• cümə axşamı, 28 mart, 22:05
  • Baku Bakı 13°C

Mən onların ən sevimlisiyəm

16.07.13 09:34 2562
Mən onların ən sevimlisiyəm
Xəbər verdiyimiz kimi, bu günlərdə Bolqarıstanın Varna şəhərində uşaqlar arasında “Golden Sparkles European Music” beynəlxalq festivalı keçirilib. Azyaşlı ifaçılar sarıdan qıtlıq dövrü keçirən Azərbaycanı müsabiqədə 5 yaşlı Selcan Müseyibova təmsil edib.
Müsahibim Selcan Müseyibova yaşının az olmasına baxmayaraq, səhnədə özünü çox sərbəst hiss edir. Çıxışı zamanı heç bir həyəcan keçirməyən ifaçı, 3 yaşından efirlərdə çıxış etdiyini söyləyir. Selcan həm ifası, həm də səhnədə şıltaqlığı ilə öz yaşıdlarından seçilir. 5 yaşının olmasına baxmayaraq, hərəkətləri və səhnədəki sərbəstliyi ilə heç də özündən böyük ifaçılardan geridə qalmır. Selcanın sözlərinə görə, onun belə sərbəst böyüməsində anası Aynurə xanımın böyük rolu var. Beləliklə, kiçik ifaçımızla müsahibəni sizə təqdim edirik:
- Musiqiyə marağın nə zamandan yaranıb?
- 3 yaşından oxuyuram. İndi 5 yaşım var. Əvvəllər məhləmizdəki dostlarıma konsert verirdim, onlara mahnı oxuyurdum. Mənim incəsənətə, musiqiyə böyük marağım var. Hərdən evdə də ailəmiz üçün mahnılar oxuyuram. Məndə musiqiyə olan marağı görən anam məni “Cücələrim” uşaq qrupuna yazdırdı. Bundan əlavə, rəqslə də məşğul oluram. Artıq müəllimlərimlə bu sahə üzrə daha ciddi məşğul olmağa başlamışam. Musiqini çox sevirəm və bu işlə həvəslə məşğul oluram.
- Necə oldu ki, bu müsabiqədə iştirak etdin?
- ANS telekanalında İrəm Nəbiyevanın aparıcılığı ilə nümayiş olunan “Uşaqdan böyüyə” verilişinin iştirakçısıyam. Məni orada görmüşdülər. Əvvəlcə televiziyada mənimlə çalışan mütəxəssislərlə məsləhətləşəndən sonra ailəmə zəng etdilər. Onlar mənimlə görüşüb, mahnılarıma qulaq asıb, baxıblar. Məni studiyaya dəvət etdilər, orada canlı mahnı oxudum. İfamı bəyəndikdən sonra mənim o müsabiqədə oxumağımın uyğun olduğunu söylədilər. Beləliklə, ailəmin də razılığı ilə Bolqarıstandakı müsabiqədə iştirak etdim və Azərbaycanı təmsil etdim. Bu müsabiqədə iştirak etməyimdə prodüser Hüseyn Cavadzadənin böyük rolu olub. Məni müsabiqədə iştirak etməyim üçün o seçmişdi. İndi ingilis dilini öyrənib musiqiyə gedirəm. İstəyirəm ki, ingilis dilini səlis öyrənib beynəlxalq yarışlarda ölkəmi təmsil edim. Gələn il artıq məktəbə gedəcəm. Yaxşı oxumağıma görə həm anama, həm də musiqi müəlliməm Esmiralda Hüseynovaya minnətdarlığımı bildirirəm. Bundan başqa, mahnı oxumağa başladığım andan babam Zaməddin Əkbərov və dayım Ramin Əkbərov hər zaman mənə öz dəstəklərini əsirgəməyiblər. Hər zaman yanımda olublar. Qəzetiniz vasitəsilə onları çox istədiyimi demək istəyirəm.
- Müsabiqədə hansı mahnı ilə çıxış etdin?
- Müsabiqədə sözləri və musiqisi Məryəm Əlibəyliyə məxsus “Oxuyaq nəğmələri” mahnısını ifa etdim. Çıxışım canlı oldu, münsiflər heyəti tərəfindən yaxşı qarşılandı. Onlar da səhnədə hərəkətimi və mahnımı bəyəndiklərini söylədilər. Festivaldan 2 diplomla vətənə döndüm. “Ən yaxşı hit” və “Ən prespektivli ifaçı” diplomlarına layiq görüldüm.
- Müsabiqədə nələr gördün? Ümumiyyətlə, xoşuna gələn ifalar oldumu?
- Bəli. Ora çox gözəl idi. Ümumiyyətlə, müsabiqədə bütün uşaqlar yaxşı mahnılar oxuyurdular. Müsabiqəyə İtalya, Bolqarıstan, Ukrayna, Rusiyadan və başqa ölkələrdən azyaşlı ifaçılar qatılmışdı. Orada iştirak edən ifaçıların mahnılarını çox bəyəndim. Mənim üçün müsabiqənin böyük əhəmiyyəti oldu. Həm də müsabiqədə iştirakım mənə çoxlu dost qazandırdı. Orada iştirakçılar içərisində ən kiçiyi mən idim deyə, məşq zamanı mənə daha çox diqqət və qayğı göstərirdilər. Evdə də hər zaman ailəmin mənə böyük diqqət və qayğısı olub. Mən onların ən sevimlisiyəm.
- Gələcəkdə bu sənəti davam etdirmək istəyirsən?
- Əslində musiqini çox sevirəm və bu sənətə böyük marağım da var. Amma gələcəkdə özümü müğənni kimi görmürəm. İstəyirəm ki, həkim olum, insanları xilas edim, onlara kömək edim. Kasıbları pulsuz müalicə edim. Vaxtım olarsa və bacara bilərsəm, iki işi birdən davam etdirmək istəyərəm. Çünki ən böyük arzularımdan biri həkim olmaqdır, həm də bu sənətə marağım çox olduğundan onu da atmaq istəmirəm. Bizim sənətçilərimizdən də həm oxuyan, həm də başqa sənətlə məşğul olan incəsənət adamlarımız var. Məsələn, məşhur müğənni Flora Kərimova da həm həkimdir, həm də müğənnidir. Hər şeyi zaman göstərəcək.
- Musiqi festivallarında yenə iştirak etmək istəyərsənmi?
- Bundan başqa da musiqi müsabiqələrində, festivallarda iştirak etmək istəyərəm. Çünki müsabiqədə çoxlu dost qazandım, həm də təcrübəm artdı. Biz Bolqarıstanda olanda mənə bir neçə ölkədən festivalda oxumaq üçün təklif gəldi. Başqa ölkələrdə keçirilən müsabiqələrdə iştirak etmək istəyərdim. Çünki orada öz milli musiqimizi təmsil edirəm.
- Evdə də səhnədəki kimi sərbəst olursan, yoxsa səhnədə hamının diqqət mərkəzindəsən deyə daha məsuliyyətlə yanaşırsan özünə?
- Səhnədəki addımlarım evdəki məşqlərimdən başlayıb, ona görə də evdə özümü səhnədən daha sərbəst aparıram. Səhnədə daha məsuliyyətli oluram. Çalışıram ki, səhnə hərəkətlərimə daha çox diqqət yetirim.
- Hansı müğənnilərin mahnılarını dinləyirsən?
- Ən çox Röyanın mahnılarını dinləyirəm. Ümumiyyətlə, Röyanın fanatıyam. Ən çox onun “Bəlkə də” mahnısını xoşlayıram.
- İndi mahnı oxuyursan, yoxsa yaşıdların kimi istirahət edirsən?
- Hazırda istirahət edirəm. İstirahətim bitdikdən sonra yeni mahnılar yazdıracam. Bəlkə də təklif olunan festivallara qatıldım.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər