AZE | RUS | ENG |

“Mənə baxanda heç kimin yazığı gəlmir”

“Mənə baxanda heç kimin yazığı gəlmir”
Cavan Zeynallı: “Cazmenlərin içərisində insanı sanki rentgen kimi görmək hissi var”

Xalq artisti, tanınmış caz ifaçısı Cavan Zeynallı 67 yaşını qeyd edir. Asəf Zeynallı adına musiqi texnikumu və Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsini bitirən musiqiçi 1972-ci ildə təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Mahnı Teatrında solist, 4 il sonra isə Dövlət Filarmoniyasında solist-vokalçı kimi fəaliyyət göstərib. 1979-2001-ci illərdə "Qaya" Dövlət Ansamblının solisti olub. "Qaya" ansamblı ilə birgə bir çox xarici ölkədə qastrol səfərlərində olub. Bakı Caz Mərkəzində üç solo konserti ilə çıxış edən Cavan Zeynallı bir çox bədii və sənədli filmdə də çəkilib. Xalq artisti həyat və yaradıcılığı haqqında ən maraqlı faktları “Azadinform”a danışıb.

- Təbrik edirik. Doğum gününüzü necə qeyd edirsiniz?

- Kim zəng edir, məni görmək istəyir bizə gəlir. Ailəvi dostlarımız çoxdur. İstərdim ki, ad günümü cənab prezidentin mənə hədiyyə etdiyi yeni mənzildə qeyd edim, lakin orda təmir gedir. Həyat yoldaşım Röya xanımla yaşadığımız mənzilsə çox qonaq qəbul etmək üçün balacadır, dost-tanışlarımızsa çoxdur. Hələ 15 yaşımdan ad günümü sakit qeyd etməyi sevirəm, hay-küy, sağlıqlar, təntənəni xoşlamıram, şöhrətpərəst deyiləm. Bəlkə də ona görə xalq məni sevir. Həyatda necə danışıramsa, efirlərdə də eləyəm, ürəyimdə olanı deyirəm. Amma əgər mənə təntənəli ad günün etmək istəyən olsa, etiraz etmərəm. Çünki bu da sevgidən və rəğbətdən irəli gəlir, hörmət əlamətidir. İmkanlı, biznesmen dostlarım çox olsa da, mən yalnız barmaqlarımla çalmaqla pul qazanıram.

- İmkanlı dostlarınızdan sizə bahalı hədiyyə edən olub?

- Yox. Amma bilmirəm nəyə görə? Bəlkə də məndən utanırlar. Elə bilirlər ki, heç nəyə ehtiyacım yoxdur. Çünki heç vaxt heç kimə nəyəsə ehtiyacım olduğunu bildirmirəm. Elələri var ki, baxanda adamın yazığı gəlir. Amma mənə baxanda heç kimin yazığı gəlmir. Mən aktyor, artistəm, səhnəyə çıxanda özümü ən xoşbəxt və imkanlı adam kimi göstərirəm. Onlar da baxıb deyirlər ki, Cavan elə oxuyur, elə davranır ki, ona heç nə lazım deyil. Əslində belə də olmalıdır. Ancaq elə müğənnilər var ki, gedib orda-burda ağlayırlar. Bu mənlik deyil.

- Cavanşir necə cavan oldu?

- Səhnə adları qısa olmalıdır ki, yadda qalsın. Əsl adım Cavanşir səhnəyə uyğun görülmədi. “Qaya” ansamblında qastrolda olan zaman rəhbərimiz Teymur Mirzəyev adımı elan edəndə çox cansıxıcı səsləndiyi dedi və uzun sürən məsləhətləşmələrdən sonra “Cavan”ı seçdik. Hələ sovet dövründə belə şeylər var idi. Demirəm ki, ad səhnədə ən vacib məsələlərdəndir. Yox. Əvvəlcə səs, səviyyə lazımdır, musiqi sənətini bilmək lazımdır. Ancaq indi bizimkilər əvvəlcə ada, reklama daha çox önəm verirlər.

- Cavan Zeynallı neçə yaşında cavandır?

- Cavan elə doğulandan cavandır. Hər zaman hamıya inanan, sevən, hamının yaxşılığını istəyən olmuşam. Cavanlığın sirri odur ki, əvvəlcə yaxşı musiqiçi olmaq, musiqini sevmək lazımdır. Mən də belələrindənəm. Amma təəssüf ki, indi bizdə belə musiqiçilər son vaxtlarda azalıb. Ən əsası, həyatı sağlam yaşamaq lazımdır. Məsələn, mən idmanı, dənizi çox sevirəm. Əvvəllər dənizdən qorxurdum, amma sonra üzgüçülüyə gedib hovuzda öyrəndim. İndi artıq dənizdə üzüb çox uzaqlara gedirəm, yorulanda dənizin üzərində uzanıb dincəlirəm. Səhərlər Bulvarda, dəniz kənarında, parklarda gəzməyi sevirəm. Səhər mütləq idmanla məşğul oluram, maşınlar az olan yerdə hava almaq vacibdir. Ən əsası isə cavan qalmağımda həyat yoldaşımın çox böyük rolu var. O məni çox istəyir, nə istəyirəm onu o saat həll edir, gözəl yeməklər bişirir, yaxşı əl qabiliyyəti var, ev işində səliqəlidir. Bu da mənim xoşuma gəlir. Bəzi adamlar var ki, evdə günü dığdığla keçir, dava dalaş olur. Bu, yaşayış deyil.

- Həyat yoldaşınızla olan münasibətiniz çoxlarına örnəkdir. Maraqlıdır, necə və harada tanış olmusunuz?

- Allahın işidir. Röya xanımla ortaq dostumuz var. Bir gün o zəng edib məni gözəl bir insanla tanış etmək istədiyini dedi. İnanmırdım ki, hələ də həyatda gözəl insanlar var. Çünki əvvəldən hamı özünü yaxşı, gözəl göstərir, amma sonra baxıb görürsən ki, sən demə, bu, tamam başqa adam imiş. Günlərin birində isə həmin dostumuzla Röya xanımgilə getdik. Bizə ətlə, kartofla dadlı peraşki, qutablar bişirdi. Bunları ləzzətlə yeyərkən baxıb görürdüm ki, o, gülümsəyir. Bu təbəssüm çox xoşuma gəldi. Beləcə, tanış olduq, telefonla danışdıq, görüşdük, kinoya getdik və ailə qurmaq qərarına gəldik. Artıq 16 ildir evliyik.

- Həyat yoldaşınız da cazı sevir?

- Röya xanımın çox yaxşı musiqi anlayışı var. İfamda bütün mahnıları sevir. Çox zaman da mahnılarımın sözlərini yazır. Bizim ailə diskimizdə onun sözlərinə bəstələdiyim 12 mahnı var.

- Cavan Zeynallı yaradıcılığı və həyatının bu dövrünü hansı musiqiyə bənzədir?

- Musiqi bir yerdə dayanmır, həyat da belədir. Klassika, caz, estrada janrı, fortepiano, saksofon, skripkanı sevən bir musiqiçiyəm. Lakin fikir verirəm ki, illər keçdikcə insanlar daha çox yüngül musiqiyə qulaq asmaq istəyir. Həyat günü-gündən gözəlləşsə də çətinləşir. Çətin olanda insan yüngül musiqi dinləmək istəyir. Artıq bu gün Bethovenin inqilaba çağırış edən simfoniyaları lazımsızdır. Ona görə mən adamların başa düşəcəyi mahnılar yazıb ifa edirəm. Yaşlı adamlar və sevənlər adətən lirik mahnıları dinləməyi xoşlayır. Əsl musiqiçi istənilən janrda çalıb oxumağı bacarmalıdır. Amma gərək aranjemançılar bunu müasir stildə etsinlər. Bu günün tələbinə, ritminə uyğunlaşdırmaq lazımdır. Lakin indi elə bəstəkar və aranjemançılar var ki, keçmiş musiqilərin çərçivəsindən çıxa bilmirlər. Çünki başqa musiqi tərzlərini, üslublarını tanımırlar.

- İndi bəstəkar qədər aranjemançılar da mahnı üzərində çalışır. Aranjeman bəstəkar işini geridə qoymurmu?

- Aranjemanın mahnının yaranmasında böyük əhəmiyyəti var. Aranjeman mütləq lazımdır. Bir çox aranjemançı musiqini elə düzəldir ki, hər kəs bəyənir, bəziləri isə elə günə salır ki, dinləyəndə qaçmaq istəyirsən. Bəstəkar yaxşı musiqi yazmalıdır, bəstəkarın yazdığını aranjemançı səliqəyə salır, düzəldir. Elə çoxbilmiş bəstəkarlar var ki, bir barmaqla mahnı yazır, aranjemançı onu elə edir ki, elə bil böyük bir orkestrlə işlənib. Amma bizdə not tanımayan, mahnı yaza bilməyən arenjemançılar olduğu üçün bəstələyə bilmirlər. Aranjemançılar dərzi kimidirlər, materialı verib dəbi deyirsən, onlar ölçüb-biçib tikirlər.

- Həyatda etmək istədiyiniz və edə bilmədiyiniz nəsə qalıb, həyata keçməyən arzunuz varmı?

- İnsan çox şey arzu edir. Amma məndə istədiklərim alınmır, çoxlu problem çıxır. Amma istəməyəndə alınır. Həyatın öz qanunları var, bəzən insan çox istəyəndə alınmır. Elə adamlar var ki, birinci dəfə alınmadı arxasınca gedirlər, düz o düzələ qədər. Amma mən birinci dəfədən alındı alındı, alınmadı getmirəm. İstəyimi də heç kəsə demirəm. Öz içimdə Allahla danışıram. Çünki bilirəm ki, istəyimi deyəndə alınmır. Olub ki, istəmişəm, amma alınmayıb və bu, ürəyimdə qalıb. Həyata keçməyən çox arzum qalıb, amma özümü sındırmaq istəmirəm. Hərdən deyirlər ki, yaxşı ki, filan şey alınmadı, çünki sonra pis ola bilərdi.

- Cavan Zeynallı caza necə gəldi?

- Bu, içimdən gələn hisslər sayəsində baş verdi. Caz eşidəndə özümü çox yaxşı hiss edirəm, sanki uçuram. Bu hisslər hər adamda olmur, qandan gəlir. Mən mütləq caz çalmalıyam. Çünki cazmenlərin içərisində insanı sanki rentgen kimi görmək hissi var, onları aldatmaq mümkün deyil. İnsanın gözlərinə baxıb hər şeyi oxuyurlar. Eyni zamanda, anam Şəfiqə xanım Məcidova opera müğənnisi idi, dahi Üzeyir bəyin kollektivində işləmişdi. Onun sənət barədə söhbətlərini çox maraqla dinləyirdim. Hələ balacaykən artist olmaq qərarına gəldim. Orta məktəbdə oxuyanda fortepianoya getdim. Sonra Asəf Zeynallı adına musiqi məktəbinin fortepiano və bəstəkarlıq fakültəsində oxuduğum zaman dostlarının əhatəsində Müslüm Maqomayevin oxumasını təqlid etdim. Amma ağlına da gəlməzdi ki, həmin zarafatyana hərəkət taleyimi dəyişəcək. O dövrdə vokal bölməsinin müəllimi Aleksandr Melovanov bunu eşidib vokal ilə məşğul olmağı təklif etdi.

- Vaqif Mustafazadəni onunla yaxın yaradıcılıq münasibətində olan insan kimi necə xatırlayırsınız?

- Tələbəykən radio zavodunda praktika keçirdik. İlk dəfə orada konsertdə Vaqifi gördüm, ifası çox xoşuma gəldi. Lakin nə qədər çalışsam da, onunla tanış ola bilmədim. O vaxt "Baku" qəzetinin baş redaktoru işləyən dostum Hacı Babayev bu məsələdən xəbər tutanda bir qədər fikirləşəndən sonra məni Vaqifdən qəzet üçün müsahibə almağa göndərdi. Bu qədər pərəstiş etdiyim insanla dostlaşacağımı heç xəyalıma da gətirməzdim. Amma sonradan biz həm dost olduq, həm də birgə işlədik. Vaqif Mustafazadə məni çox sevirdi. Sonra Rəşid Behbudovun mahnı teatrında solist kimi fəaliyyət başladım və dünyanın bir sıra ölkələrində qastrol səfərlərində olduq. Frenk Sinatra, Natkin Kola və El Carronun kompozisiyalarını ifa edirdim.

- “Qaya” ilə yaradıcılığınızı necə bağladınız?

- “Qaya” məndən əvvəl də məşhur idi. Bu əfsanəvi heyətdə 20 il işlədim. O vaxt Lev Yelisavetskini əvəz edəcək ifaçı tapmaq o qədər də asan deyildi. Ansamblın rəhbəri Teymur Mirzəyev yarım il davam edən axtarışlardan sonra seçimi mənim üzərində saxladı. O məni inandırırdı ki, kvartetdə işləmək vokalçı üçün çox xeyirlidir. Hətta nümunə kimi çox xoşladığı Frenk Sinatranın "Haylos" kvartetində işləməsini xatırlatdı. Fəxr edirəm ki, “Qaya”da işləmişəm, orada işlədiyim illər ərzində qazandığım təcrübəni və tamaşaçı rəğbətini heç nə ilə əvəz etmək olmaz. Qara dəniz sahillərində on altı konsert verməyimiz, İrina Otiyeva, Larisa Dolina ilə birgə çox uğurlu çıxışlarımız heç vaxt yadımdan çıxmaz. Həmişə caza vurğun olmuşam, özümü tamamilə ona həsr etmişəm, əfsanəvi ifaçıların çıxışlarını böyük maraqla dinləmişəm və onlar kimi oxumağa çalışmışam. Caz ifaçılarının audio və videodisklərindən ibarət böyük bir kolleksiyam var. Buna görə də heç kəs məni caza sadiq olmamaqda günahlandıra bilməz!

- Amma “Qaya”dan ayrıldınız......

- “Qaya” parçalandı və yenidən solo fəaliyyətə qayıtdım. Restoranlarda çıxış edirdim və bakılılar üçün çətin vaxtlarda onlarda ruh yüksəkliyini saxlamağa, az qala məhv olmaq həddinə çatan Bakı cazının birdəfəlik unudulmasına imkan verməməyə çalışırdım. Musiqiçilərin çoxu Bakını tərk edib hərəsi bir tərəfə üz tutduğu həmin dövrdə caz həvəskarları məni dinləmək üçün Caz Cluba yığışırdılar. Sonra cazla yanaşı, Tofiq Quliyev, Rauf Hacıyev və bəzi estrada bəstəkarlarının mahnılarını da oxumağa başladım. Amma bu o demək deyil ki, cazdan uzaqlaşdım. Həmişə caz ifa etmişəm, xalq mahnılarını və bəstəkar mahnılarını isə məhz caz işləmələri şəklində özümün caz üslubumda ifa edirəm. Başqa cür ola da bilməz, çünki həmin mahnıların ifası zamanı etdiyim melizmləri yalnız caz vokalçısı edə bilər. Mən müğənniyəm, ifaçıyam, mən Sinatranın mahnılarını da oxuya bilərəm, Tofiq Quliyevin mahnılarını da. Bunların biri digərini inkar etmir və inkar etməli deyil. Nə üçün Petruççiani "Bessamemuçi" ifa edəndə, yaxud Armstronq "O qara gözlər" oxuyanda onları qınamırlar?

- O vaxtlar caza həqiqətənmi qadağalar qoyulurdu?

- Həyatın belə bir qanunu var, nəyəsə qadağa qoyulanda o, maraqlı daha olur, qoymurlar, amma sən onu etmək istəyirsən. Amma sərbəst buraxıb – “nə istəyirsən elə” deyəndə maraq itir. Qadağan edilən cəlbedici olur.

- Gənc caz ifaçılarından kimləri bəyənirsiniz?

- Caz elə janrdır ki, mütləq illərlə onunla məşğul olmaq, öyrənmək lazımdır. Amma iki il caz çalmaq caz deyil, ümumiyyətlə, musiqi deyil. Mən əvvəlcə 7 illik musiqi məktəbini, 4 illik Asəf Zeynallı adına musiqi kolleci və 5 illik Konservatoriyanı bitirdim. Hər zaman öyrənmişəm, günüm kitabxanalarda keçib. O vaxtlar elə idi. İndi isə bir mahnı oxudu, bir dəfə televiziyaya çıxdı artıq ulduz olur, saytlar ondan yazmağa başlayır. Bir neçə il oxuyandan sonra maraq itir, çünki sonadək getməyə gücləri çatmır. Bu sənətdə davam gətirmək üçün daxili aləm güclü olmalıdır. Rəşid Behbudov, Müslüm Maqomayev, “Qaya” qrupu, Qulu Əsgərov, Şövkət Ələkbərova kimi unudulmaz sənətkarlar belə idilər. İndi isə 1-2 mahnı oxuyurlar, hay-küy, bir də baxırsan ki, yoxdur. Niyə yoxdur? Çünki sponsor yoxdur. İndi deyirlər ki, sponsor olmasa müğənni də olmaz, bu, düzgün deyil.

- Televiziyaya baxırsınızmı, bəyəndiyiniz və bəyənmədiyiniz məqamlar varmı?

- Vaxtım olanda hərdən baxıram. Bəyənmədiyim bir şey olanda kanalı dəyişirəm, özümə maraqlı olanı axtarıb tapıram. Yaxşı musiqiçilərə qulaq asıram, cavan dostlarım cazmenlərə, Filarmoniyada Rauf Abdullayevin dirijorluq etdiyi konsertlərə məmnuniyyətlə baxıram. Kanallar o qədər çoxalıb ki, hərdən adam çaşır ki, nəyə baxsan?! Köhnə ağ-qara filmlərə, öz çəkildiyim “Çətirimiz buludlardır”, “Dantenin yubileyi”, “İstintaq” kimi kinolara baxıram. Nostalji hisslərə dalmağı sevirəm. Əgər dəvət etsələr, böyük məmnuniyyətlə yenidən filmə çəkilirəm. Amma hərdən elə aparıcılar olur ki, səsləri xoşuma gəlmir. Gözəl səsləri sevirəm. Elə kanallar da var ki, dünyanın axırı olduğunu deyirlər. Bunun nəyinə baxım və niyə baxıb əhvalımı korlayım?!

- Caza hər kəs qulaq asmalıdır, yoxsa o hər zaman yalnız müəyyən kütlə üçün bir musiqi janrı olaraq qalmalıdır?

- Cazı hər adam dərk edə bilmir. Əslində, belə olmamalıdır. Hələ sovet dövründə deyirdilər ki, bu musiqi ancaq elit, yuxarı səviyyə üçündür. Amma musiqini başa düşmək buna baxmır. Elə caz var ki, musiqiçilər onun içərisini girib elə ifa edirlər ki, heç kim heç nə anlamır, lakin yüngül, bir çoxlarının xoşuna gələn caz da var. Rusiyada belə anlaşılmaz cazmenləri çox dinləmişəm. Caz Amerikada yaradılıb, orada hamı cazı sevir. Cazmenlər insanların dinləyə və dərk edə biləcəkləri kimi ifa etməlidirlər.

- Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğulsunuz, tələbələrinizdən razısınız?

- İşlədiyim estrada, caz, pop kafedrasında tələbələrimdən razıyam. Xüsusən də Azərbaycan “Eurovision”da çıxış edəndən sonra musiqiyə maraqları daha da çoxalıb, səhnədə olmaq istəyirlər. Lakin istəmək azdır. Bunun üçün öyrənmək, oxumaq, çalışmaq lazımdır.
Ümidə Həsənli/AZADİNFORM

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163