• cümə, 29 Mart, 08:43
  • Baku Bakı 5°C

“Mən elə də imkanlı deyiləm” – Şou-biznes

09.10.14 13:48 3271
“Mən elə də imkanlı deyiləm” – Şou-biznes
“Gənclik qəzeti”-nin bu həftəki ulduzlu qonağı Sevinc Ağaşirinovadır. Sevinc bu yaxınlarda Türkiyənin Dənizli şəhərində keçirilən Türkdilli ölkələrin festivalından dönüb. Müsahibimin sözlərinə görə iştirakçısı olduğu festivalda Türkcə musiqilər ifa olunurdu. Festivaldan xoş ab-hava ilə dönən Sevinc bizimlə söhbətində şou biznesdəki fəaliyyətindən, gələcək planlarından danışdı.
“İlk dəfə mən etdim”
- Sizi gənc ifaçılardan fərqləndirən nədir?
- Bu gün şou aləmində öz üzərində çalışan, davamlı olaraq yeniliklər edən gənclərimiz çox azdır. Əvvəllər mən də elə idim - bir mahnı təqdim etdikdən sonra qısa zaman ərzində şou məkanında görsənmirdim və müəyyən müddətdən sonra yenidən səhnəyə gəlirdim. Bunun da öz səbəbi vardı. O zaman özəl həyatımda bir sıra problemlər yaranmışdı. Hansı ki, həmin problemlər mənə rahat işləməyə mane olurdu. Əvvəllər yeni mahnı oxuyub sonra efirdən çəkilirdim. Mənim uşaq problemim var idi. İstəyirdim ki, öncə ailəm, övladım olsun, daha sonra sənətimə zaman ayırım. Bunun üçün bir qədər zaman ehtiyacım var idi. Hazırda gözəl ailəm və övladım var. Əvvəllər səhnəyə çıxanda düşünürdüm ki, ailə qurmalıyam, övladım olmalıdır. Bunları etdikdən sonra bilim ki, hansısa missiyanı həyata yetirmişəm. Bu səbəblərə görə bir mahnı yazdırıb uzun müddət efirlərdə görünmürdüm. Hər zaman fikirli olurdum. Şükürlər olsun ki, o problemlərimi həll etdim. İndi gözəl ailəm var. Onlar mənə böyük dayaqdırlar. O ki, qaldı fərqlənməyə, fərqlənmək üçün gərək öz üzərində xeyli çalışasan. Son illər isə Günay İbrahimli, Aysel Əlizadə, Sevil və Sevinc bacılarının öz üzərilərində çox çalışdığının şahidi oluruq. Onlar dayanmadan çalışırlar. Həmin ifaçıların çalışqanlığını görəndə çox sevinirəm. Düzgün rəqabətin olması üçün də gözəl layihələrin olması zəruridir. Normal rəqabət aparmaq üçün ilk növbədə güclü rəqib olmalıdır.
- Performans demişkən yeni klipiniz nə zaman efirlərdə görünəcək?
- Yeni klipimin rejissoru Türkay Azəridir. Həmin klipin aranjemanı Eldar Dalqatova, sözləri Günel Əsgərovaya məxsusdur. Klipin hazır olmağına çox az qalıb. Bundan başqa “Dostlar qrupu”nun solisti olan Əhməd Mustafayev mənə mahnı bəstələyib. Onun bəstələdiyi mahnıya klip çəkdirmək istəyirəm. İki klipi bir arada təqdim etməyi düşünürəm. Hər şey qismətdən asılıdır. Çatdırsam tamaşaçıların qarşısına iki yeni kliplə gəlməyi planlaşdırıram. Qarşıda işlərim çoxdur, ona görə də hər ay klip təqdimatı edə bilmirəm.
Onların adi klipdən fərqi yoxdur
- Sevinc xanım, şou-biznesin hansı qanunlarını yazmaq niyyətindədir?
- Yazılmamış qanunları deyəndə ki, mən öz yaradıcılığımda bir sıra yeniliklərə imza atmışam. Misal üçün “Qatar” mahnım “Bəxt üzüyü” filminin davamı kimi lentə alınıb. Bu ideya hələ ki, heç kimin ağlına gəlməmişdi. Onu şou-biznesdə heç kim etməyib. Bunu ilk dəfə mən etdim. Daha sonra ilanla klip çəkdirməyim də tamaşaçıların böyük marağına səbəb oldu. Bunu da ilk mən düşündüm. “Ol mənim sevgim” klipimdə isə şəhərin mərkəzində insanların gur olduğu yerlərdə lentə aldırdım. Ümumiyyətlə, çalışıram ki, gördüyüm işlər maraqlı alınsın. Bunun üçün də mənə dəstək olan dostlarıma minnətdaram. Onlar mənə çox kömək olurlar. Mən elə də imkanlı müğənnilərdən deyiləm ki, hər tərəfə külli miqdarda pul xərcləyim. Mənə hər işimdə yaxın dostlarım köməklik edirlər. Əlimdə 3-5 manat pul olan kimi maraqlı bir layihə həyata keçirməyə çalışıram. Müğənnilər var ki, bir klipə 30-40 min pul verirlər, ancaq baxırsan ki, onun adi klipdən fərqi yoxdur. Mənim bir az pulum olanda istəyirəm ki, klipdə rəqqaslar gətirim, özüm də klipdə hərəkət edim. Qarşıma məqsəd qoyuram və ona doğru irəliləməyə çalışıram. Mahnılarımla, göstərdiyim performanslarımla tamaşaçıların yaddaşlarda qalmağa çalışıram.
- Deyirsiniz ki, imkansız müğənnilərdənsiniz. Əslində kənardan baxanda bu heç də belə görünmür.
- İmkansız deyəndə əlimdə olan bütün pulumu klipimə və yaradıcılığıma həsr edirəm. Ötən mövsüm pulumu klipə xərclədim və istirahət edə bilmədim. Əgər başqa yerdən gəlirim yoxdursa, bu sənətlə necə pul qazanmaq olar? Nə qədər toylara getsən də xarici rejissorlara klip çəkdirmək üçün 40-50 manat pul yığmaq mümkün olmur. Başqa biznesim də yoxdur. Ola bilər digər müğənnilərin başqa biznesləri, gəlir yerləri var. Oradan gəlir əldə edib bahalı kliplər çəkdirirlər. Mən onları da alqışlayıram. Mənim əlimdə çox imkan olsaydı, daha gözəl layihələr edərdim.
- İndi müğənnilərin gəliri toylardan əldə edirlər. Bəs siz toylara getmirsiniz?
- Əlbəttə gedirəm. Mənim qazancım yalnız toylardan gəlir. Atam rəhmətə gedib, anam isə evdar qadındır. Anamın da o qədər pulu yoxdur ki, mənə sponsorluq etsin. Yoldaşımın gəliri isə çox azdır. Onun qazancı ancaq özümüzə çatır. Yoldaşımın mənə öz yaradıcılığımı davam etdirməyim üçün icazə verib. O mənə mənəvi dayaqdır. Bunun özü böyük bir şeydir.
“Qazandıqlarımızdan çox itirdiklərimiz olub”
- Həm ailə, həm sənət –ikisini bir arada idarə etmək çətin deyilmi?
- Prodüserim Elvin yanımdadır. O, mənə bütün işlərimdə köməklik edir. Yoldaşım mənə çox etibar edir. Maddi baxımdan o qədər dəstək ola bilməsə də, mənəvi baxımdan mənə çox dəstək olur. Müğənnilər hər zaman göz qabağında olur. Tamaşaçılar elə bilir ki, müğənni nə istəsə o dəqiqə hər şey onun üçün hazır olur. Ancaq bu, yanlış düşüncədir. Bu gün dünyada və eləcə də Azərbaycanda bütün məşhur müğənnilər böyük əziyyət çəkərək həmin o zirvəyə yüksəliblər. O zirvəyə çatmaq üçün o qədər əziyyət çəkiblər ki, onların qazandıqlarından çox itirdikləri olub. Ona görə də müğənnilərin mənəvi cəhətdən çox rahatlıq tapmalarına ehtiyacları var.
Adımı dəyişmək istəyirdim
- “Qazandıqlarından çox itirdikləri olub”- dedikdə nəyi nəzərdə tutursunuz?
- Bir məsəl var, deyirlər “Qazanmaq üçün nəyisə qurban verməlisən”. Nəyisə qazanmaq üçün nəsə itirməlisən. Ancaq mənə elə gəlir ki, müğənnilərin itirdikləri qazandıqlarından daha çoxdur. Xüsusən də qadın müğənnilərimiz. Qadınlar çox kövrək, zərif məxluqlardır. Hər şey onların qəlbinə daha tez toxunur.
- Sevinc xanım, Türkiyədən festivaldan döndükdən sonra sizə orada işləmək üçün iş təklifi gəldimi?
- Bəli. Ola bilsin ki, gələcəkdə Türkiyədə musiqi mütəxəssisləri ilə iş birliyimiz olsun. Ancaq bu hələ dəqiq deyil. Onlardan bizə təkliflər gəlib. Yaşayarıq görərik.
- Deyirlər ki, Türkiyə şou-biznesinə qatılmaq üçün oraya külli miqdarda pul ödəməlisən.
- Tamamilə doğrudur. Onlarda şirkət müğənnini götürür, hər tələbatını ödəyərək müğənnini məşhurlaşdırır. Ondan sonra müğənninin konsertlərini təşkil edib, oradan gəlir əldə edirlər. Bizdə o cür şirkətlər olmadığı üçün işləmək bir qədər çətindir. Bir-iki şirkət var ki, müğənninin konsertinə, albomunun çıxarılmasına sponsorluq edirlər. Ancaq çox azdır.
- Şou-biznesdə Sevinc adlı ifaçılar demək olar ki, çoxdur. Özünüzə ləqəb götürməyi düşünürsünüzmü?
- Özümə ləqəb götürməyi düşünmürəm. Mənim soyadım çox uzundur. Soyadımı qısaltmaq istədim, nə qədər düşünsəm də ağlıma heç nə gəlmədi. Əslində adımı dəyişmək istəyirdim. O, da alınmadı. Ancaq heç bir ləqəb götürmək istəmirəm. Mənim adımdan hamıda olsa da, soyadımdan heç kimdə yoxdur.
Xəyalə Məmmədova

banner

Oxşar Xəbərlər