• cümə, 29 Mart, 15:22
  • Baku Bakı 14°C

Mən dərsimi məktəbdən deyil, həyatdan aldım

18.10.14 13:04 1808
Mən dərsimi məktəbdən deyil, həyatdan aldım
Türkiyənin yüksək səsli, sevilən ifaçısı Kibariyə ötən gün ölkə mətbuatına müsahibə verib. Yaradıcılığının 40-cı ilini tamamlayan ifaçı yeni musiqi məktəbi açmaq niyyətində olduğunu və yenidən ana olmaq istədiyini bildirib.
Qeyd edək ki, Kibariyə Azərbaycanda da kifayət qədər sevilir və dinlənilir.
- Yaradıcılığınızın 40-cı ili tamam olur. Sizi bu münasibətlə təbrik edirik. Eşitdiyimizə görə, yeni bir musiqi məktəbi açmaq niyyətindəsiniz.

- Sənət həyatında 40-cı il çox özəl bir dönəmdir. İnşallah, bir musiqi məktəbi açacağam. Bunun üçün böyük bir ziyafət gecəsi təşkil edəcəyəm. Allahın köməkliyi ilə Təhsil Nazirliyi də bizə bu işdə kömək edəcək.
- Kibariyə xanım, şou aləmində küsülü olduğunuz kimsə varmı?

- Xeyr, heç bir sənət yoldaşımla münasibətimi pozmamışam. Onlar məndən küssələr belə, mən heç kimdən küsə bilmirəm. Deyirlər, dil ilanı yuvasından çıxarar. Doğrudan da elədir. Sadəcə olaraq insanlar dillərinin bəlasına düşürlər. Mənim fikrimcə, həyatda pis insan yoxdur.
- İbtidai sinfi sonradan oxusanız belə, sanki həyatın şifrəsini çözmüsünüz.

- Mən dərsimi məktəbdən deyil, həyatdan aldım. Həyat dərsimi gözəl oxudum. Onsuz da insan üçün önəmli olan həyat məktəbidir. Kaş ki, oxuya - təhsil ala biləydim. Mən oxuya bilmədim, amma buradan valideynlərə səslənirəm ki, hər kəs öz övladını oxutsun. Təhsilli insanın cəmiyyətdə yeri bambaşqadır.
- Bu zəkanızla hələ oxumuş da olsaydınız, kim bilir nələr edərdiniz…

- Kaş ki, oxuyaydım… Əgər zamanında təhsil alsaydım, yəqin ki, indi millət vəkili olardım. Çox danışan insanam. Həm də deyilənə görə gözəl danışıram (gülür). Maddi səbəblərə görə təhsil ala bilmədim. Ancaq həyat məktəbindən yaxşı qiymətlər aldığım üçün çox xoşbəxtəm. Onu da diqqətinizə çatdırım ki, həyat məktəbindən məzun olmaq hər kəsə qismət deyildi. İnsanlara tövsiyə edirəm ki, həyatı doya-doya yaşasınlar. Dürüstlük pul ilə alınmır. Təhsil almaqla da dürüstlüyü qazanmaq olmur.
- Çox şən və bol enerjili bir qadınsınız. Bu qədər enerjini necə əldə edirsiniz?

- Bu, Allahın mənə göndərdiyi bir enerjidir. Mən özüm enerji istehsal edə bilmərəm. Hər kəs məni görəndə “Siz həqiqətənmi Kibariyəsiniz?” deyə sual verir. Mən buyam. Bu halımla insanlar məni istər sevsinlər, istər sevməsinlər. Mən hər zaman demişəm ki, bizi təki, Allah sevsin.
- Kibariyə xanım, yeganə qızınız olan Birgülə çox bağlısınız. Yəqin ki, qızınızı evləndirəndən sonra onunla birlikdə qalacaqsınız, onun sizdən ayrılmasına razı olmazsınız...

- Allah 30 ildən sonra qızımı mənə verdi. Çox şükür ki, əl-ayağı düzgün, gözəl bir qızdır. Bu dünyada hər kəs sevdi, sevildi və evləndi. Mən də qızımın evdə turşusunu qurmayacağam. Təbii ki, Birgül də evlənəcək. Ancaq mən onunla birlikdə yaşamayacam. Qızımı evləndirəcəyəm deyə, pis hisslərə qapılmıram. Çox istəyirəm ki, o, çox xoşbəxt olsun. Allah hər kəsin övladına xeyirli qismətlər versin. Birgül evləndiyində, istərsə qaynanasıgildə, istərsə də ayrı evdə qalar. Ancaq onu da hamımız bilirik ki, heç bir evlilik mükəmməl deyil. Hər evdə söz-söhbət olur. Söz-söhbət evliliyin duzu, bibəridir. Ancaq mən qızımı dava edərkən görsəm, çox pis olaram. Buna görə də evlənəndən sonra ayrı evdə yaşamasını istəyirəm.
- İkinci bir övladınızın olmasını istəyirsinizmi?

- Mənim ikinci övladım oldu, ancaq inkişafdan qaldığı üçün onu abort etməli oldum. Birgülə qardaş lazımdı. Yaşımla bağlı heç bir problemim yoxdur. Ancaq yüksək təzyiqim var. Doğuş stolunda ölüb qalsam belə, yenidən övlad sahibi olacağam. Artıq XXI əsrdə yaşayırıq. Tibb sürətlə irəliləyib. 60 yaşımda olsam da, yenidən övlad sahibi olmaq istəyirəm. Hətta övlad üçün ağlayıram.
- Bildiyimiz qədəri ilə, Həcc ziyarətindən dönmüsünüz. Ziyarətdən döndükdən sonra həyatınızda nələr dəyişdi?

- Çox şükür, sağ-salamat gedib, sağ-salamat da döndüm. Allah-təala Həccə getməyənlərə nəsib etsin. Ziyarətə getdim, Türkiyəyə geri qayıtmağı unutdum (gülür).
- Prezident Rəcəb Tayyib Ərdoğanı çox sevdiyinizi bilirik. Ümumiyyətlə, siyasət aləminə daxil olmağı düşünürsünüzmü?

- Siyasətlə maraqlanmıram və siyasətə daxil olmağı da düşünmürəm. Rəcəb bəyi ta əvvəldən çox sevirəm. Çox ağıllı və yaraşıqlı insandır. Amma o mənim qardaşımdır. Mən həyat yoldaşımı daha çox sevirəm (gülür).
- Həyat yoldaşınızla çox mehribansınız. Keşməkeşli günləriniz geridəmi qaldı?
- Allah hər kəsi xoşbəxt etsin. Həyat yoldaşımı çox sevirəm. Kənardan tablo gözəl görünür, amma gördüyünüz şəkillər əsil gerçəkdir. 15 ildir ki, onunla gözəl bir münasibət qurmuşuq. Mənim həyatdakı ən böyük dəstəyim Əlidir. Nəinki onunla bir həyatı paylaşıram, hətta iş mövzusunda da ona çox güvənirəm. Əli hər zaman mənim yanımdadır, biz bir-birimizdən ayrılmırıq. Allah hər kəsə bizim kimi bir evlilik nəsib etsin.
- Bu səslə dünyada tanınsaydınız, indi haralarda olardınız?

- Bir ara dünyada tanınmaq üzrə idim. Ancaq qismət olmadı. İstədiyim an xaricdə konsert verə bilərəm. Artıq xaricilərlə bir duet hazırlamaq istəyirəm. Gypsy Kings qrupu ilə bir albom hazırlayacağıq. Mənim üçün onlar Türkiyəyə gəldilər. Yaxında bu layihəni gerçəkləşdirəcəyik. Axı mənim onlardan nəyim əskikdir ki?
- Kibariyəni çox insan bəyənir, izləyir. Bəs Kibariyə kimi izləyir?

- Kibariyə Cennifer Lopezi, Tina Turneri, Whitney Houstonu və ərəblərdən Firuzla Asalanı izləyir. Bu isimlərin xəstəsiyəm. Cennifer və Tinayı özümə örnək götürürəm. Saçımın rəngini belə Cennifer Lopezin saçları kimi etdirdim. Tina Turner kimi o yaşda səhnədə mahnı ifa etmək istəyirəm. İnşallah, Allah mənə də o yaşda mahnı söyləməyi nəsib etsin.
- Sənət dünyasında riyakarlıq olduğu və həqiqi dostun olmadığı söylənilir, ancaq siz bu aləmdə hər kəs tərəfindən sevilirsiniz. Elə deyilmi?

- Məni sevən insanlardan Allah razı olsun. Pislikdən heç kimə fayda gəlməz, pislik edən özünə edəcək. Mən dedi-qodunu, qeybəti sevmirəm və etmirəm də. Allah hər kəsin ürəyinə görə versin. Mən hər kəs haqqında yaxşı şeylər düşünürəm. Ona görə də insanlar mənim barəmdə yaxşı şeylər düşünürlər. Allah onlardan razı olsun. Haqqımda pis düşünən insanları da Allaha həvalə edirəm.
Xəyalə Məmmədova
banner

Oxşar Xəbərlər