AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Mənə bir şans verin, alınmasa, ora bir də üzümü döndərmərəm...

Mənə bir şans verin, alınmasa, ora bir də üzümü döndərmərəm...

Mədəniyyət
14 Mart 2013, 13:41 1907
«Bəri başdan deyirəm, heç kimi tənqid etməyəcəyəm. Bir dəfə tənqid etmişdim aləm bir-birinə qarışdı. Demişdim ki, əvvəllər Yazıçılar İttifaqının qabağından keçəndə oradan Səməd Vurğun çıxırdı, indi biz oradan fit çala-çala keçirik. Bir də demişdim ki, müasir dramaturgiya yoxdur. Buna görə hətta iki nəfər xalq yazıçısı mənə zəng edib incikliklərini bildirdilər. Sonra bütün qapılar üzümə bağlandı. Danışanda da, hamı mənlə düşmən olur».

Xalq artisti, tanınmış rejissor Ağakişi Kazımovla müsahibəmiz bu sözlərlə başladı. Özünə “düşmən” qazanmaqdan ehtiyat edən rejissorun bəzi fikirləri “qızım sənə deyirəm, gəlinim sən eşit” məsəli kimi səsləndi.

Bir az gözümüz yoldadır

- Bu il Azərbaycan teatrının 140 illik yubileyidir. Real mənzərə nə vəd edir?


- Son zamanlar mənə elə ümid gəlib ki, Azərbaycan teatrı yaxşılığa doğru dəyişib. Çünki dünyanın hər yerindən rejissorlar dəvət edirlər. O rejissorların tamaşalarına baxmaq üçün tamaşaçıları cəlb etmək yaxşı yoldur. Ölkə başçısının Azərbaycan teatrının inkişafı barədə sərəncamı da var. Mədəniyyət və Turizm Nazirliyi bütün imkanlarını teatrlarımızın və mədəniyyət məkanlarımızın inkişafına yönəldib və bunlar da çox gözəl nəticə verir. Ona görə də məndə belə bir fikir yaranıb ki, Azərbaycan teatrının gələcəyi parlaq olacaq. Təsəvvür edin, hər bir teatr öz tamaşaçısını tapmaq üçün müxtəlif variantlar axtarıb tapır. İnsanlara uşaqlıqdan teatrı sevdirmək lazımdır. Çünki uşaqlar tamaşaları görməsələr, heyran olmasalar yaşa dolduqca bu heyranlığı başa düşməyəcəklər. Ona görə indi teatrlarımızın çoxunda bəzən tamaşaçı az olur. Çox vaxt maraqlı bir tamaşa zamanı zala istənilən qədər adam gəlmir. Bu ona görə deyil ki, teatr zəif işləyir. Ona görədir ki, 1990-cı ildən bu günlərə qədər məktəblilərin teatrlara gəlməklərinə şərait yaratmırlar. Bundan əlavə, həm ermənilərlə müharibə, həm Dağlıq Qarabağın əldən getməsi – hamısı bir-birinə qarışdı və adamlarda qəribə bir yadlaşma əmələ gəldi. İnsanların başı dolanışığa, müharibədən gələn bəd xəbərlərə qarışdı. Mən belə deyirəm: zəmanə Azərbaycan xalqının teatra olan məhəbbətini tərgitdi. Keçən istirahət günü gənclər Fontanlar bağına mitinqə yığışmışdı. Bu, düzgün iş deyil. O uşaqların hamısını yığıb “heç olmasa, bir teatrda olmusunuzmu?” deyə soruşsan, inanın ki, deyəcəklər «yox». Axı teatr ta qədimdən məbəddir, mədəniyyət ocağıdır. Bu yaxınlarda məndən soruşdular ki, «Vaqif» əsərini tamaşaya qoymaq olar, ya yox? Dedim ki, olar. Hətta, məni də dəvət etdilər. Vaqif Səmədoğlu razı olmadı və düzgün də elədi. Çünki vaxtilə o tamaşalar o qədər dərin, mənalı şəkildə və o qədər istedadlı rejissor və aktyorların vasitəsilə səhnədə canlandırılıb ki, indiyə qədər hətta, o tamaşanı görməyənlər belə «Vaqif»i əzbər bilirlər. Buna görə də tamaşaçı teatrla hansı formadasa qaynayıb-qarışmalıdır. Bunun yolunu teatrın rəhbərləri tapmalıdırlar. Digər tərəfdən, hörmət etdiyim Elçin və Anar müəllim, Əli Əmirli, Firuz Mustafa – hər biri heç olmasa, ildə bir dəfə Azərbaycan teatrı üçün maraqlı bir əsər yazsınlar. Elçin müəllim yazır, dərhal da bütün teatrlar xəbər tutur. Xüsusən də Rus Dram Teatrı əsəri əldə edib tamaşaya qoyurlar. Ya da əsər əsasında film çəkirlər. Qalanları isə pyes yazmırlar. Arzum budur ki, hörmətli qələm sahiblərimiz teatr üçün pyes yazsınlar.

- Belə fikirlər də var ki, teatrları klassik əsərlər xilas edəcək.

- Teatrları müasir əsərlər xilas edəcək. Bunu 78 yaşlı, 62 il teatrda təcrübəsi olan bir insan deyir. Teatrı həmişə müasir əsər xilas edir. Müasir əsər o demək deyil ki, onun mövzusu da müasir olsun. O əsərdir ki, onu müasir dramaturq yazsın. Azərbaycan teatrı elə müasir dramaturqların üzərində dayanmışdı. Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Hüseyn Caviddən bəri Mehdi Hüseyn, Səməd Vurğun, Süleyman Rüstəm, daha sonra İlyas Əfəndiyev və başqalarının əsərləri ilə dayanmışdı. Onlar hansı mövzuda yazırlar yazsınlar, həmin mövzular “müasir yazıçımızın gözü ilə” olduğu üçün tamaşaya hazırlayırdıq. İndi bizim bir az gözümüz yoldadır. Milli Teatr təmirdən qurtarandan sonra içi mən qarışıq rejissorların hamısına dedilər ki, «Sizin dəvət olunmağınız, teatrın daimi rejissoru kimi çalışmaqdan daha sərfəlidir». Amma il yarım keçib hələ ki, çağırmırlar. Eybi yoxdur, biz gözləyərik. Çağırarlar gedərik, çağırmazlar yox. Təki Azərbaycan teatrı inkişaf etsin. O teatra ki, məhəbbət var idi və mən onu görmüşəm, o hörmət, o məhəbbət yenidən tamaşaçılar tərəfindən teatra qaytarılsın.

Orijinal yox, yamsılama

- Bir az əvvəl dediniz ki, «Vaqif» əsərini səhnələşdirməyə razılıq olmadı. Səbəb nə idi?


- «Vaqif» əsəri romantik drama janrında yazılıb. Bu əsəri çox böyük bir şair yazıb və onu səhnələşdirməyə Ədil İsgəndərov kimi böyük bir rejissor kömək etmişdi. Tamaşada da böyük aktyorlar oynayırdı. Mən həmən tamaşanın iştirakçısıyam. 1952-ci ildən bəri o tamaşada 3-4 rol oynamışam. O tamaşanı 1980-ci ildə Milli Dram Teatrda bərpa etmişəm. Əgər rəhmətlik Ədil müəllim gəlib baxsaydı, deyərdi ki, bu, elə mənim hazırladığım tamaşadır. Amma burada incə bir məqam var: bir var Ələsgər Ələkbərov, bir də var ona oxşar aktyor. Bir var Sidqi Ruhulla, bir də var ona oxşar aktyor. Bir var Fatma Qədri, bir də var ona oxşar aktrisa. Oxşar adamların təbiəti, istedadı, gücü o aktyorlarla uyğun gəlmir. Digər tərəfdən, bir vaxtlar zəmanəsinin düz ürəyindən vuran tamaşanı ikinci dəfə bərpa edəndə gərək tamamilə başqa cür qurasan. Mən Vaqif Səmədoğluna dedim ki, icazə ver tamaşanı hazırlayım və onu qısaldacağam. O da dedi ki, tamaşanın bir vergülünə də toxunmaq olmaz. İnsanlar o qədər bu əsərin eşqi ilə yaşayıblar ki, hətta məndən 40 yaş cavan adamlar «Vaqif» əsərini əzbərdən bilir.

- Sizcə, müasir teatr nə deməkdir?

- Müasir teatr Azərbaycan xalqının müasir dərdlərini, müasir sevincini, müasir qələbələrini, müasir vəziyyətini, ümumiyyətlə, müasirlikdə hansı aura varsa, onu ədəbi, teatr dilində, parlaq, emosional şəkildə ifadə edə bilən teatr müasir teatrdır. Mən o rejissorun qarşısında diz çökəcəyəm ki, onların bizim teatrlara gətirdikləri üsul bugünkü günümüzü olduğu kimi təsvir etsin. Onda buna müasir teatr deyirlər. Müasir teatr müasir xalqın ifadəsidir. Teatr xalqın dərdlərini, ehtiyaclarını, sevincini əks etdirməlidir. Elə bir teatr varsa, biz onu müasir teatr adlandırırıq. Həmin müasir teatra da gərək müasir dramaturgiya gəlsin. Əgər dramaturgiya olmasa, biz onu necə tətbiq edə bilərik? Ona görə də biz çətinlikdə qalırıq. Mən heç rəssam, bəstəkar davası eləmirəm. Vaxtilə Qara Qarayev, Fikrət Əmirov kimi bəstəkarlar teatrlar üçün musiqi yazırdı. Fikrət Əmirov mənim hazırladığım «Aydın» tamaşası üçün elə bir musiqi yazmışdı ki, 1969-cu ildə tamaşa Kazanda keçirilən festivalda SSRİ üzrə birincilik qazandı. İndi Cavanşir Quliyev, Siyavuş Kərimi kimi bəstəkarlar yaxşı musiqi yaza bilirlər. Mən bunun dərdini çəkmirəm, mənim dərdim əsər dərdidir.

- Söz düşmüşkən, xaricdən rejissorların dəvət olunması da birmənalı qarşılanmır. Məsələn, fikirlər var ki, onlar bizim əsərlərimizi öz rejissorlarımız kimi duya bilməzlər.

- Xaricdən gələn rejissor dahi də ola bilər, ad-sanlı da. Ancaq indiyə qədər bura kim gəlibsə, onlar burada öz ölkələrində hazırladıqları tamaşaların surətini çıxarıblar. Bu isə orijinal yox, yamsılama olar. Ona görə bu fikirlərdə azacıq da olsa həqiqət var. Çünki tamaşanı səhnəyə qoyandan sonra gərək rejissor onu 2-3 ay izləsin. Mən İlyas Əfəndiyevin «Büllur sarayda» tamaşasını «Azdrama»da səhnələşdirəndə 3 ay dalbadal tamaşanı izlədim. 300-cü tamaşada yenə anşlaq idi. İlyas Əfəndiyev dedi ki, bunun səbəbi odur ki, sən hər tamaşanı izləyirsən. Tutaq ki, xaricdən bir rejissor gəlir. O, tamaşanı hazırlayıb çıxıb gedir. Tamaşa istər-istəməz laxlayır. Aktyor özündən söz artırır, dekorasiya cırılır yamağını düz vurmurlar və s. problemlər yaranır.

Vermirlər verməsinlər

- Siz həmçinin pedaqoji işlə məşğulsunuz. Nə üçün 4-5 il auditoriyada vaxt keçirən tələbələrin yalnız 2-3-ü sənət aləminə gəlir? Bəs qalanları?

- Bu, həqiqətdir. 140 ilin içərisində barmaqla saysaq rejissorlu, aktyorlu 30-40 istedadlı adam çıxmaz. İndi bunlar da istəyirlər ki, biz hər kursdan sidqilər, ələsgərlər, hökumətlər, fatmalar buraxaq. Bu, düzgün fikir deyil. Bir də görürsən ki, biri hərbi xidmətə getməmək üçün instituta gəlir. Biri ümumiyyətlə, oxumur, birinin istedadı çatmır və s. Bu, müəllimlərdən asılı deyil. Bir də bura gələnlər çıxıb səhnəyə oynamağı bacarmalıdır, yalnız kitab oxumaqla aktyor olmaq olmur. Bəzən görürsən ki, tələbənin zahiri görünüşü aktyorluğa tam uyğundur, ancaq ifadəliliyi yoxdur. Məcbur olub onu ayrı ixtisasa keçirirsən. Bilirsinizmi, insanlar uzun müddət teatrdan uzaq düşdüyündən çox vaxt bunun günahını institutda axtarırlar. Bu fikrin instituta aidiyyatı yoxdur.

- Teatrlarda hazırlanan tamaşalara yəqin ki, baxırsınız. Xoşunuza gələn və bəyənmədiyiniz nədir?

- Bunu deyə bilməyəcəyəm. Qane edəni də desəm, mənimlə düşmən olacaqlar, qane etməyəni də. Mən teatrlara adi bir tamaşaçı kimi gedirəm. Axı mənim əlimdə professor səlahiyyətimdən başqa ayrı bir şey yoxdur. Əgər mən yenə teatrda rejissor işləsəydim, onda deyərdim. İndi desəm, fikirləşəcəklər ki, paxıllıq edir, gözü götürmür.

- «Məni nə üçün çağırmırsınız?» - deyə heç teatr rəhbərlərinə müraciət etmisiniz?

- Mən ömrümdə bunu etməmişəm. Heç vaxt deməmişəm mənə niyə rol, tamaşa, orden və ya pul vermirsiniz? Görürlər verirlər, görmürlərsə yox. O zaman ulu öndər Heydər Əliyev mənim tamaşalarımın çoxuna baxdı. 57 yaşımda Əməkdar incəsənət xadimi, 60 yaşımda Xalq artisti, daha sonra ev, prezident təqaüdü verdilər. Hər halda mən hökumətin gözündə varam, olmasaydım, sadaladığım şeyləri mənə verməzdilər.

- Bəs çatışmayan nədir?

- Enerjim var, fikrim aydındır, teatrda məşq aparmaq üçün burnumun ucu göynəyir.

- Amma bunu verən yoxdur...

- Bunu mənə vermirlər. Eksperiment etmək, işləmək təşəbbüsünü məndən uzaqlaşdırdıqlarına görə narahatam. Gedib deməyəcəyəm ki, mənə niyə tamaşa vermirsiniz? Vermirlər verməsinlər.

- Sualım kobud səslənərsə, üzr istəyirəm: bəlkə sizin dəst-xəttinizi bəyənmirlər?

- Necə olur ki, indiyə qədər dəst-xəttim xoşlanılıb, teatra təzə rəhbərlik gələndən sonra bəyənilməyib. Almaniya, Kazan, Aşqabad və s. ölkələrdə tamaşalar qurmuşam. 120 teatr tamaşası, 30 televiziya tamaşası hazırlamışam. Ola bilsin ki, mən bir adamın xoşuna gəlmirəm. Sizin dediyiniz də ola bilər. Səmimi deyirəm, ola bilər. Kazanda da bu sualı mənə verdilər. Dedim ki, yəqin mənim sənətim mənə rəhbərlik edənlər üçün maraqlı deyil. Bundan artıq nə deyim? Dava etmək olmaz. Demişəm, mənə bir dəfə şans verin. Həmin tamaşa 50 dəfə anşlaq olmasa, daha o teatra üzümü döndərmərəm.

Təranə Məhərrəmova