• cümə, 26 Aprel, 00:49
  • Baku Bakı 16°C

“Mən eşqi və Vətəni bütövləşdirərək mahnılar yazıram”

21.05.14 09:02 2119
“Mən eşqi və Vətəni bütövləşdirərək mahnılar yazıram”
Türk dünyasının tanınmış sənətçisi Əhməd Şəfəq “Kaspi”də qonaq olarkən təkcə Azərbaycan-Türkiyə Evinin (ATEV) fəaliyyəti ilə bağlı danışmadı. Türkiyədə baş verən Soma faciəsi ilə bağlı kədərini bölüşdü, milli məfkurənin formalaşması istiqamətində görülməli işlərdən, yaradıcılıq layihələrindən söhbət açdı.
Yüz il əvvəlki şəxsiyyətlərimizin ayaq izləri

- Siz mayın əvvəlində Azərbaycan-Türkiyə Evi tərəfindən təşkil olunan, «Türklük şöləni»ndə və mili-mənəvi dəyərlərin qorunmasında yazıçıların və şairlərin rolu» mövzusunda keçirilən layihədə iştirak etdiniz. Sizcə, şair və yazıçılar milli-mənəvi dəyərlərin qorunmasındakı rolu nədən ibarətdir?

- Mustafa Kamal Atatürkün belə bir sözü var: «Aydınlar, sənətçilər həyatın ilk işığını alnında hiss edənlərdir”. Ziya Göyalp da deyib ki, ziyalılar ilhamı xalqdan alırlar. Allah onlara əsər istehsal etmək bacarığı verib. Aydınlar almış olduğu ilhamı bir əsərə çevirir və xalqla paylaşır. Xalqın məfkurəsinin, ruhunun formalaşmasında ziyalılar, aydınlar daha böyük rol oynayırlar. Bizim üçün həm millət qiymətlidir, həm də onun ziyalıları, aydınları, sənətçiləri, şairləri və yazıçıları. Bu zümrənin millətin azadlığı üçün əhəmiyyəti hər kəsdən çoxdur. Çünki millət gündəlik həyatın təlaşı içərisində yaşamaq durumunda ikən aydınlar millətin ruhunu öz həyatlarında yaşadırlar.
- ATEV-in yaranmasının ideya müəlliflərindən biri siz olmusunuz. İki ölkə arasında mədəni əlaqələrin formalaşmasında bu qurumun rolunu necə dəyərləndirirsiniz?

- ATEV təzə olmasına rəğmən, çox heyrandoğurucu bir fəaliyyətə malikdir. Bu təşkilat həm türk mədəniyyətinin, həm türk siyasət mədəniyyətinin və həm də türk tarixinin önəmli məsələlərinə toxundu. Qurumun ilk simpoziumu «Sultan Səlim və Şah İsmayıl Xətai» mövzusunda oldu. Dünyanın çox ölkələrindən dəyərli alimlər bu simpoziumda iştirak etdilər. Bu simpozium bu gün Azərbaycanla Türkiyə arasında məzhəb üzərində problem yaratmağa çalışan bir qisim qüvvələrə qarşı milli məfkurə və milli bərabərliyin önəmli olduğunu göstərdi. Həmin simpoziumdakı çıxışlar yaxın günlərdə kitab halında işıq üzü görəcək. ATEV daha sonra möhtəşəm “Atatürk” simpoziumunu təşkil etdi. Atatürk bütün türk dünyasında sevilən və xatirəsi yaşadılan liderdir. Onunla bağlı simpoziumun həyata keçirilməsi çox önəmli idi. Biz ATEV-i qurmağa çalışarkən əslində gördüyümüz iş bundan yüz il əvvəlki şəxsiyyətlərimizin ayaq izlərini təqib etmək olub. ATEV-in məqsədi yüz il sonra Əli bəy Hüseynzadə ilə Ziya Göyalpı birləşdirən məfkurəyə dönmək yolunda çalışmaqdır.
İnsan qəlbində Tanrı sevgisi

- Mart ayında İstanbul Universitetində «Hüseyn Cavid. Əsərləri» kitabının təqdimatı keçirildi. Deyə bilərsinizmi, qardaş ölkədə Hüseyn Cavidin yaradıcılığına nə qədər bələddirlər? Görkəmli dramaturqun tanıdılması istiqamətində hansı işlər görmək lazımdır?

- Bu istiqamətdə tanınmış alim Sona Vəliyevanın çox önəmli təşəbbüsləri oldu. «Hüseyn Cavid. Əsərləri» türkcəyə çevrilən önəmli əsərdir. Mən 2004-cü ildə ilk dəfə Azərbaycana gələndə ilk ziyarət etdiyim yer Hüseyn Cavidin ev muzeyi oldu. Hüseyn Cavidin mücadiləsinin, yazdığı əsərlərin, önəmli fəlsəfəsinin bu millət üçün nə qədər əhəmiyyətli olduğunu gördüm. İstanbulda gerçəkləşən təqdimat bu istiqamətdə atılan gözəl addımdır. Bu işlər mütləq davam etdirilməlidir. Türk dünyasının önəmli şəxsiyyətlərinin hələ də bizim istədiyimiz ölkələrdə tanınmaması çox ağrılı məsələdir. Bunun əsas səbəbi türk ictimai rəyinin önəmli bir tərəfini formalaşdıran medianın milli təfəkkürlə deyil, kosmopolit təfəkkürlə çalışmasıdır. Türk ictimai rəyində Ziya Göyalpın isminin hallanması nə qədər mümkünsüz olubsa, Hüseyn Cavid isminin hallanması da o qədər mümkünsüz olub. Bu istiqamətdə Türkiyənin bütün universitetlərinin ədəbiyyat bölümlərində Hüseyn Cavid simpoziumlarının keçirilməsi lazımdır. Qəzetlərdə məqalələr yazılmasına, telekanallarda Hüseyn Cavidlə bağlı verilişlərin təqdim olunmasına ehtiyac var. Yaxın ayların birində mən İstanbulda “Bengü TV”də veriliş aparacağam və orada Hüseyn Cavid fəlsəfəsinə həsr olunan proqram təqdim etmək niyyətindəyəm. Görülməsi lazım olan əsas işlər qarşıdadır. Hələlik məhdud bir dairədə - universitetlərdə dərs deyən müəllimlər və bir qisim tələbələr Hüseyn Cavidi tanıyırlar. Ancaq şairin adını daha geniş dairələrdə tanıtmaq lazımdır. Mən növbəti diskim üçün Hüseyn Cavidin şeirlərindən birinə həsr olunan mahnı yazmağı düşünürəm. Hüseyn Cavid əsərləri insan qəlbində Tanrı sevgisidir. Bu sevginin insan həyatında nə qədər önəmli olduğunu bizə öyrədir. Özümüzü dərk etmək mövzusunda Hüseyn Cavidi öyrənmək bizim üçün önəmlidir.
«Bu, bir taledir» - belə deməyə haqqımız yoxdur

- Türkiyədə baş verən faciə – Soma faciəsinə bütün insanlıq üzüldü. Mətbuatdan oxudum ki, «Qalatasaray»ın oyunçusu Droqba komandadan ayrılsa da, faciədən zərər çəkənlərə bir milyon ABŞ dolları yardım edib. Bütün sferalarda bu cür insanlıq aksiyalarının davam etməsi üçün insanları necə istiqamətləndirmək lazımdır?

- İnsanın başına gələn faciə öncəliklə insanlığın faciəsidir. 301 insanımızın orada həyatını itirməsi hərtərəfli incələnməyə ehtiyac olan hadisədir. Bizim insanımız faciələrdə birləşən bir millətdir. Bizim insanımız duyğusuz, hissiyyatsız deyil. Millətimin başına gələn faciələrə qarşı bizim insanımız kövrəkdir və əməkdaşlığı çox gözəl bilir. Sözsüz ki, bu hadisədə də belə olacaq. Həyatlarını itirən insanların ailələri, övladları qalıb. Onlarla maraqlanmaq bir millətin borcudur. Türk dövləti böyük dövlətdir və sözsüz ki, bu faciənin yaralarını sağaldacaq. Amma əsas odur ki, bu faciələr bir daha gerçəkləşməsin. Sözsüz ki, «Burda bizim məsuliyyətimiz nədir?» - deyə bizim siyasətçilərin də öz papaqlarını qarşılarına qoyub fikirləşmələri lazımdır. Amma bu cür düşüncələrdə siyasətçilərin geridə qaldıqlarını düşünürəm. Onlar qəbul etməlidirlər ki, mədənlər bütün dünyada riskli məkanlardır. Bütün dünyada qəbul edilən işçi otaqlarının mədənlərin içərisində gerçəkləşməsi lazımdır. Mədən işçilərindən biri dedi ki, əgər mədən içərisində 3 işçi otağı qurulsaydı, biz 301-deyil, 30 ölü vermiş olardıq. Təbii ki, bir ölü də bizim üçün faciədir. Ancaq bu otaqların qurulması istiqamətində lazımi tapşırıqlar olsaydı, bu faciə də baş verməzdi. «Bu, bir taledir» - bunu deməyə bizim haqqımız yoxdur. Talenin qərarını yalnız Tanrı verə bilir, dövlət vəzifəliləri «Bu, taledir» - deyə bilməz. Onlar tədbir həyata keçirir. Türkiyə Cümhuriyyəti min illik dövlətdir və bu faciənin də altından qalxacaq. Ancaq idarəedicilərin də min illik dövlətə uyğun hərəkət etməsi lazımdır.
Artıq burada qonaq sayılmıram

- «Vətən gözlüm» bu an üçün sizin sonuncu albomunuzdur. Azərbaycanda bir çox şairlərin şeirlərinə mahnılar yazmısınız. Bu əməkdaşlıq davam edəcəkmi?

- Artıq Türkiyədə də bilirlər ki, mənim Azərbaycanla ünsiyyətim bir müğənni ünsiyyəti deyil. Mən Azərbaycanı çox sevirəm. Artıq burada qonaq sayılmıram. Bundan sonra da birgə çalışmalarımız davam edəcək. Şairə Sona Vəliyevanın «Arazbarı» şeirini bəstələdim. Hətta Bakıda keçirilən konsertimdə kiçik bir hissəsini də oxudum. İnşallah, yeni albomumda «Arazbarı»ya səhnə oranjemanı verib təqdim edəcəyik. Yeni albomuma Şəfiqə Axundovanın bir bəstəsini də daxil etmək fikrindəyəm. Mənim mədəniyyət yolundakı fəaliyyətim təkcə musiqi ilə bağlı deyil. Roman yazıram, məqalələrlə çıxış edirəm. Gələn ay üçün kino layihəmi reallaşdırmaq niyyətindəyəm. Həmin ssenarinin yarıdan çoxu Bakıda, Zaqatalada çəkiləcək. Ümumilikdə kino, musiqi, ədəbiyyatla bağlı çalışmalarımda mütləq Azərbaycanın yeri olacaq.
- Siz Qarabağla bağlı film üzərində çalışırdınız. Bəs onun aqibəti necə oldu?

- Dediyim kino layihəsi elə həmin ssenari ilə bağlıdır. Əvvəl sponsorla bağlı müəyyən problemlər vardı. Artıq layihə ilə bağlı müəyyən bir yola çatdıq və hazırlıqlara başlayırıq. Tamaşaçının həm kövrələcəyi, həm də yüksək bir zövqlə izləyəcəyi bir ssenarimiz var. Avqustun son həftəsində filmin çəkilişlərinə başlayacağıq.
- Hər müğənni mahnı yaza, hər bəstəkar da mahnı oxuya bilməz. Bəstəkar-müğənni olmağın özəlliyi nədir?

- Əgər mən mahnı yazmasaydım, müğənni olmazdım. Mən istehsal etməyi, öyrətməyi sevirəm. Mahnı yazmaq, kitab yazmaq da fikrimin və qəlbimin istehsalıdır. Mahnı yazmaq Allahın bir vergisidir. Sözsüz ki, hər kəs mahnı yaza bilməz. Bəstə yazmaq həyatın içərisindəkı həyatı gözləmək, həyata baxmaq, onu izləmək və onun yaratdığı təəssüratı insanlarla bölüşdürməkdir. Bu həyatın içərisində ana xətt sevgi də, Vətən də, ilahi duyğular da ola bilər. Bütün bunlar sizin seyrçi qabiliyyətinizin təzahürüdür. Mən eşqi və Vətəni bütövləşdirərək mahnılar yazıram. Mən sevgini heç zaman kənara qoya bilmərəm. Ancaq Vətənin dərdlərini də anlatmaq lazımdır. Eyni zamanda, səhərdən axşama qədər Vətən mahnıları da yazmaq olmaz. Çünki bu həyatın içində sevgi də var. O üzdən sevgi ilə Vətəni bütövləşdirərək anlatmaq lazımdır. Bəstəkar-müğənni olmaq Allahın mənə verdiyi vergidir. Mən də gözəl mahnılar yazaraq həmin verginin zəkatını ödəyirəm.
- Zaman çox dəyişib. Əvvəllər insanlar konsertləri böyük konsert salonundan, filmləri kino-zallardan izləyir, əsərləri kitabdan oxuyurdularsa, indi bütün bunlar müasir texnologiyalara köçüb. Hisslərin korşalması baxımından sənət üçün təhlükə görürsünüzmü?

- Bu, bütün dünyada davam edən bir prosesdir. Bu prosesin əsas mahiyyəti insanların öz eqolarına önəm vermələridir. Bunun əsas missiyası «Mən həyatdan nə qədər ləzzət alıram»dır. Elektron nəsnələr insanlara öz mənlərini sanki daha çox duymağa kömək edir. Yolda baxsanız, görərsiniz ki, yüz nəfərin 99-u ya telefonla danışır, ya da telefonda oyun oynayır. Bu, bütün dünyada belədir. Ancaq bizim kimi ölkələrin ictimai məfkurəsindən uzaqlaşmaması gərəkdir. Toplumun daha çox eqo ilə hərəkət etdiyi bir prosesdə yabançı qüvvələr mütləq qalib gələr. Biz hələ siyasi, iqtisadi, mədəni köklərimizə söykənmək nöqtəsindəki formalaşmağımızı gerçəkləşdirə bilməmişik. Ona görə böyüyən gənclərə milli məfkurə xatırlanmalıdır. İnsansevər, millətsevər olmağımızın bu gün də keçərli olduğunu artıq gənclərimizin öyrənməsi lazımdır.
- Belə bir məşhur söz var: «Gözəllik dünyanı xilas edəcək». Musiqi də, ədəbiyyat da... gözəllikdir. Hazırda dünyamızda fəlakətlər baş verir. Müharibə gedən ölkələr, qaçqınlar, faciələr var. Necə bilirsiniz, indicə saydığım gözəlliklər dünyamızı bu fəlakətlərdən xilas edə bilərmi? Yoxsa bu, obrazlı bir fikirdir?

- Bu, siyasətçilərin səmimi olmasından asılıdır. Ancaq dünyadakı siyasətçilərin heç biri səmimi deyil. Yoxsa sənət xilas edə bilərdi. Sənət kobud ürəkləri yumşaldır, incəldir. Əgər siyasətçi sənətə duyğusuz qalmazsa, sənətə özünün siyasi maraqları üzündən deyil, millətin maraqları nöqtəsində maraq göstərirsə, əlbəttə sənət dünyanı xilas edə bilər. Musiqi də bu xilasa kömək edə bilər. Amma bu mövzuda mən siyasətçilərin səmimi olmadığını düşünürəm. Siyasətçilər öz maraqları üzrə hərəkət edirlər. Sənət də, media da siyasi maraqlar üzündən istismar edilir. Könlüm istər ki, bütün dünyada Üzeyir Hacıbəyovun ismində bir insanlıq konservatoriyası qurulsun. Orada təkcə musiqi işlənməsin. Dünya siyasi işləri də orada görülsün. Dahi bəstəkarın üverturası fonunda orada beynəlxalq məsələlər müzakirə edilsin, amma hər kəs səmimi olsun. Bu gün dünyanı məhv edəcək təfəkkür - səmimiyyətsizlik təfəkkürüdür. Bu da dünyada gedən proseslərin insanlara yüklədiyi bir eqoizmdir. Bu anlayışla mübarizə edilməsi, yazıçıların, şairlərin, sənətçilərin də səmimi olması lazımdır.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər