• cümə, 19 Aprel, 21:43
  • Baku Bakı 24°C

Mən deyən oldu, olmadı?

24.05.13 09:35 2531
Mən deyən oldu, olmadı?
Əziz dost, xatırlayırsanmı bir müddət bundan əqdəm dil-boğaza qoymadan ərəb coğrafiyasına bahar gəldiyindən dəm vururdun. Deyirdin ki, bütün ərəb ölkələri laləzar olacaq, hətta səhralarda belə gül-çiçək bitəcək…
Mənsə yalançı bahara aldanma deyirdim…
Deyirdin ki, axırda dünya birliyi dözmədi Ərəb ölkələrindəki tiranlığa, avtoritar idarə-usullarına, sadə ərəb xalqına canı yandı və ona görə də üsyançılara dəstək verməyə başladı…
Mənsə dünya birliyi bu ölkələrdəki firavanlığa dözmədi bəlkə də, deyirdim…
Deyirdin ki, Bin Əli, Hüsnü Mübarək, Müammər Qəddafi, Bəşər Əsəd məhv edildikdən sonra bu ölkələrdə demokratiya bərqərar olacaq…
Mənsə Bədəviyə demokratiya aşılamaq, ipin üzərinə un sərmək kimi bir şeydir deyirdim…
Deyirdin ki, Ərəb xalqı diktatorların zülmü altında inim-inim inləyir… Xalq qızmar səhrada susuzluqdan dodağı çatlamış yolçunun su arzuladığı kimi demokratiya arzulayır…
Mənsə keçən yurdun qədrini köçən yurdda bilərlər deyirdim…
Deyirdin ki, Ərəb ölkələrindəki “İnqilab”larda sosial şəbəkələr stimul rolunu oynadı…
Mənsə sosial şəbəkələr sayəsində hər şey Amerikadan idarə olundu deyirdim…
Deyirdin ki, gənclər hər şeyə qadirdir. Ərəb baharını gənclər başladı, davam etdirdi və sonlandıracaq…
Mənsə gənclərı qırğına verdilər və verəcəklər deyirdim…
Deyirdin ki, Tunisdə başlayan qiyam domino effekti yaratdı, digər Ərəb ölkələri də bir-birindən ibrət aldı, həmrəylik nümayiş etdirdi… Yatmış Şir oyandı… Var olsun Ərəb birliyi deyirdin…
Mənsə Ərəb ölkələrində vətəndaş müharibəsi başlayacaq, qardaş qardaşın qanını tökəcək deyirdim…
Deyirdin ki, Türkiyə Osmanlının varisi kimi çıxmalıdır tarix səhnəsinə. Yenidən Ərəb coğrafiyasını öz təsirinə salmalıdır…
Mənsə Ərəb xalqları külliyən Osmanlıya nifrət edirlər deyirdim.
Ərəb ölkələrinə demokratiya gəldi-gələcək deyirdin…
Mənsə ərəbin ölkəsinə demokratiyanın gəlməsi ilə, qar yağmasının eyni şey olduğunu söyləyirdim. Birinci gəlsə də ərəbləşəcək, ikinci yağsa da əriyəcək…
Deyirdin Qəddafinin hərəmxanasını saxlamağa milyonlar xərclənir, digər Ərəb rəhbərlər də hər günlərini eyş-işrət içində keçirir…
Mənsə sadə ərəbin belə 4 arvadı var deyirdim…
Diktaturanı bitirdilər deyirdin…
Teokratiyanı və anarxiyanı gətirəcəklər deyirdim…
Nəticə etibari ilə qazanan qərbli neft şirkətləri olacaq deyirdim...Çünki parçalanmış bir ölkənin neftini sormaq daha asandır, nəinki qüdrətli, vahid mərkəzdən idarə olunan bir ölkənin...
İndi əlini vicdanının üzərinə qoy və etiraf et. Sənin də, mənim kimi ərəb dindaşlarımızın vəziyyətini gördüyün zaman için sızlayırmı?
Tunis iqtisadi böhran içindədir, ölkədə əməlli başlı anarxiya hökm sürür… Misirin dünyəvi idarə üsulu çoxdan ehramların yanında dəfn edilib. Müsəlman qardaşlar var gücləri ilə səriət dövləti qurmağa çalışırlar… Liviyada Əl Qaidə at oynadır, Qəddafiyə qarşı vuruşan və qəbilə ruhuna geri dönən aşirətlər ipə-sapa yatmırlar. Hələ də havadan barıt qoxusuna qarışmış qan iyi gəlir… Suriyada qardaş qardaşın qanını içmir sadəcə, qardaş qardaşın ürəyini dişinə çəkir… İnsanın nə qədər vəhşi xislətə malik olduğunu, ərəb dindaşlarımız böyük həvəslə dünyaya isbat edirlər…
Bəs hanı demokratiya?
Hanı firavanlıq?
Hanı dövlətçilik?
Ərəb diyarında demokratiyanın olmamasından narahat olanlar indi burada qanın su yerinə axmasından niyə narahat olmurlar?
Diqqətlə bax Suriyadakı ölüm-qalım savaşında demokratiya uğrunda mübarizədən əsər-əlamət varmı? Bu sadəcə ikiyə parçalanmış xalqın bir biri ilə apardığı qisas mübarizəsi, aşirət davasıdır... Və çətin ki sonlana...
Əvvəllər Bədəvinin bəxtsizi səhrada Qütb ayısı ilə qarşılaşar deyirdilər. Mənsə Bədəvinin bəxtsizi boş vədlərə inanar deyirəm...
Səncə?
Sabir demişkən :
- Mən deyən oldu, olmadı?
banner

Oxşar Xəbərlər