• cümə axşamı, 28 mart, 14:50
  • Baku Bakı 16°C

“Mənə bir dəfə yox deyilsə, ikinci dəfə o qapını döymərəm” - Fotolar

19.04.17 10:00 4717
“Mənə bir dəfə yox deyilsə, ikinci dəfə o qapını döymərəm” - Fotolar
Xeyli vaxt idi ki, aktyor, şair Rəşad Kəsəmənli ilə görüşüb, ona uzun zamandır yığılıb qalan suallarımı vermək istəyirdim. Bir çox həmkarlarımın "o, hər adam müsahibə vermir” deməsi, açığı, məni bir qədər çəkindirirdi. Nəhayət, aktyorun "Facebook” səhifəsində yazışıb, müsahibə üçün gün təyin etdik. "Günəşim ol” serialının baş qəhrəmanı olan müsahibimi, filmin çəkilişləri Lənkəranda baş tutduğu üçün, Bakıda tapmaq bir qədər çətin oldu...
- Rəşad bəy, sizi ilk dəfə 15-16 il bundan əvvəl xalq artisti Nazpəri Dostəliyevanın "Mənim göz yaşımı görməyəcəksən” mahnısının klipində görmüşdük. O zaman internet indiki kimi yayılmamışdı. Bu klipə baxmaq üçün kasetlər alırdıq. Bu klipdən sonra siz daha çox gənc qızların sevimlisinə çevrildiniz. Bəlkə də bu qədər çox sevilməyiniz tipik Azərbaycan kişisi obrazına sahib olmağınızdan irəli gəlir.
- Azərbaycanlılar qadınlı-kişili çox yaraşıqlıdırlar. Sizi inandırım ki, dünyanın harasına gedirsiniz-gedin, bizim kişilərdən və xanımlardan yaraşıqlısını görməyəcəksiniz. Xanımların sevimlisinə gəldikdə isə, Azərbaycanda məndən qat-qat yaraşıqlı kişilər çoxdur. Ancaq sevilmək yaraşıqla bağlı olan bir şey deyil. Gərək insanın xarici görünüşü ilə xasiyyəti bir-birini tamamlasın. Baxırsan ki, o qədər yaraşıqlı insandır, ancaq danışanda, bütün yaraşığı yerlə-yeksan olur. Onda insan düşünür ki, kaş, elə şəkil kimi bu insana uzaqdan baxaydım. Ancaq elə insanlar da var ki, o qədər də yaraşıqlı deyil, amma xasiyyəti mükəmməldir. İndiki dövrdə insanların xasiyyəti ilə yaraşığının vəhdət təşkil etməsi çox çətin məsələdir. Bu da insanın qanından gəlir. Sima aktyoru bir yerə qədər aparır, ondan sonra gərəkdir ki, peşəkarlıq da öz sözünü desin. Ona görə də həyatda insan gərək özü kimi olsun.Deməyim odur ki, bəlkə də tamaşaçılar xasiyyətimlə simamım üst-üstə düşdüyünü görüb daha çox məni qəbul ediblər. Əvvəllər məni tanımayan insanlar deyirdilər ki, sən yekəxanasan. Ömrüm boyu yekəxana, özündən razı insanlara nifrət etmişəm. Düşdüyümüz cəmiyyətdə kimsə özünü dartıbsa, o insana qarşı hər zaman öz nifrətimi bildirmişəm. Məndə olmayan bir şey haqqında nəsə deyəndə, bu mənə əlbəttə ki, təsir edir. Ola bilər ki, kənardan hansısa təəssüratı yaradım.
- Aktyorluq sənətinə gəldiyiniz bu 16 ildə nələr dəyişib?
- O vaxt 1999-cu il idi. Əslində o mənim çəkildiyim ilk klipim deyildi. O zaman İncəsənət Universitetində "kino və dramaturq akyorluğu” fakültəsində oxuyurdum. Ancaq bu kliplə daha çox tanındım. O gündən bu günə çox şey dəyişə bilərdi. Bunun da günahı məndə deyil. Mən əlimdən gələni etmişəm və günü bu gün də edirəm. İndiki dövrdə qabağa getmək üçün çoxları özünü gözə soxmağa çalışır. Həyatım boyu bu vərdişdən uzaq olmuşam. Ancaq şahidi oldum ki, çox vaxt özünü gözə soxan insanlar uğur qazanır. Təəssüf ki, mən onu bacarmadım. Bu özü də bir istedaddır və bu istedaddan mənə pay düşməyib. Bu məsələdə mən tək deyiləm və mənim kimi bir sıra aktyorlar var ki, olması gərəkən yerdə deyillər.
- Bəlkə bu səbəbdəndir ki, sizi hazırda çəkilən filmlərdə görə bilmirik.
- Elədir. Bu gün Azərbaycanda filmə çəkilən, ancaq film sahəsinə heç bir aidiyyatı olmayan o qədər insanlar var ki... Sonra da qınamağa başlayırlar ki, Azərbaycanda film sahəsi inkişaf etmir. Etməz də. Bizdə o qədər istedadlı rejissorlar, aktyorlar var ki, ancaq bəzilərinin içində olan paxıllıq belələrini qabağa getməyə qoymur. Bir də ki, çoxları ancaq öz cibini güdür. Bu iki xüsusiyyət olmasa, əlbəttə ki, film sektorumuz çox inkişaf edər. Baxırsan ki, bir insan filmlərin birində hər hansı epizodik bir rola çəkilib. Sabahısı gün telekanallar onu aktyor və aktrisa kimi təqdim edirlər. Bu nə dərəcədə doğrudur? Bir filmdə iki dəfə çay aparıb-gətirməklə aktyor olmaq olmur axı. Bir də görürsən kim, yarışıqlı qızları gətirib filmə çəkirlər. Nə olsun ki, yaraşıqlıdır? Ancaq onun filmdəki mimikası, jesti, aktrisalıq qabiliyyəti sıfra bərabərdir.
- Dünya film sektorunda da modellərin film və seriallara çəkilməsi halları ilə dəfələrlə ratlaşmışıq.
- Həmin modelləri birbaşa olaraq filmə çəkmirlər. Onları bu yönümdə yetişdirirlər. Misal üçün, türk seriallarının qəhrəmanlarının çoxu aktyorluq ixtisasını bitirməyib. Ancaq onlara çox güclü kurs keçirlər. İki il dalbadal hər gün onların üzərində təlimlər keçirlər. Bununla belə, yenə də onlar ciddi aktyor kimi qəbul olunmur. Həmin aktyorlar ancaq büdcə toplamaq üçün nəzərdə tutulan filmlərdə iştirak edə bilirlər. Ancaq gəlin görək, xarici ölkələrdə festival keçiriləndə, onların çəkildiyi hansı filmi ora göndərir? Festival üçün çəkilən filmlərdə sırf aktyorlar iştirak edir.
- Rəşad bəy, siz hüquq fakültəsində ikinci kursa qədər oxuduqdan sonra təhsilinizdən imtina edib, könüllü surətdə əsgər getdiniz. Geriyə baxanda, heç peşmançılıq hissi keçirdinizmi?
- Həmin dövrə bir də qayıda bilsəydim, yenə də bu sənəti seçərdim. Bugünə qədər zərrə qədər də olsa tamaşaçılar arasında sevgi, hörmət qazanmışamsa, bu mənim üçün xoşbəxtlikdir. Əgər hüquq sahəsində davam etsəydim, düşünürəm ki, vəziyyətim bundan yaxşı olmayacaqdı. Məni tanıyan dostlarım da bilir ki, ədalət tərəfdarıyam. Düşünürəm ki, bu gün daha çox şey qazanmışam. Ancaq mənə qarşı olan insanların paxıllığını da, aqressiyasını da görürəm. Düzdür, antipatiya ola bilər, ancaq aqressiyanı görəndə, bunun nədər qaynaqlandığını bilmirəm.
- Sizi son zamanlar reytinqlərdə ön sıralarda olan "Günəşim ol” serialının baş rol ifaçısı kimi ekranlardan izləyirik. Necə oldu ki, uzun müddətdən sonra hər hansı serialda oynamaq üçün razılıq verdiniz?
- Mənə bu film təklifini filmin prodüsseri Yaşar Əhməd etdi. Açığı, bu serialı bir qədər müzakirə etdik, ssenariyə baxdım və gördüm ki, Kənan mənim oynaya biləcəyim bir obrazdır. Serialın rejissoru da mənim 25 illik dostum Şahin Qəhrəmandır. Onun istedadına bələd olduğum üçün razılıq verdim. Serialın əvvəllərində Kənan obrazı tam olaraq açılmamışdı. Aktyorun oynayacağı bəzi səhnələr var ki, bir yerə gəlib çatdıqdan sonra görürük ki, Kənan obrazı əslində mənfi roldur.
- Ancaq sizi hər zaman müsbət qəhrəman kimi görməyə alışmışıq.
- Açığını deyim ki, mən həmişə mənfi obraz canlandırmağın tərəfdarı olmuşam.
- Səbəb?
- Müsbət obraz yaratmaq aktyordan o qədər də məharət tələb etmir. Belə ki, bir az üzügülər olmaq, ssenariyə uyğun yaxşılıqlar etmək kifayətdir. Ancaq mənfi obrazda xəsislik, naxələflik, riyakarlıq, ikiüzlülük, bir sözlə, çox şey var. Bütün bunların hamısı da ayrı-ayrı mimikalardır. Bu rolu canlandıran aktyor öz üzərində işləməyə başlayır. Hərdən sosial şəbəkələrdə izləyicilər söyləyir ki, biz sizi bu obrazda görmək istəmirik. Onları da başa düşürəm.
- Kənan nişanlısını atıb, ucqar bir bölgəyə sevgisinin ardınca gedir. Bəs siz necə, sevginiz üçün Kənanın etdiklərini edərdinizmi?
- Kənan və Rəşad arasında yerlə göy qədər fərq var. Biz Kənanla tamam başqa adamlarıq. Şəxsən mən heç bir sevgiyə görə onun etdiklərini etməzdim. Mənim şəxsiyyət və şərəfim hər şeydən üstündür. Hansı sahədə olursa-olsun, mənə bir dəfə yox deyilsə, ikinci dəfə o qapını döyüb şərəfimi alçaltmaram. Əgər mən bir dostun evinə girərkən bilsəm ki, nə zamansa o evdə mənim istədiyim bir insan olub, o qapını heç vaxt açmaram. Ancaq Kənan bütün bunları edir. Kənan kimi insanlar indi cəmiyyətimizdə çoxdur.
- Bəzən seriallarımızı türk serialları ilə müqayisə edirlər və yerli kino industriyamızın bir qədər zəif olduğunu vurğulayırlar. Bu məsələyə münasibətiniz necədir?
- Türk filmləri ilə bizim yerli filmlərimizi müqayisə edən insanlara izah edə bilmirəm ki, hər şey kənardan göründüyü kimi deyil. Sizin alqışladığınız serilalların bir seriyası bizim pula 70-80 min manata başa gəlir. Bizim isə bir seriyamız maksimum iki minə çəkilir. Siz iki minlə 80 mini bir tutursunuz? Çox demirəm, bizim serialların bir seriyasına 20 min pul xərclənsə, görün onlardan da yaxşı film çəkə bilirik, yoxsa yox. Onlarda aktyor bəy balası kimi yaşayır. Bizim şəraitlə onların şərait bir deyil axı. 15-20 il bundan qabaq türklərin çəkdiyi seriallara baxsanız, gülərsiniz. Bizim indi çəkdiyimiz seriallar onlardan daha səviyyəlidir. O zamanlar Braziliya serialları daha məşhur idi. Ancaq türklər onlara baxmadı və öz gülməli dediyimiz filmlərinə baxdılar, baxdıqca da tamaşaçı topladılar. Sponsor da bildi ki, tamaşaçı bu filmə baxacaq və onun məhsulunu görəcək. Sponsor isə pul deməkdir, pul da keyfiyyət. Biz də isə əksinədir. Sponsor görür ki, filmin izləyicisi azdır, başlayır serialın pulunu azaltmağa. Siz bir dəfə öz filminizi dəstəkləyin, görün filmlərimiz necə inkişaf edir. Bu gün Azərbaycanda orta səviyyəli bir aktyoru Türkiyəyə aparıb bir seriala çəksəniz, görəcəksiniz ki, o nə qədər istedadlı imiş. Sadəcə onun özünü göstərməyə imkanı yoxdur, neyləsin. İstedada qalsa, bizim millət qədər istedadlısı yoxdur. Azərbaycan "Arxadan vurulan zərbə”ni, "Böyük dayağı”, "Onu bağışlamaq olarmı?” və sair kimi filmləri çəkəndə, türklər İbrahim Tatlısəsin, Bülənd Ərsoyun kommersiya xaratkerli filmlərini çəkirdilər. Müğənni filmin yarısını oxuyurdu, yarısını da yola verirdilər. Biz dünyaya film təqdim edəndə, türklər filmin nə olduğunu bilmirdilər.Halbuki türklər bu gün serial aləmində bir nömrədilər. Niyə? O da əzmkarlıqları və istedadları sayəsində. Bu gün də Azərbaycanın istedadlı gəncləri yetişir, hətta ondan artığı. Gərək tamaşaçı aktyorlarına dəstək versin. Onların maddi durumunu düzəltmək lazımdır.

- Türkiyədən söhbət düşmüşkən, eşitdik ki, gələn ay Türkiyədə "Altun Çinar” festivalında iştirak etmək üçün dəvət almısınız.
- May ayının 2-də Kayseri şəhərinə yollanıram. Yeganə azərbaycanlı aktyoram ki, həmin festivala dəvətliyəm. Təklif birbaşa həmin festivalın rəhbərliyi tərəfindən göndərildi. Onlar məni "Altun Çinar” festivalında görmək istədiklərini bildirdilər. Festival mayın 2-dən 6-na kimi baş tutacaq. Əslində mənim heç xəbərim yox idi. Özləri məni sosial şəbəkə vasitəsi ilə tapıb, belə bir təklif etdilər. Əgər serialdakı çəkilişlərimlə vaxtı dəqiqləşdirə bilsək, həmin festivalda iştirak edəcəm.
- Rəşad bəy, sizcə, şeir yazmaq irsi ola bilərmi?
- Şeir yazmaq irsi olan bir şeydir. Sadəcə olaraq insan get-gedə onu öz üzərində təkmilləşdirməlidir. Şeir qafiyə demək deyil. Bir də görürsən, mənə deyirlər ki, bu uşaq şeir yazır. Baxıram ki, ancaq qafiyə tutur, ortada heç bir məna yoxdur. Adam tanıyıram ki, əlinə kitab almayıb, amma elə gözəl şeirlər yazır ki... Ümumiyyətlə, ədəbiyyatı bilən şair olsaydı, elə dil-ədəbiyyat müəllimlərinin hamısı şeir yazardı.
- Bəs, sizin şeirləriniz nə üçün Nüsrət Kəsəmənlinin şeirləri qədər məşhur deyil?
- Çünki indi şairə layiq olduğu dəyər verilmir. Bu günün şairləri əvvəlki kimi pul qazana bilmirlər. İndi hara daş atırsansa, altından şair çıxır. Vallah, kəndlərimizdə elə çobanlar var ki, çox gözəl şeirlər yazırlar. Ancaq kiminsə pulu yoxdur deyə, üzə çıxa bilmir. Sovet hökuməti dönəmində belə deyildi. Mən bu gün şeir yazıramsa, ürəyimdən yükü atıram. Şeiri ürəyim istəyən zaman yazıram. Bütün günümü şeirə sərf etmək üçün gərək kənardan o qədər təminatlı işim olsun ki, maddiyyatı düşünməyim, oturub yaradıcılıqla məşğul olum.
- Kəsəmənli soyadı nə zamansa, hansısa işinizdə imdadınıza çatıbmı?
- Çox çatıb. Amma çatdığı qədər də əngəllər törədib. Çatmasını inkar edə bilmərəm, bu, nankorluq və şərəfsizlik olar. Mən bununla fəxr edirəm. Bəzən də biliblər ki, Nüsrət Kəsəmənlinin oğluyam, mənə şərait yaratmayıblar, əksinə, əllərindən gəldiyi qədər mənə maneçilik törətməyə çalışıblar. Bu gün mən o qədər alına biləcək işimdən kənar düşmüşəm ki...
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər