• cümə, 19 Aprel, 22:44
  • Baku Bakı 24°C

Mənbələrdəki həqiqətlər və ya tarixin obyektiv oxunuşu

16.09.14 11:04 1959
Mənbələrdəki həqiqətlər və ya tarixin obyektiv oxunuşu
İstedadla yazılmış, xüsusən də milli mənafeyə xidmət edən hər bir elmi və ya bədii əsər müəllifinin hansı partiyaya, zümrəyə, iqtidara və ya müxalifətə yaxınlığından asılı olmayaraq, sonuc etibarilə ümumi işimizin xeyrinədir, birləşdirən dəyərlərdəndir və ona münasibətdə alt niyyətlər unudulmalıdır.
Mənim həyatımın çoxu mətbuat və kitabla bağlı olduğundan yeni əsərlərə məhz elmi-ədəbi dəyərinə, düşüncəmizə, milli mübarizəmizə gətirdiyi yeniliklərə və peşəkarlıq səviyyəsinə görə, dövlətçiliyimizin mənafeyi baxımından qiymət verməyə alışmışam və bu məqaləni də həmin vərdişlə yazıram.
Akademik Ramiz Mehtiyevin bu yaxınlarda Moskvada “Akvarius” nəşriyyatında buraxılmış “Dağlıq Qarabağ: mənbələr əsasında oxunan tarix” kitabı barədə qeydlərimi bu sözlərlə başlamağım təsadüfi deyil.
Əgər kitabın müəllifinin Prezident Administrasiyasının rəhbəri, mənim bir müxalifət partiyasının başçısı olduğumu və iqtidar-müxalifət arasında bizdə formalaşdırılmış yanlış, ziyanlı, az qala düşmənçilik səviyyəsində olan münasibətləri nəzərə alsaq bu məqaləm kimlərəsə qəribə görünəcək. Lakin mən, hər şeydən öncə, bir Azərbaycan ziyalısıyam və millətimin məruz qaldığı böhtanlara cavab verən hər hansı doğru sözü, dəyərli işi qiymətləndirməyi öz borcum sayıram, kimin yazmasından asılı olmayaraq. Bundan əlavə öz təcrübəmə və müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, hakimiyyət məqamlarında alimlərin, yaradıcı adamların çalışması əksər hallarda həm dövlətin, həm cəmiyyətin xeyrinədir, çünki təbiətləri etibarı ilə bu adamların çoxu humanist və xeyirxah olurlar. Onların elmi-ədəbi fəaliyyətlərinə də bu gözlə baxılmalıdır. Başqa cür yanaşanda zidiyyətli ictimai münasibətlərin zərbəsini alan, zərər çəkən də yaradıcılıq və kitab olur. Biri müəyyən umacaqla məddahlıq edir, digəri isə “elə bilərlər vəzifəsinə görə yazmışam” düşüncəsiylə ürəyindən keçən düz və deyilməli sözü də demir. Məncə, sözümüzü, əsərlərimizi bu birtərəfli, yanlış yanaşmalardan kənarda, hamımızın özünü sərbəst hiss elədiyi bir azad vətəndaşlıq müstəvisində saxlamağı bacarmalıyıq.
Bədii yazılarının, publisistikasının böyük bir hissəsini milli kimliyimizi tanıtdırmağa və tarixi həqiqətlərimizi müdafiəyə sərf etmiş bir qələm adamı olaraq, mən, akademik Ramiz Mehtiyevin adıçəkilən kitabını maraqla oxudum və belə bir kitabın nəşrinə ürəkdən sevindim.
Təfərrüata varmadan əsərin məndə oyatdığı xoş təəssüratın səbəblərini deyim.
Birinci səbəb bu kitabı məhz Prezident Administrasiyasının rəhbərinin yazmasıdır, çünki ölkədə ideoloji işə başçılıq edən bir adam kimi, onun elmi mövqeyi həm də rəsmi mövqe kimi səslənir, ideoloji işçilərə və bu sahə ilə məşğul olan alimlərə yön verir. Bunu Ramiz Mehtiyevin son illərdə yazdığı kitabların, tarixi araşdırmaların, o cümlədən “Gorus-2010: absurd teatr mövsümü” əsərinin, məqalələrinin, keçirtdiyi müşavirələrin mətbuatdakı əks-sədasını əsas götürərək deyirəm. Bu işi başqa bir alim, başqa bir tarixçi etsə, heç şübhəsiz, bu qədər ciddi təsiri olmaz.
İkincisi səbəb kitabın rusca və Moskvada nəşr olunmasıdır. Çünki bu məsələlərdə Moskvanın ikili standartlarını və bizim mövqeyimizi, yəni obyektiv mövqeyi, həqiqəti Rusiya mətbuatına çıxarmağın nə qədər çətin olduğunu hamımız yaxşı bilirik.
Üçüncü səbəb kitabın mübahisəyə yer qoymayan dəlil-sübut əsasında yazılması, zəngin və etibarlı tarixi mənbələrə söykənməsidir. Müəllif bilərəkdən və haqlı olaraq, daha çox qarşı tərəfin, düşmənçilik edənlərin öz mənbələrinə və Avropa müəlliflərinin araşdırmalarına əsaslanır. Tarix kitablarında, bir çox erməni müəlliflər kimi, populist yol tutmaq, elmi həqiqətləri siyasi iddialara qurban vermək məsələlərə aydınlıq gətirmir, həqiqətlərin ortaya çıxarılmasına kömək etmir, əksinə məsələlər daha da qəlizləşdirilir, əsil tarixin üstünə daha qalın pərdələr çəkilir. Akademik Ramiz Mehtiyev isə konkret faktlar və elmi dəlillərlə danışır. Əsərin qiymətini artıran cəhətlərdən biri də budur ki, bu faktların və dəlillərin bir çoxu oxuculara ilk dəfə təqdim olunur, onun müraciət etdiyi mənbələrin bəziləri indiyədək bu mövzuda yazılmış əsərlərin təhlilindən kənarda qalmışdır.
Dördüncü səbəb ümumi yanaşmadan qaçıb, əsas mübahisə məqamlarına aydınlıq gətirməkdir. Əsərdə bizim bir çox tarix kitablarımızda xəstəliyə çevrilmiş sözçülük yoxdur, məsələlər bir birinə qarışdırılmır. Problemlərə düşünülmüş bir sistem və ardıcıllıqla aydınlıq gətirilir. Obrazlı desəm, kitab üçün ciddi bir döyüş strategiyası seçilmişdir: qarşı tərəfin özünü güclü və haqlı hesab etdiyi, bizi vurmaq üçün yararlandığı əcac mövqelər müəyyənləşdirilir və onlar etibarlı tarixi faktlar əsasında və elmi məntiqlə dağıdılır. Yığcam fəsillərin hər birində erməni müəlliflərin dünyaya yanlış təqdim etdikləri konkret tarixi, siyasi, elmi mübahisənin milli tərəfkeşlik emosiyalarından uzaq, obyektiv təhlili var. Kitabdakı təmkinli təhkiyə üslubu bizi sevməyənləri də inandıracaq və hörmət doğuracaq səviyyədədir.
Mənim fikrimcə, ermənilərin etnogenezisi, azərbaycanlıların antropologiyası, Qafqaz Albaniyası və Azərbaycanın eyni dil, etnik, antropoloji, milli mənşəyə bağlı olması, hayların Anadoluya və Cənubi Qafqaza miqrasiyası, Qafqaz albanları ilə ermənilərin fərqli xalqlar olmaları, Alban kilsələrinin ermənilər tərəfindən mənimsənilməsi, “erməni vilayəti” və erməni dövlətinin çar Rusiyası tərəfindən süni yolla və bizim tarixi ərazilərimizdə yaradılması , Cənubi Qafqazın keçmişində erməni mövcudluğunu sübut edən heç bir əsasın tapılmaması kimi son dərəcə ciddi məsələlərin kitabdakı qoyuluşu və həlli təkcə müəllifin yox, ümumilikdə tarixşünaslığımızın uğuru sayılmalıdır.
Səbəblər çoxdur. Kitabda tarixşünasların və tarix diletantlarının bir sıra mübahisə mövzularına da aydınlıq gətirilmişdir. Onlardan biri azərbaycanlıların antropoloji cəhətdən aborogen, yəni yerli xalq olması və türklüyüdür. Ramiz Mehtiyev bizdə vaxtilə (və bəzən indi də!) böyük tarixçilər dəstəsi tərəfindən akademik səviyyəyə qaldırılmış və erməni müəlliflərin əlində dəstavuza çevrilmiş sərsəm bir fikri - güya “gəlmə, azsaylı, bəzilərinin təbirincə desək, “vəhşi” türklərin yerli İran və Qafqaz xalqlarını türkləşdirərək və ya onlara öz dillərini öyrədərək yeni xalq yaratdılar” - fikrini haqlı və əsaslı şəkildə rədd edir. Bu məsələyə arxeoloji araşdırmalar və yerli mənbələr əsasında, obyektiv yanaşan tarixçilərin tədqiqatları Azərbaycan türklərinin çox qədimdən, bəlkə Şumer dönəmindən indiki coğrafiyamızda yaşadığı fikrini əsaslandırır və hörmətli akademikin kitabında da bu bölgədə türklərin aborogenliyi haqqında maraqlı və elmi təhlilə yeni cəlb olunan xeyli material var. Məncə, bu baxımdan kitab Azərbaycan türklərinin tarixini XI və hətta XVII əsrlərə bağlayan, Avropa mərkəzçiliyi ideyasından qopa bilməyən, tarixi siyasi konyukturaya qurban verən müəllifləri düşündürməli və bu məsələyə yanaşmada dönüş nöqtəsi olmalıdır. Manna, Midiya, Qafqaz Sak dövləti, Qafqaz Albaniyası- hamısı, etnik tərkibləri nə qədər mürəkkəb olsa da, Azərbaycan və ya prototürk dövlətləriydi. Yoxsa necə ola bilər ki, türk gəlib Albaniyada hamını türkləşdirdi, amma balaca Xınalığa, sayca az olan udinlərə, lahıclara, talışlara, tatlara, ermənilərə, azsaylı Qafqaz xalqlarına toxunmadı, hamını assimilə etdi, ancaq onlara gücü çatmadı. Şübhəsiz belə deyil! Köhnə etnik coğrafiya dəyişilməyib. Sakın, hunun, xəzərin, albanin etnik davamı olan Türk öz yerindədir, bu xalqlar da öz yerlərində.
Azərbaycan türklərinin adının dəyişdirilməsinin səbəbi də kitabda dəqiq ifadə edilmişdir: “Sovet dövründə Azərbaycanda türklərin adının azərbaycanlı sözünə dəyişdirilməsinin uzağa yönəli bir məqsədi vardı-onları həmişəlik öz türk köklərindən qoparmaq.” Müəllif haqlı olaraq qeyd edir ki, bu siyasət SSRİ-nin tərkibindəki başqa türk və müsəlman xalqlarına qarşı da aparılırdı. Bu gün SSRİ yoxdur, amma təəssüf ki, həmin türk düşmənçiliyi hələ də davam edir.
Ermənilərin ərazi yox, “xalq tarixi” yazmaq “ənənələri”, vahid antropoloji tiplərinin, vahid dillərinin olmaması (saysız və fərqli şivələr, dialektlər bunu göstərir) , “yığma” bir xalq olmaları, bugünkü Ermənistan ərazisində erməni antropoloji tiplərinə yalnız XVII əsrdən sonra rastlanılması kimi ciddi elmi yanaşma da, məncə, ilk dəfə məhz Ramiz Mehtiyevin qələmində, həm də ölkəmizdən kənarda belə cəsarətlə və təkzibedilməz elmi dəlillərlə ortaya qoyulur.
Nəhayət, Azərbaycan sözünün etimalogiyasına yeni baxış, yəni yunanların bütün ərazi adlarını özləriylə bağlamaq vərdişlərinin nəticəsində uydurulmuş Aturpatakan versiyasından imtina edib, diqqəti sözün daha qədimlərdə olan köklərinə yönəltmək də kitabın nə qədər ciddi araşdırmalara söykəndiyini göstərən maraqlı cəhətlərindəndir. Yeri gəlmişkən deyim ki, bu barədə vaxtilə biz də yazmışdıq. Məncə, bu adın Suriya yozumu (Ador Bad Aqan) ilə yanaşı, türk yozumu da (Az-ər Bay Qan və ya Can) gözdən keçirilməlidir. Azların və ya az-ərlərin adı ilə bağlı olan və bütün Şərqdə geniş yayılmış yer adları bu xalqın hələ öyrənilməmiş böyük tarixindən xəbər verir.
Akademik Ramiz Mehtiyev Dağlıq Qarabağin tarixin hər dövründə Azərbaycana məxsusluğunu göstərməklə yanaşı, onu Azərbaycandan qoparmaq üçün onillər boyu davam etmiş Moskva-İrəvan sövdələşmələrinin bütün iyrənc mahiyyətini açır. Erməni terrorizmi, Sumqayıt hadisələri, Ermənistanda və Dağlıq Qarabağda etnik təmizləmələr və bu prosesdə Azərbaycan türklərinin məruz qaldığı bütün vəhşiliklər, indiki durum, Qərb ölkələrin ermənipərəst mövqeyi, problemin Beynəlxalq hüquq çərçivəsində, danışıqlar yolu ilə həllini pozan erməni avantürası və terror hadisələri... Bütün bunların ilkin, bəzisi indiyədək aşkarlanmamış materiallar əsasında şərhi kitabı bu sahədə etibarlı mənbələrdən birinə çevirir.
Məqsədi Dağlıq Qarabağ münaqişəsinə aydınlıq gətirmək olan bu əsəri tərəddüd etmədən, “Azərbaycanın qısa tarixi” də adlandırmaq olar.
Ramiz Mehtiyevin “Dağlıq Qarabağ: mənbələr əsasında oxunan tarix” kitabı ermənilərin ərazi iddialarının heç bir tarixi, inzibati, siyasi, hüquqi, mənəvi əsasının olmadığını bir daha göstərən, elmi ictimaiyyət arasında geniş müzakirə edilməli və öyrənilməli kitabdır. Yəqin ki, bu kitabdan sonra müəllifə ermənilərin hücumu başlanacaq. Bəri başdan deyim ki, onların çığır-bağırı kitabının öz məqsədinə çatdığının göstəricilərindən biri olacaq. Nə yazırlar yazsınlar. Bu cür kitabları təkzib mümkün deyil!
Əsərin əsas xarici dillərə çevrilib yayılması, xüsusən əsassız erməni soyqırımı iddialarının körükləndiyi bir vaxtda Türkiyədə nəşri çox vacibdir.
Öncə istədim bəzi kitablarımızda tariximizlə bağlı baş alıb gedən ziddiyyətlər, elmdən uzaq fərziyələr, milli kimliyimizə yanlış yanaşmalar barədə yazıb çap etdirmədiyim bəzi fikirlərimi də bura əlavə etməklə Ramiz müəllimin diqqətinə çatdırım. Sonra düşündüm ki, bu məsələləri bir-birinə qarışdırmaq düz olmaz. Ortada uğurlu bir kitab var və onun müəllifi də həm kitabın əhəmiyyətini, həm də tariximizin obyektiv öyrənilməsinin, mənəvi dəyərlərimizin qorunmasının müstəqil ölkənin gələcəyi baxımından əhəmiyyətini yaxşı bilir. Heç şübhəsiz onu da bilir ki, kitabın nəşri kimi, onun oxuculara çatdırılası da vacibdir. Neçə-neçə rayonumuz var ki, bircə dənə də kitab mağazası qalmayıb. Ana dilimizə münasibət, dərsliklərimizin səviyyəsi, bizi ermənilərin hədəfinə çevirən məsələlərdən biri olan soyad sonluqlarının milliləşdirilməsinin 20 ildən bəri düyünə düşməsi, Bakını bürüyən yaddilli reklamlar, yasdan-toya - bir sıra adət-ənənələrimizin eybəcər hala salınması, milli dəyərlərə münasibətdəki yanlışlıqlar, televiziyalarda millətin ruhuna təcavüz sayılmalı olan şit verilişlər və s., cəmiyyəti narahat edən bir sıra məsələlər var ki, illər uzunu yazılır, deyilir, lakin heç bir nəticəsi yoxdur, çünki rəsmi müdaxilə tələb edir. Ramiz Mehtiyevin mətbuat məsələlərinə həsr olunmuş müşavirəsi kimi... İnanıram ki, bu kitabın ruhu həmin məsələlərin də tezliklə həllinə yardım edəcək...
Sabir Rüstəmxanlı,
Xalq şairi, Millət vəkili
10 sentyabr, 2014

banner

Oxşar Xəbərlər