• cümə axşamı, 18 aprel, 23:15
  • Baku Bakı 21°C

Mənə naz et, amma nazını az et...

05.07.18 13:10 1579
Mənə naz et, amma nazını az et...
Hər insanın həyata öz baxışı və özünəməxsus düşüncə tərzi var. Biz media nümayəndələrinin üzərinə də tanınmış sənət adamları ilə söhbət etmək, onların yaradıcılığını və oxuculara, tamaşaçılara maraqlı gələn görünən-görünməyən tərəflərini açıb göstərmək düşür. Bunu etmək isə heç də asan deyil. Belə ki, biz mədəniyyət yazarları bunun üçün bir çox hallarda sənət adamlarının nazı ilə oynamaq və onların kaprizlərinə dözmək məcburiyyətində qalırıq. Bəzən isə məşhurların kaprizləri aşırı dərəcədə özünü büruzə verir.
"Xalq artistinin iti ilə rəftarım onun xoşuna gəlməmişdi”

"Mədəniyyət” qəzetinin yazarı Həmidə Nizamiqızı deyir ki, sənət adamlarının özünəməxsus ədaları olur ki, bu da qəbulediləndir: "Biz jurnalistlərin əlçatan müsahibləri olduğu kimi, əlçatmayan müsahibləri də var. Sənətdə olan, sözünü deyən və öz şəxsiyyətini ön plana çəkən istənilən müsahibin kaprizini çəkməyə hazıram. Zaman-zaman əlçatmaz, kaprizli dediyimiz elə səntkarlar var ki, daha sonra onların gözəl, mehriban insan olduqlarının şahidi olmuşuq. Sənət adamlarının, kənardan necə görünməsindən asılı olmayaraq, daxillərində bir sənət eşqi var. Bu sənət eşqinə görə onların bütün kaprizlərini götürməyə dəyər”.
Həmkarımız bizimlə söhbətində başına gələn hadisələrdən də danışdı: "Bir dəfə rejissor Şamil Əliyevin "Çölçü” filmi ilə bağlı onunla müsahibə etmişdim. Filmdə istedadlı aktyorumuz Vidadi Həsənov da rol almışdı. Rejissor müsahibə əsnasında bildirmişdi ki, səhv etmirəmsə, Vidadi Həsənov əməkdar artistdir. Mən də heç bir axtarış etmədən, rejissorun məlumatına arxayın olaraq Vidadi Həsənovu əməkdar artist kimi qeyd etdim. Qəzet çıxdıqdan sonra redaksiyaya zəng gəldi. V.Həsənov mənimlə salamlaşıb dedi ki, "sizə kim ixtiyar verib, dövlətin mənə vermədiyi fəxri adı siz mənə verəsiniz?” Həmin an çox pis vəziyyətə düşdüm və vəziyyəti yumşaltmaq üçün dedim ki, siz bizim üçün nəinki əməkdar, hətta xalq artistisiniz. Ondan çox qısa müddət sonra Vidadi Həsənova fəxri ad verildi və mən ona zəng edib, sənətkarımızı təbrik etdim.
Bundan başqa, xalq artistlərimiz Fidan və Xuraman Qasımova bacılarının evinə müsahibəyə getmişdim. Mənim heyvanlara qarşı allergiyam olduğundan, onların iti üzərimə gəldikdə, heyvanı üzərimdən kənarlaşdırdım. Bu onların xoşlarına gəlməmişdi. Fidan xanım müsahibə boyu mənimlə həmin ab-havada oldu. Onun iti ilə rəftarım xoşuna gəlməmişdi deyə, mənimlə soyuq davranırdı”.
Həmidə jurnalistlərin bir qisminin müsahiblərinin yaradıcılığı ilə tam tanış olmadan müsahibəyə getdiklərini və belə olan halda müsahiblərin media nümayəndələrinin hamısını qeyri-peşəkarlıqda ittiham etdiklərini bildirdi: "Bir dəfə xalq artistimiz Bəxtiyar Xanızadə ilə bir məsələ ilə bağlı fikirlərimiz üst-üstə düşmədi. O mənə dedi ki, jurnalist təhlil etməməlidir. Məndən əvvəlki media nümayəndəsi ilə problem yaşadığı üçün bunun mənimlə də olacağını düşünürdü.
Bugünə qədər mənim üçün ən çətin və kaprizli müsahib xalq artistimiz Səfurə İbrahimova olub. Azərbaycanda yeganə jurnalist mən idim ki, ilk dəfə onu 2006-cı ildə tapdım. 3 həftə mənzil-kommunal təsərrüfatı birliyinə ayaq döydüm, 3 gün onun blokunda yatdım. Evində olarkən dəhşətli dərəcədə sarsıntı keçirdim. Aylarla işıq üzü görməyən bir evdə kimsənin girmədiyi bərbad vəziyyət mövcud idi. Mənim üçün ən təsirli, əlçatmaz müsahib o idi. Çünki onu heç kim tapa və ünsiyyət qura bilmirdi. İndiyə qədər mənimçün ən kaprizli sənətkarlarlardan biri də Elmira Rəhimova olub. Hətta özü telefonu qaldırıb mənə deyib ki, sizinlə danışan onun bacısıdır. Məni geri çevirmək üçün bacısının adından danışıb”.

"Həmin günlər özümü bəlkə də öldürmək həddində idim”

Azərbaycan Dövlət Televiziyasının "Mədəniyyət xəbərləri” redaksiyasının müxbiri, yazıçı-publisist Ülviyyə Heydərova deyir ki, o, sənət adamlarının kaprizlərindən daha çox onların tələbkarlıqları ilə rastlaşıb: "Sizinlə bir xatirəmi paylaşmaq istərdim. 2008-ci ilin sentyabr ayında o zaman çalışdığım "Pəncərə” jurnalı üçün material hazırlayırdım. Jurnalımızın "Üzbəüz Pəncərə” rubrikası üçün xalq artistləri Fuad Poladov və Şükufə Yusubovanın söhbətlərini yazmalı oldum. Mövzu tərəf müqabilləri idi. Deyim ki, o zaman yazıda bir az naşı idim. Yazını hazırladım. Qaydaya uyğun olaraq yazını hər iki sənətkara göndərdim. Fuad müəllim bir kəlmə yazdı ki, mən bu yazının getməsinə etiraz edirəm. Şükufə xanım isə məni Hökumət Evinə çağırdı. Soruşdu ki, mənin ali təhsilim varmı? Yazı yaza bilirəmmi? Həmin günlər özümü bəlkə də öldürmək həddində idim. Yazı isə getməli idi. Şükufə xanım uzun sürən danlama prosesindən sonra yazıya xırda düzəliş etdi. Sonra razılıq verdi. Əsl sənətkarlarla işləməyin necə olduğunu o zaman anladım. Qəribədir ki, məhz o görüşdən, o yazıdan sonra hər iki sənətkarla gözəl ünsiyyətim yarandı. Şükufə xanım indi mənə anam qədər doğmadır. Yaradıcı işim olanda ilk xeyir-duanı ondan alıram. Fuad müəllim də mənə doğma, əziz idi. Qəbri nurla dolsun!”
"Bakı xəbər” qəzetinin mədəniyyət yazarı İradə Sarıyeva da deyir ki, bugünə qədər çox müsahibi ilə mübahisələri olub, bəzən aralarında anlaşılmazlıqlar da yaşayıb. Onlardan birini bizimlə birlikdə xatırlayır: "Bir dəfə rəhmətlik xalq artisti Baba Mahmudoğlu ilə anlaşılmazlığımız olub. Daha doğrusu, o mənə müsahibə verib və sonra da dediyi fikirləri inkar edib. Hətta məni işdən çıxartdırmaqla da hədələyirdi. Ancaq sonra mən diktofondakı səsini ona təqdim etmişəm və deyib ki, qızım, bağışla, sənət adamları hədsiz dərəcədə çılğın olur, mən demişdim, gərək sən yazmayaydın... Onunla sonradan münasibətlərimiz bərpa olundu. Hətta rəhmətlik vəfatından bir neçə gün əvvəl mənə zəng vurub vəziyyəti ilə bağlı məlumat da verdi. Qısa vaxtdan sonra o, vəfat etdi. Çox dərin adam idi, savadlı bilikli, intellektli”.
"Cılız kaprizlər insanı çox ucuzlaşdırır”

Tanınmış şou müxbiri Tahirə Məmmədqızı sənət adamlarının ən tanınmışından tutmuş, sənətə yeni gələnlərinədək bir çoxunun kaprizlərinin mövcud olduğunu deyir: "Sadəcə, təcrübəli və bir qədər intellektual səviyyəsi yüksək olan şou-biznes nümayəndələri öz kaprizlərini daha səviyyəli şəkildə nümayiş etdirirlər. Hərəkətləri o anlama gəlir ki, "mənə hörmət edin”. Onlar kaprizləri ilə bizdən həmin hörməti tələb edirlər. Bəzilərində isə ulduz xəstəliyi olduğu üçün o qədər cılız kaprizləri olur ki, kənardan gülünc görünür. Mən yaxşı mənada Faiq Ağayev, Nura Surinin kaprizlərini çox bəyənirəm. Bu, özünə hörməti tələb etməkdir. Onların standartları var və bu standartlardan çıxmamaq şərti ilə müsahibə də almaq, ünsiyyət də qurmaq, tənqid də etmək olur. Elə sənətçilər var ki, sənətə dünən gəliblər, ancaq çox kaprizlidirlər. Misal üçün, Günay İbrahimlinin mətbuatla o qədər də əlaqəsi yoxdur. Onunla şəxsən çox yaxşı münasibətim var. Tanımadığı jurnalistlərlə ünsiyyət qurmur. Ən azı, onunla söhbət etmək üçün arada bir vasitəçi olmalıdır. Klip çəkilişlərində də mən bu sənətçilərin kaprizləri ilə çox rastlaşmışam. Rejissor klipi çəkəndə onun öz baxışı olur. Ancaq müğənni kapriz edib deyir ki, bu kadrda bunu geyinməliyəm və yaxud da mənim saçım daha qabarıq görünməlidir. Bəzən müğənnilərin o qədər cılız kaprizlərini görürük ki, o insanı çox ucuzlaşdırır”.
T.Məmmədqızı deyir ki, bir az təcrübəsi və intellekt səviyyəsi olan insan bilir ki, kimin qarşısında kapriz edir: "Şəxsi münasibətlərimin olduğu müğənni məndən xahiş edirsə ki bunu yazma, hörmət əlaməti olaraq onu qeyd etmirəm, ancaq kobud şəkildə desə ki, bunu belə yaz, mən bildiyimi edərəm. "Sən kimsən bunu yazırsan?” və ya "bunu bu cür yazma” kimi müraciət edirlərsə, mən bunun tam əksini edirəm”.

Mədəniyyət yazarı deyir ki, onun üçün insanın sənətindən əvvəl şəxsiyyəti gəlir: "Ən böyük sənətkarın belə insanlığı yoxdursa, mənimçün böyük mənada şəxsiyyət deyil. Elə müğənni var ki, bu sənətə təzə addım atır, ancaq onun xahişini nəzərə alıram. Amma əgər mənə inadən kapriz göstərir, səbr kasamı doldururlarsa, o zaman təhlükəli jurnalistə çevrilirəm”.
"Sənət adamları ilə aramızda daim pərdə saxlamışam”

Müsavat.com saytının şou müxbiri Könül İbrahim isə deyir ki, tanınmış simaların kaprizli olduğu haqda məlumatlar eşitsə də, o hər hansı sənət adamının kaprizilə qarşılaşmayıb: "6 illik fəaliyyətim ərzində daim sənət adamları ilə aramızda olan pərdəni saxlamışam. Bəziləri başlıqlara etirazını bildirib və fikirlərini bəzi jurnalistlər təhrif etdiyinə görə müsahibə verməkdən boyun qaçırıb. Onlarla da başlığı razılaşdıracağımıza, müsahibəni yayımlamadan öncə onlara göndərəcəyimə söz vermişəm və alınıb.
Bir dəfə tədbirlərin birində Aygün Kazımova açıq hava konsertinə gələndə jurnalistləri çadırdan çıxartdırdı. Onun bu addımı xoşuma gəlməmişdi, bu haqda jurnalistlər də çalışdıqları media orqanlarında yazmışdı. Sonra məsələ yoluna qoyuldu. Bugünə qədər xüsusi kapriz göstərən müğənni ilə qarşılaşmamışam”.

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər