AZE | RUS | ENG |

“Mən nə qədər qoca olsam da...”

“Mən nə qədər qoca olsam da...”
Ahıl aktyorlarımız yeni çəkilən filmlərdə və seriallarda rol almaq istəyirlər

"Qaraca qız” filmindən Piri baba kimi yaddaşımızda qalan Cabbar Əliyev, "Babamın babasının babası”ndakı Əziz kişi rolunu oynayan Hüseynağa Sadıqov, "Nəsimi”də Şeyxi, "Bir qalanın sirri”ndə Həkim Eldostunu yaddaşlara yazan Məmmədrza Şeyxzamanov, "Yeddi oğul istərəm”də İsmayıl Osmanlının tamaşaçılarda nifrət doğuran Kələntəri, "Uşaqlığın son gecəsi”ndə "Nənə”ni sevdirən  Töhrəxanım Zeynalova,  "Mən rəqs edəcəyəm”də Abdullanı tanıdan Ağasadıq Gəraybəyli, "Bəyin oğurlanması”nda Əhmədi oynayan Rəsmi Cəbrayilov və başqa aktyorlarımız təkcə sadalanan filmlərimizdə deyil, ümumən Azərbaycan kino və teatr tarixində silinməz izlər qoyublar. Onların çəkildiyi filmlərin öz çəkisi, öz sanbalı olub. İndi də həmin filmlər sevilə-sevilə baxılır və o ekran əsərlərindəki fikirlərin aforizmə çevrilənləri də var. Ekranımızın müdrik, nifrət doğuran, sevilən yaşlı aktyorları olub. Rejissorlar sevə-sevə onlara filmlərində yer ayırıblar. Tamaşaçılar kinonu ahıl aktyorlarsız təsəvvür etməyib. 
 
Əgər Rusiya və Türkiyə kinematoqrafiyasının hazırkı təcrübəsinə istinad etsək, yaşlı aktyorlarsız kino çəkilmir. Hətta qocalıb səhnədə və ya kino çəkilişlərində dünyasını dəyişənlər də var. Əgər Rusiya kinosundan danışırıqsa, bu yaxınlarda dünyasını dəyişən Leonid Bronovoyu, Aleksey Batalovu və ya "Hər gün çəkilişlərə tələsirəm” deyən Valentin Qaftı misal göstərmək olar. Beş gün əvvəl 93 yaşında dünyasını dəyişən sevilən türk aktyoru Münir Özkulü də xatırlamaq yerinə düşər. 
Bəs bizim kinematoqrafiyada vəziyyət necədir? Son illərdə çəkilən bədii filmlər və seriallarda ahıl aktyorlara yer ayrılırmı? Keçmiş filmlərdə olduğu kimi sənətdə sözünü demiş aktyorların potensialından lazımınca istifadə olunurmu? Ya bəlkə ahıl aktyorlar özləri çəkilmək istəmirlər?
Məsələyə münasibətdə aktyor, rejissor və kino sahəsinin adamlarının fikirləri fərqlidir. Yaşlı aktyorların yenə də kinomuzun əsas qəhrəmanları kimi təqdim olunduğunu söyləyənlər də, onlara laqeyd münasibət göstərildiyini, hətta unudulduqlarını söyləyənlər də var.
 
İmkanlar olmalıdır
 
Əməkdar incəsənət xadimi Aydın Kazımzadə filmlərimizdə yaşlı aktyorlara yer ayrılmaması fikri ilə razılaşmır: "Sadəcə, filmlərdə yaşlı aktyorlar tərəfindən verilən öyüd-nəsihəti tamaşaçı qavramaq istəmir. Bizim filmlərdə ağsaqqallar var, sadəcə, onların söylədikləri fikirlər tamaşaçıya müraciət kimi səslənir. Sanki onlar kiməsə ağıl öyrədirlər. Bu da obrazı təbiilikdən çıxarır”. A.Kazımzadənin sözlərinə görə, «Ata ocağı» və «Vicdan haqqı» kimi teleseriallarda ahıl obrazlar və maraqlı fikirlər var: "Yaşlı aktyorlar olmasa, film yaranmaz. Bu baxımdan, yaşlı aktyorların filmlərə çəkilməməsi ilə razılaşmıram. Bizim ağsaqqalsız filmlərimiz yoxdur. Mən əlbəttə "Bozbash pictures"i nəzərdə tutmuram”.
 
Rejissor Ramiz Həsənoğlunun fikrincə, vaxtilə cavan olan aktrisalar artıq yaşlaşıb, qocalırlar. Belə aktyorlar çoxdur. Sadəcə, rejissorlara imkan lazımdır ki, onları filmlərə çəkmək üçün meydan olsun: "Bədii filmlər, seriallar çəkilməlidir ki, yaşlı aktyorların potensialından istifadə olunsun. Düzdür, qismən o iş görülür, ancaq daha keyfiyyətli şəkildə görülə bilər. Fikrimcə, bu aktyorlar və aktrisalar var, sadəcə, onların potensialından istifadə etmək üçün imkanlar olmalıdır. Onların teatrda öz potensiallarını ödəyirlər ya, ödəmirlər, bu, başqa məsələ, ancaq kino üçün imkanlar lazımdır ki, o, potensial üzə çıxsın”.
 
Gərək yaxşı film olsun ki...
 
Hazırda kinomuzda çəkilməyə potensialı əl verən ahıl aktyorlarımızın olduğunu deyən Xalq artisti Ramiz Məlikov onların əməyindən layiqincə istifadə olunmadığını təəssüflə bildirir: "Bizim Rafiq Əzimov kimi yaşlı aktyorumuz var. Ancaq kinoda onun potensialından lazımınca istifadə olunmur. Sadəcə, onun kimi aktyorları tapıb üzə çıxarmaq lazımdır. Bu isə rejissorların işidir. Rejissor assistentləri həmin aktyorları axtarıb tapmalı və çəkilişlərə dəvət etməlidirlər. Bunu keçmiş vaxtlarda rejissorlarımız edirdilər. İndi təəssüf ki, film çəkilmir. Çəkilən yalnız seriallardır. Mən isə onları film hesab etmirəm”. Xalq artisti hesab edir ki, uyğun ssenari olacağı, yaxşı film çəkiləcəyi təqdirdə ahıl aktyorlar da kənarda qalmaz: "Bu gün Azərbaycanda kino yoxdur. Vaxtilə Azərbaycanda çəkilən filmlərlə bugünkü filmləri müqayisə edəndə həm ssenari, həm rejissor işi, həm aktyor oyunu, həm operator işi və s. görə böyük fərq var. Baxmayaraq ki, o zaman texnika o qədər də inkişaf etməmişdi, ancaq yaxşı filmlər çəkirdilər. Rejissorların əla aktyor seçimi var idi. Ancaq bu gün əldə yaxşı texnika olsa da, yaxşı film çəkə bilmirlər. Aktyorlarımız var, sadəcə, yaxşı kino çəkmək üçün yaxşı rejissor, ssenari olmalıdır. Gərək yaxşı film olsun ki, yaşlı aktyorlar da çəkilsin”.
 
Kənarda qalan yaşlı aktyor və ya aktrisamız yoxdur
 
Rejissor Rüfət Şahbazovun fikrincə, hal-hazırda bütün teatrlarda çalışan ahıl aktyorlar teleseriallara çəkilir: "Mənə ssenari təqdim edirlər və ilk növbədə orada hansı yaş həddində aktyorların olmasına nəzər yetirirəm. Adətən orta yaşlı aktyoru bir az qrimləyib yaşlı insanın obrazına salmağı xoşlamıram. Hal-hazırda biz «Ata ocağı»nı çəkirik. Bu filmdə ata obrazında çəkilmək üçün bir neçə aktyor haqqında düşündük və bu obraza Qurban İsmayılovu çəkməyi qərar verdik. Ana obrazına çəkilməyə isə bir neçə aktrisanın içərisindən Həmidə Ömərovanı seçdik. Bu yaş həddində onlardan yaşlı aktyor, aktrisa yoxdur. Olanda da biz onları çəkirik”. Rejissorun sözlərinə görə, bəzən köhnə Azərbaycan filmlərində çəkilən, ancaq sonradan heç bir filmdə rol almayan aktyorları da çəkilişlərə dəvət edirlər: "Çoxdan filmlərdə çəkilməyən bir aktyoru dəvət edib rol verdik. Uzun müddət çəkilmədiyindən onunla xeyli məşq etməli olduq. O aktyorlar vaxtilə böyük rejissorlarla işləyib, peşəkar məktəb keçiblər. İndi isə mən müəyyən məqamlarda onların fikirlərinə qulaq asıram. Gənc aktyorlar da yeri gələndə onlardan məsləhət alırlar. Mənə elə gəlir ki, bizim kənarda qalan yaşlı aktyor və ya aktrisamız yoxdur. Ola bilər kimsə özü çəkilmək istəməsin, bu, başqa məsələ. Elələri var ki, bizim verdiyimiz qonorarlar onları qane etmir. Bu isə bizim həll edəcəyimiz məsələ deyil. Biz "yaşlı və ya cavan aktyor” - deyə fərq qoymuruq. Əgər ssenaridəki xarakter yaşlı aktyora uyğundursa, həmin rola yaşlı, cavana uyğundursa cavan aktyor çəkəcəyik”. «Xəzər» televiziyasının məhsulu olan «Qızqaçırma» filminin çəkilişləri zamanı ata obrazına Xalq artisti Hacı İsmayılovu dəvət etdiklərini deyən rejissor bildirir ki, onun filmdə oynaması həm də ekran əsərinin sanbalının göstəricisidir: "Ata obrazı epizodik rol idi. Hətta, filmin sonunda Hacı İsmayılov «Kaş bu daha böyük rol olaydı» - dedi. İndi bizim ssenaristlər aktyorun başqa bir filmdə daha böyük rolda oynaması üzərində düşünürlər».
 
Laqeyd münasibət
 
Xalq artisti Nurəddin Mehdixanlı hesab edir ki, bizim kinoda yaşlı aktyorların çəkilməsi məsələsinə bir qədər laqeyd münasibət var: «Bizdə bu məsələ bir qədər yerində deyil. Aktyor gəncliyinin, ömrünün böyük bir hissəsini kinoya, teatra sərf edir və tutaq ki 70 yaşına gəlib çatır. Ancaq o, tədricən kənarda qalır. Ən yaxşı aktyorlar belə, unudulur. Bu mənada mən gürcülərə həsəd aparıram. Ruslara, ukraynalılara paxıllığım tutur. Yəni onlarda aktyor yaşlandıqca daha da dəyəri artır, ona daha çox diqqət göstərilir. Çünki onlar yaşlandıqca müdrikləşirlər, peşəkarlıqları artır. Mən Moskva teatrının Bakıdakı qastrol səfərində, eləcə də Moskvada olanda səhnəyə əl arabasında çıxan aktrisanı görmüşəm. Çox təəssüf ki, bizdə bu məsələyə münasibət fərqlidir. Eləcə də bizim qardaş Türkiyədə yaşlı sənətçilərə göstərilən diqqətə doğrudan da adamın paxıllığı tutur”. Akademik Milli Dram Teatrının peşəkar yaşlı aktyorlarının olduğunu deyən N.Mehdixanlı onların böyük sənət məktəbi keçdiyini və hələ də kinoda çəkilmək üçün potensiallarının olduğunu söyləyir: "Rafiq Əzimov, Hacı İsmayılov kimi sənətkarlar Azərbaycan kinosunun böyük aktyorlarıdır. Mən çox arzu edərdim ki, bu cür aktyorlara kinoda daha çox qayğı göstərilsin. Onların potensialından daha çox istifadə olunsun. Heç kim unutmasın ki, bir gün bu yaşlılıq onların da qapısını döyəcək. Gərək hörmət göstərəsən ki, sabah özün də diqqətə layiq olasan. Mən arzu edərdim ki, yaşlı aktyorları kənarda qoymasınlar!” 
 
Xalq artisti Rafiq Əzimov ahıl aktyorların demək olar ki, yeni çəkilən bədii filmlərdə yer almadıqlarını bildirdi: «Seriallarda isə bizim tanımadığımız aktyorlar çəkilirlər. O filmlərə ki, biz çəkilmişik, tamaşaçılar yenə də o cür filmlər arzulayırlar. Biz isə bu yaşımızda da sözümüzü deyə bilməyi arzulayırıq. Çünki tamaşaçılar indi istər tarixi, istərsə də müasir mövzuda filmlər görmək istəyirlər. Biz kinomuzun əvvəlki kimi yüksək səviyyədə olmasını istəyirik. Hansı ki, o filmlər tanınmış, peşəkar, kinoda öz sözünü deyən aktyorların əməyi ilə ərsəyə gəlir. Bunlar isə o aktyorlardır ki, vaxtilə kinoda öz sözlərini deyiblər. Gərək o cür filmlərin sayı çox olsun. Bu, bizə dünya kino aləmində yalnız baş ucalığı gətirə bilər. Yaxşı olardı ki, sanballı filmlər çəkilsin və biz aktyorlara da yer verilsin”. 80 yaşlı aktyor bu gün teatrda fəal iştirak etdiyi kimi, kinolarda da çəkilə biləcəyini deyir: "Sadəcə, biz yaşda aktyorlara şərait yaradılmalıdır. Biz hələ də sözümüzü deyə bilərik”.
 
Təranə Məhərrəmova
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6995
GBP 1 İngilis funt sterlinqi 2.4138
TRY 1 Türk lirəsi 0.4229
KWD 1 Küveyt dinarı 5.6700
SEK 1 İsveç kronu 0.2025
EUR 1 Avro 2.1043
CHF 1 İsveçrə frankı 1.7552
USD 1 ABŞ dolları 1.7000