• şənbə, 20 Aprel, 06:19
  • Baku Bakı 14°C

Mən özünü yaratmış adamam

10.10.16 10:34 1541
Mən özünü yaratmış adamam
Saramaqo ömrünü roman yazmağa həsr etmək üçün 50 yaşına kimi səbirlə gözləyib. Lakin yaradıcılığının 50-dən sonrakı hissəsi davamlı və sürətlidir. Militant kommunist və çevrənin qorunması naminə aparılan hər cür mübarizəni dəstəkləyən yazıçı dünyanın gedişatının ancaq mübarizə və dirənişlə dəyişdirilə biləcəyinə inanır.
Joze Saramaqonun Lissabonun mərkəzində olduqca sadə bir məhəllədə yeni, geniş evi var və Blimund kimi tanınan bu evdə adi adam kimi yaşayır. "Monastr günlüyü” əsərində dəri vasitəsilə görə bilən qeyri-adi qəhrəmanlar eyni adı daşıyır. Yağış çisələyir, deyəsən, elə bu səbəbdə qapıda gözlədilmədən içəri dəvət edilirik. Qrenadalı həyat yoldaşı, həmkarımız Pilar del Rio bizi tanış edir: "Joze, tanış ol. Növbəti 3 gün ərzində bu cənablar səni kölgə kimi izləyəcək. "Ahh, çox şad oldum” – deyə, yuxudan təzə oyandığı hiss olunan yazıçı cavab verir və əli ilə evi göstərir: "Bu evi Barselonada qatıldığım Beynəlxalq Kitab Yarmarkasında heç görmədən satın aldığımı bilirsiniz? - əlavə edir.
Pilar göstərişsiz, amma insanın içini ilk baxışdan isidən geniş mətbəxdə bizə çay verərkən vəziyyəti aydınlaşdırır: "Evi görmüş dostlarımızın zövqünə güvənib, aldıq. Evlə bağlı heç bir məlumatımız yox idi. Heç qiymətini belə soruşmamışdıq. Evi aldıqdan sonra daşınmaq üçün satıcı ilə əlaqə saxladıq. Evi yazar Saramaqonun aldığını eşidəndə heyrətdən gözləri böyüdü: "İnana bilməzsiniz, bu evin adı Blimundadır”. Jozenin pərəstişkarı idi, bütün yaradıcılığını izləyirdi. Hətta bir dəfə bizi delfinlərə baxmaq üçün yaxtasına dəvət etmişdi... Lissabonda yenidən bir mülk sahibi olmağı ikimiz də çox istəyirdik. Lanzoreteni (red.- Atlantik okeanı sahillərində İspaniyaya məxsus ada) nə qədər çox sevsəm də, bir evlə Portuqaliya ilə olan bağları yeniləməyə ehtiyac duyurduq”.
Saramaqonun "İsanın İncili” əsəri Portuqaliya hökuməti tərəfindən "Avropa Ədəbiyyat Mükafatı”na qatılmaq qadağası ilə qarşılaşdı. 1992-ci ildə ədib katolik kilsəsinin siyasətini tənqid edən bu əsərə görə hökumət rəsmilərinə meydan oxudu və ölkə ilə bütün bağlarını kəsərək Lanzoroteyə köçdü: "Mənə qarşı atılan addımları unutmadım. Kavako Silva əsərlərimə qadağa qoyduran ilk nazir idi”.
Pilar da, Xose də sevgi nümayişi məsələsində qətiyyən utancaq deyillər, bu məsələdə comərdliyin yaxşı nümunə olduğu qənaətindədirlər. Əl-ələ tutan, küçənin ortasında belə öpüşməkdən çəkinməyən cütlüklərdəndirlər. Ədəbi bağlarla da bir-birlərinə bağlanmış (Pilar Saramaqonun əsərlərinin ispanca tərcüməçisidir – red.) cütlüyün məhəbbət əfsanəsi 1986-cı ilə başlayıb:"Özünü 15 dəqiqəmi almaq istəyən sıradan bir oxucu kimi təqdim edib, mövzudan-mövzuya necə keçdiyini ayırd edə bilmədən məni Lissabona dəvət edəndə başladı. Mən də qəbul etdim. Günortadan sonra saat dörddə görüşdük. 63 yaşım vardı, eşqə dair ağlımda heç nə yox ikən qarşımda 36 yaşında bir Pilar var idi. Dəli kimi bütün mövzulardan danışdıq, həyatımda bir gündə o qədər gəzdiyim ağlıma gəlmir. Romanlarımda hadisələrin baş verdiyi hər yerdə gəzdik. Getdi, amma gəldiyi kimi getməmişdi, içimə toxunub getmişdi. Çox az keçdi, ona məktub yazdım: "Həyat şərtlərin imkan verirsə, görüşmək istəyirəm”. Bu evli olub-olmadığını daha alicənab formada soruşmaq idi.. Pessoanın məzarını ziyarət etmək üçün görüşüb, elə məzarlıqda gəzindik, sonra monastıra, ordan da "Rəis Rikardonun öldüyü il” əsərimdə canlandırdığım "Braqança” otelinə getdik. Oraların hamısını sizə gəzdirəcəm”.
Zəng çalınır, illərdir Saramaqonun əsərlərini heç bir nəşriyyata imkan vermədən nəşr edən "Kaminho” nəşriyyatının direktoru gəlir. Saramaqonun da üzvü olduğu Portuqaliya Kommunist Partiyasının lideri Alvaro Kunhalın portretinin yer aldığı yeni pul vahidinin təqdimatında onu müşayiət etmək üçün gəlib: "Deyəsən, Kunhal və mən pulu olan yeganə kommunistlərik. Hərçənd bir neçə sentlik kağızın üzərində şəklinin olmasını qısqandım. Bu onun normal vəzifə sahibi kimi tanınmasına səbəb olacaq. Mən isə indiyə kimi hansısa zərfin belə üstündə şəklimi görməmişəm. Deyəsən, məni həddindən artıq yüksək dəyərləndirdilər, ekvivalentli bir pula şəklimi vurmaq istəmədilər! Bu partiya ən azından adını və nüfuzunu qoruyur. Nəyiksə, oyuq. Askaya ehtiyacımız yoxdur. Hələ də nə zamansa dünyada hər şeyin ədalətlə bölünəcəyinə inanırıq!”.
Məryəm Ananın şərəfinə böyük bir izdihamın nümayiş keçirəcəyi və bu səbəblə böyük tıxacların yaranacağı gündən bir gün əvvəl idi. Astrofizik əsərlərin araşdırmaçısı və pərəstişkarı olan yazar dinlə bağlı danışır: "İnanclı bir insan deyiləm. Amma bu günün dünyasında insanların Tanrıya necə inana bildiklərinə də inana bilmirəm. Mövcud elmi inkişafı izləyən bir insan üçün belə bir varlığın olduğuna inanmaq, əslində, mümkünsüz olmalıdır. Ölüm anında bir heçliyə qarışacaq, atomlara parçalanacağam, bu qədər. İki ay əvvəl itimin də başına bu gəlmişdi... Hər şeyin sonunun gəldiyi günə qədər bu sistem belə işləyəcək. İnanın ki, heç vaxt hər şeyin sonu gəldikdə "Böyük sevgi ilə yaratdığım insanlar haradadır?” deyərək, bizi qucağına alıb, qoruyacaq bir Tanrı gəlməyəcək. Belə bir şey olmayacaq”.
"Həqiqətənmi ölüm haqqında heç fikirləşmirsiniz?”
"Mən ölümlə ilk dəfə 17 yaşımda mənasını və nəticəsini anlayaraq tanış olmuşam. Başa düşdüm ki, insanlar nə vaxtsa mütləq ölməlidir. Və təbii ki, böyük bir panikaya düşdüm. Küçədə yeridiyim yerdə belə bu düşüncə ağlıma gəlir, civə effekti yaradırdı. Sonra beynimdə öz-özümə təkrarlayırdım: "Lənət olsun, lənət olsun, mən də ölməliyəm”. Amma bu psixoz vəziyyət gəldiyi kimi də keçib getdi. Bu gün 84 yaşım var və qətiyyən ölüm haqqında düşünmürəm. Dramatikləşdirməmək lazımdır. Düzdür, insanın ailəsi, doğmaları üçün çətindir, amma nə edə bilərik ki! Sağlam olduğum üçün 75 yaşındaymış kimi hiss edirəm. Bəzən isə hətta 62 yaşımdaymışam kimi”.
"Bəs, sizcə, həyatınız necə keçir?”
"Möcüzəvi bir şəkildə, əla. Yəni möcüzə deyilən bir şey varsa... Mən öz əsəriməm, öz-özünü tərbiyə etmiş, böyütmüş, formalaşdırmış, yaratmış adamam. Çünki ailəmin vəziyyəti buna imkan vermirdi ki, bunları mənim üçün onlar etsin. İki il çilingərlik elədim. Sonra da sayını-hesabını itirdiyim işlərlə məşğul oldum. Ədəbi zövqümü, təhsilimi, marağımı, biliyimi kitabxanalara borcluyam. Bizim evdə bircə dənə də kitab yox idi, anam oxumaq-yazmaq belə bilmirdi. Yəni bugünkü kariyera ilə bağlı o vaxt ən xırda bir işıq yolu belə yox idi. 25 yaşım olanda bir roman yazdım və növbəti 25 ili yenidən yazmaq üçün gözlədim. Qəzetdəki işimdən uzaqlaşdırıldıqda qərar verdim ki, bəli, deyəsən, artıq özümü tamamilə yazmağa həsr etmək üçün ən uyğun zamandır. Məndən o qədər müddətdə niyə yazmadığımı soruşurlar, inanın ki, tam səmimiyəm, bilmirəm”.
Yazarla həzin yağışın altında baş tutan gəzintilərin hamısını Pilar təşkil edir. Gəzməyə çıxanda Saramaqonun sürətinə çatmaq çətindir. Uzunboy, incə, çevik, idealist və xəyalpərəst adamlarla həmişə çətindir. Gah o yana, gah bu yana çevrilir, San Krispin 200 pilləsini dayanmadan aşağı-yuxarı qət etdi. Nəhəng tarix boyunca hər cür fəlakət görmüş Lissabonun hər küçəsinin xatirəsini, keçmişini danışır: "Bura təkcə zəlzələlərdən, yanğınlardan zədə almayıb. Qərb tarixinin ilk sunamisi də məhz 1755-ci ildə burada baş verib. Exponun təşkili ilə bu şəhərin yaşıllıqlara bürünməsi çox yaxşı oldu. Deyəsən, yaraları qaysaqlayıb”.
Ədəib sevimli şəhərin hər küçəsindən, hər tinindən onlarla hekayə çıxarıb. Amma ən çox bir çilingərin yazar olmasında əvəzsiz rol oynayan şair Fernando Pessoanı xatırlayır: "Kirayə evlərdə, amma demək olar ki, bu şəhərin hər yerində yaşayıb o. Cavanlığımda bütün həyatımı dəyişdirən bir şeirini oxumuşdum.
"Böyük olmaq istəyirsənsə,
Bütöv olmağı bacar.
Nə özünü şişirt, nə də dünyadan təcrid et.
Hər şeyə aid nəsə xırda bir detal bil.
Gördüyün hər işə bütün ruhunu, fikrini ver.
Bu səbəbdən Ay yaşaya bilir hər göldə,
Çünki yaşaya bilir ən yüksəkdə”.
Bu misraları oxuyandan sonra özümə dedim ki, bəli, mən məhz belə yaşayacam”.
Pilar Saramaqonun turist, solçu çıxışlar edən biri kimi təqdim edilməsindən narahatdır. Şam yeməyində Saramaqo əslində, incəsənət haqqında nə düşündüyünü danışır: "İncəsənətin, ədəbiyyatın dünyanı dəyişdirəcək gücü yoxdur. Əgər olsaydı, dünya çoxdan dəyişmişdi. Adamlar "Karamazov qardaşları”, "Don Kixot”, "Hamlet” yazdılar. Bu dünyanın vecinə deyil. Yazar özünü Məsih kimi aparmamalıdır. Onun öz işi var, mən özümü gördüyüm işə həsr edirəm, amma heç vaxt nəticə ilə bağlı böyük ümidlərə qapılmıram. Bəziləri kitablarımda ideologiyalara çox yer ayırdığımı iddia edir. Bu adamlar anlamır ki, ideologiya marksizm, kommunizmdir, katolik dini bir ideologiya deyil. Sevildiyimi bilirəm, amma yazdıqlarımın çox satılmasından narahat olan xüsusi bir qrup var. Onlara qısaca bunu deyə bilərəm. Dünyada fərqli cinsdən olduğu üçün gec böyüyən, çox uzanan və az yayılan ağaclar var. Amma nə sekoya (red. – qızılağac) zeytun ağacından daha yaxşıdır, nə də zeytun ağacı sekoyadan”.
Xavi Ayen
Tərcümə etdi: Elcan Salmanqızı
banner

Oxşar Xəbərlər