AZE | RUS | ENG |

«Mən serialın əleyhinə deyiləm, amma…» müsahibə

«Mən serialın əleyhinə deyiləm, amma…» müsahibə
Xalq artisti Ramiz Həsənoğlu: «İndi əksinədir – kəmiyyət keyfiyyəti üstələyib»

“Sabah” Yaradıcılıq Birliyi 20 yaşını qeyd edir. Tamaşaçılara onlarla ekran əsəri, o cümlədən “Ac həriflər”, “6 nömrəli palata”, “Bala-başa bəla!”, “Dəvətnamə”, “Kamança”, “Məhbus”, “Ömürdən uzun gecə”, “Yarımştat”, “Cəza”, “Yaşıl eynəkli adam”, “Fatehlərin divanı”, “Nekroloq” və s. kimi yaddan çıxmayan teletamaşalar bəxş edən Yaradıcılıq Birliyi bu gün də fəaliyyətini davam etdirir.
“Sabah”ın rəhbəri, Xalq artisti Ramiz Həsənoğlu yubileylə bağlı “Kaspi”yə müsahibə verib.

Tamaşaçının zövqünü alçaltmaq olmaz

- «Sabah» Yaradıcılıq Birliyi Azərbaycan teleməkanına nə gətirib?
- Mənə elə gəlir ki, «Sabah» ilk yaranan qurumdur ki, mütəmadi gənclərlə bağlı bir proqram istiqaməti götürərək iş görüb. Gənclərin cəlb olunması, onların sənətə müdaxilə etməsi, içərilərində olanların üzə çıxarılması üçün imkan yaradılması və s. istiqamətdə addımlar atıb. Təbii ki, hər yoldan ötən gəlib «Sabah»da bu hüququ əldə edə bilməzdi. Məsələn, cavan bir oğlan mənə müraciət edərək Bekketin «Oyun» əsərini hazırlamaq istədiyini bildirdi. Mən onu tanımırdım. Gənc məni o dərəcədə inandırdı ki, bir prodüser kimi ona şərait yaratdım. İndi o, hamımızın tanıdığı, yetərincə məşhur olan Kamran Şahmərdandır.

«Sabah» yaranan dövrdə həm teatrımızda, həm də kinomuzda tənəzzül dövrü idi. Demək olar ki, maliyyə yatırımları yox idi. «Sabah»ın belə bir zamanda, belə bir vaxtda yaranması və ortaya çıxması sənət aləminə bir canlanma gətirdi. Təsəvvür edin ki, 3 il dalbadal bizim hər ay premyeramız var idi. Burada çox böyük kollektiv çalışırdı. Güman edirəm ki, «Sabah» 20 yaşından bir az irəliyə baxa bilsə, gördükləri işin fövqündə daha başqa işlər də görə biləcək.

- İndi hamı «Sabah»da çəkilən köhnə tamaşaların tamarzısıdır. Artıq bu gün tamaşaçılar eyni səviyyəli teletamaşaları görmürlər. Əlbəttə, deyəcəksiniz ki, tamaşalar yenə də çəkilir. Bəs niyə əvvəlki effekt yoxdur? Rejissor da həminkidir. Bəs problem nədədir? Ssenaridə, yoxsa köhnə aktyorların yoxluğunda?
- Problem çoxdur. Əsas problem ondan ibarətdir ki, dövr dəyişdi. Telekanalların sayı artdı, teleməkan böyüdü. Tamaşaçının seçimi çoxaldı. Biz tamaşaçını ümumi bir məfhum kimi qəbul etməyək. Onların arasında çoxlu inkişaf etmiş, zövqsüz adamlar var. Əvvəllər teleməkanda yalnız bir telekanal – Azərbaycan televiziyası olanda müəyyən bir tənzimləmə gedirdi. Böyük bir kollektiv çalışırdı. Düzdür, totalitar rejimdə işləyirdik. Ancaq özbaşınalıq, hərc-mərclik, qazanc elementləri bizim teleməkanı bugünkü vəziyyətə gətirdi. Bu günə salınan teleməkanın içində sizin dediyiniz o tamaşaları ortaya çıxarmaq da indi asan deyil. Çünki proqram siyasəti dəyişib. Ancaq bu o demək deyil ki, biz səviyyəli filmlər, tamaşalar, seriallar çəkməməliyik. Mənə elə gəlir ki, bu sahədə «Sabah»ın da öz məsuliyyəti, borcu var. «Sabah»ın digər qurumlardan fərqi ondan ibarətdir ki, biz bu işi Azərbaycan Televiziyasının daxilində görürük. Biz dövlət vəsaiti ilə işləyirik. Bu mənada istədiyimiz layihəyə dövlət vəsait buraxır. Ola bilsin ki, bəzi hallarda bizim düşündüklərimiz üst qurumun düşündükləri ilə üst-üstə düşmür. Bu mənada «Sabah»ın fəaliyyətinin bir qədər seyrəkləşməsi baş verib. Ancaq biz bunu o qədər də faciəli hesab etmirik. Düşündüyümüz layihələr, planlar var. Azərbaycan televiziyasının kadr və maliyyə potensialı daha keyfiyyətli işlər görməyə imkan verir. Ümidvaram ki, biz bu imkanlardan istifadə edəcəyik.

- Necə bilirsiniz, dediyiniz imkanlardan yararlanacağınız təqdirdə ərsəyə gətirəcəyiniz tamaşalar yenə də «Ac həriflər», «Qatarda», «Evləri köndələn yar» kimi tamaşaların yerini verə biləcəkmi?
- Buna zaman və real görünən işlər cavab verə bilər. Qabaqcadan demək çətindir. Zaman, qavrayış dəyişib. Tutaq ki, siz bu etirafınızla tamaşaçıların müəyyən bir təbəqəsini təmsil edirsiniz. Hamı sizin kimi bunları gözləmir. Baxın görün, hansı seriallar nümayiş olunur. Yeyib-içmək proqramları və s. verilişləri bütün tamaşaçılar izləyir. Həmin proqramlar haqqında heç də məhkəmə qurmaq fikrində deyiləm. Sadəcə, tamaşaçının zövqünü alçaltmaq olmaz. «Sabah»ın gördüyü işlər bu mənada tamaşaçının səviyyəsini ucaltmaq funksiyası daşıyır. «Sabah»ın gördüyü işlərin kökündə bu məqsəd durur.

- Sizcə tamaşaçının zövqünü təkcə onların özləri müəyyənləşdirir?
- Biz artıq kapitalizm cəmiyyətindəyik. Bu, sözün yaxşı mənasında bazar münasibətləridir. Mənə elə gəlir ki, bizim cəmiyyətdə söhbət səviyyədən getməlidir. Proqramların səviyyəsi elə olmalıdır ki, tamaşaçı baxanda bir gün o birinə də baxmaq istəsin. Bütün gün konsertə qulaq asmaq olmaz. Adam var əyləncə, adam var poeziyanı və s. istəyir. Mənə elə gəlir ki, Azərbaycan teleməkanında tamaşaçıların zövqlərini oxşayan proqramların yetərincə sayı var. Amma söhbət onların keyfiyyətindən gedir. Məramını bəyan etməklə iş bitmir. Burada sənətkarlıq, peşəkarlıq söhbəti olmalıdır. Mənə elə gəlir ki, bütün sənət məkanında problem bundadır. Ola bilsin ki, peşəkarlıq aşağı səviyyədədir.

Kəmiyyət keyfiyyəti üstələyib

- Tez-tez «Televiziyalara ayaq açan səviyyəsiz verilişlərin qarşısı alınmalıdır» fikirləri hətta, ən yüksək səviyyədə belə səslənir. Sizcə islahatlara nədən başlamaq lazımdır?
- Mənə elə gəlir ki, bütün teleməkanda prodüser fəaliyyətini gücləndirmək lazımdır. Bütün təşəbbüslər onların əlində olmalıdır. Dünya təcrübəsindən qidalanıb bu fəaliyyəti gücləndirmək lazımdır. Mən deyə bilmərəm ki, bizdə prodüserlər yoxdur. Sadəcə, prodüserlərin səviyyəsi ola bilsin ki, istənilən tələblərə cavab vermir. Yeri gəlmişkən, ölkəmizdə ilk prodüser ştatı «Sabah»da olub. O zaman bu ştatı yaradanda hamı “prodüserin işi nədən ibarətdir?” deyə maraqlanırdı. Mən heç də rejissorun rolunu alçaltmaq fikrində deyiləm. Amma mənə elə gəlir ki, təşkilati mənada sənətin daşıyıcısı prodüserdir. Əvvəla, prodüserlərə mümkün qədər sərbəstlik vermək lazımdır. Həm mövzuların seçimində, həm onların cəlb etdiyi maliyyə vəsaitinin aşılanmasında. Prodüser düşünən, savadlı, zövqlü adam olmalıdır. Bəzən belə olur ki, prodüser vəzifəsini kimsə öz üzərinə götürür. Tutaq ki, hansısa kanalda bədii rəhbər, kanalın rəhbəri və ya baş rejissor prodüser olur. Mən istərdim ki, prodüser fəaliyyəti ilə düşünülmüş şəkildə məşğul olunsun.

- Telekanallarda serial bumu yaşanır. Siz niyə orada yoxsunuz?
- Bu, bir qədər başqa fəaliyyətdir. Mən demirəm bu, sənət deyil, sənətdir. Amma bir var serial, bir də var insanlar gedib teatrda tamaşaya baxırlar – bunlar fərqlidir. Mən serialın əleyhinə deyiləm, amma keyfiyyətlisi olsun. Serial da ehtiyacdan doğan tələbdir. Fikir verin, Azərbaycan Televiziyasında seriallar çəkilmir. Bu, bəlkə də düzgün addımdır. Çəkilənlərə oxşatmağın mənası yoxdur. Vaxtilə burada da seriallar çəkilib. İlk Azərbaycan serialını- “İtkin gəlin”i Lütfü Məmmədbəyov çəkib. İndi ona baxanda ola bilsin ki, təsvirin keyfiyyəti, səsi bugünkü tamaşaçını qane etməsin. Mən son vaxtlara qədər serial tendensiyasına yaxşı baxırdım. Ümid edirdim ki, serial çəkilişi getdikcə peşəkarlığa doğru getsin. Ancaq indi əksinədir – kəmiyyət keyfiyyəti üstələyib. Mənə elə gəlir ki, prodüserlər mövzunu seçəndə onun reallaşması ilə bağlı rejissorların fəaliyyətlərini gözdən keçirməlidirlər: serialı kim çəkir, bəlkə az olsun, daha yaxşı olsun və s. Bəlkə burda rejissor tapmırsınız, gedin kənardan gətirin. Bəlkə ətrafdakılara daha diqqətlə baxıb seçimi dəyişəsiniz? Düzdür, professionalların sayı o qədər çox deyil, amma onlar var. Mənə elə gəlir ki, serial o zaman keyfiyyət əldə edəcək ki, o zaman biz hansısa bazara öz məhsulumuzu tuşlaya bilək. Ya MDB, ya Türkiyə, ya Yaxın Şərq telebazarına özümüzü daxil edə bilək. Öz əsərlərimizi sata, onların əsərlərinin ən yaxşı nümunələrini ala bilək. Bu mənada serialların sayının bu qədər çoxalması ürək açmır.

- Əksər fikirlər belədir ki, bizə daha çox tarixi, vətənpərvərlik ruhlu seriallar lazımdır. Ailə-məişət mövzularına və ya kriminal hadisələrə söykənən ssenarilər yox.
- Hər şeyin üst qurumu var. Şüurun üst qurumunda xalqın xarakterində olan naqis cəhətləri yox, müsbət cəhətləri canlandırmaq üçün ona uyğun mövzu seçilməlidir. Biz sosializm cəmiyyətində yaşayanda Azərbaycan mədəniyyəti, radiosu və televiziyası öz funksiyasını lazımınca yerinə yetirirdi. Bu funksiyaları yerinə yetirmək üçün hər qurumun başı üzərində Bədii Şura var idi. hər şey dəyişəndən sonra bədii şuraları lazımsız bir şey kimi kənara atdılar. Dedilər ki, buna ehtiyac yoxdur. Ancaq həmin bədii şuralarda görkəmli şəxsiyyətlər təmsil olunurdu. Mənə elə gəlir ki, tamaşaçının zövqünü qaldıran, onun dünya görüşünü artıran, hislərini yaxşı mənada hərəkətə gətirən mövzulara müraciət etmək lazımdır. Mən çıxış yolunu yalnız bunda görürəm. Şübhəsiz ki, qazanc da olmalıdır, ancaq mənəviyyat heç vaxt yaddan çıxmamalıdır. İnsanın daxilində həmişə şərlə xeyirin mübarizəsi gedir. Bizim teleməkanda da müəyyən mənada bu mübarizə gedir. Mənə elə gəlir ki, bunun nəticəsi yaxşı olmalıdır.

- Bəs bu gün necə, bədii şuralar fəaliyyət göstərirmi?
- Əgər ekranları izləyirsinizsə – hər şey göz qabağındadır. Mənə elə gəlir ki, bədii şuralara ehtiyac var. Hətta, onlar yeni şəraitdə bir qədər yeni fəaliyyətlə çalaşmalıdırlar. Ancaq onlardan komendant kimi yox, yaradıcı, istiqamət verə bilən insanlar kimi istifadə etmək lazımdır. Həmin şuralara cəmiyyətimizin yaradıcı qüvvəsi olan insanları cəlb etmək lazımdır.

Bəlkə bu yaşdan sonra...

- Siz vaxtilə Milli Dram Teatrında «Brüsseldən məktublar»ı hazırladınız. Bəs sonra niyə tamaşalarınız olmadı?
- Bilirsinizmi, təklif olmadı. Həmin tamaşa zamanında çox yaxşı qəbul olundu. Yaxşı resenziyalar oldu. Ola bilsin ki, rejissor böhranı olmadığı, kənardan da rejissorlar dəvət olunduğu üçün bizə ehtiyac olmadı. Onu da deyim ki, o tamaşanın hazırlanmasında müəllifin öz rolu olub. Açığı, mən teatrda tamaşa hazırlamağa o qədər can atmırdım. Hərçənd mən teatrda böyümüşəm, anam aktrisa olub, atam teatrda çalışıb, uşaqlığım hardasa teatrın pərdəsi arxasında keçib. Ora mənim üçün doğma bir meydandır. Mən bu işə çox məsuliyyətlə yanaşdım. Mənə elə gəlir ki, səhnədə reallaşan əsər hər halda yazılan əsərdən aşağı səviyyədə deyildi.

- Teatra təklif olmadı, ancaq siz əvəzində kinoya dəvət aldınız. «Cavid ömrü», «Sübhün səfiri»ni çəkdiniz.
- Xatırladım ki, mən «Cavid ömrü»ndən əvvəl – 1998-ci ildə Rüstəm İbrahimbəyovun ssenarisi əsasında «Ailə» filmini çəkmişdim. Ancaq general olmayan əsgər əsgər deyil. Mən bu sənətə gələndən həmişə böyük ekran üçün iş görmək arzusu ilə yaşamışam. Həmin proqramımın gerçəkləşməsi ən azı 15-20 il gecikib. Düşünürdüm ki, mən ən azı 30 yaşında bir kino rejissoru kimi özümü müəyyən mənada meydanda göstərə biləcəm. Ancaq bu, 50 yaşımda baş verdi. Bu, reallıqdır. Ancaq fikirlər var ki, insanın ən gözəl çiçəklənən dövrü 50 yaşından sonradır. Təsəlli birgə bundadır ki, bəlkə bu yaşdan sonra mən yenə nəsə ortaya çıxara biləcəyəm.

- Fikrinizi həmin filmlərlə bağlı mətbuatda yazılanlara yönəltmək istərdim. Adını çəkdiyim hər iki film birmənalı qarşılanmadı. “Tarixi şəxsiyyətlər haqqında filmlərə ehtiyac var”, “Maraqlı film alınmışdı” və y «Ramiz Həsənoğlu televiziya seriallarını daha uğurlu çəkir» kimi fikirlər səsləndi.
- Bu reallıqdır və reallıqdan qaçmaq olmaz. Amma yazmayan adamlar da var. Tutaq ki, mən «Cavid ömrü» zəifdir» deyənlərlə yanaşı, yüzlərlə yüksək səviyyəli fikirlər də eşitmişəm. Amma diqqət yazılanlara yönəlir. Mən buna normal baxıram. Əvvəllər bu mənə təbii ki, pis təsir edirdi. Sonra özüm üçün aydınlaşdırdım ki, bu normaldır, qoy yazsınlar. Əsas odur ki, film öz ömrünü yaşayır, telekanallarda göstərilir. Düzdür, bizdə kinoteatrlar yoxdur, bəlkə bu barədə danışmağa da dəyməz. Amma «Cavid ömrü»nə maraq bu gün də bitməyib.

-«Sübhün səfiri» ekran üçün çox uzun çəkdi. Ümumiyyətlə, müasir dövrdə fikirlər var ki, əgər film çox uzundursa, o, komediya olmalıdır. Və yaxud əgər ağır filmdirsə, 30 dəqiqə nəzərdə tutulmalıdır. Siz heç tamaşaçının yorula biləcəyi haqqında düşünmədinizmi?
- Mən sizin fikrinizi normal qarşılayıram. Bilirəm ki, bu sizin şəxsi fikrinizdir. Amma mən başqa fikirləri də bilirəm. O mənada sizinlə mübahisə etməyəcəyəm. Artıq film haqqında deyilənlər, yazılanlar yenə də qarşı-qarşıyadır. Bilirsinizmi, bizim qavrayışımızda bərpa edilməyən proseslər gedir. Elementar misal deyim: klip estetikası artıq bizim qavrayış estetikamıza çevrilib. Zaman dəyişib. İnsanların oturub uzun filmləri seyr etməyə səbirləri çatmır. Ancaq Mirzə Fətəlinin həyatını başqa şəkildə tamaşaçıya necə çatdırmaq olar? Kitab oxumuruq, internetdə də mənasız şeylərə baxırlar. Bəs Azərbaycan mədəniyyətinin böyük simasını necə təqdim edək? Kim baxmaq istəmirsə, baxmasın, amma baxanlar var. Adamlar var ki, film onlara uzun görünmür.

- Geniş tamaşaçı kütləsi “Sübhün səfiri”ni nə zaman efirdə görəcək?
- Biz filmin televiziya versiyasını da hazırlamışıq. Bu, iki seriyadan ibarət olacaq. Əlbəttə, tamaşaçını iki saat yarım ekran qarşısında saxlamaq çox çətindir. Güman edirəm ki, film payız aylarında ekrana çıxacaq. Bu yaxınlarda filmi Türkiyəyə apardıq, Şəkidə nümayiş etdirdik. Filmi Gürcüstanda, Moskvada nümayiş etdirməyə hazırlaşırıq. Yaxın gələcəkdə filmin Almaniyada göstərilmək ehtimalı da var. İstər-istəməz bu, Azərbaycan mədəniyyətinin təbliğatıdır. Bu mənada film öz funksiyasını yerinə yetirir. Filmin qarşısında qoyulan məqsədlər artıq reallaşır.

- Yenidən film çəkməli olsanız yenədəmi tarixi şəxsiyyət haqqında çəkərsiniz?
- Şübhəsiz. Mən düşüncələrimdə bir az keçmişdəyəm. Azərbaycan mədəniyyətini XIX əsrdə formalaşdıran ziyalıları həmişə düşünmüşəm. Bunlar mənim yaradıcılığımda da var. Çox istərdim ki, XX əsrdə Azərbaycan mədəniyyətində baş verənlərlə bağlı, məsələn Cəfər Cabbarlı ilə bağlı bir film çəkim. Bu, Anarın da, mənim də ürəyimdən keçir. Biz bunu eləməsək, başqaları bəlkə də edə bilməz. Söhbət bizim nəsildən gedir. Elə bil ki, o dövrə biz daha çox yaxınıq, onu daha çox biz hiss edirik. Bu seçim həmçinin Mirzə Ələkbər Sabir də ola bilər. Mənə elə gəlir ki, Azərbaycan kinosunun istiqamətində bu cür filmlərin yaranmasına ehtiyac var. Bu ehtiyacı həyata keçirmək üçün rejissorlar, ssenaristlər cəlb olunmalıdır. Filmlər var ki, çəkilir heç efirdə də göstərilmir. Amma «Cavid ömrü» 7 il bundan əvvəl çəkilib, görün bu illər ərzində nə qədər göstərilib. Ancaq o filmlə bərabər çəkilən hansı film bu qədər nümayiş etdirilib? Deməli, buna ehtiyac var. Əgər ehtiyac varsa, bu ehtiyacı ödəmək lazımdır. Mənə elə gəlir ki, maarifçilik istiqamətində çəkilən filmlər həm bədii, həm də sənət tərəfdən bu ehtiyacı ödəməlidir.

- Sonuncu salımı yenə “Sabah”la bağlı ünvanlamaq istəyirəm. Tamaşaçı «Sabah»ın təqdimatında yaxın vaxtlarda nəyə baxa biləcək?
- Hələ ki, böyük ekran üçün reallığa doğru gedən bir şey düşünmürəm. Amma ideyalar var, sadəcə onlar haqqında danışmaq bir az tezdir. Biz «Sabah»ın nəzdində İrəvan xanlığı ilə bağlı serial tipli çəkilişlər nəzərdə tutmuşuq. Bu, bir qədər «Fatehlərin divanı» estetikasında olacaq. Bu, İrəvan xanlığı haqqında olacaq. Bütün zamanlarda dövrlər olub ki, dünyanı bölüşdürüblər. İrəvan xanlığının çökməsi dövrü dünyanın növbəti bölüşdürülməsi idi. Düşünürəm ki, bu, bizim tamaşaçılarımız üçün də maraqlı olar. Artıq biz bu istiqamətdə işləyirik. Hələlik real istehsalat qrafiki yoxdur. Bilmirik bizə nə vaxt pavilyon veriləcək və ya vəsait ayrılacaq. Ona görə nə vaxt efirə çıxacağımız barədə danışmaq bir qədər tezdir. Rəhbərlik bu işi məqbul hesab etsə ola bilsin ki, bu il onun istehsalına başlayaq.

Təranə Məhərrəmovamüsahibə"> müsahibə">

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8766
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1213
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1748
CHF 1 1 İsveçrə frankı 1.7057
KWD 1 1 Küveyt dinarı 5.5915
TRY 1 1 Türkiyə lirəsi 0.299