiliyyət var, onu oyatmaq lazımdır. Gənclərimizi alın tərləri ilə pul qazanmaqdan utanmamağa səsləyir. Budəfəki həmsöhbətimiz Dlarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin rəhbəri Novella Cəfəroğludur. Birlikdə N.Cəfəroğlunun uşaqlıq və gənclik illərinə nəzər salaq...
 
"Günəş Novellanın başında çıxır, ayağında batır”
 
Naxçıvanda ziyalı ailəsində dünyaya göz açıb. Atası Cəfər partiya işçisi, anası Fəxriyyə Behtaşi həkim olub. Atası Moskvada Ali Partiya Məktəbində təhsil aldığından, o da 3-cü sinfə qədər orada oxuyub. Sonra təhsilini Naxçıvanda, daha sonra Bakıya köçdüklərindən paytaxtda davam etdirib.
Ailədə 4 uşağın birincisi olub. İki qardaş, iki bacı olublar. Ailənin birinci övladının dünyaya gəlişini gözləyərkən anası Mopassanın novellalarını oxuyurmuş. Elə buna görə də onun adını Novella qoyur. Amma nənəsi "novella” sözünü deyə bilmədiyindən qulağına quran ayələrini oxuyarkən Fatimə adını deyir: "Həmişə zarafatla deyirəm ki, Əzrayıl məni axtaranda tapmayacaq. Çünki qulağıma Fatimə oxunsa da, sənəddə Novella gedirəm”.
Üç qardaşın bir bacısı olmaq lüksünü də yaşayıb. Atası onu çox sevdiyindən heç kimin ona acı bir söz demək haqqı olmayıb: "Atam deyərdi ki, günəş Novellanın başında çıxır, ayağında batır. Bütün nəslimiz bunu bilirdi. Buna görə də hamı məhəbbətini mənə yönəltmişdi. Balaca vaxtımdan heç kimdən asılı olmamışam. Təbiətcə azadlığa meylliliyimlə seçilmişəm.  Anamın dediyinə görə, 6-7 yaşlarımda geyinəcəyim paltarı da özüm seçərmişəm. Saçım uzun idi, darağı anamın əlindən alıb özüm necə gəldi darayarmışam. Hər şeyi özüm etdiyimdən bu,  atamın xoşuna gələrdi. Həmişə sirrimi anama deyil, atama danışardım. Atam 42 yaşında rəhmətə gedib. Məzarı Fəxri Xiyabandadır.
Nənələrim də məni çox sevərdi. Çox sadə, qürurlu və azad ruhlu idilər. Həmişə mənə deyərdilər ki, "heç vaxt kişilərdən qorxma, sənin sözün söz olmalıdır””.
                                      
Üzüm oğurluğu
 
Yay tətillərini Azərbaycanın regionlarında keçirərmiş: "Atam Naxçıvanın Babək rayonundan idi. Böyük vəzifələrdə işləsə də, bizi istirahətə heç vaxt Kislovodskiyə, Soçiyə göndərməzdi. Bunun nəticəsində Azərbaycanın bütün gəzməli-görməli regionlarında olmuşam. Məktəbdə də vəzifəli atanın övladları kimi seçilməzdik. Hamı kimi biz də "rezinka çulkilər”  geyinərdik. Bizi heç vaxt ərköyün böyütməyiblər, amma sərbəstlik veriblər”.
Atasının verdiyi sərbəstlikdən geninə-boluna istifadə edib: "Dayımın oğlanları yayda Naxçıvana gedər və tez-tez küçədə futbol oynayardılar. Mən də qısaqol köynək, finka geyinib onlarla futbol oynamağa gedərdim. Onları biabır etdiyimi deyib mənimlə savaşırdılar, amma bununla belə, futbol oynamamış əl çəkməzdim. Əmim uşaqları ilə birgə kənddə üzüm oğurluğuna da gedərdik. Yarı erməni, yarı rus qonşumuz Volot ailəsiylə te-tez bizə gələr, oturub söhbət edərdi. Tez yatdıqları üçün qalxıb evlərinə gedəndə biz də yığışıb onların bağından üzüm oğurlamağa gedərdik. Həyətlərində qəşəng kişmişi üzüm olardı. Əmim deyirdi ki, "ay qız, mənim bağımda onun bağındakı üzümlərdən də qəşəngi var, niyə onlardan oğurlamağa gedirsiniz?”. Deyirdik ki, yox, gedib onun həyətindən yığacağıq. Bir dəfə Volot bizim oğurluq etdiyimizi görüb əmimə demişdi ki, "Novella Bakıdan gələndən mənim bağımda üzüm qalmayıb. Nə qədər lazımdır, gətirib verim. Axı, bağa gizli girəndə kolları əzib xarab edirlər”.
 
Geokimyaya gedən yol
 
Orta məktəbdə əlaçı oxuyub: "O vaxt hamı bilirdi ki, ancaq oxumaqla həyatda nəyəsə nail olmaq mümkündür. Orta məktəbin sonuncu sinfində ailəm və ətrafım həkim, ya da hüquqşünas olmağımı təklif edirdi. Qanı götürə bilmədiyimdən  həkimliyi istəmədim. Hüquqşünas olmağa gəlincə, deyirdim ki, mən polis olacağam? Elə bilirdim hüquqşünas olmaq polis olmaq deməkdir. Axırda kimya üzrə təhsil almağımı məsləhət gördülər. Kimya fənnini sevməsəm də, sənədlərimi bu fakültəyə verdim. Kimyanı bitirəndən sonra geoloq dayım məni geokimyaya yönləndirdi”.
Tələbə vaxtının çox dolu, maraqlı keçdiyini deyir: "Bizim qrup çox güclü qrup idi. İstirahətimizdən də qalmırdıq. Birlikdə bulvara, plyaja gedirdik. O vaxtkı quruluşa uyğun gəlməyən  kitablar qadağan olunurdu. Uşaqlarla həmişə qrup yoldaşlarımızdan birinin evinə yığışar, həmin kitabları, yazıları oxuyar, müzakirə edərdik. Yəni o vaxtdan biz dissident idik. O vaxt evimizdə Baltika radioqəbuledicisi var idi. Həmişə evimizdə türk mahnılarına sevə-sevə qulaq asardıq. Gənclik yaşlarımızda "Azadlıq”, "Amerikanın səsi”ni axtarıb tapardıq. Mən, əmim qızları və Nata Şərifova (Ələsgər Şərifovla Məhluqə Sadıqovanın qızı – N.C.) ildə bir dəfə 15 günlük teatr tamaşalarına baxmaq üçün Moskvaya gedərdik. Bakıda  Azərbaycan Dram Teatrına Məhluqə Sadıqovanın iştirak etdiyi tamaşaların birini də buraxmazdım. Ələsgər Ələkbərovu, Hökumə Qurbanovanı, Məhluqə Sadıqovanı, Sofa Bəşirzadəni və digər korifeylərimizi səhnədə görmüşəm. Məhluqə xanım məni çox istəyirdi, teatra olan məhəbbəti qızında deyil, məndə gördüyündən həmişə tamaşaların premyerasına məni aparardı. Bizim teatra getməyimizin vərdiş halına gəlməsinin səbəbini də deyim. Mircəfər Bağırovun vaxında atam raykom katibi idi və hər iclasda onlara hansı tamaşalara baxmaları ilə bağlı suallar verirdilər. Belə-belə camaatı tamaşaya öyrədirdilər. Atam həmişə Naxçıvandan gələndə deyirdi ki, bilet al, gəlirəm, teatra gedək”.
 
"Novella, səni sevirəm”
 
Gənclik dövrlərindən danışıb, sevgi məktublarından danışmamaq günah olar deyib, həmsöhbətimizlə bu mövzuya da toxunduq. Məlum oldu ki, Novella xanım gəncliyində xeyli sevgi məktubu alıb: "Elə məktub olub ki, şeirin ilk sətrinin baş hərflərini oxuyanda "Novella, səni sevirəm” sözləri alınırdı. Orta məktəbdə də, ali məktəbdə də sevənlərim, arxamca gələnlər  çox olub”.
Maraqlıdır ki, N.Cəfəroğlu aldığı bütün sevgi məktublarını saxlayır. Hətta həyat yoldaşının da bundan xəbəri var: "Yoldaşımın özü də mənə vaxtında o qədər məktublar, gözəl şeirlər yazıb ki... 29 yaşımda ailə qurdum. Çünki heç kimi bəyənmirdim”.
 
"Plov dəmləyib satırdıq”
 
Sonda N.Cəfəroğlu gənclərimizə, xüsusilə qızlarımıza üzünü tutub heç nədən qorxmamağı tövsiyə etdi: "50 yaşımda Qadınların Hüquqlarını Müdafiə Cəmiyyətinə gəldim. Bu yaşımda təzədən oxumağa, seminarlara getməyə, hüquq müdafiəsini öyrənməyə başladım. Gənclərimiz oxumaqdan, öyrənməkdən, yenilikdən qorxmasınlar. Öz ayaqları üzərində durmağa çalışsınlar. Hansısa gənc iş tapa bilmədiyini deyəndə, inanmıram. Çünki mənim gənclik dövrümün uşaqları universitetdə oxuya-oxuya gecələr gedib limanda yük daşıyırdılar. Həmin uşaqların əksəriyyəti sonradan professor və akademik oldular. Hamısı rayondan gəlmiş uşaqlar idilər. Bir rəfiqəm var. Söhbət tələbəlik illərindən düşəndə, deyir ki, bu uşaqlar bizi sevirdi, deyirdik, kimdir kənddən gələn oğlana ərə gedən. Sonra hamısı akademik oldu. Həmişə rəfiqəmlə görüşəndə bu məsələ yada düşən kimi gülürük”.
N.Cəfəroğlu hansısa gəncin iş tapa bilmədiyini deməsini bəhanə adlandırır: "Kişiləri bir kənara qoyuram, hər bir qadının əlindən hər iş gəlməlidir. 1992-93-cü illərdə işdən çıxmışdım, heç bir yerdən gəlirim yox idi. Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətində idik. Qrant almırdıq, öz hesabımıza işləyirdik. O vaxt 3 rəfiqə idik, bir evdə yaşayırdıq. Günaşırı gecə ilə plov süzür, səhər tezdən ya mərasim, ya toy üçün plov sifariş verənlər gəlib qazanları evimizdən aparırdılar. Biz bununla pul qazanırdıq. Digər rəfiqəm tort bişirməklə dolanırdı. Mən həm də müəllimlik edir, evdə tələbə hazırlayırdım. Qoy, gənclərimiz heç vaxt işdən qorxmasınlar. Hər insanın içində bir bacarıq, qabiliyyət var, onu oyatmaq lazımdır. İndi də həmin rəfiqələrimlə oturub axşamlar soğan doğrayıb, ət qızartdığımız, aş qarası hazırladığımız vaxtları xatırlayırıq. Utanmırdıq, zəhmətimizlə qəşəng pul qazanırdıq. Heç universitetdə işlədiyim vaxtlarda o  qədər pul qazanmırdım. Gənclərimizə də demək istəyirəm ki, alın tərləri ilə pul qazanmaqdan utanmasınlar”.
Lalə MUSAQIZI
 








 
 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6863
GBP 1 İngilis funt sterlinqi 2.2939
TRY 1 Türk lirəsi 0.4853
KWD 1 Küveyt dinarı 5.6435
SEK 1 İsveç kronu 0.2120
EUR 1 Avro 2.0209
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7007