AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Mən qardaşımın yanında olacağam” ismarıcı

Siyasət
04 Sentyabr 2020, 17:58 4574
Azərbaycan Türkiyənin mövqeyini qəti şəkildə dəstəkləyir
 
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizə nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi olub. Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadiləyə də azərbaycanlılar maddi və mənəvi yardım göstəriblər. Azərbaycan Sovet Sosialist Respublikasının rəhbəri Nəriman Nərimanovun əmri ilə 1921-ci ildən başlayaraq Türkiyəyə qardaş əli uzadılıb. Bununla da Türkiyədəki Qurtuluş Savaşına (1923-cü il İstiqlaliyyət Müharibəsi) böyük dəstək verilib. Daha sonralar Mustafa Kamal Atatürk N.Nərimanova bu köməkliklərinin əvəzini verməyi təklif etdiyində Azərbaycan rəhbəri ona "Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş hər durumda qardaşının əlindən tutar” - deyə cavab göndərib.
 

 
Hərtərəfli əlaqələrin inkişafına geniş yardım
 
Azərbaycan Sovet İttifaqının tərkibində olduğu sonrakı illərdə də iki qardaş respublika arasında rəsmi münasibətlər davam etdirilib. 1967-ci ildə Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəlin və 1969-cu ildə Türkiyə Cümhuriyyətinin prezidenti Cövdət Sunayın Bakıya səfərləri bu əlaqələrin xarakterinin müəyyənləşdirilməsində böyük rol oynayıb. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra həmin il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə olub. Diplomatik münasibətlərin yaradılması iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafında geniş perspektivlər açıb. Hər iki dövlət qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq ardıcıl addımlar atmağa başlayıb. Türkiyə müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycanın səylərini dəstəkləyərək, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərib.
 
 
Münasibətlərin bu günü və perspektivləri
 
Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə kursun yüksələn xətt üzrə inkişafını təmin edib.  2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyev də Türkiyə ilə münasibətlərin inkişafına müstəsna diqqət ayırıb. Ötən dövr ərzində Prezident İlham Əliyev Türkiyəyə dəfələrlə rəsmi və işgüzar səfərlərdə olub. Eynilə Türkiyənin dövlət və hökumət başçıları, digər dövlət rəsmiləri dəfələrlə Azərbaycanda səfərlərdə olublar. Fəxrlə deyə bilərik ki, Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Heydər Əliyevin "Biz bir millət, iki dövlətik” fikirləri artıq həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməkdədir.
 

 
Xarici güclərə qarşı birgə mübarizə
 
Müasir dövrdə ölkələrimiz arasında əlaqələr Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası səviyyəsində davam etdirilir. Hər iki dövlət başçısı arasında yüksək səviyyəli şəxsi münasibətlər də mövcuddur. Bütün bunlardan irəli gələrək, Azərbaycan və Türkiyə dövlətləri, prezidentləri daim bir-birini dəstəkləyir, müdafiə edir, xarici güclərə qarşı birgə mübarizə aparırlar. Buna misal olaraq qeyd edə bilərik ki, Prezident İlham Əliyev 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə o vaxtkı Ermənistan Prezidenti Serj Sarkisyanın Türkiyəyə qarşı hücumlarına sərt cavab verərək, qardaş ölkəni müdafiə edib: "Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”.
 
 
Milli maraqlar ən vacib məsələ kimi
 
Cari ilin 12-14 iyul tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı sərhəd ərazidə təxribatlar törətməsi, sərhədlərin toxunulmazlığı barədə beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmasından sonra Türkiyə də eynilə ölkəmizə açıq dəstək nümayiş etdirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri Hulusi Akar və digər rəsmi şəxslər bu təxribatın Ermənistanın boyunu aşdığını əsas gətirərək, bütün hallarda, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin istənilən yolla həllində Azərbaycana hərtərəfli dəstək olacaqlarını bəyan ediblər. Bu cür qarşılıqlı dəstəyin davamı olaraq, sentyabrın 2-də Prezident İlham Əliyevin Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi nitq də diqqət çəkir. İxtisasca diplomat olan, dünyanın ən nüfuzlu ali məktəblərindən birində 5 il diplomat yetişdirən, diplomatik qaydaları yüksək səviyyədə bilən və daim bu qaydalara riayət edən Prezident İlham Əliyev Yunanıstanın səfiri ilə açıq danışaraq, bir daha nümayiş etdirib ki, Azərbaycanın milli maraqları ən vacib məsələdir, burada qapalı və qaranlıq heç bir məqam ola bilməz. Yunanıstanın Kipr və Ermənistanla birlikdə üçlü format yaradaraq Azərbaycana qarşı fəaliyyət göstərməsindən, hərbi əməkdaşlıq əlaqələrindən narahatlığını dilə gətirən Prezident İlham Əliyev Şərqi Aralıq dənizi mövzusunda Türkiyənin mövqeyini qəti şəkildə dəstəklədiyini bəyan edib. Beləliklə, Türkiyə qəti şəkildə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da qətiyyətlə Türkiyənin yanında olduğunu növbəti dəfə göstərib, qardaş ölkənin mövqeyinə bir daha dəstəyini nümayiş etdirib.
 

 
Azərbaycanda və Türkiyədə emosiya partlayışı
 
Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olduğunu xatırladan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi şərhçi Sahib Alıyev bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dünya diplomatiya tarixinə yazılan açıq, səmimi və milli maraqlara əsaslanan siyasət nümunəsidir: "Prezident İlham Əliyevin Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Nikolaos Piperiqkosa dedikləri Azərbaycanda və Türkiyədə əsl emosiya partlayışı yaradıb. Bu, tam anlaşılandır. Çünki çox az hallarda hansısa bir dövlətin başçısı digərinin təmsilçisiylə görüşdə diplomatik ibarələrə varmadan ölkəsinin onların düşmən gözündə gördüklərinin yanında olduğunu və olacağını deyir. Hətta buna bənzər hallar baş verdikdə belə, deyilənlər kameralar qarşısında səsləndirilmir. Cənab İlham Əliyev isə bunu etdi. Onun bu açıqlaması vurğuladığımız kimi, böyük emosiya doğursa da, heç də emosional deyildi. Xarakter baxımından yetərincə səbrliliyi, soyuqqanlılığı ilə fərqlənən, böyük məktəb keçmiş, təcrübəli bir dövlət adamı kimi Prezident İlham Əliyevə emosional çıxış, hərəkətlər, ümumiyyətlə yaddır və o, populizmdən uzaqdır”.
 

 
"Biz savaşa hazırıq”
 
Millət vəkili deyib ki, dövlət başçımızın Yunanıstan səfirinə dedikləri təkcə rəsmi Afinaya qarşı yönəlməyib. Onun fikrincə, qeyd olunanlar reallığa və ənənəyə dayanır: "Nəyə görə təkcə rəsmi Afinaya qarşı yönəlməmişdi? Ona görə ki, hazırda həmin görüşdə haqqında söhbət gedən Şərqi Aralıq dənizi regionunda Türkiyə Yunanıstanla yanaşı, Minsk qrupuna həmsədrlik edən Fransa və bir çox başqa ölkələrlə də üz-üzədir. Şərqi Aralıq dənizi regionuna böyük həcmdə qüvvə yeridən və orada İtaliya, Yunanıstan, yunan Kipriylə birgə hərbi təlimlər keçirən Fransa digər Avropa dövlətlərinə də təzyiq edərək, Türkiyəyə qarşı sərt mövqe ortaya qoymalarını istəyir. Bildirdiyimiz kimi, İtaliya təlimlərə qatılsa da, hələlik Fransanın arzuladığı qədər anti-Türkiyə mövqeyində  deyil. Avropanın Almaniya və İspaniya kimi böyük çəkili dövlətləri isə vəziyyətin danışıqlar yoluyla həllindən yanadırlar. Belə bir həlledici dönəmdə Azərbaycan Prezidentinin prinsipial mövqe ortaya qoyması, fikrimcə, İtaliyanın və Avropanın bir çox digər dövlətlərinin gələcək davranışlarına təsirsiz ötüşməyəcək. Demək ki, cənab İlham Əliyevin Yunanıstan səfiriylə görüşdə səsləndirdikləri təkcə o ölkəyə yönəlik sözlər deyildi. Bu, Şərqi Aralıq dənizi regionunda Türkiyəyə qarşı gövdə göstərənlərin hamısına "Mən qardaşımın yanında olacağam” ismarıcıydı. Bu, həmən dövlətlərə xitabən "Biz savaşa hazırıq” deyən cənab Ərdoğanı, Türkiyəni Azərbaycanın tək qoymayacağının ən yüksək səviyyədə və qətiyyətlə vurğulanmasıydı”.
 

 
"Bütün məsələlərdə Türkiyənin yanındayıq”
 
Millət vəkili bildirib ki, Azərbaycan üçün fərqi yoxdur, Türkiyə ilə üz-üzə gələn kimidir, forpost Ermənistandır, elə də böyük çəkisi olmayan Yunanıstanla Rum Kipridir, yoxsa dünyanın ən güclü dövlətləridir. Onun fikrincə, Azərbaycan bütün hallarda qardaşlarımıza dəstək verməkdən çəkinmir və çəkinməyəcək: "2014-cü ilin aprelində Praqda "Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan Zirvə görüşündə cənab İlham Əliyevin qardaş ölkəni ittiham edən Serj Sarkisyanın cavabını verməsi, 2015-ci ildə Rusiyanın sərhəddi keçən hərbi təyyarəsinin vurulmasından sonra Ankarayla Moskva arasında gərginlik yaranan zaman digər türk dövlətlərinin tərəddüdlü davranmalarına, daha çox ikincinin maraqlarına uyğun mövqe sərgiləmələrinə rəğmən, Azərbaycan Prezidentinin səsləndirdiyi "Biz bütün məsələlərdə Türkiyənin yanındayıq” sözlərini xatırlayanlar yəqin ki, var. Bunlar göstərir ki, Azərbaycan qardaşlarımıza dəstək verməkdən çəkinmir. Çünki bu, bir reallıqdır və bu reallığı qanımız, genimiz, soyumuz, keçmişimiz bizə diqtə edir. Bunu bizə diqətə edən birinci dünya savaşı zamanı Türkiyədəki qardaşlarımızla çiyin-çiyinə döyüşərək şəhid olan 4 minə qədər azərbaycanlının ruhudur. Əminəm ki, Yunanıstan səfirini qəbul edərkən verdiyi açıqlaması, ənənəyə sadiqliyilə cənab Prezident onların müqəddəs ruhlarını bir daha sevindirdi. Nə deyim, Tanrı uca millətimizi, tarixin bu son dərəcə mürəkkəb dönəmlərində onun iki dövlətini eyni dövlətmiş kimi yönəldən böyüklərimizi qorusun”.
 

 
Xarici siyasətin məntiqi nəticəsi
 
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva bildirib ki, Azərbaycan Şərqi Aralıq dənizində Türkiyə və Yunanıstan arasında baş verən gərginliklə bağlı rəsmi Ankaranın haqlı mövqeyini birmənalı dəstəklədiyini elan edən yeganə türk dövlətidir. O qeyd edib ki, Prezident İlham Əliyevin Yunanıstanın yeni səfirini qəbul edərkən söylədiyi fikirlərin Türkiyədə də əks-səda verməsi təsadüfi deyil: "Azərbaycan Prezidenti İlham Əliyev bu görüşdə rəsmi Bakının bir müddət öncə Şərqi Aralıq dənizi ilə bağlı yaydığı rəsmi bəyanatın şəxsən özünün iradəsi ilə verildiyini elan etdi. Bu, birbaşa Prezident İlham Əliyevin simasında Azərbaycanın bütün məsələlərdə Türkiyənin ədalətli mövqeyini birmənalı dəstəklədiyini göstərən olduqca mühüm faktdır. Azərbaycan artıq regional gücə çevrildiyini, yaxın regionda baş verən proseslərdən kənarda qalmadığını, milli maraqlarını hər yerdə beynəlxalq normalara uyğun müdafiə etdiyini göstərir. Bu, əlbəttə ki, Azərbaycan Prezidentinin apardığı xarici siyasətin məntiqi nəticəsidir”.
 


Qardaşının gücünə güc qatan dövlət
 
Millət vəkili deyib ki, Azərbaycan Prezidentinin səfirlə bu cür açıq danışması həm də böyük bir siyasi mesaj olmaqla, rəsmi Bakının hazırkı statusuna da işarədir: "Bildiyiniz kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına hazırda Azərbaycan sədrlik edir və Prezident İlham Əliyevin bu mövqeyi öz simasında açıq şəkildə ifadə etməsinin arxasında TDƏŞ ölkələrinə mesajı da dayanır. Hesab edirəm ki, bu münasibət, birlik, qardaşlıq mesajı öz ünvanına çatdı. Eyni zamanda Azərbaycan Prezidenti Türkiyə ilə "bir millət, iki dövlət” olduğumuzu növbəti dəfə bütün dünyaya elan etdi. Azərbaycan hazırda regionun nüfuz sahibi olan, iqtisadi baxımdan inkişaf edən, Avropanın enerji təhlükəsizliyində mövqe tutan və transmilli layihələr həyata keçirən dövlətidir. Şərqi Aralıq dənizində öz hüquqları uğrunda cəsarətlə mübarizə aparan Türkiyə arxasında iqtisadi və siyasi söz sahibi olan qardaş dövlətlərin dəstəyi ilə daha da güclüdür. Azərbaycan qardaşının gücünə güc qatan dövlət olduğunu bir daha nümayiş etdirdi. Ümid edirəm ki, bununla TDƏŞ ölkələri üçün mövqelərini açıq ifadə etmə yolunda bir yaşıl işıq yandırıldı”.
 
Rufik İSMAYILOV