AZE | RUS | ENG |

“Mən gəlməyə bilməzdim”

“Mən gəlməyə bilməzdim”
Daim xalqın yanında olmaq, insanların çətinliklərini öyrənmək və problemlərin operativ həlli istiqamətində tədbirlər görmək Prezident İlham Əliyevin iş tərzidir

Bir neçə gün bundan öncə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş zəlzələdən dərhal sonra müvafiq icra hakimiyyəti orqanları hadisə yerinə səfərbər olundular. Rayon icra hakimiyyətləri başçıları, fövqəladə hallar naziri, səhiyyə işçiləri, Heydər Əliyev Fondunun könüllüləri zəlzələnin fəsadlar törətdiyi kəndlərdə oldular, yerli əhali ilə söhbətləşib onlara zəruri köməklik göstərdilər, bəzi evlərə dəyən ziyan barədə məlumatlar topladılar. Bunun ardınca Prezident İlham Əliyev baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzaladı. Həmin sərəncamla, 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrıldı. Bu vəsait baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına xərclənəcək. Bununla da Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva səviyyəsində ölkə vətəndaşlarına, onların üzləşdiyi problemlərə növbəti dəfə həssaslıq nümayiş etdirildi. Fevralın 7-də isə dövlət başçısı İlham Əliyev Şamaxı rayonuna getdi, zəlzələnin törətdiyi fəsadlarla yerindəcə tanış oldu, şəxsən vətəndaşlarla görüşüb, onlarla söhbətləşdi, fikirlərini dinlədi. Sakinlərlə söhbət zamanı Azərbaycan Prezidenti bildirdi ki, zəlzələ nəticəsində ziyan dəyən evlərdən hansılar bərpa olunmalıdırsa bərpa olunacaq, təmir ediləcək, bərpası mümkün olmayan evlərin yerində yenisi tikiləcək. Beləliklə də 2010-cu ilin Kür daşqınları, 2012-ci ilin Qax rayonu ərazisindəki zəlzələ sonrası olduğu kimi bu dəfə də Prezident İlham Əliyev təbii fəlakət yerində oldu, sakinlərin üzləşdiyi problemlərlə, onlara dəyən ziyanla yerindəcə tanış oldu, ziyanın aradan qaldırılması üçün müvafiq göstərişlər verdi, sərəncam imzaladı. Bu, bir daha nümayiş etdirdi ki, dövlət başçısı İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olmaq barədə verdiyi vədə daim sadiqdir. Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli də mövzu ilə bağlı açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin zəlzələnin baş verdiyi Şamaxı rayonuna səfəri yüksək qiymətləndirilir. O, zəlzələnin orta səviyyəli olmasına, ölüm hadisəsi qeydə alınmamasına, ərazidə yalnız müəyyən dağıntılar olmasına diqqət çəkib. Deyib ki, buna baxmayaraq, ölkə başçısı şəxsən Şamaxı bölgəsinə səfər edib, uçan evlərlə, xəsarət alanlarla tanış olub, hər şeyi öz gözləri ilə görüb. Deputat bildirib ki, dövlət başçısının bütün digər işlərini təxirə salıb birbaşa Şamaxıya getməyi çox vacib əlamətdir: "Bundan əvvəl fövqəladə hallar naziri də dərhal orada olub və müəyyən tədbirlər görüb. Şamaxı, Ağsu və İsmayıllıda zəlzələ ilə bağlı komissiyalar fəaliyyət göstərir. Onlar həmin ərazilərdə dəymiş ziyanı hesablayır. Lakin dövlətimizin başçısı özü şəxsən hadisə yerinə baş çəkməyi zəruri sayıb. Prezident orada evlərin bərpası ilə bağlı yerindəcə tapşırıq verib. Bundan başqa, bərpası mümkün olmayan ev varsa yeni evin tikilməsi göstərişini də verib. Həmçinin, nazir Kəmaləddin Heydərov məruzəsində bildirdi ki, bu istiqamətdə hazır layihələr var. Zaqatala yaxud Muğan zonasında o vaxt baş vermiş təbii fəlakətlərlə əlaqədar hazır ev layihələri var. Onlar əsasında evlər tikilə bilər. Bütün bunlar onu göstərir ki, Azərbaycan Prezidenti öz vətəndaşlarının taleyi üçün nə qədər həssasdır”. Milli Məclisin deputatı Azər Badamov da hesab edir ki, ölkənin harasında nəyə isə ehtiyac yaranırsa, Azərbaycan Prezidenti dərhal orada olur. Millət vəkilinin sözlərinə görə, harada problem yaranırsa, dövlət başçısı İlham Əliyev həmin problemə diqqət göstərərək onun tez bir zamanda aradan qaldırılması istiqamətində tapşırıqlarını verir: "Prezident İlham Əliyev dövlət başçısı seçilərkən bildirmişdi ki, "mən hər bir azərbaycanlının prezidenti olacağam”. Ölkə başçısı hakimiyyətdə olduğu illərdə Azərbaycan vətəndaşlarına göstərdiyi diqqət və qayğı ilə bunu həqiqətən də sübut etmiş oldu. Biz illərdir ki, bunu ölkəmizdə qaçqın və məcburi köçkünlərə olan münasibətdə də görürük. Minlərlə ailənin yeni mənzillərə təmin olunması, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər də bunu deməyə imkan verir. Azərbaycan Prezidentinin bu yaxınlarda şəhid ailələri ilə görüşünü isə xüsusi qeyd etmək istərdim. Bu görüş zamanı ölkə başçısının söylədiyi fikirlər, ağsaqqal insanlara yaxınlaşaraq onların əllərindən tutması, səmimi münasibətin göstərilməsi vətəndaşlara olan diqqət və qayğının bariz göstəricisidir. Azərbaycan Prezidenti daha sonra gənclərlə görüşündə onlara göstərdiyi səmimi münasibət, ölkə gəncliyinə verilən tövsiyələr, qarşıya qoyulan vəzifələr gənclərimiz üçün stimul idi. Görüş zamanı Azərbaycan prezidenti gənclərə həyatda özlərini necə göstərməyin lazım olduğunu, ictimai-siyasi həyatda fəallıqlarını artırmalarını, elmə yiyələnməyin vacibliyini bildirdi, ümumiyyətlə, müasir inkişaf etmiş cəmiyyətin layiqli gəncliyi olmaq üçün bütün istiqamətlərdə tövsiyələrini verdi. Ölkə başçısının əlil gəncə yaxınlaşması, onu təbrik və təltif etməsi də Azərbaycan vətəndaşına olan dəyərin göstəricisi idi. Bütün bunlarla yanaşı Prezident İlham Əliyevin zəlzələ bölgəsinə səfəri və təbii fəlakətdən zərər çəkən insanların yanında olması, çıxışında "mən gəlməyə bilməzdim” ifadəsini işlətməsi insanlarımız üçün böyük ruh yüksəkliyi idi. Səfər zamanı təbii fəlakətdən əziyyət çəkənlərin dövlət başçısına münasibəti, "biz sizə arxayınıq” söyləməsi xalqımızın öz prezidentinə inamını ortaya qoyur. Bütün bunlar hər kəs üçün həyata dərsi, bir prezidentin öz vətəndaşına olan yüksək münasibətin göstəricisidir. Atılan addımlar bir daha göstərir ki, dövlət başçısı hər bir azərbaycanlının Prezidentidir”. Milli Məclisin deputatı İlham Məmmədov da vurğulayıb ki, Prezident İlham Əliyevin zəlzələnin baş verdiyi Şamaxı rayonuna səfəri dövlətimizin başçısının hər zaman xalqın yanında olmasının daha bir göstəricisidir. Deputat deyib ki, daim xalqın yanında olmaq, onun çətinliklərini öyrənmək və problemlərin operativ həlli istiqamətində tədbirlər görmək Prezident İlham Əliyevin iş tərzidir: "Biz həmişə cənab Prezidentin xalqın yanında olduğuna şahid olmuşuq. Dövlət başçısı bu dəfə də problemlə yerində tanış olmaq və təbii fəlakətdən ziyan çəkmiş insanların çətinliklərinin operativ həlli üçün şəxsən özü zəlzələ bölgəsinə baş çəkdi. Bu, özü bir nümunədir. Hamı yaxşı bilir ki, zəlzələ təbii fəlakətdir və bundan heç vaxt heç kim sığortalanmayıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hadisədən zərər çəkmiş insanların, ümumilikdə xalqın yanında olduqlarını bir daha nümayiş etdirdilər. Heydər Əliyev Fondunun könüllüləri də hadisədən dərhal sonra zəlzələ bölgəsinə getdilər, insanlara yardım göstərdilər. Prezident İlham Əliyevin Şamaxıya səfəri hər zaman xalqın yanında olmasının daha bir göstəricisidir”.   Alpər TURAN

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916