AZE | RUS | ENG |


“Mənə bir şapalaq vurdu, burnumdan qan açıldı” - Keçmişdəki mən

“Mənə bir şapalaq vurdu, burnumdan qan açıldı” - Keçmişdəki mən
Məzahir Süleymanov: “Hər kəs öz sevdiyi peşədə çalışsa, mütləq nəsə alınacaq”

Uşaqlıq, gənclik illərinin çətin keçdiyini deyir. Amma eyni zamanda bildirir ki, bütün çətinliklərə dözmək, səbirli, təmkinli olmaq, öz işini sevmək lazımdır. O, 73 illik həyat yolunda məhz bu prinsipi əsas tutub, indi isə heç də peşman deyil. Müsahibimiz uzun illər Sumqayıt Dövlət Dram Teatrında çalışan, hazırda təqaüddə olan xalq artisti Məzahir Süleymanovdur. Səhnəyə qədəm qoyduğu ilk vaxtlardan rejissorların diqqətini cəlb edən, hər zaman teatr repertuarının ağırlığını daşıyan əsas aktyorlardan olan M.Süleymanovla bu dəfə teatrdan, oynadığı rollardan deyil, keçmişindən, gənclik illərindən danışdıq.
 
"Uşaqlıq dövrü hər halı ilə gözəldir”

Uşaqlıq illərindən danışanda, deyir ki, kənddə keçən o illər gözü önünə gəlir. Kənd uşaqları necə, o da elə: "1944-cü il yanvar ayının 29-da Zərdab rayonunun Məmmədqasımlı kəndində doğulmuşam. Lakin bizim öz kəndimiz Yuxarı Seyidlər adlanırdı. Məmmədqasımlı kəndinə atamın işinə görə müvəqqəti köçmüşdük. Kənd uşaqlarının uşaqlığı necə keçirsə, məndə də elə olub. Bəlkə də tam ifadə etmək mümkün olmasın, amma uşaqlıq dövrü hər halı ilə gözəldir. Məktəb illərimiz yadımdadır. İbtidai sinfi öz kəndimizdə oxusam da, yuxarı siniflər üçün təhsil bizim kənddəki məktəbdə yox idi. Bunun üçün arada 7 kilometr məsafə olan qonşu Bıçaqçı kəndinə gedirdik. İndiki kimi nəqliyyat da olmurdu, piyada getməyə məcbur olurduq. O məsafəni yayda piyada gedib-gəlməyimiz mümkün olsa da, qışda alınmırdı. Ona görə də, həftəlik azuqəmizi yığıb həmin kənddə qalır, məktəbə gedirdik. Uşaqlıq illərimdən ən çox çətinliklər yadımdadır. 10 yaşım olanda ev tikməyimizi unutmuram. Bir usta çağırmışdıq, amma qalan işləri ailəlikcə görürdük. Mən də gücü çatan qədər işləyirdim, o qədər yorulurdum ki, tikinti gedən yerdə başımı qoyub yatırdım”.
 
"Əsgərliyim maraqlı keçib”

Bakıya ilk gəlişi ali təhsil almaq üçün olur. Lakin ilk cəhdi uğursuz olur, buna görə də, peşə təhsilinə yönəlir və bir müddət bu istiqamətdə çalışır: "Orta məktəbi bitirəndən sonra sənədlərimi Xarici Dillər İnstitutuna (indiki Azərbaycan Dillər Universiteti) verdim. Amma ikinci imtahandan kəsildim, sonra sənədlərimi texniki peşə məktəbinə verdim.  İki il oxuyub, çilingər peşəsinə yiyələndim. Bu təhsilimlə əlaqəli bir çox yerlərdə işlədim. Amma institutda oxumaq, aktyor olmaq istəyimi arxa plana atmaq istəmədim. Bakıya gəldim və sənədlərimi İncəsənət İnstitutunun (hazırkı Mədəniyyət və İncəsənət Universiteti) "Dram və kino aktyoru" fakültəsinə verdim və daxil oldum”.

Bir il təhsil alandan sonra isə hərbi xidmətə çağırılır. Nə az, nə çox, 4 il Həştərxan şəhərində hərbi xidmətdə olur: "1963-67-ci illərdə Hərbi Dəniz Donanmasında qulluq etmişəm. Hərbi xidmətin müddətinin uzun olması o vaxtın qanunu idi. Çətin də olsa, qulluğumu başa vurmalıydım. Müddət uzun, çətinliklər çox olsa da, əsgərliyim maraqlı keçib, Hərbi Dəniz Donanmasında qulluq etmək maraqlı oldu”.

"Komandirimizi suda batmaqdan xilas etmişdim”

Kişilərin hərbi xidmət hekayələri bitmir. M.Süleymanovun da 4 il ərzində maraqlı xatirələri olub. Onlardan ən çox yadında qalanlarından biri komandirinin həyatını xilas etməsidir: "Bir dəfə öz komandirimizi suda batmaqdan xilas etmişdim, onu unutmuram. Deməli, bir dəfə biz dalğıc aparatını sınaqdan keçirirdik. Bir qurğu var, onun üstündə dayanmışdıq. Komandirimiz dalğıc aparatını geyinib suya düşdü. Mən də sınağın necə olacağını diqqətlə izləyirdim. Amma birdən gördüm ki, nə sınaq, komandir suyun altında hərəkətsiz qalıb. Və onu sudan çıxardım. Suda huşunu itiribmiş, vaxtında yardım etdik deyə, özünə gəldi”.
 
Hərbi xidmət dövrünün davalarında o da iştirakçı olub. Bununla bağlı bir xatirəsini də bizimlə bölüşdü: "Köhnə və yeni əsgərlər arasında davalar daha çox olur. Yeni gedəndə mənim də köhnələrlə davalarım olurdu. Deməli, gəmidə belə idi ki, yeməklərimizi özümüz hazırlayırdıq, qablarımızı növbə ilə yuyurduq. Mən yeni getmişdim, gülərin birində növbə Ukraynadan olan yaşlı əsgərlərdən birində idi. Amma o qabları yumaqdan imtina etdi. Bir neçə dəfə onu çağırıb, qabları yumalı olduğunu xatırlatdım, amma gəlmədi. Axırıncı dəfə kobud şəkildə çağırdım. O da qalxıb gəldi. Elə bildim qabları yumağa gəlir, amma yaxınlaşıb mənə bir şapalaq vurdu, burnumdan qan açıldı. Təbii ki qayda-qanun vardı və o, cəzasını aldı. Amma sonra zaman keçdi və mən köhnənin əsgəri oldum, Bosman vəzifəsinə keçdim, yeni əsgərlər mənim rəhbərliyim altında işlədilər”.

"Maraqlı, yaddaqalan gənclik illərim olduğunu deyə bilmərəm”

Hərbi xidmətdən qayıdandan sonra təhsilini davam etdirir. Amma həm oxuyur, həm də maddi cəhətdən özünü təmin etmək üçün işləyir. Sonra tələbə ikən ailə də qurur deyə, məsuliyyəti daha da çoxalır: "Axşam növbəsində oxuyurdum, həm də zavodlarda çilingər işləyirdim. Oxuya-oxuya işləmək tələbə üçün elə də asan deyildi, üstəlik, tələbəlik illərində ailə qurdum, onun məsuliyyətini də çəkmək lazım idi. Zamanını dərs oxuyub, əylənməklə keçirən tələbələrdən olmamışam. Maraqlı, yaddaqalan gənclik illərimin olduğunu deyə bilmərəm. İşləri, problemləri həll etmək üçün çalışmışam, o illər də gəlib-keçib”.

Aktyor olaraq fəaliyyətə institutu bitirəndən sonra başlayır: "İnstitutu bitirəndən sonra təyinatla Naxçıvan teatrına göndərdilər. Amma səhər Naxçıvana düşdüm, axşam geri qayıtdım. Teatrda heç kim yox idi, hamı qastrola getmişdi. Sonra Sumqayıt teatrına gedib, öz təşəbbüsümlə işə düzəlmək istədiyimi bildirdim. Bəzi nüanslar oldu, ilk olaraq məni işə götürmək istəmədiklərini bildirdilər. Amma sonra götürdülər. 1972-ci ildən orda işləməyə başladım. 2014-cü ildə 70 yaşında  təqaüdə çıxana qədər orda çalışdım”.

"Hansı işdən yapışdımsa, gərək ən yaxşı olum”

Ömrünün 42 ilini teatra verib. Teatrdakı maaşların az olduğu zamanda belə, bu, onun işinə həvəsini öldürməyib. Çünki ömrünü sevdiyi işə həsr edib: "Az məvaciblə çalışmaq çətin olurdu, amma xarakterimdə şikayət etmək yoxdur. Heç vaxt kiməsə şikayət etməmişəm ki, çətin yaşayıram və s. Şikayətlənmək lazım deyil, hər şey düzələcək, səbir etmək lazımdır. İşə can yandıran adam olduğuma, obrazlar üzərində ciddi işlədiyimə görə, teatrda işlərim yaxşı gedirdi. Bu, həm də mənin xarakterimdən irəli gələn məsələdir. Hansı işdən yapışdımsa, gərək ən yaxşı olum. Ortabab olmağı heç vaxt istəməmişəm. Hər zaman seçilməyə çalışmışam. Görünür, xarakterimdən irəli gələn bu xüsusiyyət işimdə də inkişaf etməyimə, irəli getməyimə kömək edib. Düzdür, gec oldu, amma əməkdar, xalq artisti adı da verildi. 5-6 dəfə Prezident mükafatına layiq görülmüşəm”.

"Hər kəs öz sevdiyi peşədə çalışsa, mütləq nəsə alınacaq”

Deyir ki, zamanı geri qaytarmaq mümkün olsa, yalnız bir şeyi dəyişmək istəyərdi: "Aktyor kimi fəaliyyətimdən narazılığım yoxdur. Amma indiki ağlım o vaxt olsaydı, paytaxt teatrlarında çalışmağa can atardım. Əyalət teatrlarında işləmək ikiqat çətindir. Çətin olmaqla yanaşı, gözdən uzaqda olursan. Çox şeylərdən uzaq düşürsən”.

M.Süleymanovun gənclərə məsləhəti isə bunlar oldu: "Hansı işi görürlərsə, mütləq sevə-sevə görsünlər. Olduqları sahədə inkişaf etmək, yüksəlmək üçün daim  çalışsınlar. Bunun başqa yolu yoxdur. Hər kəs öz sevdiyi peşədə çalışsa, mütləq nəsə alınacaq. Bütün çətinliklərə dözmək, səbirli, təmkinli olmaq, öz işini sevmək lazımdır. Sözdə yox, əməldə sevmək lazımdır. Bu sevgini isə öz işində əməlinlə təsdiq etməlisən”.
 
Aygün Asimqızı
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6866
GBP 1 İngilis funt sterlinqi 2.2982
TRY 1 Türk lirəsi 0.4878
KWD 1 Küveyt dinarı 5.6436
SEK 1 İsveç kronu 0.2140
EUR 1 Avro 2.0421
CHF 1 İsveçrə frankı 1.7693
USD 1 ABŞ dolları 1.7007