• çərşənbə axşamı, 16 aprel, 18:30
  • Baku Bakı 18°C

«Mənə elə gəlir ki, Eldar Namazovu Əli İnsanov maliyyələşdirir»

27.08.13 08:16 1599
«Mənə elə gəlir ki, Eldar Namazovu Əli İnsanov maliyyələşdirir»
«Onlar pulunu alıb sonra Rüstəm İbrahimbəyovu aldatdılar. Mitinq üçün pul alıb müəyyən hissəsinə özləri üçün sərf etdilər» - bu fikirləri "El" hərəkatının Ali Məclisinin sabiq müavini Əflan İbrahimovun Publika.Az-a müsahibəsində bildirib.
O, daha sonra deyib: «Görün nə vəziyyətə qalıblar ki, Eldar Namazov mənə deyir ki, sənin Milli Şuraya salınmağına Əli Kərimli razı olmadı. Axı necə olur ki, 13 nəfər üzv olur, ancaq bir nəfər mən qalıram. Məni maraqlandıran odur ki, ay Eldar Namazov. Axırda mən məcbur olub qapı-qapı düşüb 42 nəfərin imzasını topladım. Amma ayın 26-da mən Milli Şuraya düşəcəkdim, ancaq bütün baş verən bu haqsızlığa dözməyib həmin günü bəyanat verdim. «El» hərəkatının iclası zamanı bəyanatımda da göstərdim ki, mən bundan sonra İlham Əliyevə dəstək verəcəm. İclasda oturan şəxslərdən heç kəs dinmədi. Sonra bir xanım jurnalist mənə sual verdi ki, axı siz onu necə dəstəkləyəcəksiz? Axı sizin heç bir təşkilatın və ya partiyanız yoxdur. Mən də ona cavab verdim ki, 2002-ci ildə mən Şirvan şəhərindən deputatlığa namizəd olmuşam və yaxşı da səs toplamışam. Dedim ki, Şirvan şəhərinin camaatının da 70-80 faizi Şamaxı camaatıdır. Salyan, Şirvan, Hacıqabul rayonlarının camaatının əksəriyyəti Şamaxıdan gələnlər olduğu üçün məni yaxşı tanıyırlar və mənə hörmət bəsləyirlər. Mən onlara müraciət edəcəm ki, ey mənim yerlilərim, dostlarım və qohumlarım, hamınız prezident seçkilərində İlham Heydər oğlu Əliyevi dəstəkləyin və ona səs verərsiniz».
Ə.İbrahimov bildirib artıq "El" hərəkatının 7 rayon təşkilatının sədrləri ona görə istefa veriblər: «Eldəniz deyir ki, guya məni Eynulla əlində oynadır. Adama sual verərlər ay Eldəniz, bəs səni kim əlində oynadır? Bir “papkası”, bir də özü olan Eldar Namazov? Heç olmasa əvvəllər rejissor və Ziyalılar Hərəkatının sədri idin. Ay Eldəniz müəllim bəs indi sənin oynadan kimdir? Mən Eldəniz Quliyevin özünə də dəfələrlə demişəm ki, qoy Eldar Namazovla Əli Kərimli mənə cavab versinlər. Axı nə üçün “yuyulmamış çömçə” kimi özünü ortaya atırsan? Buradan Eldar Namazovla Əli Kərimliyə müraciət edirəm ki, mənə siz özünüz cavab verin. Sizlər Azərbaycanda iğtişaş yaratmaq, dövlətçiliyə və İlham Əliyevə qarşı çıxmaq istəyirsiniz. İstəyirəm ki, mənim bu ittihamlarıma Əli Kərimli və Eldar Namazov özü cavab versin. Yoxsa, Eldəniz Quliyev özünü ortalığa atmasın.
Mən Milli Şuraya düşməmişəm, mən baxıb görmüşəm ki, siz Eldar Namazov ilə Cəmil Həsənlini dəstəkləyirsiz. Mən də sizə etiraz olaraq bu təşkilatdan getmişəm və İlham Əliyevə dəstək verəcəyimi bəyan etmişəm. İndi ay Eldəniz Quliyev, burada nə başqa söhbət ola bilər? Ağsaqqal kişisən, ancaq ağzına gələni danışırsan. Məni hamı respublikada kişi və mərd adam kimi tanıyır. Mən də sənə mərdi-mərdanə sual verirəm ki, məni oradan narazı salan səbəbləri siz yaxşı bilirsiz.
Sən Eldəniz Quliyev o vaxtı gəlib mənə dedin ki, Eldar Namazov deyir ki, Milli Şuranı Soros Fondu maliyyələşdirəcək. Soros Fondu da dünyada dövlət çevrilişləri ilə məşğul olur. İndi necə olur ki, deyir ki, guya Rüstəm müəllimin maaşı ilə maliyyələşəcək. Lap deyəlim ki, Rüstəm müəllimin maaşı ilə maliyyələşəcək. Axı bu nə oyundur o kişinin başına açırsız? Yazığı bezdirdiniz, o da oyundan çıxdı. Rüstəm müəllim şəxsən mənə dedi ki, mən oyundan çıxmışam. Mən də ayın 21-də Eldar Namazovu buna görə ittiham etdim.
Mənə elə gəlir ki, Eldar Namazovu Əli İnsanov maliyyələşdirir. Mən bununla bağlı bir neçə şübhəli məqamlara rast gəlmişəm. Eldar Namazov Milli Şuranın mitinqi günü dedi ki, Əli İnsanov Milli Şuranı və Rüstəm İbrahimbəyovu dəstəkləyir, ancaq onun plakatının mitinqə çıxarılmasına bəzi adamlar icazə vermirlər. Mən də sual verdim ki, kim icazə vermir? O da dedi ki, AXCP-dən Asəf Quliyev icazə vermir. Sonra Eldar Namazov hətta “Azadlıq” qəzetinin səhifəsində siyasi məhbusların siyahısına Əli İnsanovun da adının salınmasını tələb etdiyini dedi. Başqa faktlar da var, onları da məqamı çatanda söyləyəcəm».
banner

Oxşar Xəbərlər