• çərşənbə axşamı, 19 mart, 08:37
  • Baku Bakı 8°C

Mənə olar, sənə olmaz məntiqsizliyi - Fotolar

18.10.19 19:27 4283
Mənə olar, sənə olmaz məntiqsizliyi - Fotolar
Azərbaycan demokratik, hüquqi dövlətdir və ölkəmizdə bütün azadlıqlar qanun çərçivəsində təmin olunur. "Sərbəst toplaşmaq azadlığı haqqında” qanunda bu azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması yolları da açıq şəkildə göstərilib. Qanunun müddəalarından da aydın olduğu kimi, dövlət vətəndaşların sivil formada toplaşmasına, fikir və mülahizələrini, bəyanatlarını səsləndirməsinə hər hansı məhdudiyyət qoymur, bunun üçün süni maneə yaratmır. Sərbəst toplaşmaq azadlığından yararlanmaq istəyən şəxs və ya təşkilat qanunda nəzərdə tutulan sadə prosedurları yerinə yetirməklə bu istəyinə çata bilər. Lakin əfsuslar olsun ki, Azərbaycanda özlərini demokratik qüvvələr adlandıran radikallar qanun çərçivəsindən kənara çıxmaqla, yəni, digər vətəndaşların hüquq və azadlıqlarını pozmaqla aksiyalar keçirməyə meyl göstərirlər. Xüsusən də nəqliyyatın və insanların sıx olduğu mərkəzi ünvanlarda belə aksiyaların keçirilməsinə razılıq verilməsini tələb edirlər. Bu tələb yerinə yetirilməyəndə isə qanunsuz aksiya keçirməyə cəhd göstərir, ictimai asayişi pozur, qanun keşikçilərini təxribata çəkir, ümumilikdə qarışıqlıq yaratmağa cəhd edirlər. Belə olan halda öz vəzifə borcunu yerinə yetirən polislər dərhal hədəfə alınır, foto və video görüntülər çəkilərək "polis zorakılığı” adı altında beynəlxalq mediada ictimailəşdirilir, Azərbaycan əleyhinə təbliğat aparılır.


Təəssüf doğuran məqamlardan biri də budur ki, bəzi beynəlxalq təşkilatlar dərhal bu qarayaxmaya dəstək verir, Azərbaycanı qeyri-demokratik, insan hüquq və azadlıqlarının təmin edilmədiyi ölkə kimi qələmə verməyə çalışırlar. Amma nədənsə həmin təşkilatların, guya insan hüquqlarını müdafiə etdiklərini bəyan edən bu qurumların gözləri Avropanın göbəyində, Amerikada, eləcə də digər ölkələrdə polizin fəaliyyəti ilə bağlı baş verənləri "görmür”, sözügedən hadisələrə ən azından Azərbaycandakı qədər reaksiya vermirlər. Uzaq tarixə ekskursiya etməyə ehtiyac yoxdur. Ötən ilin dekabr ayından Fransanın paytaxtını bürüyən "sarı jiletlilər”in aksiyalarında ictimai asayişi pozmağa cəhd göstərən etirazçılara qarşı polis dəfələrlə güc tətbiq edib, onlara qarşı dəyənəklərdən, gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edib.

Cari il avqustun 9-dan 12-ə kimi Çinin Honkonq xüsusi inzibati bölgəsində də polis etirazçılara qarşı eyni qaydada davranıb. Honkonq polis komissarının müavini Kris Tan Pin-kunq asayış keşikçilərinin zorakılığa qarşı dözümsüzlük nümayiş etdirəcəyini açıq şəkildə bəyan edib.

Kataloniyada muxtar qurumun 12 siyasi lideri barəsində məhkəmə hökmü çıxarılmasının səbəb olduğu – oktyabrın 14-dən başlanan iğtişaşlar nəticəsində də eyni "mənzərə” müşahidə olunub. İspaniyanın Daxili İşlər naziri Fernando Qrande-Marlaska aksiyaçıları cinayətkar adlandıraraq, onlar barəsində heç bir cəzasızlığa yol verilməyəcəyini bəyan edib. Etirazlar başlayan andan təxminən 100 adamın saxlanıldığı, 194 mülki və milli polis əməkdaşının yaralandığı məlum olub. İğtişaşlar nəticəsində Kataloniya şəhərlərinə 627 min avro maddi ziyan dəyib.


Bir qədər əvvəl vurğuladığımız kimi, Fransa və İspaniyada baş verən etiraz aksiyaları barəsində bəzi beynəlxalq təşkilatlar sadəcə seyrçi mövqeyi tutublar. Təxminən belə bir məntiqsizlik yaranıb ki, Qərb dövlətləri, eləcə də digərləri iğtişaşların, zorakılığın, öz vətəndaşlarının hüquqlarının pozulması hallarının qarşısını alanda yaxşıdır, amma eyni məqsədlə Azərbaycanda hər hansı tədbir görülməsi pisdir.
Hüquq müdafiəçisi Sahib Məmmədovhesab edir ki, bu, ikili yanaşmadır. Onun sözlərinə görə, bəzən hansısa bir ölkədə aksiyanın təşkilatçılarına və iştirakçılarına qarşı müxtəlif cəzalar, hətta qeyri-proporsional qüvvə tətbiq olunur, bütün dünya bunu görür, lakin aidiyyəti təşkilatlar, belə məsələləri daim diqqət mərkəzində saxlayan qurumlar susurlar: "Bu sahədə ənənəvi olaraq hay-küy salan qeyri-hökumət təşkilatları ya susqunluq nümayiş etdirir, ya da sərt olmayan bir bəyanatla kifayətlənirlər. 2019-cu il ərzində Fransa, Kataloniya, Çin ərazisində baş verən aksiyalara münasibətdə biz bunu açıq şəkildə görürük. Parisdəki aksiyalarda etirazçılar təyin olunmuş ərazidən kənara çıxır, küçələri və keçidləri bağlayır, iğtişaşlar törədir, ətrafdakı infrastruktur sahələrini dağıdırdılar. Bunun qarşısının alınması normal idi. Amma aksiyaçılara qarşı tətbiq edilən qüvvə qeyri-proporsional idi. "Sarı jiletlilər”in aksiyasına qoşulan tələbələr polis tərəfindən diz üstə çökdürüldü, əlləri başlarının arxasında olmaqla hərəkətsiz halda soyuq havada uzun müddət saxlanıldı, alçaldıldı, təhqirlərə məruz qoyuldu. Yaxud, Fransa polisi etirazçı gənc qadını küçə boyu 250 metr sürüdü”.


Hüquq müdafiəçisi deyib ki, Kataloniyadakı aksiyalarda da qanunun tələblərindən kənara çıxan etirazçılara polis eyni yanaşmanı ortaya qoyub: "Kataloniyada polis rezin dəyənəklə etirazçıları, o cümlədən gənc qadınları döyüb, onların daxili orqanlarındakı toxumalarının zədələnməsinə səbəb ola biləcək cəzalara, işgəncələrə məhkum edib. Buna baxmayaraq, hər zaman olduğu kimi bu dəfə də Avropada sanksiyalaşdırılmış, yaxud sanksiyalaşdırılsa da sonradan xarakteri dəyişdirilmiş aksiyalara qarşı hakimiyyətlərin addımları bütün hallarda normal sayılıb. Avropa Şurası, Avropa İttifaqı, ABŞ Dövlət Departamenti, həmçinin beynəlxalq QHT-lər heç bir kəskin mövqe ortaya qoymayıblar”.


S.Məmmədov bildirib ki, müstəqil siyasət yürüdən Azərbaycanda eyni hadisə baş verən kimi sözügedən qurumlar dərhal bundan ölkəmizə qarşı təzyiq aləti kimi istifadə edirlər: "Misal üçün, oktyabrın 8-də bakının mərkəzi küçəsində müxalifətin sanksiyalaşdırılmış aksiyası oldu. Təşkilatçıların piketi normal şəkildə təşkil etmədiyi bir tərəfə, sonradan qanunun tələbindən kənara çıxdılar, piketin xarakterini pozdular, küçə yürüşünə cəhd etdilər. Prinsipcə təşkilatçılara İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri tətbiq oluna, onlar cərimələnə və ya həbs edilə bilərdilər. Buna rəğmən hökumət bunu tətbiq etmədi. Aksiya iştirakçılarının təxribat xarakterli hərəkətlərinə, o cümlədən polisin ünvanına təhqirlər səsləndirmələrinə, onlara tərəf boş su butulkaları atmalarına baxmayaraq, asayiş keşikçiləri piketin, küçə yürüşünün dinc xarakterinin pozulmasına imkan vermədi. Amma bəzi beynəlxalq təşkilatlar, antiAzərbaycan şəbəkə təmsilçiləri dərhal açıqlamalar yayaraq ölkəmizdə vətəndaş hüquq və azadlıqlarının təmin olunmaması, insan haqlarının pozulması barədə yanlış ictimai rəy formalaşdırmağa çalışdılar”.
Rufik İSMAYILOV















banner

Oxşar Xəbərlər