“Mən PAŞA Bankın təqaüdçüsüyəm” layihəsinin təqdimetmə mərasimi keçirildi
Azərbaycanın ən iri
banklarından biri olan PAŞA Bank və Azərbaycan Tələbə Gənclər Təşkilatları
İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə "Mən PAŞA Bankın təqaüdçüsüyəm”
adlı layihəsinin təqdimetmə mərasimi keçirilib. Paşa Bankın Korporativ
KommunikasiyalarDepartamentindən "Kaspi”yə verilən məlumata görə, bundan
öncə 2012, 2013 və 2014-cü illərdə keçirilən layihə bu il artıq 4-cü dəfədir
ki, baş tutur. Öncəki layihələrdə seçilən 13 tələbə 1 il müddətində ayda 100
manat təqaüdə layiq görülürdü. Bu dəfə isə bu say artırılıb 20 nəfər olub.
Layihə çərçivəsində keçirilən
müsabiqənin qalibi olan 20 tələbəyə 1 il müddətinə hər ay 100 AZN məbləğində təqaüd
verilir. Layihədə yalnız ali təhsil müəssisələrinin əyani şöbələrində,
iqtisadiyyat və maliyyə ixtisasları üzrə təhsil alan III və IV kurs bakalavr və
I kurs magistr tələbələri iştirak etmə şansı əldə ediblər.
Layihədə iştirak üçün tələbələr
birinci mərhələdə əvvəlcədən verilmiş mövzulara uyğun ingilis dilində öz
araşdırmalarını təqdim edir, araşdırmaları fərqlənmiş tələbələr ikinci seçim mərhələsində
- müsahibə mərhələsində iştirak şansı qazandılar.
Tədbirdə çıxış edən Milli Məclisin
deputatı, ATGTİ-nin sədri Şahin İsmayılov və PAŞA Bankın Korporativ
Kommunikasiyalar departamentinin direktoru Sona Abbasova təqaüd proqramının əhəmiyyətindən
danışıb və tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə
reallaşdırılan layihə olduğunu vurğulayıblar.
Təqaüd proqramının həyata keçirilməsində əsas məqsəd yerli ali təhsil
müəssisələrində təhsil alan istedadlı və ictimai fəal tələbələri həvəsləndirmək,
eləcə də, dövlət və qeyri-dövlət sektorları üçün güclü insan resurslarını təmin
etmək və gələcək lider rəhbərlərin inkişafını möhkəmləndirməkdən ibarətdir.