• cümə axşamı, 28 mart, 14:20
  • Baku Bakı 16°C

“Mən jurnalistəm, Bakıdan zəng edirəm...”

12.09.18 09:45 662
“Mən jurnalistəm, Bakıdan zəng edirəm...”
"Mən jurnalistəm...” kitabını oxuyarkən xəyal məni çəkib yaxın və uzaq illərə aparırdı. Azərbaycanın tanınmış, istedadlı jurnalisti, həyatdan vaxtsız getmiş Elmira Əmrah qızı Əhmədovanın həyat və fəaliyyəti, haqqında yazılmış xatirələri, müsahibə və məqalələri, seçilmiş reportajları oxuduqca, kitabın hər səhifəsindən, sətirlər arasından unudulmaz tələbə yoldaşımızın nurlu, gülümsər simasının cizgiləri xəyalıma gəlirdi.
...Nə tez gəlib keçdi o əlçatmaz, ünyetməz, unudulmaz tələbəlik illəri (1969-1974). Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində oxuyurduq. Elmira bəstəboy, gülərüz, mehriban sifətli, şən, şirin ləhcəli, romantik qəlbli, istedadlı, çalışqan bir qız idi. Elə birinci kursdan qrupumuzun tələbələri arasında seçilirdi, əlaçı təqaüdü alırdı. Çox mütaliə edirdi, dərsdən sonra kitabxanalara gedib əlavə ədəbiyyatlar oxuyurdu, bütün seminar dərslərində çıxış edirdi, həmişə kitab, yaxud mühazirə dəftəri əlində olardı. Bir dəfə üçüncü kursda, professor Qulu Xəlilov Azərbaycan ədəbiyyatı imtahanında onun biliyinə "yaxşı” qiymət vermək istəyəndə, kövrələrək razılaşmadı, etirazını bildirdi və imtahanın sonunda yenidən bilet çəkib danışaraq "əla” qiymət aldı.
45 ildən sonra "Mən jurnalistəm...” kitabını oxuyanda, keçmiş illərə nəzər salanda, tələbəlik illərinin ən əziz yadigarı olan, 1974-cü ildə yazılmış "Xatirə” dəftərimi bir də açıb vərəqlədim. Orada qrup yoldaşlarımızın xatirələri toplanıb. O vaxt beşinci kursun sonunda, universiteti bitirəndə bir-birimiz haqqında "Xatirə” dəftərlərində ürək sözlərimizi və arzularımızı yazmışıq, eləcə də Elmira öz xatirə səhifəsini yazıbdır. Həmin sətirləri bir də oxudum. Elmiranın öz dəsti-xətti ilə yazdığı sözlər məni ovsunladı. Elə bil əziz, mehriban tələbə yoldaşım bu günləri, bizim gələcəyimizi görərək özünün səmimi, təbii ürək sözlərini yazmışdı. Həmin sətirləri oxuyanda beşinci kursda oxuduğumuz günlər yadıma düşdü. Jurnalistika fakültəsinin ixtisas dərslərini keçdiyimiz binanın qarşısında həmyerlimiz Hüseyn Abdullayevlə rastlaşdım. Görüşüb hal-əhval tutandan sonra ayrıldıq. Növbəti gün onu yenidən bu binanın qarşısında gördüm. Bir neçə gündən sonra Hüseynlə görüşəndə mənə ürəyini açdı. Sən demə, o, bizim tələbə yoldaşımız Elmiranı sevirmiş. Universiteti bitirdik və bir müddətdən sonra onlar ailə həyatı qurdular.
...O zaman universitetin jurnalistika fakültəsinin məzunlarına təyinatlar Azərbaycan KP Mərkəzi Komitəsi tərəfindən verilirdi. Biz də 1974-cü ildə təyinatlarımızı alıb hərəmiz bir tərəfə "pərvazlandıq”. Beləcə, əla qiymətlərlə-fərqlənmə diplomu ilə universiteti bitirən Elmira Əhmədova təyinat üzrə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə başladı. Azərbaycan radiosunun təbliğat baş redaksiyasında onun jurnalist istedadı özünü tez bir vaxtda büruzə verdi, güclü qələmindən, şirin, səlis dilindən, ağıllı dərrakəsindən çıxan verilişlər həm onu dinləyicilərə tanıtdı, həm də peşəkar jurnalist obrazını yaratdı. Elmira əməksevərliyinə, qabiliyyətinə, zirəkliyinə görə həmkarları arasında "od parçası” adını qazanmışdı. Qələmə aldığı iri həcmli oçerk, reportaj və müsahibələri hər gün efirdə səslənirdi. Sadə əmək, peşə adamları, elm, sənət sahiblərindən yazırdı.
Əmək fəaliyyəti dövründə "Bakı”, "Baku”, "Nezavisimaya qazeta”, ”Azərbaycan gəncliyi”, ”Ulduz”, "Azərbaycan qadını” "Azərbaycan İnternəşnl” və digər qəzet-jurnallarda çalışdı. 1989-1990-cı illərdə "Azadlıq "qəzetində, 1990-cı ildən isə ”Azadlıq” radiosu ilə əməkdaşlığa başladı. Onun qələmindən çıxan məqalələr qəzet-jurnallarda dərc olunmaqla yanaşı hazırladığı verilişlər şirin ləhcəli səsi ilə 1974-90-cı illərdə Azərbaycan radiosundan, 1990-cı ilin əvvəllərindən isə "Azadlıq" radiosundan eşidilirdi. Hər gün radionun dalğalarında Elmiranın şirin, həyəcanlı səsi eşidilirdi. O, bu verilişlərdə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan, Azərbaycanı dünyaya tanıdan və dünyaya sevdirən fədakar bir jurnalist və azadlıq mücahidi kimi çıxış edirdi.
Elmira işgüzar, peşəkar, mətin, cəsarətli jurnalist idi. 20 yanvar faciəsi zamanı fövqəladə vəziyyət şəraitində bir reportyor olaraq əsl mübarizə meydanına atılmışdı, qorxmadan çalışırdı. O zaman fövqəladə vəziyyətin qadağalarına sinə gərən Elmira jurnalist zirəkliyi ilə Bakının qanlı küçələrini gəzib böyük sarsıntı və dəhşət içərisində olan insanlardan müsahibələr alırdı. Məlumatı çox çətinliklə əldə edərək, çətin şəraitdə, əzab-əziyyətlə hazırlayıb, informasiya blokadasını yararaq "Azadlıq” radiosuna ötürürdü. Sovet ordusunun qaniçənliyi, zülmkarlığı, Bakıda və digər şəhərlərdə törətdiyi vəhşilikləri, bir də Moskvanın təcavüzkar siyasətinin nəticələrini təhlil edib dünyaya bəlli edirdi ki, Azərbaycanın azadlığı uğrunda mübarizə aparanları sovet ordusu qırır. Bu hadisələrin ardınca hətta Elmira Moskvaya gedib çıxmışdı. Ümummilli lider Heydər Əliyevi axtarıb tapmışdı. Ondan 1990-cı ilin aprel ayında aldığı irihəcmli (4 saatlıq) müsahibə ”Azadlıq” radiosu vasitəsilə bütün dünyaya yayılmışdı.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan Prezidentinin xarici səfərlərini müşayiət edən və işıqlandıran jurnalistlərin tərkibində Elmira Əmrahqızı da vardı. İstedadlı jurnalist Azərbaycan ümummilli liderin hər bir görüşünü, xarici dövlətlərin rəhbərləri ilə apardığı danışıqları, onun parlaq nitq və çıxışlarını diqqətlə dinləyib siyasi və iqtisadi prosesləri bacarıqla şərh edir, görüş və hadisələri qələmə alıb dünya ictimaiyyətinə çatdırırdı. Bu barədə kitabın ön sözünün müəllifi, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanov unudulmaz tələbə yoldaşımız haqqında yazır: "Harada işləməsindən, hansı informasiya vasitəsini təmsil etməsindən asılı olmayaraq, Elmira Əmrahqızı bütün ömrü boyu qələminə və əqidəsinə, millətinə və dövlətinə sadiq qaldı. Çünki Vətəni və xalqı üçün döyünən böyük ürəyə sahib idi. Elmira Əmrahqızının qələmi o ürəyin diktə etdiklərini yazır, sözlər dilinə o ürəkdən süzülüb gəlirdi”.
"Azərbaycan İnternəşnl” jurnalının baş redaktoru xanım Betti Bleyer Elmira Əmrahqızının xatirəsinə həsr etdiyi məqaləsində xüsusilə vurğulayır: "Elmira Azərbaycanda öz dövrünün ən çox hörmət edilən jurnalistlərindən idi. O, Sovet İttifaqının süqutundan sonra inkişaf edən müstəqil mətbuatın formalaşmasında böyük rol oynamışdı. O, "Azadlıq” radiosunun (Praqa) gündəlik xəbər yayımlarının azərbaycanlı müxbiri kimi yorulmadan çalışırdı, eyni zamanda "Azərbaycan İnternəşnl” jurnalının Bakı müxbiri idi. Prezident Heydər Əliyev onun çalışqanlığını, istedadını və Azərbaycanla bağlılığını görür və onu müşayiət edən mətbuat komandasına tez-tez Elmiranı da dəvət edirdi”.
Kitabda Elmira Əmrahqızının həyatı, yaradıcılığı, jurnalistlik fəaliyyəti ilə bağlı dövlət, siyasət, diplomatiya, mətbuat xadimlərinin, həmkarlarının, doğmalarının, yaxınlarının xatirələri toplanmışdır.
"Azadlıq” radiosunda çalışdığı illərdə Elmira Əmrahqızı Azərbaycan redaksiyasının ən parlaq əməkdaşlarından biri kim tanındı. Qarabağ problemi, Cənub mövzusu ilə yanaşı, Azərbaycanın müstəqilliyə qovuşması, yeni cəmiyyət quruculuğu yolundakı çətinliklər onun daim toxunduğu problemlər idi. Onun hər gün "Mən jurnalistəm, Bakıdan zəng edirəm...” müraciəti ilə efirə çıxır, Azərbaycanın gələcəyinə ümidlə, inamla baxırdı.
Həyat və yaradıcılığının ən qaynar dövrünü yaşayan Elmiranın səsi Nyu-York, London, Lissabon, Paris, Pekin, Budapeşt, Oslodan, dünyanın digər dövlətlərinin paytaxtlarından gəlirdi. Həmin şəhərlərdən hazırladığı reportajlarında Elmira Əmrahqızı dövlətçiliyimizin qorunması və inkişafı baxımından respublikamızın daxili və xarici siyasətinin ən ümdə məsələlərini şərh edirdi, obyektivlik və gerçəkliklə, aydınlıq və dürüstlüklə bu məsələləri təhlil edirdi.
...Yaradıcılığının çiçəkləndiyi, arzularının gerçəkləşdiyi, jurnalist kimi püxtələşdiyi, sevildiyi, tanındığı bir dövrdə Elmiranın ağır xəstəliyə düçar olması onu cahana sığışmayan arzularından, həyatını bağladığı jurnalistikadan, sevimli ailəsindən, övladlarından ayırdı. 1998-ci ilin 27 fevral günü Elmira Əmrahqızı 45 yaşında bu dünyadan köçdü. İstedadlı, fədakar, mübariz Azərbaycan jurnalistinin vaxtsız vəfatı xəbəri "Azadlıq” radiosu vasitəsilə dünyanın bütün guşələrinə yayıldı. Azərbaycan mətbuatının ən ləyaqətli, dəyanətli nümayəndəsini böyük bir izdiham-respublika ictimaiyyətinin, mətbuat orqanlarının nümayəndələri, hökumət üzvləri, siyasi partiyaların liderləri, yaxınları, əzizləri son mənzilə yola saldılar.
2018-ci ildə Elmira Əhmədovanın vəfatından 20 il keçdi. Onun haqqında xatirələrdən ibarət ”Mən jurnalistəm..." kitabını oxuyandan sonra 1998-ci ilin mart ayında "İki sahil” qəzetində dərc olunmuş ”Elegiya. Nə biləydim ki, bu axırıncı görüşdü...” adlı məqaləmin bu sətirləri ilə yazımı və fikrimi tamamlamaq istəyirəm: ”Yaxınlarda, uzaqlarda Elmira Əmrahqızı kimi tanınan, "Azadlıq " radiosu ilə səsi dünyanı dolaşan gözəl bacımızın həmişə gülümsər, mehriban, şən simasını qəzetlərin qara ölüm çərçivəsində heç vəchlə təsəvvür edə bilmirəm. İlahi, axı onun həyatının sonu hələ çatmamışdı, həyat və yaradıcılığının gözəl dövrlərini bundan sonra yaşayacaqdı... Nə üçün vaxtsız, vədəsiz ölümə düçar oldu?! Qəlbi yazıb-yaratmaqla alovlanan, Vətən, xalq təəssübü ilə həmişə döyünən, Millət sevgisi ilə coşan, xalqın dərdini qeyrətlə çəkən, səsini dünyaya eşitdirən bir azadlıq aşiqini, müstəqil Azərbaycanımızın haqq səsini dünyaya yayan istedadlı qələm sahibini, ləyaqətli bir insanı itirdik.
Əziz, mehriban bacımız, əbədi dünyanda rahat yat! Sən Azərbaycan xalqının qəlbində, mətbuatımızın tarixində haqq səsinlə, həqiqəti yazan qələminlə yaşayır və yaşayacaqsan. Heyf sənə, əziz bacım! Heyf ki, sənin kimi istedadlı, cəsarətli, yetkin bir jurnalisti itirdik. Bu itkinin yerini doldurmaq, belə bir jurnalisti yetirmək üçün azı bir qərinə gərək olur. Deyirlər ki, ölüm haqdır. Biz hamımız bu həyatda qonağıq. Amma bu vaxtsız, qəfil, cavan, amansız ölümlər bizi zaman-zaman ağrıdır...”
Afət Sadıqoğlu
banner

Oxşar Xəbərlər