“Məncə, dəyişməliyik”
Şimali Kiprə yolu düşən media işçiləri, müəllimlər
onunla mütləq görüşürlər. Qayıdanda da "Nazim hocanı gördünmü?”- deyə hamının
bir-birinə ünvanladığı ilk sual bu olur. Nazim Muradov Kiprdə Azərbaycan adına
təşkil olunan bütün tədbirlərə ürəklə qatılır, bacardığı töhfəni verməkdən çəkinmir.
Lefke-Avropa Universitetində Türk dili-ədəbiyyat
bölümünün rəhbəri kimi çalışan Nazim hoca Ordubadda doğulub, Bakıda təhsil alsa
da, müəllim kimi fəaliyyətini əvvəlcə Türkiyə, daha sonra Şimali Kiprlə
bağlayıb. İzmirin Ege Universitetində doktorluq dissertasiyası müdafiə edib və
bir neçə il bu ali məktəbdə çalışdıqdan sonra Kiprə köçüb. Türk dünyasının mətbuat
tarixini, o cümlədən İsmayıl bəy Qaspiralının "Tərcüman” qəzetinin demək olar
ki, bütün arxivini oxuyub. Elmi rəhbəri Yavuz Akpinarın örnəklərinə əməl edib.
«Tərcüman»la bağlı bir neçə məqaləsi mətbuatda çap olunub. İndi də Azərbaycan,
türk dünyası, dillə bağlı İsmayıl bəy Qaspiralının başlatdığı yolu araşdırmağa
çalışır.
Nazim Muradovla Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti və Türk Birliyi
Dayanışma Dərnəyinin təşkilatçılığı ilə Kiprdə keçirilən "Türk Dünyası I Gənclik Forumu”nda tanış
olduq. Fürsət tapıb türk ədəbiyyatının ortaq problemləri ilə bağlı söhbətləşdik.
Bir az inzibatçılıq
- Çalışdığınız
universitetin ədəbiyyat fakültəsindəki tədris ilə vaxtilə təhsil aldığınız Bakı
Dövlət Universitetinin filoloji fakültəsi arasında hansı fərq və oxşarlıqlar
var?
- Şimali Kiprdə Azərbaycan dili və ədəbiyyatı
"Çağdaş türk ədəbiyyatı ləhcələri” dərsinin içərisində tədris olunur. Həmin dərsi
də mən keçirəm. Bu ali məktəblərdəki dərs saatı bizdəki qədər geniş deyil.
Çünki burada təkdə Azərbaycan türkcəsi və ədəbiyyatı deyil, digər türk dilləri,
ləhcələri və ədəbiyyatları da əhatə olunur. Ona görə də biz təxminən 7 həftəlik
bir proqram çərçivəsində Azərbaycan dili və ədəbiyyatını oxuduruq. Dərslərin
içində Krım tatarcası, türkmən, özbək, qırğız türkcəsi və s. dillərə yer
veririk. Mətn örnəklərini çözür və təhlil edirik. Buradakı tələbələr tam olaraq
türkoloq kimi yetişmirlər. Tələbələr daha çox türk dili və ədəbiyyatı müəllimi
olaraq yetişəcəkləri üçün onlara çağdaş türk dili və ədəbiyyatı haqda minimum məlumatlara
malik olmaq kifayət edir. Azərbaycanda isə buradakı tələbələr müəllim
mövzusunda məndən daha şanslıdırlar. Çünki fonetika dərsini fonetika,
morfologiya dərsini morfologiya və ya sintaksis dərsini dil üzrə mütəxəssislərdən
alırlar. Mən də dərslərimi onlardan almışam. Bu ölkədə isə tələbələr həmin dərsləri
bizdən alırlar. Çünki burada müəllimləri yerləşdirmə və işlə təmin etmə prosesi
yoxdur. Tutaq ki, BDU-nun filologiya fakültəsində 60-70, burada isə 4-5 müəllim
çalışır. Bakıda həcm baxımından daha əhatəlidir.
- Bəs tələbələrin
ümumi hazırlığı haqda nə deyə bilərsiniz? Ədəbiyyata həvəsləri necədir?
- Tələbələrin ədəbiyyata həvəsinin azalması ilə
bağlı problem burada da var. Hətta, Bakıya nisbətən həvəslərinin daha az
olduğunu deyə bilərik. Çünki burada bir çox tələbələrin Türkiyə universitetlərinə
nisbətən qəbul balları aşağıdır. Təqaüdlə oxuyanlar isə daha yaxşıdırlar. Tutaq
ki, qırğız ədəbiyyatını oxuyursa, Çingiz Aytmatovu, Azərbaycan ədəbiyyatından
Anarı, Mövlud Süleymanlını oxuda bilirik. İzmir Universitetində isə bu mütaliəni
daha geniş şəkildə həyata keçirə bilirdik. Onlar daha çox türk ədəbiyyatını
oxuyurlar. Tələbələrin qarşısına «Bu romanı oxumasanız, imtahandan keçə bilməzsiniz»
şərtini qoyanda daha yaxşı oxuyurlar. Necə deyərlər, bir az inzibatçılıq etmək
lazımdır.
Məqsəd, yoxsa vasitə?
- Tədrisdə
ortaq türk dərsliyi keçilirmi?
- «Çağdaş türk ləhcələri» və s. kimi bir sıra dərsliklər
var. Əslində ədəbiyyat elə bir sahədir ki, orada mütləq sevib çalışmaq
lazımdır. Biz Mirzə Fətəli Axundzadənin komediyaları ilə başlayırıq. Daha sonra
Mirzə Ələkbər Sabirdən, daha sonra Səməd Vurğundan söz etmək lazımdır. Çağdaş ədəbiyyata
gəlincə, Anar, Elçin, Mövlud Süleymanlı, Məmməd Araz, Ramiz Rövşən, Rüstəm
Behrudinin yaradıcılığını tədris edirik.
- Ortaq türk ədəbiyyatının
yaranmasında problemlər nədən ibarətdir?
- Ortaq türk ədəbiyyatlarının ən böyük problemi
dillə bağlıdır. Çünki ilk növbədə dil ortaq olmalıdır, yoxsa ədəbiyyatın ortaq
olması mümkün deyil. Rəhmətlik Tofiq Hacıyev "Ortaq türk ünsiyyəti” adlı kitab
yazdı. Əslində ortaq ədəbi dil bəlkə mümkün deyil, ancaq ortaq ünsiyyət dili
ola bilər. Müəllimim Yavuz Akpinar deyir ki, «Türkiyə türkcəsi ən gözəl dil
olduğu üçün ortaq olmalı deyil. Sadəcə, müasir dünyada dilin işlənməsinə bazar
münasibətləri prizmasından baxmaq lazımdır». Yəni sən şeir yazanda sənin
şeirini Azərbaycan türkcəsində nə qədər adam oxuyacaq? Tutaq ki, Güney Azərbaycan
da qoşulsa maksimum 40 milyon alıcısı olacaq. Ancaq o şeiri Türkiyə türkcəsi ilə
yazsaq 150 milyona yaxın insan oxuyacaq. Bunu iqtisadi yöndən də fikirləşmək
lazımdır. Biz sadəcə, duyğu yönündən fikirləşirik. Dil məqsəd, yoxsa vasitədir
- bu da çox önəmlidir. Dil təbii ki, məqsəd deyil, daha çox vasitədir. Dili məqsəd
kimi qələmə versək, bizi aşırı millətçi kimi qələmə verəcəklər. Ona görə dil məqsəddən
çox vasitə kimi istifadə olunmalıdır. Dili məqsəd halına gətirən Füzuli, amma ondan
vasitə kimi istifadə edən Nəsimi idi. Nəsimi hürufilik ideologiyasını yaymaq
üçün dildən vasitə kimi istifadə edirdi. Nizami «Xəmsə»sini farsca yazmışdı.
Amma indi İran ədəbiyyatının ən böyük şairlərindən sayılır. Və yaxud Oljas
Süleymanov, Çingiz Aytmatov əsərlərini rusca yazıblar. Əgər burada dil müəyyənedici
olsa, onda gərək biz onları türk saymayaq. Çünki o əsərlərin içərisinə baxanda
onların tamamilə rusca-türkcə yazıldığını görürük.
- Ümumiyyətlə,
ortaq türk dili, türk ədəbiyyatı, ortaq türk televiziyasının yaranması ilə
bağlı çoxdandır fikirlər səslənir. Belə bir ortaqlıq yaransa, nələrə nail olmaq
mümkün olacaq?
- İsmayıl bəy Qaspiralı «Dildə, işdə, fikirdə
birlik» deyə, bu məsləyə çox gözəl yanaşırdı. Yəni dillə başlamasaq fikirdə,
işdə birlik olmaz. Eləcə də fikirlə başlamasaq, içdə irəli getmək olmaz. Ortaq
türkcəni biz sadə Türkiyə türkcəsindəki kimi düşünməməliyik. Sadəcə, bizim real
anlaşma dilimiz Türkiyə türkcəsi olur. Niyə biz Qazaxıstandan gələnlə rusca
danışaq? Əslində dilin məqsəd olmasını ikinci plana da atmamalıyıq. Yəni burada
fakt da, hiss də olmalı, dəlillə duyğu birləşməlidir. Əslində ədəbiyyatın işi də
budur. Ədəbiyyat təkcə estetik zövqləri qarşılamaq üçün deyil.
Dəyişməliyik
- Azərbaycanda hələ
dilimizi mükəmməl öyrənə biləcək orfoepiya lüğəti yoxdur. Bundan ən çox şikayətlənən
də elə dilçi alimlərin özləridir. Bəs ortaq Azərbaycan-türk dili lüğəti ilə
bağlı hər hansı addım atılıbmı?
- Dili lüğətlə öyrənmirlər. Dilçilər lüğətə "kəlmələrin
qəbiristanlığı” deyirlər. Dil canlı istifadə olunarkən öyrənilir. Düzdür, dil
qaydalarını yaxşı bilmədən biz danışığı öyrənə bilmərik. Məsələn, imla yazmaq məsələsi
Türkiyədə böyük problemdir. Bakıda heç bir müəllimin masasının üstündə imla lüğəti
yoxdur. Ancaq Türkiyədə hər kəs imla lüğətinə baxaraq yazır. Çünki imla tez-tez
dəyişir. İmladakı demokratiya əslində dili zərbə altına qoyur. Belə deyək,
ideoloji görüşləri fərqli olan qəzetlərin imla yükləri bir-birindən fərqlidir.
Bu, böyük problemdir. Türkiyə əslində bu problemləri çözmüş deyil. Mən artıq 20
ildir burada yaşayıram. Ona görə türkcə düşünüb Azərbaycan dilində danışmağa
çalışıram. Eləcə də rusdilli insanların danışığındakı fərqi hiss edirsiniz.
Çünki onlar rusca düşünüb Azərbaycan dilində danışırlar.
- Çağdaş türk ədəbiyyatı
barədə danışanda daha çox problemləri sadalamağa başlayırlar. Həlli yollarını
isə çözən tapılmır...
- Türkiyədə əslində ədəbiyyatın hər hansı dövlət təşkilatı
yoxdur. Azərbaycanda yazarların Yazıçılar Birliyi var. Türkiyədə isə sol ədəbiyyatla
sağ ədəbiyyat bir-birindən fərqlidir. Məsələn, biri Nazim Hikmətdirsə, biri Nəcib
Fazil Qısakürəkdir. Onların istər mövzuları, istərsə də dildən istifadələri fərqli
idi. Azərbaycanda elə bir problem yoxdur. Elə bilirəm ki, bu, bizim üçün bir
qazancdır. Ancaq deyəsən bundan sonra olacaq. Ankarada Avrasiya Yazarlar
Birliyi var. Onların «Qardaş qələmlər» adlı bir dərgiləri də çap olunur.
1982-ci ildə Yavuz Akpinar «Qardaş ədəbiyyatlar» adlı bir dərgi çıxarırdı. Bu,
türk dünyasının ədəbi aləmini əhatə edirdi. Ondan sonra bəzi dərgilər də
yarandı. Ancaq qurumlar çox deyil. Hər il şeir şölənləri təşkil edilir və bu məclislərdə
türk dünyasından şairlər, yazarlar bir araya gəlirlər. Ancaq ədəbiyyatla siyasətin
problemlərini həll etmək çətindir. Ədəbiyyat sadəcə, bəzi şeylərə dəstək ola
bilər. Təəssüf ki, bu gün türk xalqlarının normal ortaq bir dərgisi də yoxdur.
Çap olunan dərgilərdə söhbət açılan mövzular o qədər maraqlı görünmür. Bir növ
özümüzü təkrarlayırıq. Əslində bir az qarşılaşdırma etmək lazımdır ki, oxucunu
cəlb etmək mümkün olsun. Mətbuat böyük gücdür. «Tərcüman», «Şərqi-Rus», «Molla
Nəsrəddin» mətbu orqanları olmasaydı, bizim vəziyyətimiz çox ağır olardı. İndi
mətbuatı bir qədər pis niyyətlə istifadə edənlər çoxdur. Üzeyir Hacıbəyov «Məşədi
İbad» operettasında «Mən səni qəzetimdə biabır edərəm» sözlərini elə-belə
yazmamışdı. Elə bilirəm, o fikirlərdən çox qabağa getməmişik. Məncə, dəyişməliyik.
Söhbətləşdi
Təranə Məhərrəmova
Şimali Kipr-Girnə