• şənbə, 20 Aprel, 12:19
  • Baku Bakı 23°C

Mən hansı xidməti elektron görmək istəyirəm?

07.11.14 19:42 1978
Mən hansı xidməti elektron görmək istəyirəm?
Elektron hökumət dedikdə indi bir çoxlarının üzündə təbəssüm yaranır. Bu da səbəbsiz deyil. Cəmi bir neçə il əvvəl insanlar hər xırda problemlərinin həllində böyük problemlərlə qarşılaşırdılar. Dövlət qurumlarındakı süründürməçilik, məmurların sərt sifətləri, narazılıqlar, rüşvət və s. bu kimi neqativlər vətəndaşları dövlətdən narazı salan amillərdən idi. Vəziyyət o həddə çatmışdı ki, vətəndaşlar dövlət qurumlarından keçən məsələləri son anadək müxtəlif bəhanələrlə gecikdirirdilər. Bu gün isə mövcud “elektron hökumət” sistemi bizi bu bəlalardan qismən də olsa qurtarıb deyə bilərik. Təbii ki, burda da neqativlər olmamış deyil, amma bunlar haqda bir qədər sonra. Öncə
“Elektron hökumət” haqda haşiyə:

Azərbaycanda bu sistem beynəlxalq təcrübəyə əsaslanmaqla formalaşdırılıb. Ölkə prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla “elektron hökumət”in fəaliyyət üçün hüquqi baza yaradılıb. Nazirlər Kabineti tərəfindən “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı” təsdiq edilib.
Bu istiqamətdə görülən işlərin əlaqələndiricisi olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “elektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması ilə məşğuldur. Elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılıb, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulub, eyni zamanda, “Elektron hökumət” portalı (www.e-gov.az) hazırlanaraq istifadəyə verilib. Dövlət qurumları bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə bilirlər. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, hazırda portal vasitəsilə vətəndaşlara 41 qrumun 382 xidməti təqdim olunur. Lakin fəaliyyət bununla bitmir.
e-gov.az vasitəsilə daha çox xidmət ala biləcəyik

Portala başqa xidmətlərin inteqrasiyası istiqamətində iş aparılır. MHM-dən bildirildi ki, tezliklə, “Elektron Hökumət” portalı vasitəsilə aşağıdakı arayışların vətəndaşlara elektron şəkildə təqdim edilməsi mümkün olacaq:
1. Yaşayış yeri barədə elektron arayışın verilməsi
2. Diplom barədə elektron arayışın verilməsi
3. Rabitə xidməti borcları olmaması barədə elektron arayışın verilməsi
4. Abituriyentin ali məktəbə daxil olması barədə elektron arayışın verilməsi (Səfərbərlik Xidmətinə vermək üçün)
5. İş yeri və əməkhaqqı barədə elektron arayışın verilməsi
6. Pensiya kapitalı barədə elektron arayışın verilməsi
7. Portal vasitəsilə bəzi etibarnamələrin verilməsi
8. Şəxsiyyət vəsiqəsinin elektron sürəti
Eyni zamanda portalda “Rəsmi yazışmalar” bölməsi istifadəyə veriləcək. Yeni bölmədə vətəndaşlar aşağıdakı xidmətlərdən yararlana biləcəklər:
- dövlət qurumlarına müraciətlərin göndərilməsi və prosesin izlənilməsi
- dövlət qurumlarının vəzifəli şəxslərinin qəbuluna onlayn yazılmaq və prosesin izlənilməsi”.
MHM-dən verilən məlumatda o da qeyd edilir ki, əsas kütləvi xidmətlərin e-gov.az portalına inteqrasiyası istiqamətində təkliflər verilir: “İlk növbədə MHM Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş e-xidmətlərin portala inteqrasiya ediməsi üçün mütəmadi olaraq qurumlar qarşısında tələblər qoyur. Bundan başqa, sosial tələbat olan e-xidmətlər MHM tərəfindən daima öyrənilir (“Fikir bankı”na, MHM-in e-poçt ünvanına, facebook səhifəsinsə daxil olan müraciətlər və s.), həmin xidmətlərin elektronlaşdırılması barədə aidiyyatı qurumlara məktublar göndərilir, təkliflər verilir, mətbuatda məlumat verilir və s.
Cari ilin oktyabr ayından başlayaraq bütün dövlət qurumlarının informasiya ehtiyatları və sistemlərində MHM-in işçi qrupu tərəfindən monitorinqlər keçirilir, məlumat bazaları, onların imkanları öyrənilir. Sonda isə konkret təkliflər hazırlanacaq”.
Qeyd edək ki, “Elektron Hökumət” portalının operatoru kimi MHM-in rolu geniş çərçivəlidir. MHM-in fəaliyyəti qurumlar tərəfindən təqdim olunan xidmətləri portala inteqrasiya etməklə kifayətlənmir. Mərkəz texniki qoşulmaların, serverlərin və şəbəkənin təhlükəsizliyini təmin etməklə yanaşı, daima sosial tələbat olan sahələri, xidmətləri öyrənir. Bu xidmətlərin maksimum sadələşdirilərək elektron şəkildə vətəndaşlara təqdim olunması barədə təkliflər irəli sürür, ictimai sferanın sosial təlabatlarını obyekt seçərək vətəndaşlara çoxfunksiyalı portal təqdim edir. Hazırda fəaliyyətdə olan “Elektron Hökumət” portalını ilk versiyası ilə müqayisə etsək, əlavə edilən bir sıra istifadəçi yönümlü funksiyaların əhəmiyyətinin şahidi olarıq. Bunlar arasında qeydiyyatsız xidmətlər, qeyri-rezident, sahibkar, vətəndaş kimi qrupların əlavə edilməsini, “Mənim xidmətlərim”, “Əks Əlaqə”, “Müraciətlər” bölmələrinin yaradılmasını göstərmək olar. Bu funksiyaları təqdim edərkən MHM-in əsas məqsədi “Elektron hökumət” portalını istifadəçilər üçün daha cəlbedici və əlverişli etmək, doğma virtual sosial xidmət məkanını formalaşdırılmaqdır.
“Elektron hökumət” qapıları açır, ancaq...

Yeri gəlmişkən, Nazirlər Kabineti dövlət qurumları üzrə elektronlaşmalı olan 446 xidmətin siyahısını hazırlayıb. Dövlət saytlarında olan xidmətlərin sayı isə 476-dır. Nazirlər Kabinetinin siyahısından olan xidmətlərin 296-sı portala inteqrasiya olunub. Ümumilikdə portalda 382 təsdiqlənmiş xidmət mövcuddur. Bu barədə e-gov.az saytında xəbər verilib. Göründüyü kimi, “Elektron hökumət” yalnız bir qurumun deyil, bütün dövlət qurumlarının qapılarını vətəndaşlar üçün açıq edir. Lakin bu mövzuda bir qədər ehtiyatlı yanaşaraq qeyd etmək lazımdır ki, bu, heç də dövlət qurumlarının göstərdiyi bütün xidmətləri əhatə etmir. Eyni zamanda, heç də bütün dövlət qurumları portala qoşulmayıb. Təəssüflə qeyd etməliyik ki, bəzi qurumların bir sıra xidmətləri kütləviliyi ilə seçilsə də, portala inteqrasiya olunmayıb. Bunlar arasında İqtisadi İnkişaf Nazirliyinin istehlakçı hüquqları ilə, sahibkarlığa kömək milli fodunun fəaliyyətinə aid olan məsələlərlə bağlı xidmətlərini qeyd etmək olar. Yaxud Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərə subsidiyaların verilməsilə bağlı proses də elektron qaydada tənzimlənmir. Halbuki fermerlərin subsidiya üçün elektron müraciət imkanlarının yaradılması aqrar sahə üzrə daha çox narazılıq yaranan prosesin rəvanlaşmasına səbəb olar.
Dövlət qurumlarının beynəlxalq standartlar çərçivəsində əhaliyə göstərməli olduğu xidmətlər haqqında məlumatlar e-gov.az portalının “Reyestr və aktlar” bölümünün “Elektron xidmətlərin reyestri” alt bölümündə əksini tapıb. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan), eləcə də informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar əsasında dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara uyğun konkret sahələr üzrə elektron xidmətlər göstərməsi qaydalarını və xidmət növlərini müəyyən edilməsi tapşırılıb.
Nazirlər Kabinetinin “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında 191 saylı24.11.2011-ci il tarixli qərarına əsasən, müxtəlif dövlət orqanlarının elektron xidmətlərinin vahid reyestri yaradılıb. Dövlət orqanlarının elektron xidmətlər reyestrində təqdim etdikləri e-xidmətlər haqqında yeniliklər və məlumatlarla tanışlıq göstərir ki, elektron xidmətlər reyestrinə köçürülən xidmətlər üzrə hələlik tam ürəkaçan vəziyyət formalaşmayıb. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi üzrə reyestrə köçürülən 12 xidmətdən ümumiyyətlə heç biri təsdiqlənməyib. Eləcə də Mədəniyyət və Turizm Nazirliyi üzrə 17 xidmətdən 1-i ləğv edilib, cəmi 2-si təsdiqlənib. Səhiyyə Nazirliyi üzrə 29 xidmətdən 15-i təsdiqlənib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də 5 xidmətin heç birini təsdiqləməyib. Dövlət Gömrük Komitəsi 7 xidmətdən 4-nü təsdiqləyib. Digər qurumlarda vəziyyət bir qədər qənaətbəxş hesab edilə bilər. Lakin məsələ ondadır ki, onların əksəriyyətinin reyestrə daxil edilən xidmətləri hansısa xidmətlər üzrə sənədlərin siyahısının təqdim edilməsindən, ən yaxşı halda isə sənədlərin qəbulundan, vəzifəli şəxslərin qəbuluna, yaxud elan edilmiş müsabiqələrə onlayn yazılışdan o yana keçmir. Yəni, tutaq ki, Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) elektron formada verilirsə, digər qurumların bu kimi xidmətlərində yalnız müraciətlərin qəbulu elektronlaşdırılıb.
Xidmətlərin reyestri haqqında məlumatdan aydın olur ki, ən çox elektron xidmət göstərən qurumlar Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Rabitə və Yksək Texnologiyalar Nazirliyi, Dövlət Sosial Müdafiə Fondudur.
Reyestrə heç bir xidmət təqdim etməyən qurumlar da var. Bunlar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Azərsu” ASC, “Bakıelektrikşəbəkə”, Meliorasiya və Su Təsərrüfatı ASC, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidr.
Çatışmazlıqlar…

Qeyd edək ki, dövlət qurumlarının portal vasitəsilə göstərdikləri xidmətlərdə çatışmayan məqamlardan biri də həmin xidmətlərin bir-birinə inteqrasiya etməməsidir. Yəni, vətəndaş tutaq ki, şəxsiyyət vəsiqəsində hər hansı məlumatı dəyişdirirsə, bu zaman bütün digər qurumlarda olan qeydiyyat məlumatlarını dəyişmək öhdəliyi öz üzərində olur. Məsələn, şəxsiyyət vəsiqəsində soyadını dəyişən vətəndaş, xarici pasportunu, VÖEN-ini, DSMF-dəki məlumatlarını, digər bu kimi sənədlərini dəyişmək üçün aidiyyəti qurumlara bir-bir müraciət etməlidir. Həm də bu müraciəti etmək üçün qanunda konkret vaxt qoyulub. Həmin vaxt ərzində müraciət edilməsə vətəndaş cərimələnir.
Lakin elə bir sistem yaradıla bilər ki, vətəndaşın soyadı, şəxsiyyət vəsiqəsindəki qeydiyyat məlumatları dəyişir, yeni şəxsiyyət vəsiqəsi alır, bu zaman isə bütün sənədləri avtomatik dəyişir, yeganə öhdəliyi o sənədləri müvafiq dövlət qurumlarından təhvil almaq olur.
Bunun üçün həmin qurumların öz informasiya sistemlərini Daxili İşlər Nazirliyinin elektron informasiya bazasına inteqrasiya etməsi gərəkir. Eləcə də digər sənədlərlə bağlı xidmətlər müvafiq qurumlar tərəfindən əlaqələndirilir. Yəni dövlət orqanlarına məxsus informasiya sistemləri, informasiya bazaları bir-birinə inteqrasiyası edir. Bu isə o deməkdir ki, vətəndaşlar hansısa sistemə daxil olub, kodlarını daxil etməklə özləri haqda bütün məlumatları tapırlar.
Sevindirici haldır ki, ölkə başçısının 23 may 2011 tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”nın 3.2-ci bəndi ilə bu məsələnin həlli də göstərilib. Fərmanın qeyd edilən bəndində dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin aparılmasının təmin edilməsi məqsədi ilə zəruri tədbirlərin həyata keçirilməsi tapşırılır. Ekspertlər hesab edirlər ki, fərmandan irəli gələn məsələlər həllini tapsa bu gün Azərbaycanda “elektron hökumət”in inkişafında hiss olunan müəyyən ləngimə də aradan qalxar.
…Təkliflər

Təəssüfedici haldır ki, bank-maliyyə sahəsinə aid dövlət xidmətlərinin heç biri portala inteqrasiya edilməyib. Məsələn, Azərbaycan İpoteka Fondunun, Əmanətlərin Sığortalanması Fondunun, Dövlət Sığorta Agentliyinin hər hansı xidməti e.gov.az portalında yoxdur. Heç Mərkəzi Bank da xidmətlərini bu portala daşımayıb. Məsələn, hüquqları pozulan əmanətçilər, bank xidməti istehlakçıları portal vasitəsilə baş banka müraciət etməklə problemlərinə daha tez reaksiya verilməsinə nail ola bilərlər. MB-nin nəzdində fəaliyyət göstərən Mərkəzi Kredit Reyestrinin (MKR) xidmətlərinin paralel olaraq elektron hökumət portalı vasitəsilə təqdim edilməsinin əhəmiyyəti olduqca böyükdür. Vətəndaşlar ödəyici kimi özləri haqda məlumatı hər zaman əldə edə bilərlər ki, bu da banklardan kredit götürərkən onların işini yüngülləşdirmiş olar.
Ən yaxşı təbliğat...

Məlumdur ki, “elektron hökumət” layihəsi və e-gov.az protalı Azərbaycanda yenidir. Bir neçə il əvvəl bu sahədə görülən işlər tənqid edilirdisə, indi ekspertlər və istifadəçilər tərəfindən xeyli razılıqla qarşılanır. Lakin hələ də bu xidmətdən xəbəri olmayan insanlar var. O baxımdan, elektron hökumət anlayışının və e-gov.az saytının təbliğatına ciddi ehtiyac var. Bütün bunları nəzərə alaraq, mətbuatla əlaqəli qurumların xidmətlərinin portala daşınması vacibdir. Məsələn, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun, Mətbuat Şurasının bir sıra xidmətlərini məhz e-gov.az portalı vasitəsilə reallaşdırması həm jurnalistlər və onlarla işləyən digər vətəndaşlar üçün, həm də portalın öz üçün əlverişli olar. Bura məsələn, fondun və şuranın elan etdiyi müsabiqələrlə bağlı proseslər, MŞ-yə müraciətlər və s. kimi xidmətləri aid edə bilərik. QHT-lərə Dövlət Dəstəyi Şurasının xidmətləri də həmçinin elektronlaşmalıdır. Bunlardan başqa, dövlət və özəl universitetlərin bəzi xidmətləri də portala verilməlidir. Nəzərə alsaq ki, hazırkı dövrdə internet və komputerdən yeniyetmə və gənclər daha çox istifadə edir, bu, portalın daha geniş auditoriya qarşısına çıxmasına yardımçı olar.
Kommunal xidmətlərlə bağlı texniki şərtlərin (xüsusilə qaz, işıq və su idarələrindən) alınması da elektronlaşdırılmayıb. Bu xidmətin elektronlaşması müsbət addım olar. Avtomobillərin şəxsi ada keçirilməsilə bağlı bir sıra xidmətlər (məsələn, maşının cəriməsinin olub-olmaması, girovda olub-olmaması) də elektronlaşdırılmalıdı. Bundan əlavə, oğurlanmış avtomobillərin elektron siyahısının hazırlanması və e-gov.az portalında bütün istifadəçilər üçün açıq yerləşdirilməsinin əhəmiyyəti var.
“Elektron hökumət” dövlətdən daha çox vətəndaşa lazımdır. Odur ki, bu prosesdə vətəndaş fəallığı əsas şərtdir.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər