• çərşənbə axşamı, 19 mart, 10:09
  • Baku Bakı 8°C

“Mən göylərdən sənə baxıram”

25.05.16 13:15 5451
“Mən göylərdən sənə baxıram”
2 aprel 2016-cı il tarixdə cəbhə xəttinin Füzuli istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan əsgər - 1997-ci il təvəllüdlü, əslən Xocalıdan olan Sarvan Mehralıyev 3 aprel 2016-cı il tarixdə Ağdam rayonunun Ballar kəndində dəfn edilib. Qardaşı Namiq Mehralıyevlə birlikdə böyüyən, hərbi xidmətə birlikdə gedən və döyüş əməliyyatında da birgə iştirak edən Sarvan adını şəhidlik zirvəsinə yazdırmaqla Vətənə layiqli övlad olduğunu hər bir azərbaycanlıya göstərdi. 12 may 2016-cı il tarixdə şəhidin 40 mərasimi keçirildi. Mərasimdən sonra şəhidin böyüdüyü evdə oldum və ailəsinə başsağlığı verdim. 2 otaqdan ibarət yarımqaranlıq, kiçik, təmirsiz mənzildə şəhidin qardaşı və döyüş yoldaşı olan Namiq Mehralıyev Sarvan haqqında olan xatirələri və son döyüşdən söz açdı. İlk olaraq onu qeyd etdi ki, onlara yaxınlıqda olan yeni tikilmiş binada 2 otaqlı mənzil veriblər: "Az əvvəl isə anama Sarvanın "İgidliyə görə” medalı təqdim edilib”. Daha sonra isə o, qardaşı haqda danışmağa başladı:

"Sarvan Mehralıyev 1997-ci il iyulun 8-də Ağdam rayonunun Ballar kəndində anadan olub. Mən ondan bir yaş böyük idim. Uşaqlığımız çox çətin keçib. Valideynlərim ayrılandan sonra biz anamın himayəsində yaşamışıq. Anam bizi çox əziyyətlə, zəhmətlə böyüdüb. Biz iki qardaş anamız çox əziyyət çəkməsin deyə 10-11 yaşından dərsdən sonra və tətil günlərində işləməyə başlamışıq. Çətin günlərlə böyüməyimizə baxmayaraq, qardaşımla heç zaman şikayətlənməmişik. Hər günümüzü anamızla maraqlı keçirmişik. Orta məktəbə Ağdam rayonunda başlamışdıq. 2005-ci ildən isə Pirallahı (Artyom) qəsəbəsinə köçdük.

Bir dəfə yayda dənizə getmişdik. Üzə-üzə sahildən xeyli uzaqlaşdıq. Birdən hər ikimiz boğulmağa başladıq. Ətrafdakı insanlar bizə köməyə gəldilər. Birinci məni sudan çıxarmaq, xilas etmək istədilər. Mən gördüm ki, qardaşım boğulur. Dedim ki, öncə qardaşımı xilas edin. İkimiz də xilas olunduq. Ölümdən qayıtdıq. Mən o zaman çox qorxmuşdum ki, qardaşım boğular. Amma heç vaxt bilməzdim ki, bir gün gələcək və qardaşım qollarımda şəhid olacaq…

Ağdamdan köçəndən sonra orta məktəbi Pirallahıda davam etdirdik. Mən 9-cu sinifdən çıxıb, texnikuma getdim. Amma Sarvan 11-ci sinfi bitirib instituta imtahan verdi. 1 balı çatmadığı üçün texnikuma düşdü. Sarvan institutda təhsil almaq istəyirdi deyə texnikuma getmədi. Dedi ki, inşallah hərbi xidmətə gedib qayıdaram, yenidən hazırlaşıb instituta qəbul olunaram. Mən texnikumda oxuduğum üçün bir il hərbi xidmətə gecikdim. Sonrakı il biz iki qardaş eyni vaxtda hərbi xidmətə çağrıldıq və bir hərbi hissədə xidmət etməyə başladıq. Beyləqan rayonunda N saylı hərbi hissədə kəşfiyyat bölüyündə xidmət edirdik. Əsgərlikdə biz həm qardaş, həm də dost idik. Bütün əsgər yoldaşlarımız, komandirlərimiz bizi çox sevirdi. Bizim çox yaxşı komandirlərimiz, zabit və gizir, əsgər yoldaşlarımız var idi. Hərbi xidmətdə fərqləndiyi, nizam–intizamlı olduğu və verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirdiyi üçün Sarvan bir neçə dəfə təşəkkürnamə, fəxri fərmanlar almışdı. 10 ay birlikdə xidmət elədik.

Aprelin 2-də səhər saat 9-10 radələrdində döyüş başladı. Sarvan dedi ki, qaqa, qorxmursan? Mən də dedim niyə qorxum ki? İllərdir bu günü gözləmirdikmi? Onda Sarvan yenidən mənə dedi ki, qaqa, hazırsan əmimizin qisasını ermənilərdən almağa? Mən də dedim, əlbəttə, hazıram. Bizim əmimiz və xalamızın yoldaşı da I Qarabağ müharibəsində şəhid olub. Bundan sonra Sarvan dedi, qaqa, bilmək olmaz nə olacaq, əgər mənə nəsə olsa, anamı qoymayın çox ağlasın. Anamı hər zaman qoru. Mən də dedim ki, mən şəhid olsam, anamdan muğayat ol, onu tək qoyma, ağlamağa qoyma. Beləcə, biz bir-birimizə vəsiyyət eləyərək, bərk-bərk qucaqlaşdıq. Bir-birimizi öpdük. Sonra Sarvan bir neçə dəqiqəlik harasa getdi. Onun hara getməyini isə şəhid olduqdan sonra bildim. Sarvan sevdiyi qıza məktub yazmaq üçün gedib...

Aprelin 2-də ağır döyüşdən sonra günortaya yaxın Lələtəpə alındı. Mən qumbara atan idim. Sarvan da köməkçim idi. Biz düşməni görən kimi vururduq. Onların gizlənib atəş açdıqları bütün mövqeləri təyin edərək dağıdırdıq. Ermənilərin çoxlu atəş açdığı bir yeri vuranda Sarvan uşaq kimi sevindi. Dedi: "Qaqa, yəqin ki, məhv elədin onları, belə də davam elə. Əmimin qisasını, digər şəhid qohumlarımızın qisasını alacağıq”. Ermənilərin mövqeyi çox əlverişli idi, bütün növ silahlardan atırdılar və onlardan azad etdiyimiz yüksəkliyi yenidən ələ keçirmək istəyirdilər. Güllələr yağış kimi başımıza yağırdı. Onların snayperləri gizlənmişdi və bizi çox güclü atəşə tutmuşdular. Orada göbələyə oxşar dəmir var idi. Ermənilər dayanmadan həmin yeri vururdular. Sursatlar qurtarırdı. Elə oldu ki, sursat gətirməli olduq. Çünki biz düşmənin qarşıdakı atəş nöqtələrini susdurmasaq, azad etdiyimiz yerlər yenidən işğal edilə və çoxlu şəhid verə bilərdik. Ona görə də təcili sursat gətirmək lazım idi. Məndən sursat istədilər. Mən birtəhər özümü qoruya-qoruya arxaya getdim və sursat götürdüm. Qayıdıb sursatı keçirdim, həmin vaxt snayperlə başımdan vurdular. Amma başımdakı dəbilqə məni qorudu və güllə başımdan azca yaraladı. Başımdakı qoruyucu dəbilqə tamam dağılmışdı. Həmin dəqiqə komandir özünü üstümə atdı və məni tutub səngərə çəkdi. Tez başımı yoxladı və gördü ki, çox yüngül yaralanmışam. Qucaqlayıb, üzümdən-gözümdən öpdü məni, dedi halal olsun sənə, əsgər. Təhlükəsiz yerdə dincəl. Başını da qaldırma. Sonra yenə sursat azaldı və qabaqdakılara sursat çatdırmaq lazım idi. Sarvan sursat gətirmək üçün getdi. Sursatı gətirdi, atdı yerə. Uzanmaq istəyəndə, necə oldusa birdən snayperlə başından vurdular. Güllə elə yerdən dəymişdi ki, dəbilqə qoruya bilməmişdi. Alnından vurulmuşdu. Hardasa aramızda 20-30 metr məsafə olardı. Tez özümü atdım onun yanına, qardaşımın başını qucağıma aldım. Özümü itirmədim, cibimdən bint çıxardıb tez onun başını sarıdım. Yaxınlıqdakı gizirlər də gəldilər və qardaşımın yarasını sarımağa kömək etdilər. Dedilər ki, Mehralıyev, səbr elə, qardaşın yaşayacaq. Narahat olma. Amma düşmənin snayperləri bizi dayanmadan atəşə tutduğundan biz həmin vaxt qardaşımı oradan çıxarda bilmədik. Onlar yaxşı mövqe götürüb, oradan atəş açırdılar. Amma buna baxmayaraq, biz onları məhv elədik. Bir az gözləməli olduq. Sonra komandir dedi ki, qardaşların biri vurulub, o birini qoruyun, onları sağ-salamat burdan çıxarın. Gizir var idi, o gəldi və qardaşıma dedi ki, sən mənim balaca qardaşımsan, sağ qalacaqsan, səni ölməyə qoymayacam. İndi özüm burdan çıxarıb, qospitala çatdıracam. Qardaşım həmin vaxt danışa bilmirdi. Gizir qardaşımı oradan çıxaranda arxadan ayağından vuruldu. Ayağından vurulmasına baxmayaraq, yaralı ola-ola qardaşımı yenə də 100 metrə qədər apardı. Amma həmin gizir ayağındakı yarasından o qədər qan itirmişdi ki, artıq taqəti qalmamışdı. Dedi ki, məni bağışlayın. Daha gedə bilmirəm. Sarvanı buradan tez çıxarın. Ermənilər də həmin vaxt həm minaatanlarla, həm də snayperlərlə güclü atəş açırdı. Yanımdakılar xərək gətirməyə getdilər və mən qardaşımın yanında qaldım. Ermənilər elə yerdə idi ki, bizim tərəfdən yaxınlaşanlara güclü atəş açırdılar. Biz də həmin yerləri yeni azad etdiyimiz üçün tam möhkəmlənə bilməmişdik. Ona görə də onları tamamilə susdurmaq mümkün olmurdu. Bir az sonra qardaşım üçün xərək gətirmək mümkün oldu. Amma artıq gec idi. Qardaşım şəhid olmuşdu. Zabitlərin köməyilə qardaşımı xərəyə qoyub öz tərəfimizə getməyə başladıq. Öz tərəfimizə çatmağa hardasa 100 metr qalmış yaxınlığımıza mərmi düşdü. Yaxşı ki, onda heç kim yaralanmadı. Qardaşımı öz səngərimizə gətirdik. Soruşdular ki, nə olub? Zabitlər dedi ki, qardaşların biri vurulub, şəhid oldu. Orada çoxları pis oldu. Dedilər ki, bəs Mehralıyevi qardaşıyla birlikdə arxaya göndərmək lazımdır. Mən o cür mərd komandir, zabit, gizir və əsgərlərlə birlikdə döyüşdüyüm üçün həmin an fəxr etdim. Onlar bizdə elə döyüş əhval-ruhiyyəsi yaratmışdı ki, onların arxasından geri qayıtmaq utancverici olardı. Komandirlər və oradakı zabitlər bizə elə qayğı göstərirdi, bizi elə yaxşı təlimatlandırırdı ki, heç bir əsgər qorxmurdu. Orada hamı kişi kimi döyüşdü. Heç kim qanından, canından qorxmadı. Komandir gəlib mənə dedi ki, Sarvanın qanını aldım. Qisası ermənidə qoymadım. Mən qardaşımla çıxandan sonra döyüşçü yoldaşlarım və komandir ermənilərin bütün atəş nöqtələrini darmadağın edib, çoxlu ermənini məhv etmişdilər.

Sarvan şəhid olduqdan sonra döyüşdən qabaq yazdığı məktubu tapdılar. Məktub onun cibində idi. Məktubu mənə verdilər. Yadıma düşdü ki, Sarvan döyüşdən qabaq harasa getmişdi və qayıdanda dedi ki, qaqa, cibimdə məktub olacaq, içində kimə veriləcəyini yazmışam. Amma mən ondan bir yaş böyük olduğum üçün yəqin ki, məndən utandı və məktubda nə yazıldığını demədi. Oxudum və cibimə qoydum ki, Bakıya gedəndə ünvanına çatdırım. Amma bilmirəm necə oldu, harada düşdü. Məktubu sonradan cibimdə tapmadım. Mən həmin vaxt elə pis vəziyyətdə idim ki. Anama necə deyəcəyimizi, bundan sonra qardaşsız necə yaşayacağımı düşündükcə dəli kimi olmuşdum. Hər şey yuxu kimi gəlirdi. Qardaşımın artıq olmadığına inanmaq istəmirdim. Biz bir-birimizə hələ uşaqlıqda söz vermişdik. Hər zaman birlikdə olacaqdıq, anamı ağlamağa qoymayacaqdıq. Böyüyüb işləyəcəkdik, anam daha işləməyəcək, əziyyət çəkməyəcəkdi. Amma Sarvan Vətəni anamdan da, məndən də çox sevirmiş. Vətən uğrunda şəhid olmağı seçdi. Sarvanın dəfnindən sonra Bakıya qayıtdıq və mən gedib onun sevdiyi qızı tapdım. Sarvanın vəsiyyətinə əməl edərək onun sözlərini həmin qıza çatdırdım.

Mən öz qardaşımla fəxr edirəm. O, kişi kimi döyüşdü, igidlik göstərdi. Onun gətirdiyi sursatla komandirlərimiz irəli atıldı, çoxlu erməni canlı qüvvəsi və texnikasını məhv etdilər. Mən fəxr edirəm ki, Azərbaycan ordusunun əsgəriyəm. Vətən uğrunda canımdan keçməyə hazıram”.

Sarvanın sevdiyi qıza son məktubunda yazdıqları: "Salam, əzizim Leyla! Əgər sən bu məktubu oxuyursansa, demək ki, artıq şəhid olmuşam. Mən hər dəfə posta qalxanda sənə məktub yazıram və məktubun üstündə də yazıram ki, şəhid olsam, məktubu qardaşıma verin. Qardaşım da məktubu ünvanına çatdıracaq. Hər dəfə də postdan sağ-salamat qayıdanda məktubu cırıb atıram. Bu gün nəsə ürəyim rahat deyil. Ona görə də yenə sənə məktub yazıram. Əgər sağ qalsam, məktubu yenə cıracam, özüm sənə qayıdacam. Sən bilirsən ki, mən Vətən üçün canımı hər zaman verməyə hazıram. Bugünkü döyüş çox fərqlidir. Əgər şəhid olsam, qadası, bil ki, mən səni çox, lap çox sevirəm. Mən sənin haqqında ciddi düşünürdüm. Əsgərlikdə olduğum müddətdə də hiss elədim ki, sən və mən qovuşmalıyıq. Əsgərlikdən gələndə sənə elçi göndərəcəkdim, səninlə bir ömür boyu xoşbəxt olmaq istəyirdim. Məktubu oxuyursansa, ağlama. Mən göylərdən sənə baxıram. Şəhid üçün ağlamazlar. Mən şəhid olsam da, hər zaman səni görəcəm, sənin yanında olub, səni qoruyacam. Heç vaxt demə ki, Sarvan yoxdur. Sarvanın ruhu həmişə sənin yanında olacaq”.

Sarvanın xalası oğlu və dayısı oğlu onun çox fərqli olduğunu, qohumcanlı olduğunu dedilər. Onların xatirində Sarvan səmimi, mərd, qorxmaz, vətənpərvər bir igid kimi daima yaşayacaq. Sarvanın ən böyük arzusu Xocalının işğaldan azad edilməsi və yenidən ora qayıtmaq idi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Vətən sağ olsun !






Əpoş Vəliyev

banner

Oxşar Xəbərlər