Mən nə qədər, nə qədər qoca olsam da...
Küçələrin
divarlarında, binaların fasadlarında demək olar ki, hər gün müxtəlif iş
elanları ilə rastlaşırıq. «25 yaşa qədər, ingilis və rus dili bilgiləri olan,
kompüter proqramlarında işləmək bacarığına malik gənclər tələb olunur» kimi
elanlarda yaş həddi qabardılmaqla, həm də orta və yuxarı yaşlıların kənara
sıxışdırılması deməkdir. Demək olar ki,
şirkətlərə, iaşə xidməti sektoruna və s. özəl müəssisələrə ehtiyac
duyulan işçilər üçün irəli sürülən oxşar tələblər, əsasən 50 yaşdan yuxarı
insanlara şamil edilmir. Bu baxımdan, əmək bazarında diskriminasiyanın
mövcudluğu təkcə narahatlıq doğurmur, həm də müəyyən yaş kateqoriyasına malik
insalara böyük problemlər yaradır. Bazarda hökm sürən paradoksal vəziyyət əslində
bu sferada işəgötürənlərin xeyrinə işləyir. Onlar adətən «yaxşı əməkdaş tapa
bilmirik» deyib, gileylənərək analoji
elanları verirlər. İş axtaranların isə bitib-tükənməyən «Normal iş yerləri
yoxdur» şikayətləri eyni vaxtda səslənir. Birincilər "bir neçə dəzgahda” eyni
zamanda işləyən işçi axtarırlar. İkincilər daha çox yaşlarına uyğun olaraq, bir
qədər normal şəraitli, yüksək məvacibli ofisdə isti yer arzulayırlar.
Bir çox
işəgötürənlər hesab edilər ki, 50 yaşdan sonra işçilərə nəyisə öyrətmək çətindir.
Bu baxımdan, ən yaxşısı cavanları işə cəlb etməkdir. Biznesmenlər öz iş yerlərində
gənc, aktiv, əmək bazarının müasir tələblərinə cavab verən gənclər görmək istəyirlər.
Belə bir stereotip onlara sirayət edib ki, yaş 50-ni ötübsə, yəni təqaüd yaşı
yaxınlaşırsa, deməli, şəxs işə yararlı deyil, fiziki gücü tükənib. Əlbəttə, 50+
kateqoriyasında olanların hamısının ucdantutma işsizlikdən şikayətləndiyini də
iddia etmirik. Mütənasiblik pozulsa belə, sıralarında təcrübəyə yer verənlər də
az deyil. Üstəlik, təqaüd yaşına çatandan sonra öz iş yerlərində qalıb işləyənlər
də var. Bəzi müəssisələrdə əgər təcrübəsi yoxdursa, işə nəinki yaşlıları, hətta
cavanları da qəbul etmirlər. 50 yaşı ötənlər arasında cavan rəhbərliyin diktəsi
altında işləmək istəməyənlər də az deyil. «Ən yaxşısı, təqaüdə yollanmaqdır»
deyirlər. Təqaüd yaşına isə hələ illər var axı...
Sirr
deyil ki, artıq sovet dövrünün "daimi” iş yerindən təqaüdə yollanma ənənələri bəzi
sahələr istisna olmaqla, çoxdan unudulub. İş yerləri tez-tez
açılıb-qapandığından, dəyişdiyindən, insanlar da mütəmadi olaraq iş axtarmaq məcburiyyətində
qalırlar. Xarici ölkələrin, elə Rusiyanın "ən uğurlu şirkət, aktiv, hər şeyi
öyrənmək istəyən gənclərlə yanaşı, müdrik təcrübənin sintezidir” təcrübəsi isə
hələlik bizim əmək bazarına o qədər də xas deyil. Yoxsa 50+ yaşın işlə bağlı
problemi bu qədər qabarıq görünməzdi. Nəzərə alsaq ki, «50 yaşdan sonra iş
tapmaq olmur» və ya «50 yaşdan sonra işə götürən yoxdur» fikirləri ilə tez-tez
rastlaşırıq, onda vəziyyətin nə qədər çətin olduğunu anlamaq o qədər də çətin
deyil.
Elə isə
təqaüd yaşı ilə arasında müəyyən məsafə olan insanlar özlərinə necə iş
tapmalıdırlar? Yaşın əmək bazarında yaratdığı əngəldən necə xilas olmalı, yaşa
görə qoyulan sərt tələbləri öz xeyirlərinə necə yumşaltmalıdırlar?
Vahid vakansiya bazası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin
müdiri İsa Həsənovhazırda əmək bazarında ümumən yaşlı insanların işlə təmin olunması ilə bağlı müəyyən
problemlərin olduğunu etiraf edirsə, demək, vəziyyət doğrudan da mürəkkəbdir:
"O insanların müəyyən hissəsi uzun müddət işsiz qalanlar, hər hansı fəaliyyətlə
məşğul olmayanlardır. Və yaxud müəyyən
müddət ayrı-ayrı ölkələrdə, xüsusən Rusiyada yaşayıblar və vətənə qayıdandan
sonra iş tapmaq problemi ilə üzləşirlər. Onların bilik və bacarıqları, iş təcrübələri
olmadığından, çoxlu çətinliklər meydana çıxır”. İ.Həsənov iş tapmaq problemi ilə
üzləşən digər kateqoriyaya, uzun müddət idarəetmə sahəsində işləyən və müxtəlif
səbəblərdən iş yerlərini tərk edən insanları aid edir: "Onların ixtisası üzrə
iş müxtəlif dövlət qurumlarında fərqli formalarda olduğu üçün o kateqoriya
insanların əmək bazarına uyğunlaşmaq məsələlərində keçmiş ixtisasları tələblərə
cavab vermir. Elə kateqoriya insanlar var ki, onların heç bir peşə və ixtisası
yoxdur, ancaq daha yüksək maaşlı işə iddia edir və aşağı maaşlı işləri bəyənmirlər”.
Ölkəmizin qanunvericiliyində insanların işlə təminatında yaşla bağlı hər hansı
məhdudiyyətlərin olmadığını deyən İ.Həsənov, bazar iqtisadiyyatı şəraitində
yaşadığımız üçün əmək bazarının özünəxas reallıqlarının olduğunu da bildirir: "Əmək
bazarında əhalinin 75 faizindən çoxu çalışır. Ancaq özəl sahədə işəgötürənlərin
müəyyən maraqları var və onlar daha gənc, aktiv, həmçinin daha çox gəlir gətirmək
imkanı olanları cəlb etmək arzusundadırlar. Orta yaş və ya 50 yaşdan yuxarı
insanlar üçün isə iş təklif etmək onlara cəlbedici görünmür. Nəticədə əmək
bazarımızda 50 yaşdan yuxarı insanların işlə təminatı ilə bağlı bu cür problemlər
yaranır”. İ.Həsənovun dediyinə görə, problemin həlli üçün respublikada vahid
vakansiya bazasının yaradılması gündəmdədir. Belə ki, "İcbari sığorta haqqında”
qanun müəyyən aktiv məşğulluq tədbirlərini nəzərdə tutacaq: "Yəni bu yaşda
insanlar özünüməşğulluğa cəlb olunacaqlar. Və ya subsidiyalı məşğulluq deyilən
bir anlayış var ki, bu insanların 50 faizi Sığorta Fondu hesabına işə götürüləcək
və bu yolla onların işlə təmin olunmasına köməklik göstəriləcək. Hazırda bu
layihə çərçivəsində müəyyən işlər həyata keçirilir”.
İşəgtürənlərin marağı
Yaşla bağlı əmək bazarında gizli diskriminasiyanın olduğunu Vətəndaşların
Əmək Hüquqlarını Müdafiə Liqasının sədriSahib Məmmədov da təsdiqləyir: "Məsələn,
iş elanlarına fikir verəndə görürsünüz ki, əsasən gəncləri axtarırlar. Bir çox əlamətlərə
görə – cinsə, bir çox hallarda yaşa, hətta xarici əlamətlərə görə fərq
qoyurlar. Ümumi mənzərə onu göstərir ki, işəgötürənlər yaşlı adamları işə qəbul
etməyə o qədər də meyilli deyillər. Ancaq elə iş yerləri var ki, orada əslində
daha çox təcrübəli olmaq tələb olunur. Məsələn, dövlət qulluğunda, hüquq
mühafizə orqanlarında bəzən 50 yaşlı insanları qəbul edirlər”. Bu yaxınlarda ədliyyə
orqanlarında 48 yaşlı qadının imtahan verib uğurla müsahibədən keçdiyinin
şahidi olduğunu fakt kimi deyən S.Məmmədov, özəl sektorda bu məsələlərə bir qədər
fərqli yanaşıldığını da söyləyir: "Elə ixtisaslar var ki, orada peşə ixtisası
xüsusiyyətləri yaşdan daha önəmlidir. Elə iş yerləri də var ki, fiziki iş daha
çox tələb olunur və orada cavan insanlara üstünlük verilməsini başa düşmək
olar. Bununla belə, elə oturaq və ya intellektual işlər mövcuddur ki, orada yaş
tələb etmək düzgün deyil. Ancaq tibbi yoxlanışdan keçərkən iş yerinin tələblərinə
uyğun gəlməmək də ola bilər. Məsələn, iş üçün müraciət edənin eşitmə, görmə
qüsuru, əsəb sistemində problem və s. ola bilər. Əgər şəxsin fiziki göstəriciləri
işləməyə yararlıdırsa, yaşa görə tələb qoymaq düzgün deyil”. Ekspert müasir
dövrə uyğun olaraq kompüter və dil bilgiləri ilə bağlı tələbə nisbətən normal
yanaşır: "Bəzən iaşə sektorunda çalışmaq üçün ofisiant axtarırlar. Ancaq dil
bilgisi olmasını xarici qonaqların gəlişi ilə əsaslandırırlar. Hətta, taksi
sürücüsünə də dil bacarığının olması tələb kimi qoyula bilir. Kompüter də
müasir iş yerinin atributudur. Bu bilgiləri olmayan adamların işə qəbulunda
problem ola bilir. Bu baxımdan bu tip tələblərin olması da anlaşılandır”.
Etik məsələ
İqtisadçı ekspert Vüqar Bayramov ölkəmizin əmək bazarında yaşla bağlı
diskriminasiyaya rast gəlindiyini bildirir. Apardıqları monitorinqlərin nəticəsi
də sektordan asılı olaraq, yaş qrupları üzrə tələblərin fərqli olduğunu göstərir:
"Gənclərin iş tapmaq imkanları daha genişdir. Bəzi sektorlarda nisbətən 50
yaşdan yuxarı insanlara tələb olsa belə, xidmət sektorunda, məsələn, maliyyə,
bank, sığorta sektorunda tələb olunan kadrların yaşının az olması şərtdir. İşəgötürən
praktik olaraq yaşı adətən 40-a qədər olan kadrlara üstünlük verir. Bəzi sahələrdə
isə bu, 25-30 yaşa qədər məhdudlaşır. Bu baxımdan, xidmət sektorunda yaşı nisbətən
çox olan insanların iş tapmaqla bağlı çətinlikləri var. Çünki onlar yaşa görə
işlə bağlı təklif edilən tələbə uyğun gəlmirlər”. Ekspert dövlət qurumlarında
bu istiqamətdə ciddi bir fərqin olmadığı fikrindədir. Eləcə də təhsil müəssisələrində
təcrübəsi nisbətən çox olan insanlara üstünlük verilir: "Təəssüf ki, özəl
sektor, o cümlədən istehsalla məşğul olan şirkətlər və sahibkarlar yaşı nisbətən
az olan işçilərə üstünlük verirlər”. Ekspert məsələnin həlli kimi qanunvericiliklə bağlı qaydaların tənzimlənməsinin çətin olduğunu deyir. Yəni bu, daha çox etik
məsələdir: "Qanunvericiliyə əsasən yaşla bağlı limitlərin müəyyənləşdirilməsi
mümkün deyil. Dünyanın heç bir ölkəsində işəgötürənlər üçün yaşla bağlı limitlər
müəyyənləşdirilməyib. Ona görə, bu məsələdə maarifləndirilmə, təbliğat, sosial
məsuliyyət, etik prinsiplərin inkişaf etməsinə ehtiyac var ki, işəgötürənlər
eyni zamanda, orta yaşlı insanlara da iş təklif etsinlər. Yaşın yazılması
qadağan olunsa belə, praktikada işəgötürənlər bu qaydaları pozurlar. Onlara bu
qadağaların verilməsi mümkün deyil”.
Təklif
yalnız spesifik işlərlə bağlı olarsa...
Məsələyə
hüquqi tərəfdən yanaşsaq vakansiyalarda yaş məhdudiyyətinin qeyd olunmaması tələbi
ilə bağlı qanun pozuntuları istənilən qədərdir. Sənəd üzərindəki qadağalar işəgötürənlərə
öz namizədlərini müəyyənləşdirməyə mane olmur. Onlar iş üçün yararsız hesab
etdikləri insanlardan, səbəbini aydınlaşdırmadan imtina edirlər.
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil
Ruslan Vəliyevdə diskriminasiya ilə bağlı qəbul olunmuş normativ sənədlərdə, məsələn əmək
elanları ilə bağlı tələblər sırasında işçinin yaşının, cinsinin və digər
xüsusiyyətlərinin göstərilməsinin
qadağan olduğunu deyir: "Ancaq istisna hallar var ki, orada yaş, cins
göstərilə bilər. Bu, spesifik iş sahələrinə aiddir ki, orada yalnız müəyyən
yaşa qədər işçilər tələb olunur. O cümlədən, hər hansı fiziki qüvvə ilə bağlı
göstəricilər tələb olunan işlərdə tələblər qeyd oluna bilər. Amma ümumilikdə, hər
kəsin görə biləcəyi işlərdə hər hansı işəgötürən tərəfindən yaşa, cinsə və digər
xüsusiyyətlərə görə ayrı-seçkilik qoyulması birbaşa qadağandır”. Hüquqşünas həmçinin
iş elanı verən şirkətin öz adının və təklif etdiyi fəaliyyət sahəsinin mütləq
göstərilməsinin vacibliyini bildirir: "Bu, qanunun tələbidir. Bəzən «Qadınlar tələb
olunur» kimi elanlar verilir. Cinsə görə
ayrı-seçkilik etmək qəti qadağandır. Təklif yalnız spesifik işlərlə bağlı olanda icazə verilə bilər. Məsələn, gecə növbəsi və
ya yalnız qadınların əməyindən istifadə olunan istehsal sahəsinə aid edilə bilər.
Həmçinin yetkinlik yaşına çatmayanlar üçün məhdudiyyət ola bilər. Ümumilikdə isə
hər kəsin məşğul ola biləcəyi fəaliyyət növlərində hər hansı diskriminasiyanın
olması qanunla qadağandır”.
Təranə Məhərrəmova