• çərşənbə, 24 Aprel, 15:16
  • Baku Bakı 27°C

“Mən günahsızam”

31.08.16 14:55 1961
“Mən günahsızam”
Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi Məmməd Həsən Hacınski həyatda şərəfli, sənədlər üzərində isə ziddiyyətli bir ömür yaşayıb. Çox maraqlı və təəccüblüdür ki, Müsavat Partiyasının üzvü olan, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə bütün varlığı ilə xidmət edən M.H.Hacınski sovet hakimiyyətinin ilk günündən birdən-birə "dönüb olur” "bolşeviklərin adamı”, "sosialistyönümlü siyasətçi”. 1924-cü ildə isə yeni yaranan Azərbaycan Milli Mərkəzi təşkilatının nəzdində sovet hakimiyyətinə qarşı əks-inqilabi mövqedə duraraq milli, müstəqil Azərbaycan respublikası yaratmağa çalışır. 1930-cu ildə "xalq düşməni”nə "çevrilir və intihar edir”.
Məmməd Həsən Cəfərqulu oğlu Hacınski 1875-ci ildə Bakıda təhsilli, imkanlı bir ailədə dünyaya göz açıb. İlk təhsilini Bakı Realnı məktəbində alan Məmməd Həsən bu təhsillə qane olmadığı üçün üz tutur Peterburqa. Burada Peterburq Texnologiya İnstitutuna daxil olur və 1902-ci ildə təhsilini başa vurur. O, ilk olaraq neft milyonçusu Şəmsi Əsədullayevin Moskvadakı neftayırma zavodunda mühəndis kimi işə başlayır.
Lakin Məmməd Həsənin arzusu öz vətənində çalışmaq, Bakını abadlaşdırmaq və gözəlləşdirmək idi. Odur ki, Bakıya qayıdır və Bakı şəhər idarəsində tikinti şöbəsində işə başlayır. Gənc mütəxəssis işgüzarlığı və bacarığı ilə az vaxtda Bakıda şəhərsalma və tikinti-inşaat sahəsində tanınmağa başlayır. M.H.Hacınski ilk olaraq Bakı şəhərinin baş planının layihəsini təkmilləşdirir (Bu layihə ilk olaraq 1898-ci ildə memar Fon der Nonne tərəfindən hazırlanmışdır – müəl.). M.H.Hacınski 1909-10-cu illərdə Bakı dənizkənarı parkının salınmasına nail olur. Bakını dünyanın inkişaf etmiş böyük şəhərləri kimi abad, yaraşıqlı, gözəl görmək istəyən gənc mühəndis bütün gücünü bu sahəyə verir. 1913-cü ildə Bakı Şəhər İdarəsində rəis işləyən M.H.Hacınski qədim abidələrin qorunması və bərpasına daha çox diqqət ayırır. 1908-1917-ci illər ərzində Bakı Şəhər Dumasının üzvü olmuş və bəzi iclaslarına sədrlik etmiş M.H.Hacınski şəhər ictimaiyyəti tərəfindən daha çox qurucu, yaradıcı bir insan kimi tanınır.
Bakının gənc qurucusu 1904-cü ildə siyasi işlərə də vaxt ayırır. O, 1904-cü ildə Məhəmməd Əmin Rəsulzadə, Məmməd Əli Rəsulzadə (M.Ə.Rəsulzadənin əmisi oğlu) və Nəriman Nərimanovla birlikdə "Hümmət” sosial-demokrat təşkilatını yaradırlar. M.H.Hacınski 1906-cı ildə "Nəşri-maarif” cəmiyyətinin yaradılması təşəbbüsü ilə çıxış edir və buna nail olur. O, "Nicat” cəmiyyəti idarə heyətinin və "Müsəlman Xeyriyyə Cəmiyyəti” Mərkəzi Komitəsinin ən fəal üzvlərindən olub.
Arxiv sənədlərindən aydın olur ki, M.H.Hacınski 1917-20-ci illərdə abadlıq və xeyriyyə işlərindən daha çox siyasi fəaliyyətlə məşğul olub. 1917-ci ilin 27 martında Bakıda yaradılmış Müsəlman İctimai Təşkilatları Müvəqqəti Komitəsinin sədri seçilib. 1917-ci ilin aprelində isə Qafqaz müsəlmanlarının Bakıda keçirilən qurultayını açıq elan edib və onun rəyasət heyətinə seçilib. Demək olar ki, bundan sonra M.H.Hacınski qurultayların, konfransların, toplantıların ən fəal üzvü və iştirakçısı olmuşdur. 1917-ci ilin mayında Rusiya müsəlmanlarının Moskvada keçirilən qurultayında ən fəal iştirakçı kimi tanınmış, oktyabrda isə Müsavat Partiyasının Bakıda keçirilən birinci qurultayında MK üzvü secilmişdir.
1918-ci il fevralın 23-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymi yaradıldı. M.H.Hacınski Müsavat Partiyasından bu quruma üzv olaraq Osmanlı dövləti ilə danışıqlar aparmaq üçün seçilən nümayəndə heyətinə daxil olur. O, 1918-ci ildə Trabzon konfransında çıxış edərək Zaqafqaziya Seyminin danışıqları dayandırmaq haqqında qərarına qarşı çıxır. A.Çxenkeli məhz M.H.Hacınskinin məsləhətilə danışıqları tamamilə kəsməmiş, nümayəndə heyətinin bir neçə üzvü, o cümlədən, M.H.Hacınski Trabzonda qalmışdı. Seymin Batum konfransında çox fəal iştirak edən M.H.Hacınski 6 əsas nümayəndədən biri idi.
Zaqafqaziya Demokratik Federativ Respublikası süquta uğradıqda (O, ZDFR hökumətində ticarət və sənaye naziri vəzifəsini icra etmişdir – müəl.) M.H.Hacınski mayın 27-də (1918) yaradılan Azərbaycan Milli Şurasının üzvü olmuş və İstiqlal bəyannaməsini qəbul edən 26 üzvdən biri olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti birinci hökumət kabinəsini təşkil edərkən M.H.Hacınski hələ də Batumda idi. Lakin buna baxmayaraq, onu Azərbaycanın ilk xarici işlər naziri təyin etmişlər. Batumda M.Ə.Rəsulzadəyə hər işdə yardımçı olan M.H.Hacınski "Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında dostluq müqaviləsi”nə (Batum müqavilələri (1918) birlikdə imza atmışdı.
M.H.Hacınski 1918-ci ilin 14 iyununda Gürcüstan Respublikası hökumətinə etiraz notası göndərərək gürcü qoşunlarının Borçalı qəzası hüdudlarından dərhal çıxarılmasını tələb etmiş və Cənubi Qafqaz respublikaları arasında sərhədlərin dəqiqləşməsi məsələsini irəli sürmüşdür. Bunun üçün o, təcili komissiya yaradılmasını təklif etmiş və Gürcüstan və Ermənistan hökumətlərinə müraciət etmişdir.
Azərbaycan parlamentinin ən fəal üzvlərindən olan M.H.Hacınski Ə.Topçubaşovun başçılığı ilə Paris sülh konfransına yola düşən nümayəndə heyətinə daxil idi. Burada o, Əlimərdan bəylə birlikdə ABŞ, Almaniya, İtaliya, Türkiyə və digər dövlətlərin nümayəndə heyətləri ilə görüşmüş və danışıqlar aparmışdır. Hətta Parisdə Azərbaycan Xalq Cümhuriyyəti və Şimali Qafqaz Dağlılar Respublikası arasında ikitərəfli sazişin hazırlanmasında iştirak etmişdir.
1919-cu ilin noyabrında Parisdən vətənə qayıdan M.H.Hacınski dekabrın 2-dən 11-ə kimi Müsavat Partiyasının Bakıda keçirilən 2-ci qurultayında partiyanın siyasi komissiyasının və MK-nın üzvü secilmişdir. 1919-cu ilin dekabrında daxili işlər naziri, 1920-ci ilin fevralında isə ticarət, sənaye və ərzaq naziri vəzifələrini icra etmişdir.
1920-ci il martın 30-da hökumət istefa verdikdə Azərbaycan Cümhuriyyəti parlamenti yeni hökumətin təşkilini M.H.Hacınskiyə tapşırdı. M.H.Hacınski parlamentdə təmsil olunan partiya və fraksiyaların nümayəndələri ilə danışıqlar aparsa da, müsbət nəticə əldə edə bilmir. O, aprelin 22-də Müsavat Partiyasından çıxdığını və bolşeviklər partiyasına daxil olduğunu bəyan edir.
Beləliklə, M.H.Hacınski olur "bolşeviklərin adamı”. Sovet hökuməti ona vəzifə də verir. M.H.Hacınski 10 ilə yaxın Azərbaycan Sovet Sosialist Respublikası Ali Xalq Təsərrüfatı Şurasında və Zaqafqaziya Dövlət Plan Komitəsində müxtəlif rəhbər vəzifələrdə çalışır. Lakin nədənsə sovet hökuməti bu "adamı”na o qədər də inanmır. Bir müddət nəzarətə götürülən M.H.Hacınski Zaqafqaziya Diyar Partiya Komitəsinin birinci katibi L.Beriyanın göstərişilə Tiflisdə Zaqafqaziya Dövlət Siyasi İdarəsinin əməkdaşları tərəfindən 1930-cu ilin dekabrında həbs edilərək Azərbaycan Milli Mərkəzinin işi üzrə ittiham edilir.
Yeri gəlmişkən, Azərbaycan Milli Mərkəzi haqqında bir az geniş məlumat vermək istərdim. Çünki təkcə bu mərkəzin işi üzrə hazırlanmış ittihamnamədə 53 nəfərin adı var ki, onların əksəriyyəti Azərbaycanın istedadlı, tanınmış, millətpərəst, vətənpərvər ziyalılarıdır. İlk ittiham olunan da Məmməd Həsən Hacınski olub.
1924-cü ildə Bakıda Azərbaycan Milli Mərkəzi adlı təşkilat yaranıb. Mərkəzə rəhbərliyi Müsavat və İttihad partiyalarının nümayəndələri edib, üzvləri isə millətçi əhval-ruhiyyəli ziyalılar, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nazirləri, parlament üzvləri olub. Mərkəzin əsas məqsədi sovet hakimiyyətini yıxaraq milli, müstəqil Azərbaycan Respublikası yaratmaq olmuşdur.
Hətta ittiham materiallarının birində qeyd edilib: "Bütün imkanlardan istifadə edib SSRİ-dən ayrılmağa çalışmaq və müstəqil olmaq lazımdır. Bunun üçün türk ziyalılarından bir qrupu mərkəzlə M.H.Hacınski vasitəsilə əlaqə saxlayırlar. Təşkilata xaricdən daxil olan vəsait Tiflisdə yerləşən türk konsulluğu vasitəsilə M.H.Hacınskiyə ötürülür”.
İttihamnamələrdən belə bəlli olur ki, Azərbaycan Milli Mərkəzi təşkilatının yaranmasında və fəaliyyətində M.H.Hacınskinin böyük fəaliyyəti və rolu olub. Ona görə də mərkəzin işi üzrə ilk olaraq M.H.Hacınskini "xaricdə yerləşən mühacir mərkəzləri ilə əlaqə saxlamaqda və millətçi təmayülün ilhamvericisi olmaqda” günahlandıraraq həbs etmişlər. Lakin M.H.Hacınski ona qarşı irəli sürülən ittihamların əksəriyyətini rədd edərək günahsız olduğunu iddia etmişdir. Bu, onun həbsxanadan yazdığı məktublarda da öz əksini tapıb. O, Dövlət Siyasi İdarəsinin rəhbərliyinə və idarənin müstəntiqi İvan Yakovleviç Purnisə yazdığı məktublarda dönə-dönə günahsız olduğunu xatırladır: "Mən özümün mənəvi və fiziki rüsvayçılığıma dözə bilmirəm. Hərəkətlərim və işimlə proletariata xəyanət etməmişəm. Mən günahsızam”.
Ağır həbsxana şəraiti, dəhşətli işgəncələr M.H.Hacınskinin səhhətində problemlər yaradır. O, vərəm olur, əsəbləri tamamilə pozulur. Ağır sarsıntılar kecirən M.H.Hacınski həbsxanada "özünü asaraq” intihar edir. Bu intihar o zaman yüzlərlə, minlərlə soydaşımızın qurban verildiyi ölüm oyunlarından biri idi.
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər