• çərşənbə axşamı, 16 aprel, 14:44
  • Baku Bakı 19°C

Mən kim idim ki?

09.05.13 10:00 3793
Mən kim idim ki?
Sabah ulu öndər Heydər Əliyevin anadan olmasının 90 ili tamam olur. Bu münasibətlə paytaxtımızda və bölgələrimizdə mədəniyyət tədbirləri keçirilir. Keçirilən tədbirlərdə Heydər Əliyevin mədəni irsimizin qorunub saxlanılması və inkişaf etdirilməsində, mədəniyyətimizin dünya miqyasında şöhrət tapmasında xidmətlərinin əvəzsiz olduğu vurğulanır və onunla bağlı video çarxlar tamaşaçılara təqdim olunur.
Bütün sahələrdə olduğu kimi, bu bayramı mədəniyyət işçiləri, şou-biznes nümayəndələri də qeyd edir. Bayram münasibəti ilə kimisi ulu öndərə mahnı, kimisi də şeirlər həsr etməklə mərhum prezidentin yubileyinə öz töhfəsini verir. Amma təəssüf ki, bəzi müğənnilər də var ki, gündəmdə qalmağın yeni üsulunu tapıb bu mövzuda çıxışları ilə yaddaşlarda qalmağı düşünürlər.
Müğənni müsahibim səmimi sözləri ilə Heydər Əliyevin onun həyatındakı rolundan danışdı. Keçmişdə yaşadığı çətinliklərdən bəhs edən Əlikram Bayramov bu gün heç də o günlərə görə utanmadığını dilə gətirdi.
Bizimlə söhbətində Əlikram Bayramov Heydər Əliyevin 90 illik yubileyini xüsusi qeyd etdiyini və hər zaman da onun ruhuna dua oxuduğunu bildirdi. Belə ki, Heydər Əliyevin müğənninin tanınmasında böyük rolu olub. Əlikram Bayramov kasıb bir gənc olduğunu, paytaxta gəlməsi üçün heç bir imkana sahib olmadığını, məhz ulu öndərin sayəsində bu gün ölkə miqyasında tanındığını dedi: “1997-ci ildə Heydər Əliyev Biləsuvarda qaçqın şəhərciyinə iki gəncin toy şənliyinə gəlmişdi. Həmin ərəfələr mən çox gənc idim. Ulu öndər həmin toyda şəxsən öz təşəbbüsü ilə iştirak edirdi. O, çox səmimi insan olduğundan, sadə insanların el şənliklərində də iştirak edib, öz xeyir-duasını verirdi. İcra hakimiyyətinin işçiləri mənə o toyda iştirak edəcəyimi xəbər verəndə, əvvəlcə bunun doğru olduğuna inanmadım. Düşündüm ki, Bakıda məşhur müğənnilər dura-dura prezidentin yanında məni mahnı oxumağa qoymazlar... Ulu öndər o zaman toyu təşkil edənlərə söyləmişdi ki, toyda Biləsuvarın öz musiqiçiləri iştirak etsə, daha yaxşı olar. Oktyabrda keçirilən toy şənliyində ilk olaraq Müslüm Maqomayevin “Azərbaycan” mahnısını oxudum. Bu mahnı mənə uğur gətirdi. Mərhum prezident bu mahnını çox bəyəndi. Həmin məclisdə “Ana” mahnısı ilə yanaşı bir çox toy mahnıları ifa etdim. Toy bitdikdən sonra Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə dövlət komitəsinin sədri Əli Həsənov mənə söylədi ki, Heydər Əliyev sizinlə görüşmək istəyir. Mən də düşündüm ki, kiməm ki prezident mənimlə görüşmək istəsin. Çəkinə-çəkinə Heydər Əliyevin yanına getdim, fikirləşirdim ki, yəqin nə isə problem yaranıb. Amma prezident mənə “Sənin səsin Rəşid Behbudovun səsinə bənzəyir. İstəyirəm ki, paytaxtda təlim keçib, ifaçılıq edəsən” - deyib, məni Əli Həsənova tapşırdı. Söylədi ki, bu gənclə məşğul olsunlar. Mərhum prezident mənim yaxşı gələcəyim olacağını qeyd etdi və dedi ki, “Sənə ilk xeyir-duanı mən verirəm”. Ulu öndərin xeyir-duası ilə böyük uğurlar qazandım və şöhrət əldə etdim. Əli Həsənov bu söhbətlərə şahiddir”.
Biləsuvardan ulu öndərin istəyi əsasında Bakıya gələn Əlikram Bayramov, bütün televiziyaların onu paytaxt ifaçılarından seçmədiyini, televiziya proqramlarına dəvət olunduğunu söylədi: “Bakıya gəldikdən sonra məni Mübariz Tağıyevə tapşırdılar. Bir müddət sonra isə Fikrət Qocanın yanına getdim, daha sonra Tahir Ələkbərovla işlədim. Həmin ərəfədə “Dünya onundur”, “Azərbaycan”, “Xəzərlərin rəqsi”, “Tələsməyin insanlar” mahnıları yazdırdım. Bunları qeyd etməkdə oxuculara sözüm odur ki, Heydər Əliyevin Azərbaycan mədəniyyətinə çox böyük təsiri olub. Mənim kimi kənddə yaşayan kasıb gənc bir insan heç bir zaman öz gücünə gəlib Bakıda məşhur müğənni ola bilməzdi. Heydər Əliyev olmasa idi, mən indi rayonda hanısısa təsərrüfat işi ilə məşğul idim. O qədər kasıb olmuşuq ki, evimizdə pilləkənimiz belə olmayıb. Evə nərdivanla qalxırdıq. Mən hər dəfə Heydər Əliyevin qəbrini ziyarət edirəm və onun heykəli qarşısında baş əyirəm. “Dünya onundur” mahnısını prezidentimizin şərəfinə ifa etmişəm. Ulu öndər hər zaman kasıb insanlara kömək edib. İş yerimdən tutmuş, mahnılarımın hazırlanmasına qədər məni hər şeylə təmin etdi. Həmin dönəmlər ulu öndərin köməkçiləri məni Şəhriyar adına klubda işə düzəltdilər. Allah onun qəbrini nurla doldursun. Sonralar da onu görmək istədim, ancaq qismət olmadı. Əli Həsənov məni görəndə hər zaman söyləyirdi ki, prezidentimiz sizlə maraqlanır və problemlərinizi ona söyləməyinizi istəyir. Allaha şükürlər olsun ki, mənim işlərimdə heç bir problem yaranmadı.
Prezidentimiz ucqar bir kənddə yaşayan kasıb bir ifaçını nəzərə almaya da bilərdi. Mən kim idim ki? İncəsənətimizə heç kim Heydər Əliyev kimi qayğı göstərməyib. Yaxşılığı unutmaq düzgün deyil. Bu gün məni xalq Əlikram Bayramov kimi tanıyırsa, o da Heydər Əliyevin sayəsindədir. Onun yaradıcı insanlara böyük hörməti var idi. Ulu öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltəraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib. Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Mən bunun şahidiyəm və keçdiyim bu yaradıcılıq yolunu ona görə danışıram ki, heç kim ulu öndərin müğənnilərə, ifaçılara önəm vermədiyini söyləməsin. O, çox həssas insan idi. Onun bir kəlməsi ilə mənim bütün həyatım dəyişdi. Bu gün ulu öndərin 90 illik yubileyi ilə bağlı keçirilən bütün tədbirlərə sevə-sevə gedirəm. Ən böyük arzum isə Qarabağda belə konsertlər təşkil edilməsi və mənim timsalımda bütün ifaçıların orada iştirak etməsidir”.
Bu yazıda sizə bir ifaçının həyatında 90 illiyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin rolundan bəhs etdik. Biz də bu xoş sözlərlə həmrəyliyimizi bildirərək, ulu öndərə Allahdan rəhmət diləyirik.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər