• çərşənbə axşamı, 19 mart, 06:49
  • Baku Bakı 8°C

“Mən səni sevirəm, qadın!”

03.06.19 13:00 3524
“Mən  səni  sevirəm, qadın!”
Əbülfət Mədətoğlunun yeni kitabı işıq üzü görüb. "Bir qadına” şeirlər kitabı başdan-ayağa sevgi mövzusundadı. Dünya ədəbiyyatında şairlərin öz sevgililərinə həsr etdikləri şeir kitabları ilə çox rastlaşmışam.
Sevgi ilahi bir hissdir. Hər bir insanın ürəyində, canında ruhunda bu hiss yaşayır. Leyli və Məcnunu yada salın. "Eşqdir mehrabı uca göylərin, Eşqsiz ey dünya nədir dəyərin” deyən dahi Nizamidən tutmuş bu gün Azərbaycanın ən gənc şairinə qədər poeziyada onlarla, yüzlərlə sevgi səhifələri açılıb. Amma Məhəmməd Füzulinin timsalında eşqin, məhəbbətin ən zirvə nöqiəsi fəth olundu. Onun məhəbbət konsepsiyası dünyanı eşq vasitəsilə dərkidir və təbii ki, onun məhəbbət şeirləri təkcə iki insanın münasibətini əks etdirmir, onun qəzəllərində sevgi dünyəvi bir hissdir. "Candan çıxarıb həvayi-eşqi, Tərk eyləməzəm bəlayi eşqi” – mənim fikrimcə, bu misralar bütün Azərbaycan poeziyasının sevgi yolunu işıqlandırır. Çoxlu misallar da gətirə bilərəm. Amma buna ehtiyac hiss etmirəm. Amma bu fikri nəzərə çarpdırım ki, müasir dövrdə sevgi münasibətləri nə qədər yeniləşsə də, öz ali məzmununu qoruyur, hifz edir. Əbülfət Mədətoğlunun sevgi şeirləri də məhz bir insanın sevgi yolunda çəkdiyi əzabları, eşqin qəmini, vüsal həsrətini, ayrılıqdan doğan hissiyyatları və ümumən, sevginin insan həyatında necə önəmli bir rol oynadığını, insanı daim müqəddəs hisslərlə yaşamağa, mənəvi ucalığa səsləməsinə çağırır. Hansı hissləri təlqin edir Əbülfət Mədətoğlu?
1. Sevgi şeirləri iki atribut – iki şəxs – "MƏN və SƏN” münasibətləri üzərində qurulur. MƏN – aşiqdir, SƏN –sevilən qadın. Biz çoxlu sevgi şeirləri oxumuşuq ki, orada "MƏN” aparıcıdır. Əbülfət isə "SƏN”i – sevilən qadını ruhunun Tanrısı hesab edir:

Dilim-dilim olsun dilim
Əzabdı hər ayım, ilim…
Yuxuda gördüm ki, gülüm,
Sən ruhumun Tanrısısan.

Kəssə də lap əyri düzü,
Hər istəyin iki üzü…
Sən olmaz hər qızın yüzü,
Sən ruhumun Tanrısısan!

Qeyd edim ki, Əbülfətin bir çox şeirlərində qadına olan bu yüksək, mən deyərdim, intellekt səviyyəli bu münasibət dərin sevgidən irəli gəlir. Təbii ki, bu tipli şeirlər onun qəmli şeirlərindən kəmiyyətcə azlıq təşkil edir. Amma bizi inandırır ki: "O mənim həyatımda, Günümdə, anımdadı. Atdığım hər addımda, Damarda qanımdadı. Nəşəmdi, ahımdı o, Sevgim günahımdı O. Yerdə Allahımdı O, Ölüncə yanımdadı.
2. Əbülfət həm də tənhalıq şairidir. Onun hətta kədərin güc gəldiyi şeirlərində də tənhalıq, təklik motivləri ilə qarşılaşırsan. Elə bil ki, bu şeirlər otaqdan bayıra çıxmayan, yalnız sevgilisinin xəyalı ilə yaşayan bir insanın öz içinə məhkumluğu kimi nəzərə çarpır. Amma bu tənhalığın bir elə qorxusu yoxdur. Bu tənhalıqda lirik qəhrəman "Ürəyimə əkirəm, Bir də göz yaşlarımı» etiraf ilə sevdiyi qadına üz tutur. Bu tənhalıqda qollar da, çiyinlər də, əllər də əzaba tuş gedir: "Gecənin ağırlığı Yükdü çiyinlərimə. Bu ağırlıq duman tək Çökdü! – Çiyinlərimə”.

Əllərimin oduna
Sən əllərini yandır…
Ehtiyac yox andına –
Yandır! – məni inandır…

3. Onun sevgi şeirlərində ayrı-ayrı obrazlar da diqqətdən yayınmır. Məncə, bu da təbiidir- Axşam, Yuxu, Gecə, Şəkil, Səs, Sükut, Məktub onun sevgi şeirlərində ovqat, hal-vəziyyət mənalarına yardımçı olur. Məncə, bu obrazlardan məqsədə müvafiq istifadə edəndə sevən insanın mənəvi aləminə yol tapırıq, onun əzablarını duyuruq. Məsələn, "Yuxu” silsiləli şeirlərdə şairin metaforik düşüncə tərzi ilə qarşılaşırıq. Ümumiyyətlə, Əbülfət bədii təsvir vasitələrindən məharətlə istifadə edir.

Bu gün sənə yazmadım,..
susdum ki, qayğısız ol.
Nə ürəyin yüklənsin,
Nə gözün dolsun bir yol!..

Bilmirəm ki, nə yazsam
qəlbinə bir xal salır.
Yazdıqlarımdan sənə –
Ancaq sıxıntı qalır…


4. Əbülfət Mədətoğlu "ürək dililə danışan şairdir”. Vaxtilə bu ifadə unudulmaz şairimiz Bəxtiyar Vahabzadə Nəriman Həsənzadə haqqında söyləmişdi. Mən də ifadəni Əbülfət barədə deyə bilərəm. Yuxarıda sadaladığım və Əbülfətin şeirlərinə səpələn ayrı-ayrı obrazlar, əslində, maddi, fiziki, coğrafi mahiyyət daşıyır. Amma ürək obrazı, mən deyərdim, Əbülfətin bütün şeirlərinin mənəvi qəhrəmanına çevrilir. Deyərdim ki, onun bütün sevgi şeirlərində Əbülfətin özü yox, onun ürəyi danışır. O deyir ki: "Ürəyimin şəklini Özümlə gəzdirirəm”. O, həmin şəklə ürək kimi baxır. Bəzən ürəyi onu incidir: "Ağrıyan ürəyimi Bükmüşəm mən dəsmala… Ürəyimlə bərabər-hopubdu qəm dəsmala”. Amma bu ürək bəzən məktuba da dönür: "Məktub tək ürəyimi Açıb sənə oxudum. Düşündüm ürəyimi – Ürəyinə toxudum”. O, başqa bir şeirində sevdiyi qadına üz tutub deyir ki:

Atdığın daşlar dəyir
birbaşa ürəyimə.
Daşlama, bu evi sən –
gir, yaşa ürəyimə.

Ahdan aşma, qovurma
xəlbirləmə, sovurma.
Sən sevməkdən yorulma –
köç yaşa ürəyimə.

Bu əzabı, bu qəmi
Verdin, seçdim qibləmi!
Köçürdüm sən Kəbəmi –
birbaşa ürəyimə!..

5. Əbülfətin sevgi şeirlərində ürək təbiətlə ünsiyyətdədir. Təbiət və onun atributları bu şeirlərdə sevgi duyğularının çiçəklə, yarpaqla, şehlə, tumurcuqla necə doğmalaşdığını, biri-birini tamamlamasını aşkara çıxarır. Məsələn, onun "Bu mənəm” şeirinə diqqət yetirək:

Kirpikləri tumurcuqlu,
Bəbəyi leysanla dolan...
Mən kədəri göz muncuqlu
Sinəsi də xal-xal olan –
yarpaq!


Başqa bir şeirində:

Tumurcuğu çırtlamış –
təzə dərdim-tər dərdim.
Mən səni şehli-şehli –
Təzə dərdim, tər dərdim!


Bu şeirdəki cinaslı qafiyələrə də diqqət yetirin. Amma şeirin əsas məziyyəti insan ürəyi və istəyi ilə təbiət arasında üzvi bir ünsiyyətin yaranmasıdır. Ümumiyyətlə, Azərbaycan şeirində İnsan-Təbiət vəhdəti həmişə gözəl şeirlərin yaranmasına səbəb olub. Çünki, insan da təbiətin ayrılmaz bir parçasıdır.
6. Çox danışmaq olar Əbülfət Mədətoğlunun sevgi şeirləri barədə. Bu sevgi şeirlərinin hər biri yaşanılan duyğuları ifadə edir. Yalan yoxdu. Qoy Əbülfət bu yolda axtarışlarını davam etdirsin.

Ruhumun sim-sim kilitdi
Nəfəsin dəydi, dirildi,
Bilsən necə min bir ildi –
Mən səni sevirəm, Qadın!

Məncə, bu şeir Əbülfətin bütün yaşantılarını reallıqla əks etdirir.
"Bir qadına” şeirlər kitabına Xalq yazıçısı Elçin dəyərli bir ön söz yazıb. O, Əbülfətin sevgi şeirlərindəki kədər obrazına da yeni məna verib. Yazır ki: "Şairin lirik qəhrəmanının ifadə etdiyi kədərin bədii-estetik səviyyəsi göstərir ki, həmin qəhrəman obrazlar dünyasının sakinidir, o, özünüifadəsi ilə özünü orijinal bədii surət səviyyəsinə qaldıra bilir və çox təmtəraqlı olmasa da deyərdim ki, oxucunun qəlbinə yol tapır. Ümumiyyətlə, həmin məqalədə Elçin müəllim Əbülfətin şeirlərindəki kədəri kəşf edir. Sonra Elçin müəllim Əbülfətin ayrı-ayrı şeirlərindəki təkrarsız obrazlı ifadələrə diqqət yönəldir.
Əbülfətin şeirlərinə bu ciddi maraq heç şübhəsiz, onun son illərdə yaradıcılığında kamil bir şair kimi formalaşmasıdır. Amma mən bilirəm ki, Əbülfət qarabağlıdır, amma son illərdə onun Qarabağ həsrətini ifadə edən (vaxtilə olduğu kimi) şeirlərini də növbəti kitablarında görmək istərdim. Doğrudur, Əbülfətdən öyrəndiyimə görə onun bu silsilədən olan şeirləri kitab şəklində çapını gözləyir.
Uğurlar olsun, Əbülfət! Yaradıcılıq axtarışlarını davam elə!

Vaqif Yusifli







banner

Oxşar Xəbərlər