• şənbə, 20 Aprel, 02:42
  • Baku Bakı 15°C

“Məncə, dünyada azərbaycanlılar qədər səmimi ikinci millət yoxdur” – Əcnəbi

17.04.17 10:00 3094
“Məncə, dünyada azərbaycanlılar qədər səmimi ikinci millət yoxdur” – Əcnəbi


Karateçidir. Üstəlik özbək olmasına baxmayaraq, ölkəmizi bu idman növü üzrə təmsil edib və qızların yarışında dünya kubokunu ölkəmizə gətirib. Deyir ki, karateçi olduğu üçün qarşı cins bəzən ondan çəkinir. Lakin o, karateçi olsa da, "kişiyə əl qalxmaz” prinsipini özünə əsas götürüb.
"Əcnəbi” rubrikasında bu dəfə özbək xanım Nargiza Jakbarova ilə söhbətləşdik. Nargiza Azərbaycan Dillər Univesitetində təhsil alır.

"Azərbaycanda insanlara qaynayıb-qarışmaq çətin deyil”

Nargiza Azərbaycan dilini mükəmməl şəkildə öyrənib: "Azərbaycan dilini təmiz bilirəm. Uşaqlıqda Qafqaz ölkələrinə marağım var idi. Xüsusi ilə də Azərbaycana. Hələ 8-9 yaşında olarkən Özbəkistan kanallarında yayımlanan "Arşın mal alan”, "Qayınana” filmlərini maraqla izləyirdim. Azərbaycanın bütün dünyada məşhur sənətkarı Zeynəb xanım Xanlarovanın mahnılarını ailəmizlə sevərək dinləyirdik. Qismət elə gətirdi ki, ailəmizlə Bakıya köçüb gəldik. Azərbaycan xalqı səmimi, mədəniyyətli və qonaqpərvər xalqdır. Zəngin mətbəxi, qədim tarixi, iqtisadi inkişafı və idman sahəsindəki nailiyyətləri hər bir ölkəyə məlumdur. Burada yaşamaq, insanlarla qaynayıb-qarışmaq heç də çətin deyil. Özbəkistanla Azərbaycanın dostluq-qardaşlıq münasibətləri yaxşıdır. Özbəkistan tərəfi Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Bu xalqları yaxın milli adət ənənələri, ümumi dil qrupu, mədəniyyət birləşdirir. Hazırda 40 mindən çox azərbaycanlı Özbəkistanda yaşayırlar. Azərbaycan və Özbəkistan xalqlarının görkəmli şair və yazıçıları - ölməz Əlişir Nəvai, Nizami Gəncəvi və bir çox başqalarının yaratdığı əsərlər dünya sivilizasiyasının inciləri, dəyərli sərvətləridir. Elə bunun nəticəsidir ki, Bakıda Ə.Nəvai, Daşkənddə isə N.Gəncəvinin abidələri ucaldılıb. Azərbaycan dilini təmiz bilirəm. Əslində türkdilli xalqlar olduğumuz üçün dilimiz yaxındır”.
Digər əcnəbilər kimi Nargiza da azərbaycanlıların qonaqpərvərliyini sevir: "Məncə, dünyada azərbaycanlılar qədər səmimi ikinci millət yoxdur. O qədər qonaqpərvərsiniz ki, insan özünü yad ölkədə hiss etmir. Küçələri, dənizi, bulvarı, İçərişəhəri, bir sözlə, möhtəşəmdir və mən Bakını sevirəm”.

Dolma, plov…

Müsahibimiz Azərbaycan mətbəxini çox sevir. Dolma və plov isə onun ən sevdiyi yeməklərdir: "Dadlı yeməkləriniz var. Xüsusilə plov və dolmanı çox sevirəm. Plov bizim ölkədə də bişirilir, amma tam fərqlidir. Özbəkistanda sizdən fərqli olaraq daha çox xəmir xörəklərinə üstünlük verirlər”.

Özbəkistanın elçilik adəti…

Həmsöhbətimizlə Özbəkistanın fərqli adətlərindən də danışdıq. Xüsusilə toy adətləri çox maraqlıdır. Deyir ki, bizim toylarda sizinkilər kimi pul yazılmır. Hamı ürəyindən keçən hədiyyəni götürüb toya gəlir: "Toylarımız bütün müsəlman xalqlarına bənzər keçirilir. Öncə dini nikah, sonra isə rəsmi nikah. Dini nikah qız evində keçirilir. Bəy dostları və molla ilə gəlin evinə gəlir. Bir tərəfdə bəy dostları ilə, bir tərəfdə gəlin öz rəfiqələri ilə oturur. Əvvəlcə molla gəlindən "bu bəyi ömrünüzün sonuna qədər həyat yoldaşı kimi qəbul etdinizmi” deyə üç dəfə soruşur. Gəlin "qəbul etdim” deyəndən sonra həmin sualı bəyə də verir. Bəy də "qəbul etdim” deyəndən sonra nikah kəsilir. Bu nikahdan sonra şadlıq sarayında toy olur və rəsmi nikah bağlanır”.

"Gəlin salamı”

Müsahibimiz deyir ki, toyun səhəri bəy evində "Yuz ochti”, "Kelin salomi” mərasimi olur: "Gəlin milli paltarlarda bəyin atası və anası, yəni qayınata və qayınanasına baş əyib hörmətlə salam verir. Buna bizdə "Gəlin salamı” deyirlər. Həmin andan qız bu ailənin gəlini və qızı olur. Bunları etməyimizin əsas səbəbi keçmişimizdən bu günə kimi gəlib çatan adət-nənələrimizi qoruyub saxlamaqdır”.

"Baba Dehqan”, "Sümələk”...

Özbəkistanda da Novruz bayramı martın 21-i təntənə ilə qeyd edilir. Lakin oxşar xüsusiyyətlərimiz olduğu kimi, fərqliliklər də var : "Özbəkistanda 21 martdan başlayaraq bir həftə müddətində "Sayil”, "Xalq sayili”, "Sayil əyləncələri” adlanan el şənlikləri keçirilir. Bayram mərasiminin əsas iştirakçısı isə Baba Dehqandır. Bizdə kosa ilə keçəl əsas iştirakçı olduğu kimi, özbəklərdə bu məsuliyyət Baba Dehqanın üzərində düşür. O, əyninə yaşıl çapan geyinir. Bu paltar əkinçiliyin, dirilən təbiətin, torpağın simvolu sayılır. Ona Baba Novruz, Baba Kəndli də deyirlər. Bu bayramda küsülülər barışır, bayram süfrəsi açılır. Novruz bayramının əsas simvollarından biri də sümələkdir. Sümələk nənələrimizdən bizə gəlib çatan, səmənidən hazırlanan yeməkdir”.
Yuxarıda da qeyd etdiyimiz kimi, Nargiza Azərbaycan karate üzrə milli komandamızın üzvüdür. O, hazırda Azərbaycan Dillər Universitetinin "Beynəlxalq münasibətlər - diplomatika” fakültəsinin tələbəsidir. Nargiza ADU-nu seçməsindən məmnundur : "Təhsil aldığım Dillər Universitetində dərslər yüksək səviyyədə keçirilir. Həm müəllimlərin tədris etdiyi dərslərdən, həm də rəhbərliyin tələbələrə göstərdiyi qayğıdan çox məmnunam”.

Qadın elə bir qüvvədir ki...

Nargiza deyir ki, idmançı olsa da, ondan adi həyatda ancaq özünü müdafiə məqsədi ilə istifadə edə bilər: " Gələcəkdə həyat yoldaşım səhv hərəkət etsə, ona əl qaldırmaram (gülür – A.Ə.). Bizim mentalitetdə kişiyə əl qaldırmaq olmaz. Amma hansısa idman növü ilə məşğul olmaq qıza faydalıdır. Qızlar fiziki cəhətdən oğlanlardan zəifdirlər. İdmanla məşğul olan qızlar özlərini müdafiə edə bilərlər və zorakılığa məruz qalmazlar”.
Müsahibimiz sonda vurğuladı ki, qadın elə bir qüvvədir ki, onun bacarmayacağı heç nə yoxdur: "İdman qadın işi deyil” fikri ilə razılaşmıram. Qadın nə istəsə edə bilər. Qadın milliyətindən asılı olmayaraq hər şeyə qadirdir”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər