• çərşənbə axşamı, 19 mart, 08:47
  • Baku Bakı 8°C

"Mən yenə də utancağam" - Fotolar

16.02.17 12:30 2068
"Mən yenə də utancağam" - Fotolar
SSRİ-nin Xalq artisti İrina Muravyova adətən müsahibə vermir, ya da kinoforumlar zamanı suallara cavab verməyə könülsüz razılaşır. Muravyovanın müsahibə üçün bir jurnalistə söz verib, müsahibənin çap olunmasına bir gün qalmış ondan imtina etməsini və jurnalistin gözyaşları tökməsini həmkarları tarixi an kimi unutmurlar. On görə də İrina Muravyovanın həyatı boyu verdiyi müsahibələri barmaqla saymaq olar.Buna baxmayaraq, Muravyovanı sevməmək mümkün deyil.
- İrina Vadimovna, vicdanla deyin, sizinlə müsahibəyə nail olmaq üçün nə etmək lazımdır?
- Müsahibə?! Əşşi, boş verin! Bu, kimə və nəyə lazımdır?!

- Bizim oxucularımıza və sizin pərəstişkarlarınıza, məsələn!
- Hər şey rollarımla bağlıdır! Qoy filmlərimə baxsınlar və teatra gəlsinlər.

- Axı, bu, düz deyil! Yəqin siz jurnalistləri sevmirsiniz.
- Mən ümumiyyətlə, naz etmirəm. Sadəcə, müsahibə verməyi xoşlamıram.

- Nəyə görə?
- Sadəcə, işdən kənarda necə və hansı şəkildə yaşadığım barədə danışmağı sevmirəm.

- Sizin kinodakı rollarınız, teatr rollarınız və necə cazibədar və cəzbedici qalmağınız haqda sirlər maraqlıdır.
- Heç bir sirr yoxdur. Mənə görə şöhrət kölgə kimidir. Onun arxasınca qaçmaq faydasızdır. Nə çata, nə də tuta bilərsən. Geniş müsahibəni isə mən 70 yaşımdan sonra verəcəyəm. Hələ ki, tezdir.

- Bu günlərdə ad gününüzü qeyd etdiniz, heç bir qəzetdə də sizin müsahibəniz olmayıb…
- Əslində müsahibə vermirəm! Bax indi də oturmuşam və başa düşürəm ki, jurnalistlərdən dəhşət qorxuram. Nə vaxt ki, müsahibə verməyimi istəyir və qəribə sualları ünvanlayırlar, özümü itirirəm. Həm də elə suallar verirlər ki, fikrimcə, onlara ümumiyyətlə, cavab vermək lazım deyil. Teatrın və aktyorluğun nə olduğunu yaxşı bilən və haqqımda məlumatlı olan jurnalistlər nadir hallarda olur. Çox az jurnalist mənim sualıma yaxşı qulaq asa və sıradakı sualı məntiqlə, ardıcıllıqla və replikama uyğun verə bilir.
Mən yenə də utancağam
- Son 17 ildə siz "Malıy Teatrda” işləyirsiniz. Fikirlər var ki, klassik repertuar tamaşaçı üçün darıxdırıcı olmağa başlayıb. Bunu düzəltmək üçün nə etmək lazımdır?
- Səhnədə rolunu yaxşı oynamalısan. Teatrda bütün janrlar və tarixçələr var və bir çox pyeslər tamaşaçılara o qədər də aktual görünmür. Səhnə əsərlərini tamaşaçı zövqünə uyğun seçmək lazımdır. Yoxsa heç kəsi teatra zorla gətirmək olmayacaq. İnsanlar hər hansı tamaşanın və ya filmin təəssüratları altında yaşamaq istəyirlər. Keçmişlərdə olduğu kimi. Bir anlıq da olsa ətraf aləmdən ayrılmaq xüsusən bu gün çox vacibdir.

- Bəs bugünkü müasir filmlərə münasibətiniz necədir?
- Fikrimi birmənalı deyə bilmərəm. Mənim o qədər vaxtım yoxdur ki, bütün filmləri izləyə bilim. Aralarında xoşagəlməyən filmlər də görmüşəm. Məsələn, «Hamı öləcək, mən qalacağam» filminə baxanda çox dəhşətli hisslər keçirdim. Belə bir mənasız filmdə çəkilməzdim. Həmişə filmlərimlə seçilməyə çalışmışam. Zamanında Vera, Lyudka, Zinanın obrazlarını oynamışam. Ssenarini götürüb oxumağa başlayıram, rol mənə yaxındırsa onu oynamağa razılıq verirəm. Məsələn, hazırda «Ən yaxşı nənə» filmində oynayıram. Bu rola çəkilməyə məni «Gözəl doğulma» filmində Katya Puşkarevanın anası rolunu oynayandan sonra dəvət etdilər.

- Bəs «Cazibədar və cəlbedici qadın» filmində nəyə görə çəkilmək istəmirdiniz?
- Mən balaca bir layihə institutunun konstruktuor bürosunda baş verən işçilərin həyatından bəhs edən filmdə çəkilmək istəmirdim. O zaman güclü müəllif kinosu var idi və mənə elə gəlir ki, bu, çox mühümdür. İllər keçəndən sonra filmə bir də baxdım. Baxandan sonra isə ayrıla bilmədim. İndi elə hesab edirəm ki, bu, ən yaxşı filmdir. Mən özümü heç vaxt gözəl saymamışam. Rejissorlar da əvvəllər məni nəzərə almırdılar. Məni «Cazibədar və cəlbedici qadın» filmində baş rola təqdim etdikləri vaxt öz həmkarlarıma belə bu haqda danışmağı özümə ar bilirdim. Mən yenə də utancağam, axı çəkildiyim filmlərə belə çox baxmağı sevmirəm. Bu, necə deyərlər, qeyri-təbiilik, anormallıqdır. Əvvəldən axıra qədər baxdığım yeganə film «Cazibədar və cəlbedici qadın» filmidir ki, ona marağımdan baxdım. Qastrollar zamanı tamaşadan sonra mehmanxananın nömrəsinə gələrək televizorda bu filmi gizlicə, qapını bağlayaraq izlədim. Filmə baxır və düşünürdüm: «Nəyə görə utanırdım axı, gözəl filmdir».

- Ayrıca, əfsanəvi film olan «Moskva göz yaşlarına inanmır» filmi sizin üçün traqikomik tarixə çevrilmişdi...
- Filmi ilk dəfə gördüyüm an xəcalətimdən ağlamağa başladım. Fikirləşirdim ki, necə oldu ki, mən öz xeyrini güdən və prinsipsiz bir qadın rolunu oynamağı bacardım?! Axı, mən həyatda heç də belə deyiləm! Son dərəcə mütəəssir oldum. Yalnız tamaşaçı kütləsi və həmkarlarım mənə minnətdarlıq və razılıqlarını bildirdikdən sonra göz yaşlarımı silib ikinci dəfə filmə baxmağa yollandım. Bundan sonra mənə daha asan oldu.

- Bəs "Karnaval” filminə sizi nə bağlayıb?
- «Karnaval» filmi ilə mənim ürəkdağıdıcı bağlılığım var. Film prokata çıxdığı andan məşhurlaşdı. Mənə yenə də asan deyildi. Bax siz təəccüblənirsiniz, amma metroda və ya avtobusda məni kişilər tanıyıb təbəssümlə «Zəng vur mənə, zəng vur!» deyə oxuduqları zamanlar yerin altına girməyə belə hazır idim. Yalnız illər sonra anladım ki, əgər tamaşaçılar düşünmədən səni rollarındakı qəhrəmanlarla eyniləşdirirlərsə, belə anlarda utanıb qızarmaq axmaqlıqdır. Amma bunu çox gec dərk etdim.
- Gənc aktyorlar 20-30 ildən sonra nəyi xatırlayacaqlar?
- Mən cavan olanda bəlkə hər şey xoşuma gəlirdi. İndi isə heç bir tamaşaya sona qədər baxa bilmirəm. Bütün əskiklikləri görürəm. 15 dəqiqə baxıram, qurtardı getdi. Bununla belə, mən teatral adamların xoşlamadığı bir hərəkəti də edirəm: qalxıram və zaldan çıxıram. Hərdən sərsəm şeyləri nəyə görə göstərdiklərini başa düşmürəm. Amma tamaşaçılar əl çalır və «bravo» deyə qışqırırlar. Mən özüm isə «bravo» sözü haqqında düşünmədiyim tamaşalarda oynasam da, tamaşaçılar qalxır və qışqırarlar, mən də çıxıb təzim edirəm. Çünki insanlar gözəl, ağıllı tamaşalar görmək istəyirlər. Onlar düşünmək istəyirlər. Bəlkə mən özümü və ya başqasının işinə çox tələblə yanaşıram. Axı, mən həmçinin yaxşı tamaşalar və filmlər görmüşəm. Mənim fikrimcə, əsas olan ssenarinin mükəmməlliyidir. İkinci yerdə rejissor, daha sonra isə artistlər gəlir. Bəzən ssenarini götürürsən, sənə maraqlı gəlmir: «Bəs rejissor kimdir» - deyə soruşuram. O da tanınmayan adamdır. O zaman aktyorlarla maraqlanıram. Bir neçə layiqli adı çəkirlər. Bu cür kampaniya ilə oynamağa razılaşırsan. Yadımdadır, o zaman «Moskva göz yaşlarına inanmır» filminin ssenarisi uzun müddət "Mosfilm” kinostudiyasında qaldı. Heç bir rejissor onu götürmədi. Hətta, Vladimir Menşova da təklif edəndə razılaşmadı. Ancaq sonradan necə oldusa o, ssenarini götürdü. Amma süjet xəttində dəyişikliklər etdi. Biz çəkilməyə başlayanda bu ssenari artıq əvvəlki mənbəyə oxşamırdı. Menşov onu yüngülcə "rənglədi”, tamamilə yeni bir şey alındı.

- Deyirlər ki, rejissorlardan və ya prodüserlərdən kimsə «Moskva göz yaşlarına inanmır»ı ekranlaşdırmağa hazırlaşır.
- Belə bir informasiyanı mən də eşitmişəm, ancaq Vladimir Menşovdan filmin davamını çəkəcəyi haqda eşitməmişəm. Ona görə də qoy desinlər. Amma Menşov çox istedadlıdır. Əgər belə təklifi qəbul etsə, ortaya çox gözəl film çıxarar. Əgər məni dəvət etsə, mən də mütləq razılaşaram. Ümumiyyətlə, məşhur filmlərin davamında çəkilmək mənim xoşuma gəlir.
Tənhalıqdan ölə biləcəyimdən qorxuram

- Siz kitab yazmağa hazırlaşmırsınız?
- Düzünü desəm, bunu istəməzdim və söz də vermirəm. Əgər bu haqda düşünsəm, başqa imza ilə yazmalı olacağam. İki il əvvəl qəzetlərin birində "Teatr və kino aktrisası İrina Muravyova SOROS fondunun mükafatını alıb” deyə xəbər oxudum. Dərhal da mənə maraqlı gəldi: nəyə görə mənə bu mükafatı verirlər və pulu nə qədərdir? Mənə mükafat məbləğinin kifayət qədər böyük olduğunu dedilər. Gözlədim, ancaq heç kim həmin pulu mənə verməyə tələsmədi. Sən demə, pulu qazanan mənim eyni familiyalı həmkarım olub.

- Siz rejissorla evlənmisiniz. Ailə üzvlərinin incəsənətlə, yaradıcılıqla məşğul olması yaxşıdır, yoxsa pis?
- Əlbəttə, yaxşıdır. İlk növbədə ona görə ki, burada insanların maraqları ümumi olur. Onlar nədən danışacaqlarını da yaxşı bilirlər. Biz eyni dildə danışır və bir-birimizi gözəl başa düşürdük. Fəxrlə deyə bilərəm ki, mən hər şeydən əvvəl ana, sonra isə aktrisayam.

- Tamaşaların birində belə bir sitat var: "Ağılsız olsam da, əvəzində ərə getmişəm”. Sizcə qadın üçün ağıllı olmaq, yoxsa ərə getmək prioritetdir?
- Ağıl, yoxsa ərə getmək? Amma başa düşürük ki, ağılsızları o qədər də həvəslə qəbul etmirlər. Əlbəttə, ərə getmək lazımdır. Çünki bu, təbiətin qanunudur. Ancaq burada əsas məsələ özünə uyğun adamı tapmaqdır. Ümumiyyətlə, mən qızlara məsləhət görərdim ki, heç vaxt gözlərini yumub ərə getməsinlər.
- Həyatda ən çox nədən qorxursunuz?
- Nə zaman heç kimə lazım olmadığımı və mənə tələbatın az olduğunu hiss etsəm, o zaman bir çox aktyorların başına gəldiyi kimi tənhalıqdan ölə biləcəyimdən qorxuram. Mən heç vaxt və böyük pul gücünə olsa belə, reklamlarda çəkilməyəcəyəm, çəkilsəm, bundan sonra təmiz vicdanla səhnəyə qayıda bilmərəm. Mənə görə əsil sənət öz gözəlliyini qoruyub saxlamalıdır.
Rusiya mətbuatından çevirdi
Təranə Məhərrəmova



banner

Oxşar Xəbərlər