• cümə axşamı, 25 aprel, 14:49
  • Baku Bakı 23°C

“Mən idim dünyanın ilk əkinçisi”

23.05.16 10:53 2030
“Mən idim dünyanın ilk əkinçisi”
Xalq şairi Sabir Rüstəmxanlının "İnsan həyatının mənası ictimai tərəqqiyə xidmətdədir” fikrini tez-tez xatırlayıram. Və yaxşı bilirəm ki, bu görkəmli şairin həyatının bütün dönəmləri hər bir halıyla ictimai tərəqqiyə xidmətdə keçib. Sabir Rüstəmxanlı həyatını "insanın bütün şüurlu ömrü boyu öz millətinin azadlığına, xoşbəxtliyinə can atmasından təbii bir duyğu yoxdur” meyarı ilə yaşayan seçilmişlərdəndir. İctimai həyatımızın bütün sahələrində onun qətiyyətli şair, publisist, vətəndaş sözü həmişə yetərli olmuşdur. "Sabir Rüstəmxanlı yaradıcılığı başdan-başa öz xalqının özünüdərki, milli oyanışı yolunda yandırılan şam kimidi. Durulma, ümumi mədəni səviyyəmizin, siyasi mübarizə durumumuzun yetərli şəkildə formalaşması naminə onun yaradıcılığından əxz etməli çox şey var”. Və bu baxımdan S.Rüstəmxanlı yaradıclığı Nəsimi, M.Ə.Sabir, R.Rza, B.Vahabzadə, Xəlil Rza, M.Araz, Söhrab Tahir silsiləsinin yeni qolu kimi diqqəti çəkir. Öz ictimai-siyasi gəlişmələrinə, tarixi aktuallığna görə onun ömür yolu Çingiz Aytmatov, Oljas Süleymenov missiyasına daha çox yaxındı. Sabir Rüstəmxanlı o ədəbi hücrəyə daxil olan, onlarla çiyin-çiyinə dayana bilən sənətkarlarımızdandı, böyük şairimiz Hüseyn Cavidin təbirincə demiş olsaq:

İştə onlar hər biri bir qəhrəman,
Hep çalışmış durmadan, sarsılmadan.
...Hepsi yalnız bir həqiqət aşiqi.


Bunu deməyə görkəmli şairin "Gəncə qapısı”, "Qan yaddaşı” poemaları, "Ölüm zirvəsi” romanı, "Ömür kitabı” və s. şəhadət verməkdədi. Azərbaycan ədəbiyyatnn nəsr sahəsində Mirzə İbrahimovun "Gələcək gün” romanının, Bəxtiyar Vahabzadənin "Gülüstan” poemasının daşıdığı missiyanı bədii publisistika sahəsində məhz Sabir Rüstəmxanlının "Ömür kitabı” yerinə yetirib. Bu mənada şairin aşağıdak misraları onun ömür yolunun dolğun ifadəçisi kimi göz önünə gəlir:

Ey ildırım, çax yolumda,
Ey ürəksiz, çıx yolumdan.
Mən hazıram haqq yolunda
Kipriyimlə od daşıyam.


Görkəmli tənqidçi Qulu Xəlilovun S.Rüstəmxanlı yaradıcılığı haqqında hələ ötən əsrin 80-ci illərində söylədiyi aşağdakı fikirlər indinin özündə də aktual və inandırıcı səslənir. Q.Xəlilov zamanında dərin bir əminliklə qeyd edirdi ki, bütövlükdə S.Rüstəmxanlı yaradıclığında ən qabarıq görünən bir sıra ictimai-siyasi məna çalarları ilə yüklənmiş cəhət vətəndaşlıq motividir. "Sabir lap ilk şeirlərindən ayaqlarını üstündə gəzdiyi torpağa möhkəm dayamışdır. Bu mötəbər mənbə-dayaq onun şair taleyinə uğurlu əl çəkmişdir. Sabir bu torpağın qədir-qiymətini, dərdlərini bilən, duyan, görən və cəsarətlə deyən şairlərdəndir”. Doğrudan da Sabir Rüstəmxanlı dünyaya şair (və ən əsası, vətəndaş!) kimi gəlib, bütün həyatı boyu da şair-vətəndaş kimi yaşayanlardandır. Tənqidçi Vaqif Yusiflinin dəqiq müşahidəsidi ki, o, hətta Azadlıq meydanındakı mitinqlərdə, oradakı odlu-alovlu çıxışlarında da şair idi. Vəzifə kürsüsündə oturduğu illərdə də, Milli Məclisin bəzi qızğın, yeksənəq iclaslarında da şair olaraq qalırdı. Necə ki, bu gün də şair olaraq qalır və hər yeni əsərilə Azərbaycan tarixinin indiyəcən üstündən sükutla keçilmiş, az qala unudulmuş səhifələrini yetkin, xüsusi bir vətəndaş-şair həssaslığı ilə qabardır, laqeydlik, biganəlik tozundan təmizləyir. Bu, onun missiyasıdı; "Ana dilim” şerindən, "Gəncə qapısı”ndan başlayan, "Ömür kitabı”yla kamala yetən, "Ölüm zirvəsi”, "Şair və şər”, "Difahi fədaisi” ilə davam edən missiyası... Bu missiyanın heç yerdə büdrəyib sozalmayan, "bezdim-usandım” deməyən axarını bir ömür boyunca ləyaqətlə tutub gələn S.Rüstəmxanlı vaxtilə ömür yolunun, həyat mübarizəsinin idealını belə yazmaqdaydı:

Yaşamaq imtahandı doğulandan ölənə,
Ürəyi şüşə kimi daşlara çalır zaman.
Qoy Nəsimi sinfinə yazsın mənim adımı,
Əyilməzlik dərsindən verəcəyəm imtahan.


Aradan keçən mübarizə dolu ömür-gün gəlişmələri zəmanət verir ki, bir şair, vətəndaş və insan kimi doğrudan da Sabir Rüstəmxanlı Nəsimi sinifində əyilməzlik dərsindən verdiyi imtahandan nəsimiyanə çıxa bildi. O, azərbaycançılıq düşüncəsinin, türkçülük mücadiləsinin dönməz təbliğatçılarından azadlıq, müstəqillik mücadiləsinin öncüllərindən biri kimi bütün ədəbi-elmi imkanlarını böyük vətəndaşlıq məsuliyyəti ilə bir araya gətirə bildi. Yaxşının harada olduğunu gördü, qiymətləndirdi və həmişə haqqın, xeyirin, cəmiyyət, millət üçün gərəkli, vacib olanın yanında dayandı. Bu sahədə Sabir Rüstəmxanlınn ictimai fəaliyyəti ilə ədəbi yaradıcılığı qoşa qanad kimidi. O, həqiqətən də dünyanın hansı bir coğrafi məkanında bircə kəlmə sözü yaşayıbsa-oranı halalca yurdu sayıb, doğma ana dilinə ucalıq, yaşmaq xoşbəxtliyi kimi baxıb. İnamla yazıb ki:

Səninlə həmişə mən ucalacam,
Bədənim torpağa tapşırlsa da.
Ruhumu mən sənə tapşıracağam.


Bu, onun doğma Ana dililə olan əbədi əhd-peymanıdı. Sabir Rüstəmxanlı bütün həyatını bu əhd-peymana xüsusi bir sədaqət hissilə yaşayıb. O, öz şair-vətəndaş obrazının poetik cizgilərini bütün dolğunluğu ilə şeirə, sözə köçürə bilənlərdən və bunu yazmağa mənəvi haqqı çatanlardandı:

Mənim taleyimə kağız biganə,
Mən bu bölgülərə üsyan səsiyəm.
Mən öz istəyimlə, sözüm, ruhumla
Yurdumun bölünməz xəritəsiyəm
.

Bu misralarda Sabir Rüstəmxanlının bütün dolğunluğu ilə ifadə olunan obrazı var. Bu olbraz hər bir Azərbaycan oxucusuna, türk insanına doğma və əzizdi. O baxmdan ki, ömrünün-gününün bu vədəsində S.Rüstəmxanlı həm də Mirzə İbrahimov, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Söhrab Tahir, Məmməd Araz, Xəlil Rza Ulutürk yaşamının ayaqda qalan, gerçək dünyamızda yaşayan canlı xatirələri kimidi. İndiki durumuyla elə bil ki, o, adlarını çəkdiyimiz sənətkarlarımızın ömür yolunu öz varlığında bir araya gətirən abidədi. Bu abidədə bir az Nəsimi, bir az Məhəmməd Hadi, bir az Şəhriyar, bir az da Yavuz Bülent Bakiler ömürlüyü iç-içədi. Elə bil ki, Sabir bəyin timsalında onların əli yenidən qələm tutur, hər cür biganəliyə, laqeydliyə döv gəlir, ictimai tərəqqi işinə rəvac verir. Sabir Rüstəmxanlı bütün janrlarda sözün məqamını, yerini, çəkisini bilən sənətkardı. İstənilən mövzuda yazdığı əsərlərində hər cür biganəliyə, fəaliyyətsizliyə, etibarsızlığa qarşı daxili etiraz ifadəsi yaradıcılığnın başlıca qayəsidi. Ən pünhan sevgi duyğularını qələmə alanda belə S.Rüstəmxanlı bu mövzunu ictimai əhəmiyyətli həyat faktlarının köynəyindən keçirir, oxucu diqqətini cəmiyyət üçün dəyərli, düşündürücü olan nəsnələrin üzərinə yönəldir. "Tonqal başında” şeri bu baxımdan çox səciyyəvi və yaddaqalandı:

"Tonqal iyi verirsən!” – bir gözəlin sözüdü,
Tüstülü saçlarını qarışdırıb gülürdü.
Bilmirdi tonqal iyi mənim saçımdan deyil,
Köksümdə tüstülənən ürəyimdən gəlirdi.


Bu, mübhəm, şəxsi yaşantının bədii təsviri prosesində belə Sabir Rüstəmxanlının milli kimlik, enişli-yoxuşlu tarix gəlişmələri barəsində olan əbədi intizarı özünü çox da ləngitmir və o, yurd, itkilərimiz sarıdan olan problemlərimizin ağrısını da elə bu şəxsi yaşantıların əhatəsində ifadə edir, anlatmaq istəyir ki, hər hansı xoş yaşantının məstliyi bizi önəmli, taleyüklü məsələlərin unudulmasına aparmamalıdı. Bu baxımdan da "Tonqal başında” şerinin ictimai fikir yükü sevgi duyğuları ilə baş-başa təqdim edilir:

Gözlərimin önündə tüstülənən kitablar,
Nəsiminin, Sabirin ruhunda tonqal iyi.
Haqqımı istəyəndə dilimə damğa basan,
Adımı yasaq edən qorxumda tonqal iyi.


...Tüstülü saçlarımda titrəyir zərif əllər,
Göz yaşı qorxu dadır, ocağım qaralacaq.
Mən də adi bir kösöv, sönsəm də millətimin
Burnunda həmişəlik tonqal iyi qalacaq.


Sabir Rüstəmxanlı poeziyası birmənalı şəkildə təlqin edir ki, bircə yol qorxudan sıyrılmayanlar, hər daşa-ağaca sarılmayanlar torpağa uzaqdı, torpağa yaddı və belə olmayınca bu torpaq bizləri götürməyəcək. Götürməyəcək o yerə qədər ki, torpağı qaldırıb qırlmayırıq:

Bu Vətən dərsləri üsullanmadan,
Gözündə hər daşı qızıllanmadan,
Hərə öz içində qüsullanmadan,
Üz tutub, yalvarıb tövbə etməsək –
Bu torpaq bizləri götürməyəcək.


Üsullanmanın, qüsullanmanın bir əsas yolu da Sabir Rüstəmxanlı yaradıcılığından keçir. "Mən idim dünyanın ilk əkinçisi, səpdiyim ilk toxum sevgiydi elə” tendensiyası onun poetik ruhunun əsl simasını sərgiləyir. Bu düşüncələrin poetik ifadəsi onun üçün əbədi sevda kimidi. S.Rüstəmxanl yaradıcılığı ilə tanış olduqca bir daha görürsən ki, bir çiçəyin mehrinə sıxılıb ağlamayan onu anlaya bilməz. Özü-özünə güvənən, özü-öz təsəllisini verən şairin öz yazdıqlarıdı ki:

Qartalın dönüşü yuvasındadı
Bir bax, o qayalar qaşında mənəm.
Nə olsun bir yolun sonu yetişdi,
Yenə bir cığırın başında mənəm.
Yollara can verdim yol aza-aza
Yenə kənd yolunda yapayalqızam!
Gülayə


banner

Oxşar Xəbərlər