• cümə, 29 Mart, 13:30
  • Baku Bakı 14°C

“Mən özümü xoşbəxt adam sayıram…” - Fotolar

09.05.19 10:30 5323
“Mən özümü xoşbəxt adam sayıram…” - Fotolar
Uzun illər ümummilli lider Heydər Əliyevin komandasında işləyən və faktiki onun, əslində şəxsi operatoru olan Fazil Hadıyevlə söhbətimi oxuculara təqdim etmək istəyirəm. Fazil Hadıyev 1993-cü ildən 2003-cü ilədək bütün mühüm dövlət çəkilişlərini həyata keçirmiş və ümummilli liderlə bağlı hadisələrin içində olmuşdur.
Fazil Hadıyev: - Mən Azərbaycan Dövlət Teleradio Komitəsində hələ sovet zamanında işləyirdim. Məsələn, biz Leonid Brejnevin 1978-ci ildə Bakıya səfərini çəkirdik. Sonra çəkdiyimiz materialdan Mərkəzi televiziyanın sifarişi ilə "Bakının ulduzlu saatı” adlanan film hazırladıq. Bu, baş katibin Azərbaycana ikinci səfəri idi, üçüncü səfər 1982-ci ildə oldu. Bundan başqa, sovet zamanında AzTV-də "Beşillik: birinci il”, ikinci il, üçüncü il, dördüncü və sonrakı illərin filmləri çəkildi...

Elmira Аxundova: - Bu filmlərin rejissoru Vasif Babayev idi?
F.H.: - Bəli, bir də "Qurultdaydan-qurultaya” filmlərinin. Biz o vaxt 35 millimetrlik plyonkada çəkirdik. Lentin aşkarlanması çətinlik yaradırdı, Moskvaya gedirdik, ilkin materialını "proyavka” edirdik, lazımi şəklə salırdıq, orada çap edir və hazır materialı gətirirdik. Sonra bu filmlərə şəxsən Heydər Əliyev baxırdı.

E.А.: - O, hansısa qeydlərini söyləyirdi?
F.H.: - Olurdu, əlbəttə. Onda biz nəyisə dəyişdirirdik. Və yalnız onun yekun razılığından sonra filmləri Moskvaya təhvil verirdik.

E.А.: - O vaxt sən onunla şəxsən tanış idin?
F.H.: - O vaxt yox. Mən sadəcə material çəkirdim, şəxsi əlaqəmiz yox idi. Heydər Əliyeviçlə mən artıq 1993-cü ildə tanış oldum.

E.А.: - Sən onu 1978-ci ildə görmüsən, deyirsən ki, o bütün sizin materiallara baxırdı, yəni Heydər Əliyev işinizə diqqət göstərirdi. Sonra sən 1993-cü ildən onunla sıx əlaqədə oldun. Mənə Aslan Aslanov da, Rafiq Bağırov da və bir il Heydər Əliyevin mətbuat katibi olmuş Tofiq Abbasov da söyləyirdilər ki, o, jurnalistlərə, amma ilk növbədə, öz çəkiliş qrupuna çox diqqət ayırırdı. Sizi çox qiymətləndirirdi. Və adətən hansısa rəsmi səfər zamanı, yaxud respublika daxilində hansısa obyektin açılışında, birdən əgər geciksəydiniz, ümumiyyətlə, mətbuat gəlməmiş danışmağa başlamırdı. Sən belə məqamların şahidi olmusan? Və sən hər hansı ekstremal situasiya ilə rastlaşmısanmı? Məsələn gecikəndə o, sənə nə deyirdi, izahat tələb edirdimi? Ümumiyyətlə, Heydər Əliyevlə iş prosesində bu cür gərgin epizodlar olurdumu?
F.H.: - Bir hadisə yadımdadır, bizi maşınla təmin etməmişdilər. Bu, Mərakeşdə baş vermişdi. Elə siz özünüz də orada idiniz. Yadınızdadır? Siz hətta, hansısa ikitərəfli görüşə gedən və yolun ortasında dayanmış bir qrup jurnalisti görən cənab prezidentə müraciət etdiniz: "Cənab prezident, bizim maşınımız yoxdur və odur ki, danışıqlara çatmayacağıq”. Və o, dərhal maşından çıxıb müvafiq göstərişlər verdi. Bax, bu yadımdadır. Amma belə, həqiqətən ekstremal hadisələr çox olmayıb...

E.А.: - 90-cı illərin əvvəllərində sənə onunla işləmək necə idi? Axı Heydər Əliyevin çox gərgin qrafiki vardı. O təkcə xaricə getmirdi, həm də cəbhəni və ölkənin hər tərəfini dolaşırdı. O vaxtlardan nəyi xatırlaya bilərsən?
F.H.: - 1993-cü ilin dekabrındakı ilk xarici səfərimiz yadımdadır. Bu, Fransaya rəsmi səfər idi. Səfərqabağı prezident onunla gedəcək qrup üzvlərinin hamısını topladı və hər kəsi tək-tək ayağa qaldırdı. Soruşurdu: "Sən nə çəkirsən? Necə çəkirsən, məhz nədə, hansı avadanlıqla?”

E.А.: - Bu, çox maraqlıdır. Bəs sən nə cavab verdin?
F.H.: - Dedim ki: "Məndə peşəkar BTC (BTKam) videokamerasıdır”. – "Bəs kinokamera? – soruşdu prezident. – O niyə yoxdur?” Dedim: "Cənab prezident, siz tapşırıq versəniz, biz təmin edərik. Amma bu adam pasport almalıdır”. O, Həsən Həsənovu qaldırıb dedi: "Mən sənə elə bu gün bu məsələni həll etməyi tapşırıram. Sən isə operatorun adını və soyadını deyərsən”...

E.А.: - O kim idi? Sərdar müəllim?
F.H.: - Yox. Sərdar Vəliyev kinostudiyadan bizim qrupa sonralar qatıldı. O gün isə mən AzTV-nin operatoru olan Vaqif Behbudovun adını verdim. 15 dəqiqə ərzində XİN-in konsulluq şöbəsində ona pasport düzəltdilər.

E.А.: - Yəni, Heydər Əliyev dərhal kinoplyonka barədə soruşdu. O başa düşürdü ki, tarix üçün hər şeyi kinoplyonkada saxlamaq lazımdır. Və sən kinooperatoru özünlə apardın...
F.H.: - Bəli və biz onun MK-nın birinci katibi işlədiyi vaxt aldığı elə həmin "Ekler” kamerasıyla getdik. Onun razılığı ilə biz onda Fransada beş komplekt "Ekler” kamerası, xronika üçün 16 millimetrlik kinokamera aldıq. Və artıq bundan sonra bizimlə həmişə bütün səfərlərdə kinooperator oldu.

E.А.: - Bəs o sizin çəkdiyinizə necə münasibət bildirirdi? Yəni, onun tərəfindən hansısa qeydlər olurdumu? Bəlkə o, sizi necə, hansı rakurslardan çəkməyə yönləndirirdi, ya iş belə incəliklərə gedib çıxmırdı? Bax, Rafiq Bağırov mənə danışırdı ki, ümummilli lider ona fotoqrafiya barədə çox səmərəli təkliflər verirdi O deyirdi: " Niyə sən bu rakursdan çəkirsən, niyə sən uzaqdan çəkirsən, bəs niyə belə az çəkirsən?” Sizdə belə nə isə olub?
F.H.: - Əlbəttə, dəfələrlə. Məsələn, o, həmişə deyirdi harada dayansam yaxşı olar, bu və ya başqa çəkiliş zamanı haradan çəkim – sol, ya sağ tərəfdən...

E.А.: - Nə danışırsan?
F.H.: - Necə yaxşı olar: işıqla, ya yox? Heydər Əliyev hər şeydən baş çıxarırdı: kinodan da, televiziyadan da, foto çəkilişdən də. Məsələn, mən deyirdim: Sizə çətin deyilsə, sol tərəfdən çəkməyə üstünlük verərdim. O isə soruşur: "Niyə?” Deyirəm: "Ona görə ki pəncərə qarşınızdadır. Və işıq tamamilə sizin üzünüzü aydınladır... Ona görə sol tərəfdən yaxşı alınar”.

E.А.: - Doğrudanmı belə xırdalıqlara varırdınız?
F.H.: - Bəli. Mən, bax, 1994-cü ildə ikinci səfərimizi - Londona və Türkiyəyə, xatırlayıram. Heydər Əliyev tək dayanmışdı, özü də bir qədər dalğın görünürdü. Onu uzaqdan, sanki gizli kamerayla çəkirdim. O, bunu gördü və elə bil məni iş başında tutdu. Düşündüm ki, mənim ondan icazə almadan reportajsayağı çəkməyim bəlkə də xoşuna gəlmir. Baxıram, əhvalı yaxşıdır. Onda ona yaxınlaşıb dedim: "Cənab prezident, üzr istəyirəm, deyəsən, elədiklərim xoşunuza gəlmədi. Mən sizi uzaqdan çəkirəm, bu, filmlər üçün, gələcək filmlər və verilişlər üçün lazım olacaq...”. Və birdən o, cavab verir: "Gör sənə nə deyirəm. Yadında saxla: nə vaxt istəsən, harada istəsən çək. Bu, sənin işindir. Və mən bunu sənin ixtiyarına buraxıram”. Ondan sonra mən çoxlu belə reportaj kadrları çəkdim və bu gün onlar bütün kanallarda nümayiş etdirilir, məsələn, şəhərdə, dəniz kənarında gəzintilər zamanı... Onunla o baxımdan işləmək çox maraqlı idi ki, kadrda da çox orqanik olurdu. Hər şey təbii idi. Yadımdadır, bir dəfə uzaqdan çəkirdim. Bu, İstanbulda olub. Ora çoxlu prezident toplanmışdı, hansısa forum idi və kimsə ona dedi: "Bizi çəkirlər”. Heydər Əliyev mənə uzaqdan əl elədi, həmsöhbətinə isə dedi: "Bilirsiniz, onunla dünyanın yarısını gəzmişəm, o mənim şəxsi operatorumdur. Odur ki, narahat olmayın, o, nəyi necə çəkməyi bilir...”

E.А.: - Bu səfərlər zamanı sən təkcə Heydər Əliyevlə görüşmürdün, həm də çoxlu ən məşhur, demək olar ki, görkəmli siyasətçiləri görürdün. Helmut Kol, Fransua Mitteran, Corc Buş, Bill Klinton, Rəfsəncani, Bənazir Bhutto... onların hamısının səfərlərini çəkirdin. Heydər Əliyev həmsöhbətinin səviyyəsindən asılı olaraq dəyişirdimi və səncə, onlar Heydər Əliyevə hansı münasibəti bəsləyirdilər? Kiçik, müsəlman ölkəsi Azərbaycanın lideri kimi, yoxsa görkəmli siyasi xadim kimi?
F.H.: - Birmənalı olaraq deyə bilərəm ki, bu, böyük, qüdrətli dövlət xadiminə göstərilən münasibət idi. Heydər Əliyev onlar üçün dünya miqyaslı böyük şəxsiyyət idi. Bir də, o, hər şeyi dəqiqliklə hesablayırdı... İstənilən həmsöhbəti ilə ümumi dil tapa bilirdi... Hərçənd ki, mən onların danışdıqlarına o qədər də diqqət vermirdim. Necə olsa operatoram, mənim üçün əsas düzgün kompozisiya tapmaq idi, bilirdim ki, bunlar tarixi, təkrarolunmaz kadrlardır. Bədii film çəkilirsə, bəzən 10-a yaxın dubl edilir, burada isə sənin bir dubl etmək imkanın var, vəssalam. İkincisi daha olmayacaq.

E.А.: - Onunla işləmək ağır idi? Hamı çox gərgin qrafikdən, hədsiz böyük sayda görüşlərdən, danışıqlardan söz açır...
F.H.: - Bəli, bəli, o vaxt danışıqlar, görüşlər 40, 50 dəqiqə, hətta bir saata yaxın davam edirdi. Biz hər şeyi başdan-ayağa çəkirdik. Qrafik həqiqətən gərgin idi: uçub gəlməyə macal tapmamış, dərhal çəkilişlər başlayırdı, gecə düşənəcən. İstirahətə az vaxt qalırdı, bəzən ağıza bir tikə atmaq imkanı belə olmurdu.

E.А.: - Sən onu müxtəlif situasiyalarda – Ermənistan prezidenti, Rusiya prezidenti, Amerika prezidenti ilə görmüsən... Necə bilirsən, ona bəzən, hətta xoşlamadığı adamlarla danışıqlara getmək asan idi? Məsələn, Levon Ter-Petrosyanla, sonra Koçaryan gəldi.
F.H.: - Ter-Petrosyan Heydər Əliyevin qabağında heç kim idi. Biz hiss edirdik ki, onun qarşısında hərdən prezidentlər belə özlərini itirirlər, bunu kənardan görmək olurdu. Əlbəttə, bütün bu ter-petrosyanların, koçaryanların onun səviyyəsində olmadığını bilirdi. Onlar Heydər Əliyevin keçdiyi yolu keçməyiblər. Hakimiyyətə ikinci dəfə hər kəs gələ bilmir. Belə ağır vəziyyətdə olan respublikaya rəhbər gəlmək, onu ayağa qaldırmaq. Bunu yalnız Heydər Əliyev bacardı. Əminəm ki, əgər o, 90-cı ildə birinci katib, yaxud prezident olsaydı, respublikada Dağlıq Qarabağ problemi baş verməzdi. Bu, birmənalıdır. Uşaq da bunu bilir.

E.А.: - Liderlərdən ən çox kiminlə ünsiyyətdə olmağı sevirdi? Necə bilirsən?
F.H.: - Şevardnadzeylə, Dəmirəllə yaxın idi. Onlarla qeyri-formal ünsiyyətdə olmağı sevərdi. Onlar bir-birini yaxşı başa düşürdülər...

E.А.: - Ad günündə təyyarədə səni təbrik etməyi yadındadır?
F.H.: - Belə şeyi yaddan çıxarmaq olar? Bu, 1998-ci ilin 24 yanvarında olmuşdu, biz Şevardnadzenin yubileyinə uçurduq...

E.А.: - Həmin gün isə sənin özünün yubileyin idi. Deyəsən, 50 yaşın tamam olurdu?
F.H.: - Hə, təsəvvür edirsiniz? Və birdən bizə deyirlər: "Cənab prezident salona gəlir”. Mənim əlimdə şirə vardı, heç bilmirəm həmin şirəni necə və kimə ötürdüm. Bir sözlə, cənab prezident salona daxil olur. Mən kameranı çiynimə qaldırıram və birdən o mənə deyir: "Hadıyev, kameranı yerə qoy”. Mən hətta birtəhər oldum, o mənada ki, ilk dəfə, sürücü kimi vəsiqəmi əlimdən alırlar. Kameranı endirdim. Heydər Əliyeviç yaxınlaşdı, əlimdən tutdu: "Səni təbrik edirəm. Bu gün elan etdilər, efirə baxırdım, dedilər 50 yaşın olub. Heç sənə 50 yaş vermək olar? Bu, yalandır. Orda sənin haqqında yaxşı sözlər söylədilər, lakin bu, hələ azdır. Sən ondan da çoxuna layiqsən...”. O məni yanına çağırıb, camaatın içinə çıxmadan, təbrik edə bilərdi. Onunla müqayisədə mən kiməm ki? Sadəcə operator. O isə çıxıb deyir: "Mən gəlib səni təbrik etməyi lazım bildim”. Bax, bunu necə izah edəsən?

E.А: - Onun böyüklüyü və eyni zamanda sadəliyiylə. Buna hamı təəccüb edirdi.
F.H.: - Bəli, dahi idi və eyni zamanda belə sadə. Nə isə bir araya sığmır. Mənə görə...

E.А: - O axı biz jurnalistlərlə də hərdən öz yaşıdları kimi davranırdı, rahat şəkildə bizimlə zarafat edə bilərdi...
F.H.: - Elə həmin təyyarədə bizimlə "BBC”nin rus heyəti uçurdu. O, onlara yaxınlaşıb dedi: "Görürəm bu gün bizim dövlət televiziyamız mənim şəxsi operatorumu ad günü münasibətilə təbrik edir. Heç ona 50 yaş verərsən?! Deyirəm, bəlkə nəsə bir səhv baş verib”. Və ardınca təkrar edir: "Mən şəxsən gəlib onu təbrik etməyi lazım bildim”. Lazım bildim, başa düşürsünüz?!

E.А.: - Başa düşürəm.
F.H.: - Onun xarakterində daha bir maraqlı məqam var idi. O vaxt kasetlər 35 dəqiqəlik idi, 35 dəqiqədən sonra mən kaseti dəyişməliydim. Rəhmətlik rejissorumuz Vaqif Ağayevə sakitcə bildirirdim və o, mənə təzə kaseti ötürürdü. Təsəvvür edirsiniz, Heydər Əliyeviç pauza edirdi ki, biz kaset dəyişdirilməsini bitirək.

E.А: - Halbuki ondan xahiş etməmisən?
F.H.: - Yox, yox, heç vaxt, o, özü hər şeyi hiss edir, görürdü. Çox fövqəladədir!

E.А: - Bunu sovet vaxtında və sonralar Mərkəzi televiziya üçün çox çəkilişlər etmiş Mais Məmmədov da mənə öz vaxtında danışırdı. Mais Heydər Əliyeviçdən xahiş edə bilərdi: bəlkə, siz pencəyinizi çıxarasınız? O soruşur: "Hə? Sən belə istəyirsən?” – "Bəli, yaxşı olardı, istidir, çıxarın”. – "Buyur”. Və ya o, Rafiq Bağırova - fotoqrafa deyirdi: "Rafiq, görsən ki, qalstukum əyilib, ya saçım nə isə pis oturub, yaxınlaş, de mənə”. Lakin Rafiq deyir, mən heç vaxt bunu etməli olmamışam, çünki onda hər şey ideal idi.Bəs olubmu ki, o, Vaqiflə səni əməlli-başlı danlasın, ya tərifləsin?
F.H.: - Belə anlar olub. Bəzən o məndən, ya Vaqifdən soruşurdu: niyə siz belə az çəkirdiniz, niyə hansısa reportaj qısa getdi? Amma biz həmişə hər şeyi əvvəldən axıracan çəkirdik, sadəcə, hərdən redaktor ixtisar edirdi.

E.А: - Hə, bu hadisə yadımdadır, İran səfəriylə bağlıdır. O, hətta onda mənə müraciət etdi: "Elmira, yadındadır, biz sizinlə Tehranda mədəni proqram çərçivəsində gəzirdik? Amma televiziyayla, AzTV-də bunu göstərməyiblər, qısa veriblər. Axı əhalimizin çoxu İranda olmayıb. Və bu kadrları "Kino səyahətçiləri klubu”na baxdıqları kimi izləyə bilərdilər”. Axır ki, onda onun ideologiya üzrə müşaviri Qabil Hüseynli də, Dövlət teleradionun sədri də öz paylarını aldı. Onlara görə, xaricdən prezidentin reportajları qısa verilməli idi. Heydər Əliyeviçin isə bu məsələlərə öz baxışı var idi. Mən bu epizodu yadımda yaxşı saxladım...O vaxt, düzünü desəm, mən Qabil Hüseynlinin tərəfində idim. Əgər hər şey əvvəldən axıracan göstərilirsə, bu artıq nə reportaj, nə xəbər verilişi olmur axı. Amma digər tərəfdən, Heydər Əliyev başa düşürdü ki, o vaxt bu, xalqa lazım idi. Bu gün də lazımdır. Dövlət başçısının kimi nə üstə pislədiyini və məhz nəyə görə təriflədiyini, hansı tapşırıqlar, tövsiyələr verdiyini xalqın bilməsi lazımdır. Bu olur aşkarlıq, rəhbərliyin idarəetmə üsulu, yəni xalqdan heç nə gizlədilmir. Heydər Əliyeviç məhz bunu istəyirdi, o çalışırdı ki, onun siyasəti hamıya bəlli olsun. Xaricdə mədəni proqram çərçivəsində o, harasa baş çəkdikdə belə. Xalq hər şeydən, öz prezidentinin hər addımından xəbərdar olmalıdır. Başa düşürsən?
F.H.: - Bəli, siz haqlısınız. O, məhz bu mülahizələrə əsaslanırdı. Digər epizod prezident Məkkədə kiçik həcc - ümrə icra etdikdən sonra oldu. Biz iqamətgaha gəldik və mühafizə dedi ki, məni prezident çağırır. "Sən hər şeyi çəkdin?” – soruşur Heydər Əliyeviç. "Mən sizinlə bağlı olan hər şeyi çəkdim, ayrıca isə yox”, - dedim. "Bu axı elə gözəldir ki, Əl-Hərami məscidini Azərbaycanda, Bakıda görməlidirlər. Xalqa bunu göstərmək lazımdır. Özünlə sürücü, tərcüməçi və mühafizə götür get”. Həsən Həsənov deyir: "Cənab prezident, Fazil ərəbcə bilir, ona tərcüməçi lazım deyil”. Mən dörd il Suriyada işləmişəm, 79-da gedib 83-də qayıtdım. "Onda lap yaxşı, get”. Mən çıxıb getdim, hər şeyi çəkdim, gecə saat 2-yə yaxın qayıtdıq. Elə bir-iki tikə yemək istəyirdim ki, dedilər səni cənab prezident çağırır. Gəldim, prezidentin yanında şeyx, Leyla Şıxlinskaya, Zeynəb Xanlarova, Amaliya Pənahova var idi, yadınızdadır? "Fazil, deyilənləri elədinmi?”. Cavab verdim: "Bəli, cənab prezident. Bütün tapşırıqlarınızı yerinə yetirdim”. –"Çox yaxşı, çox yaxşı. Sən o gözəlliyi gördün?” – "Bəli, cənab prezident”.

E.А: - Əlbəttə, o, yalnız onu çəkdiyini, ümumi təəssüratların, mənzərənin isə olmadığını görüb. O, bu boşluğu hiss edib və sənin gələcək reportajını zənginləşdirib.
F.H.: - Daha bir maraqlı məqam Vaşinqtonda, rəsmi səfər zamanı oldu. Cənab prezident bizi əvvəlcə topladı: Rafiq Bağırovu, məni, yaradıcı adamları və dedi: "Baxın, birdən sizi qapıdan buraxmasalar, pəncərədən girməlisiniz. "Çəkə bilmədim, imkan olmadı” və başqa bəhanələr qəbul olunmur. Belə şey olmamalıdır”. Rafiq də, mən də bunu yadımızda saxladıq.

E.А: - Hə, Rafiq söhbətimizdə bunu da xatırlayırdı. Deməli, bu, Vaşinqtonda olub. Çox maraqlıdır...
F.H.: - Hə, budur, Ağ evdə, otaqların birində mən cənab prezidenti çəkməyə başladım. Yaşlı bir qadın, zahirən 70 yaşlarında olardı, Klintonun protokolunun şefi gəlib dedi: "Bu otaqda çəkmək olmaz”. Mən isə çəkməyə davam edirəm. O məni otaqdan çıxarmağa başladı. Gördüm cənab prezident məni çağırır: "Fazil, nə olub?” – "Cənab prezident, bu protokolun şefidir, deyir, bu otaqda çəkmə”. – "Yaxşı, deyir, baş qoşma, olmaz, deməli, olmaz”.Daha bir epizod Londonda olmuşdu, cənab prezident Sevil xanımla kraliçanın qəbuluna gedirdi. Orada bizə az-maz çəkmək imkanı verdilər. Mən, əlbəttə, bir az ağ elədim. Rafiq Bağırovu bayıra çıxartdılar, mən isə qaldım, Sevil xanımı müşayiət edərək çəkirəm. Birdən onların mühafizəsindən bir qız yaxınlaşıb məni bayıra çıxarmağa başladı. "Qurtardı, çox sağ olun, hələlik” deyib hansısa fəndi işlətdi, az qaldı nəfəsim kəsilsin. Cənab prezident münaqişəni dərhal gördü, ayaq saxladı: "Fazil, qız nə istəyir?” –"Cənab prezident, o mənə çəkməyə icazə vermir”. – "Yaxşı, kifayətdir, çox sağ ol”. Kənara çəkildim, qız məni buraxdı, nəfəsim yavaş-yavaş düzəldi. Yoxsa, az qala boğulmuşdum. Yadımdadır, Rafiq sonra mənə deyirdi: "Nə inadkarsan, məni o saat çıxartdılar, sən isə elə bil hücuma keçirdin”.
E.А.: - Hə, yaxşı kadr naminə nə etməzsən ki. Afərin! Cənab prezident səni elə buna görə qiymətləndirirdi. Bilirdi ki, onu pis vəziyyətdə qoymazsan.
F.H.: - O, mənə dəfələrlə hansı nöqtədən daha yaxşı çəkiləcəyini göstərib.Bir dəfə nümayəndə heyətimiz kortejlə qəbula gedirdi. Mən aşağıda çəkirdim. Cənab prezident maşına əyləşib soruşdu: "Niyə yuxarıdan çəkmirsən? Kortej yuxarıdan daha gözəl baxılır”. Dedim ki, cənab prezident, bu dəfə aşağıdan çəkirdim, sonra sizin ikinci çıxışınız olacaq, onda çalışacağam yuxarıdan, balkondan çəkim”. Bu da Amerikada olmuşdu. Mən sonra elə belə də etdim və ona məlumat verdim ki, tapşırığınızı yerinə yetirdim.

E.А: - Bu cür, sanki xırda şeylərə belə qəribə diqqət yetirəsən! Amma onun üçün xırda şey yox idi... Bəs yadındadır, bütün nümayəndə heyəti Vaşinqtondan getdi, siz isə qaldınız. Bu, 1999-cu il idi, ürək əməliyyatı. Klivlend. Siz orada, onun yanında qalırdınız?
F.H.: - Hə. Biz cənab prezidentin müraciətini çəkirdik. Onun görüşlərini, gəzintiləri. Sonra artıq yayda, mayın sonunda uçub Antalyaya gəldik.

E.А: - Və siz Rafiq Bağırovla neçə ay onun yanında qaldınız. Onun yanına elə-belə, ünsiyyət üçün gəlirdiniz, yoxsa çəkiliş aparılanda?
F.H.: - Çəkilişlərə də gəlirdik, baş çəkməyə də. Zarafat edirdik, söhbətləşirdik. Biz onun yanına hər dəfə gələndə Heydər Əliyeviç maraqlanırdı: "Bir probleminiz varmı? Burada, ya orada, evdə? Yoxsa artıq sən neçə aydır ki, buradasan”. Mən, əlbəttə, cavab verirdim ki, "çox sağ olun, cənab prezident. Hər şey qaydasındadır”. – "Yox, sən de, utanma, birdən hansısa problemin olar?” Yəni, demək istəyirəm ki, insan xəstə olanda özü haqda düşünür, bu unikal şəxsiyyət isə sənin haqqında da düşünməyə, maraqlanmağa vaxt tapırdı. Maraqlanırdı ki, görəsən mən necəyəm, evdə nə problemlərim var. Onun böyüklüyü bunda idi... Bu fenomendir, mən ikinci belə insan görmürəm. Deyirlər əvəzolunmaz adam yoxdur, amma bu insan əvəzolunmazdır.…Daha bir maraqlı məqam... 1995-ci ildə təyyarəmizi partlatmaq istəmişdilər. Ondan sonra biz harasa, xaricə uçduq və orada mətbuat konfransı oldu. Heydər Əliyev xarici jurnalistlərə deyirdi: "Yaxşı, özümü – başa düşdüm, terakt mənə qarşı təşkil olunmuşdu... Təyyarədə axı bu qədər adam da uçurdu. Onların günahı nədir?” Yəni o, yenə də ilk növbədə özü barədə yox, başqaları haqqında düşünürdü...Heydər Əliyeviçin İrana səfəri zamanı çox gərgin məqam olmuşdu. Biz, çəkilişi aparan 7 nəfər, üstəgəl Vaqif Ağayev kortejdə hava limanından gəlirik. Deyəsən, "Azadi” meydanında maşınımız kortejdən ayrıldı və biz başqa istiqamətə yol aldıq. Etirazımıza məhəl qoyulmurdu. Qırx kilometr uzaqlıqda harasa gətirdilər, dağların arasında mehmanxana gördük. Yeri gəlmişkən, yaxşı mehmanxana idi. Gətirdilər, əyləşdirib yedirtdilər və dedilər ki, istirahət edin, bu günə heç nə yoxdur. Biz də axı bilirik ki, proqrama görə iki saatdan sonra görüş olmalıdır. Avadanlıqlarımızı alıb bir otağa qoydular.Əsəbi halda idim, hiss edirdim ki, nə isə başqa məsələdir. Aşağı, foyeyə düşdüm ki, bir kəsdən soruşum. Elə bil yuxu səltənətiydi, bayıra çıxdım, hər tərəf dağlardır, vəssalam. Bir dəfə düşdüm, ikinci dəfə, protokolun əməkdaşı Pərvin Mirzəzadəni gördüm. "Fazil müəllim, siz niyə bura gəlmisiz?” Cavab verdim: "Həmkarlardan putyovka almışam. Biz bəyəm bura özbaşına gəlmişik? Bizi kortejdən çıxartdılar”. – "Kim?” - "Biz hardan bilək?”.

E.А.: - Onu dalınızca göndərmişdilər?
F.H.: - Hə. Cumduq aparatların dalıyca, bizə dedilər otağın açarları yoxdur, kəndə aparıblar... Dedim tapın, yoxsa qapıları sındıraram. Sizə bir dəqiqə vaxt verirəm. Axır ki, qapını birtəhər açdılar, aparatlarıı götürüb getdik. İqamətgahın qabağında bizi saxladılar, maşından düşməyə qoymurdular, deyirdilər ki, burda gözləməlisiniz. Vaqif Ağayevə dedim: "Sən kameranı hazırla, lazım olanda pəncərədən verərsən. Mən indi çıxacağam”. İran tərəfinin mühafizəsi icazə vermirdi, guya maşında oturmalıyıq. Onda mən hiylə işlətdim: "Ağa, özümü pis hiss edirəm, icazə verin havaya çıxım... Görürsən durbin burdadı – onlar kameraya durbin deyirlər”. Bir sözlə, maşından çıxdım, pəncərədən kameranı Vaqifdən alıb tüpürdüm dabanıma... Mühafizəmiz təəccüb içində idi: "Harada dolaşırdınız? Beş dəqiqədən sonra qəbul başlayır”.Prezidentə məruzə etdilər. Otaqdan çıxıb mənə təəccüblə baxdı: "Fazil, harda idiniz, nə baş verib?” – "Cənab prezident, bizi kortejdən çıxarıb başqa istiqamətə apardılar”. – "Kim?”. Qısası, Həsən Əzizoviçi çağırdı: "Həsən, bu nə biabırçılıqdır? Mətbuatı bizdən icazəsiz harasa götürüb aparıblar”. O isə əlacsız əllərini açıb "cənab prezident bura İrandır” – dedi.

E.А: - Hə, Şərq – incə məsələdir. Amma elə qərb ölkələrində də işimiz asan olmayıb. Görüşlərə buraxsalar da cəmi 2-3 dəqiqə vaxt verirdilər. İtaliya yadındadır, Senat? Bizi hər yerdən əliboş çıxarırdılar. Axır, cənab prezidentə yaxınlaşıb dedim: " Heydər Əliyeviç, bizi heç yerə buraxmırlar, buraxanda da bir-iki dəqiqəlik, maraqlı hər şey təzəcə başlayanda...”. O, güldü: "İndi bildiniz burada mətbuat hansı şəraitdə işləyir? O mənəm sizə istixana şəraiti yaradıram, tədbirlərimdə əvvəldən axıracan iştirak edirsiniz”.Özü də bilirsən maraqlısı nədir? Onun yanında gərginlik, inamsızlıq hiss eləmirdin, sən onunla həmişə özünü çox komfortda hiss edirdin.
F.H.: - Qətiyyən nə vahimə, nə qorxu olmayıb.

E.А: - Elə mən də təəccüb edirəm. Bir çoxları onun haqqında danışanda deyirlər: Biz onun gözünə baxa bilmirdik”. Məndə elə şey olmayıb. Bəlkə, asılılığında olan məmurlar ondan qorxublar, biz isə onunla sadə şəkildə ünsiyyət saxlayırdıq.
F.H.: - Hə, çünki o, bizə doğma münasibət bəsləyirdi. Təkcə, yalanı qəbul etmirdi. Məsələn, Yaponiyaya səfər zamanı ona deyiblər ki, mən cənab prezidentin və onların imperatorunun görüşünü çəkmişəm. Mən isə çəkməmişdim. Niyə? Onların xidməti dedi ki, guya biz özümüz çəkib sizə verəcəyik. Çünki siz ora getsəniz, onda imzalanmaya və mətbuat konfransına buraxılmayacaqsınız. Rafiqə və mənə belə bir şərt qoydular.

E.А: - Hə, Yaponiyada işləmək çox ağır idi. Biz dəhşət əziyyət çəkirdik.
F.H.: - Düzdür. Axşam Heydər Əliyeviç soruşdu: "İmperatorla görüşü çəkdin?” – "Cənab prezident, Rafiqlə mənə şərt qoydular: ya yarım dəqiqəlik orda, ya da yarım saat – imzalanmada. Biz imperatorla kadrları onlardan götürəcəyik”. "Qəribədir, amma mənə məlumat verdilər ki, sən orda çəkmisən. Düzdür, mən səni orada görmədim”.

E.А.: - Yəni, o sənin Rafiqlə orda olmamağını sakit qarşıladı. Əsas o olub ki, ona yalan deməmisiniz, işin içindən çıxmağa çalışmamısınız.
F.H.: - Yalanı yerli-dibli qəbul etmirdi. Bilirsiniz, mən özümü xoşbəxt insan sayıram və bu gün bu fotoşəkillərə baxanda, nə vaxtsa çəkilmiş kadrları nəzərdən keçirəndə, ixtiyarsız özümdən soruşuram: görəsən doğrudanmı mən bu böyük şəxsiyyətlə üzbəüz olmuşam?Biz hamımız onu sevirdik, buna görə onun üçün ağlayırıq, buna görə onsuzluq bizə belə ağırdır! Bizim onunla necəsə, tamamilə başqa xüsusi münasibətimiz var idi. Elə bil sanki doğma atamızla ünsiyyətdə idik. Biz onu öz doğma atamız kimi qəbul edirdik. O, məsləhət verə, danlaya, açıqlana bilərdi...

E.А.: - Mənim həyatımda da o çatışmır. Mən onu tanıyanların çoxu ilə söhbət etmişəm, hamı deyir, onun dünyasını dəyişməsilə nə isə böyük bir boşluq yarandı. Onun yoxluğuna inana bilmirik.Bununla belə, sən haqlısan: biz – xoşbəxt adamlarıq! O, həyatımızda olub və bu həyatı ali məqsədlə nurlandırıb. Allah onu qəni-qəni rəhmət eləsin!Sənə isə müsahibəyə və olduqca dəyərli xatirələrə görə çox sağ ol deyirəm. Bunlar mənim kitablarımda layiqli yerini tutacaqlar.
Söhbəti apardı Elmira Axundova

banner

Oxşar Xəbərlər